“10 noyabr bəyannaməsinin əksər bəndləri yerinə yetirilmir” - MÜSAHİBƏ

18:43 06-08-2021 | icon 759 | Siyasət
“10 noyabr bəyannaməsinin əksər bəndləri yerinə yetirilmir” - MÜSAHİBƏ

Qulamhüseyn Əlibəyli: “Türkiyənin bölgədə hərbi iştirakına nail olmaqla Rusiyanın hədə-qorxularının qarşısını almaq olar”

 

Bu gün sərhəddəki gərginlik, Zəngəzur dəhlizi və bölgədə kommunikasiyaların açılmasına göstərilən müqavimətin başında Paşinyanın durduğu şübhə doğurmur. Paşinyan ciddi-cəhdlə ATƏT-in Minsk Qrupunu danışıqlara cəlb etmək, sərhəddə isə beynəlxalq missiyalı sülhməramlıların gəlməsini istəyir. Bu siyasət isə ümumilikdə bölgədə sülhə qarşıdır. Regionun mövcud geosiyasi durumu siyasi düşərgədən hansı adekvat yanaşma tələb edir və müxalifət yeni duruma necə fokslanır?

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli maraqlı nüanslara diqqət çəkib.

 

- Qulamhüseyn bəy, Azərbaycan sərhədləri daim Ermənistan tərəfindən atəşlə pozulur. Halbu ki, Paşinyanın baş nazir postuna təyinatından sonra regionda sakitliyin yarana biləcəyinə ümid edənlər var idi. Nə baş verir?

 

- Paşinyanın rəsmən və yenidən baş nazir olması onun Azərbaycan siyasətinə təsir etməyəcək. Düzdür, hərdən Paşinyan ağıllı fikirləşməyə başlayır. Amma erməni xisləti dəyişmir. Necə anti-türk, anti- Azərbaycan mövqeyi tuturdu, bundan sonra da elə davam edəcək. Ola bilsin ki, ayrı-ayrı məsələlərə dair manevrləri olsun, amma niyyət dəyişmir. Paşinyan istəyir ki, Zəngəzur dəhlizi açılmasın, ölkədə sabitlik olmasın. ABŞ, Fransa, Almaniya kimi dövlətlərin mövqeyi də buna təsir edir. Paşinyan Qərbdən dəstək aldığına görə bu siyasəti davam etdirəcək, sərhədlərdə atəşkəsin pozulması halları yenə olacaq, kommunikasiyaların açılmasına qarşı müqavimət göstərəcək. Üstəlik ABŞ Konqresində Ermənistana və olmayan Dağlıq Qarabağa maliyyə yardımının ayrılması, Azərbaycana hərbi yardımın verilməməsi ilə bağlı məsələlər erməniləri ürəkləndirir. Paşinyanı arxayın edirlər ki, biz Ermənistana kömək edəcəyik, Zəngəzur dəhlizinin açılmasına qarşı dirəniş göstər. Bu da sözsüz ki, Rusiyadan Paşinyan hakimiyyətinə təzyiqlərin artması ilə müşayiət olunacaq. Təbii ki, burda Rusiya da müəyyən maraqları olan ölkələr sırasına daxildir. Rusiya çalışacaq ki, bölgədəki mövqeyini qorumaq üçün Paşinyana və Ermənistana təsir eləsin. O biri dövlətlərlə müqayisədə Rusiyanın təsir imkanları çoxdur.  Amma hesab edirəm ki, bütövlükdə Rusiyanın təsir imkanları gələcəkdə Zəngəzur Kommunikasiyaların açılmasına müəyyən ümid yaradır. Amma ümid etmək olmaz ki, Paşinyan baş nazir gətiriləndən sonra siayasəti dəyişəcək, zəngəzur dəhlizi açılacaq, ölkədə sabitlik olacaq.

Ermənistan Minsk Qrupunun reabilitasiyasında maraqlıdır, lakin Azərbaycan rəsmi razılıq verməsə onlar fəaliyyətini bərpa edə bilməz. Biz onların işindən razı deyilik və Prezident deyib ki, Minsk Qrupu fəaliyyət göstərmir. Ümumiyyətlə, 30 ildə nə iş görüblər ki, bundan sonra nə edəcəklər? Ancaq buna görə Azərbaycana təzyiqlər də mümkündür. İnanıram ki, dövlət bu təzyiqlərə tab gətirəcək.

 

- Nəyə görə Qərb bu dəhlizin açılmasını istəmir və Ermənistana dəstək verir?

