Partiya sədrindən referendumla bağlı AÇIQLAMA
Fuad Əliyev: "Hakimiyyətin “islahatçı” qanadı hələ ki, “akademik imtahanı” keçə bilmir"
Hakimiyyət islahatlara başlayan gündən Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendumun keçiriləcəyi barədə məlumatlar vaxtaşırı gündəmə gəlir. Referenduma çıxarılacaq məsələlər çoxdur. Xüsusilə Vətən müharibəsindən sonra ərazi-inzibati quruluşun dəyişdirilməsi kimi məsələ də referenduma çıxarılacaq məsələlərə əlavə olundu.
Məsələ ilə bağlı Versus.Az-a açıqlama verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib ki, islahatların axıra gədər aparılması hakimiyyətin iradəsindən asılıdır.
Partiya sədri vurğulayıb ki, islahatlar sürətlə başlasa da, sonrakı mərhələdə dayandı:
"Son parlament seçkiləri onu göstərdi ki, hakimiyyətin “islahatçı” qanadı hələ ki, “akademik imtahanı” keçə bilmir. İslahatlar yarımçıq galıb. Bir çox məsələlərə aydınlıq qətirilməlidir. Misal üçün, icra hakimiyyəti sistemində olan zidiyyət - Nazirlər Kabineti ilə Vitse-prezidentlik institutu arasındakı ziddiyyətin aradan qaldırılması məsələsi. Mən hesab edirəm ki, Nazirlər Kabineti ləğv olunmalıdır və onların səlahiyyətləri vitse-prezidentlik institutuna verilməlidir. İkinci bir məsələ, şəhər və rayon icra hakimiyyət strukturları ləğv olunmalıdır. Biz təklif vermişik ki, yeddi ərazi-inzibati nümayəndəliyi olmalıdır. İcra strukturlarının səlahiyyətləri tam olaraq bələdiyyələrə keçməlidir”.
Hökumətin sentyabrda referendumla bağlı Milli Məclisdə müzakirələrə başlayacağı ilə bağlı yaranmış fikirlərə də toxunan Fuad Əliyev qeyd edib ki, Parlamentin payız sesiyasında müzakirəyə çıxarılacaq məsələlər bağlı məlumatı yoxdur:
"Onu bilirəm ki, referendum məsələsi hələ ki, qeyri rəsmi söz-söhbət səviyyəsindədir. Amma bu hakimiyyətdən nə desən çıxar. Ola bilsin ki, payız sesiysında bir neçə məsələ müzakirəyə çıxarılsın, o cümlədən, proporsional seçki sisteminin bərpası, deputatların sayı və sadaladığım digər məsələlər. Milli Məclis müzakirələrdən sonra referenduma getmək haqda qərar versin”.
Proporsional seçki sistemini ölkənin siyasi sistemi üçün çox önəmli sayan ALDP sədri müxalif nümayəndələrin vaxtaşırı bu məsələni gündəmdə saxladıqlarını vurğulayıb:
“Təəssüf ki, 2002-ci ildə müxalifət bu məsələdə bizə dəstək vermədi. Amma sonraki illərdə proporsional seçki sisteminin bərpası ilə bağlı, biz də daxil olmaqla, müxalifət partiyalar bu məsələni daima gündəmdə saxladı. Hesab edirəm ki, referenduma çıxarılacaq məsələlərdən biri də proporsional seçki sisteminin bərpası olmalıdır. Əhalinin sayı on milyondan çoxdur. Ona görə hesab edirəm ki, deputatların sayı da artırılmalıdır. Bütün yuxarıda qeyd edən məsələlər həyata keçsə, bunu islahatların davamı kimi qiymətləndirmək olar”.
Bakı şəhər mer seçkisinin keçirilməsi və bu vəzifəyə iddialı olan Fuad Əliyev, böyük şəhərlərdə mer seçkilərinin keçirilməsinin vacib olduğunu bildirib.
PƏRİ
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”