 

- Qərb mahiyyət etibarilə Dəhlizin açılmasında maraqlı olmalıdır. Amma Dəhlizin açılmasında Qərbin iştirakı olmayıb. Yəni bu da onu ifadə edir ki, Qərb faktiki olaraq mövqelərini itirib. O mövqelərinin bərpası üçün çalışır. Bu gün bölgədə Rusiya, Türkiyə və Azərbaycan söz sahibidir. Bu da Qərbi narahat edən bir məsələdir. Ona görə də maraqlıdır ki, burda sabitlik olmasın ki, təzədən bölgəyə daxil olub öz təsirini bərpa etmiş olsun.

 

- Bu prosesdə Rusiya Qərbə təsir göstərə biləcəkmi, yaxud əksinə, Qərb Rusiyanı sıxışdıra biləcəkmi?

 

- Bölgədə Türkiyənin mövqeyindən çox şey asılıdır. Hesab edirəm ki, Azərbaycanla Türkiyə bu mənada əslində Rusiyanın da mövqeyini bir qədər sıxışdırmalıdır ki, Rusiya tək söz sahibi olmasın. Rusiyanın bu bölgədə tək söz sahibi olması Azərbaycan, Türkiyə üçün gəlcəkdə böyük problemlər törədə bilər. Azərbaycanın da belə bir mövqeyi olmalıdır ki, Rusiyanı tarazlaşdırmaq üçün Qərb ölkələrinin regiona daxil olmasına şərait yaradılsın.

 

- Azərbaycanda hələ ki, bizim hərbçilərin, idarəedici strukturların nəzarətində olmayan əraziərimiz var. Hələ də Ermənistan sərhədləri atəşlə pozur. Bu gərginlikdə yenidən Dəmir Yumruq işə düşə bilərmi?

 

- Mən ona görə Azərbaycanıın mövqeyindən çox şey asılıdır dedim. 10 noyabr bəyannaməsinin əksər bəndləri yerinə yetirilmir. Yalnız Azərbaycan ordusunin hücumu dayandırması və 3 rayonun qaytarılması ilə bağlı bəndlər yerinə yetirilib. Qalan bəndlər yerinə yetirilmir. Bununla da Rusiyanın mövqeyi də həddən artıq zəifləmiş olur.  Regionda siyasi sabitliyin olmaması Azərbaycanla Türkiyədən başqa hər bir ölkəyə sərfəlidir. Bu, Qərb ölklərinə ona görə sərf edir ki, burda əvvəlki mövqelərini bərpa etmək imkanı qazanmış olsun. Rusiyaya da ona görə sərf edir ki, bu dövlət burda sülhməramlı adı ilə hərbi kontingentinin iştirakını çoxaltmaq, həmin o Zəngəzur dəhlizini təkbaşına nəzarətə götürmək, Azərbaycanın kommunikasiya xətlərini hərbi nəzarətə götürmək istəyir. Atəşkəsin pozulmasında, hərbi gərginliyin qalmasında Rusiya da maraqlıdır.  Hesab edirəm ki, Azərbaycan rəsmi şəkildə öz mövqeyini ortalığa qoymalıdır,  deməlidir ki, Rusiya sülh məramlı adı ilə bölgədə yerləşdirilmiş hərbi kontingent öz vəzifələrini yerinə yetirmir! Ermənilər tərksilah edilməyib! Terrorçuların, erməni silahlı dəstələrinin Azərbaycana gəlişinin qarşısı alınmır! Livandan, Suriyadan ermənilərin  Xankəndiyə yerləşdirilməsinin qarşısı alınmır! Bu mənada artıq Azərbaycan rəsmi şəkildə bildirməlidir ki, ya sülhməramlılar öz vəzifəllərini yerinə yetirməlidir, yaxud Azərbaycan hərbi əməliyyata başlamaldır. Bunu həm Qərb ölkələri, həm də Rusiya bilməlidir ki, Azərbaycan rəsmən hərbi əməliyyata başlaya bilər. Hesab edirəm ki, hərbi əməliyyata başlamaq vacib bir mərhələdir. Əks halda proses bu şəkildə uzanacaq, atəşkəsin pozulması davam edəcək.

 

- Rusiya Azərbaycanın çox suallarını cavabsız qoydu. Və bu günlərdə Azərbaycan Rusiyaya Jirinovskinin bəyanatları ilə bağlı  NOTA vermək məcburiyyətində qaldı. Bu istiqamətdə yaranmış vəziyyət nəyin göstəricisidir?

 

- Rusiydan Azərbaycana vaxtaşırı hədə-qorxu gəlir. Bu təkcə Jirinovskinin simasında ortaya çıxmır. Jirinovski keçən ilin 90-cı illərində rəhmətlik Heydər Əliyevlə münasivətdə və digər məsələlərlə bağlı Azərbaycanla bağlı çox sərsəm fikirlər səsləndirib. Təbii ki, Rusiya dövlətində müəyyən məsələlər var ki, onlar həmin adamların dili ilə deyilir. Dediyim kimi Rusiya da Azərbaycanın sabit şəkildə inkişaf etməsində maraqlı deyil. Rusiya da yaxşı bilir ki, Azərbaycanla Türkiyə arasında münasibətlər artıq hərbi müttəfiqlik səviyyəsinə gəlib çatıb. Bu da Rusiyanı istər-istəməz narahat edir. Ona görə Rusiya bundan əvvəl də Jirinovskinin dilə ilə səsləndirirdi ki, rus əsgəri Azərbaycanı işğal edəcək, Qarabağı tutacaq və sair. Bu, rəsmiərin dili ilə bir növ Azərbaycana edilən hədə-qorxudur. Jirinovskiyə bir təlxək kimi yanaşılır və ona görə də ona çox da diqqət yetirmək lazım deyil. Amma eyni zamanda buna biganə də yanaşmaq olmaz, çünki bütün hallarda rusiyalı deputatın fikirləridir. Ona görə də hesab edirəm ki, Azərbaycan burda Türkiyə ilə əməkdaşlığı genişləndirməlidir. Türkiyənin Azərbaycanda hərbi iştirakı daha genişlənməlidir. İkitərəfli hərbi müqaviləni tam şəkildə rəsmiləşdirib Türkiyənin hərbi bazaları Azərbaycanda yerləşməlidir. Türkiyənn bölgədə hərbi iştirakına nail olmaqla Rusiyanın hədə-qorxularının qarşısını almaq olar.

 

- Türkiyədə baş verən yanğın bu ölkənin regionda möhkəmlənməsi ilə bağlı hansı maneələri yaratmış oldu?

 

- Təbii ki, yanğın Türkiyə rəsmilərinin diqqətini başqa bir istiqamətə cəlb eləmiş oldu. Amma hesab eləmirəm ki, bu Türkiyəni əsas problemlərdən yayındıra bilsin.

 

- Türkiyə müxalifətinin ünlü simalarından biri - CHP sədri Kamal Kılıcdaroğlu deyir ki, biz yanğında məhv edilən hər bir ağacı tək-tək özümüz əkəcəyik, becərəcəyik. Buna görə iqtidardan heç nə istəməyəcəyik. Baş verən zərəri ödəməyə çalışacağıq, ödəyəcəyik. Bu, Türkiyə müxalifətinin belə bir məqamda göstərdiyi mövqedir. Müqayisə edəndə Azərbaycan müxalifətinin belə gərgin situasiyada yanaşması nədir?

 

- Türkiyə müxalifəti bu mövqeni dəfələrlə sübut eliyib. Ölkə daxilində müxalifət olanlar, bütövlükdə ölkə üçün təhlükə yarananda dövlətlə bir yerdə olduğunu dəfələrlə sübut eliyib. Ötən 44 günlük müharibə göstərdi ki, Azərbaycan müxalifəti də Qarabağ məsələsində bütövlükdə dövlətin yanında oldu. Amma bir məsələ var ki, Azərbaycanda Türkiyədə olduğu kimi deyil. Türkiyə müxalifətinin müəyyən iqtisadi və digər imkanları var. Azərbaycan müxalifətinin bu gün o cür geniş iqtisadi imkanları yoxdur ki, onu dağıdılmış ərazilərin bərpasına yönəltmiş olsun. Hesab edirəm ki, Azərbaycan müxalifəti siyasi mənada dövlətin yanında olmalıdır. Ayrı-ayrı müxalifət nümayəndələrinin fərqli mövqeləri olsa da, müxalifət dövlətə əsasən siyasi dəstək verə bilir. Lazım olarsa, bizim partiya da müəyyən tədbirlərin təşkilində iştirak edə bilər. Amma bizim   bərpa prosesində tam şəkildə iştirakımız çətindir, o da maddi vəziyyətlə bağlıdır. Amma siyasi cəhətdən müxalifətin əksər hissəsi Azərbaycan dövlətinin yanındadır və dövləti müdafiə edir.

 

- İqtidar-müxalifət dialoqunun inkişafında hansı addımların atılması gərəklidir?

 

- Müəyyən mənada ölkə müxalifəti ilə hakimiyyəti təmsil edən şəxslər arasında müəyyən əlaqələr var. Bu əlaqələr sadəcə olaraq ayrı-ayrı məsələlərdə birlik nümayiş elətdirməyə, mövqeləri çatdırmağa hesablanır. Hesab edirəm ki, vaxtaşırı görüşlər keçirmək lazımdır, problemləlri həll eləmək lazımdır. Ötən illər keçirilən belə görüşləri vaxtaşırı təkrarlamaq lazımdır. Bu halda müxalift dövlət, xalq üçün nə iş görə bilər məsələlər müzakirə obyekti eləmək lazımdır. Bu işi təşkil etmək lazımdır və müxalifət də qolunu çirməyib nəsə iş görə bilər.

 

- Müxalifətin fəaliyyətində yeni bir formanın tapılması indiki şəraitdə nə dərəcədə zəruridir? Nə edilməlidir ki, köhnə ənənəsindən çıxa bilsin?

 

- Əslində bu, hakimiyyətin münasibətindən qaynaqlanır. Hakimiyət müxalifəti uzun müddət sıxıb. İndi hələ ki, tam aydınlığa çıxa bilməyib. Ona görə də bir çoxları köhnə əhval-ruhiyə ilə davam edirlər. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətdə rolunun yüksəldilməsinə  yönəlik başqa addımlar atılmalıdır. Məsələn, siyasi partiyalarla bağlı gələcək seçkilərdə proporsional seçki sisteminə keçmək lazımdır. Siyasi fəaliyyət azadlığına rayonlarda, regionlarda qoyulan məhdudiyyətlər, insanların siyasi fəaliyyətinə görə sıxışdırılması halları, hətta böhtan atılıb tutulması halları aradan qaldırılmalıdır. Artıq bunlara son qoyulmalıdır. Dövlət siyasətində partiyalara qarşı müəyyən dəyişikliklər var, amma bütün bunlar Azərbaycanı tam şəkildə əhatə eləmir. Proparsional seçki müxalifətin canlanmasına səbəb ola bilər. Bir çox Azərbaycan kimi ölkələrdə müxaifətin siyasi statusu haqqında qanunlar qəbul olunur. Müxalifət nə edə bilər, hansı statusa malikdir, hansı funksiyaları yerinə yetirməlidir, minimum təminatlar var. Həm maddi, informasiya, hüquq xarakterli təminatlar var. Cəmiyyətin siyasi sistemi tam dəyişənə qədər müxalifət qüvvələrinə həm hüquqi yardım olunmalıdr. Həm informasiya, həm də təşkilati dəstəyi verilməlidir.

 

- Siyasi partiyalarla bağlı aparılan islahatlarda sizin partiya hansı güzəştlərlə təmin olundu. Mənzil-qərargah, qeydiyyat və sair.

 

- Bu əslində güzəşt deyil. Dövlət siyasi partiyaları qərargahla təmin eləməlidir. Bizdə də 4 otaqdan ibarət bir qərargah yaradılıb. Partiya olaraq dövlət KİV-lərinə çıxışımız çətindir. Amma son vaxtlar YAP-la bağlı bizə bizə müraciıt edirlər, suallara cavab alır, televiziyalara dəvət edirlər.

 

- Aydınlar Partiyasının fəaliyyəti  görünmür, düşünmək olar ki, yenidir.

 

- Partiya 2008-ci ildə təsis olunub, 2009-cu ildə qeydiyyata alınmışıq.

Azərbaycanda 52 partiya fəaliyyət göstərir, bunların çoxunun fəaliyyəti gözlə görünmür. Çünki partiyaların fəaliyyəti seçkilərdə təzahür olunur. Son seçkilər dövründə də namizədlərimizin iştirakı bir qədər zəif oldu. Amma partiyanın fəaliyyəti əsasən informasiya təminatı ilə üzə çıxır. Bizim bu sahədə işimiz zəifdir. Bu işi yenidən qurmaq lazımdır. Bu barədə artıq müəyyən tədbirlər resursu hazırlayırıq ki, vaxtaşırı partiyamızın fəaliyyəti haqqında ictimaiyəti məlumatlandıraq. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Bu gecə aeroport yolu BAĞLANACAQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Nəqliyyat vasitələrinin utilizasiyaya verilməsinə BAŞLANILDI

Özgə bayramı və qəddarlaşan uşaqlar

Şəkidə toy yasa döndü

Bakı küçələrində yoxa çıxan PİYADA ZOLAQLARI

Gürcüstandakı seçkilərin nəticələrinin regiona təsiri

“Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” - YENİ KULTUROLOJİ LAYİHƏ

Beynəlxalq səyyahlar Şuşada

AB-da da insan hüquqları getdikcə deqradasiyaya uğrayır

"Beynəlxalq ictimaiyyətin Azərbaycana qarşı təzyiqləri yersiz və ikili standartdır"

Gürcüstanda rejim dəyişikliyi baş verərsə...