Milli Məclisin boş qalan yerləri doldurulacaqmı?
“Bu Milli Məclisə qarşı süni hücumların təşkilinə və fəaliyyətinə kölgə salınmasına yönəlib”
Milli Məclis bu dəfə qəbul etdiyi qanunlarla deyil, deputatın qeyri-etik davranışı və bundan dolayı parlamentin buraxılması ilə bağlı ictimaiyyətə sızan məlumatlarla gündəmə gəlib. Bu günlər Milli Məclis dedputatı Eldəniz Səlimovun öz seçicisini heç bir məsuliyyət hissi keçirmədən döyüb təhqir etməsi və bundan da əvvəl bir sıra deputatlarla bağlı yaranan xoşagəlməz hallar bu fikri formalaşdırıb ki, Milli Məclis təzələnməli, daha aktiv, millətin vəkili ola biləcək deputatlarla əvəzlənməlidir.
Məlum olduğu kimi Azərbaycan Milli Məclisinin deputatı Eldəniz Səlimovun səlahiyyətlərinə xitam verildi və o istintaqa cəlb edildi. Demək olar ki, bununla da artıq parlamentdə 6 deputat yeri boş qalır. Belliklə parlamentdə boş qalan deputat yerlərinin qanunvericiliyə əsasən necə doldurulması məsələsi gündəmə gəlir.
Versus.az xəbər verir ki, hüquqşünas və siyasətçilərlə açıq qalan bu suala aydınlıq gətirməyə çalışıblar. Maraqlıdır, məlum fakta əsasən Parlamentə seçkilər nə vaxt keçirilə bilər. MSK boş qalan yerlərə seçkilərin keçirilməsini nəzərdə tuturmu?
“Düzdür parlamentin yenilənmə qərarını MSK vermir, amma boş qalan yerlər üzrə qərar verməlidir”
Hüquqşünas Ələsgər Məmmədli açıqlamasında bildirib ki, Parlamet seçkiləri zamanı hansısa dairələrdə yerlər boş qalıbsa, həmin yerlərin doldurulması üçün əlavə seçkilərin keçirilməsi tələb olunur:
“İl yarımdan çox vaxtdır ki, MSK bu məsələ ilə bağlı yeni seçkilərin keçirilməsini təyin etmədi. Daha sonra davranış qaydalarını pozduqlarına görə ardıcıl olaraq bir neçə deputat yeri boşaldı. Təbii ki, boş qalan yerlər Milli Məclisin qərarvermə prosesinə təsir etmir. Çünki Parlament nəticə etibarilə maksimum 95 səslə, digər hallarda isə 83 və ya 63 səslə qərar qəbul edə bilir. Yəni hazırki say tərkibi parlamentin funksionallığına təsir etmədiyi üçün seçkilərin keçirilməsinə ehtiyac duyulmur. Amma orta hesabla deputatın 40-50 min seçicisi varsa, yarım milyona yaxın əhali Milli Məclisdə təmsilçisiz qalmış olur”.
Hüquqşünas bildirib ki, demokratik cəmiyyətlərdə insanların sözünü çatdırmaq baxımından boş qalan deputat yerləri problem kimi qəbul oluna bilər.
“Düzdür parlamentin yenilənmə qərarını MSK vermir, amma boş qalan yerlər üzrə qərarı olmalıdır. Yəqin ki, MSK bu istiqamətdə düşünüb ləngimədən məsələni həll etməli, dairələr üzrə seçkiləri müəyyən etməlidir. Prosesi ona uyğun şəkildə də yekunlaşdırmalıdır”.
“Kimsə mandat əldə edib, “burda mənəm, bağdadda kor xəlifə” düşüncəsi ilə fəaliyyət göstərirsə çox böyük səhvə yol verir”
Milli Məclisin İntizam Komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib ki, MSK seçkinin keçirilməsi ilə bağlı qərarını verir, gününü təyin edir, onadan da sonra müvafiq qaydalara və Seçki Məcəlləsinin müddüəlarına uyğun olaraq vətəndaşlar öz namizədliyini irəli sürür. Müəyyən dövrdən sonra artıq təbliğat-təşviqat işləri başlayır, sonra səsvermə və sonda nəticə bəlli olur.
F.Ağamalı bir deputatın etik, davranış qaydalarına əməl etmədiyinə görə Milli Məclisin nüfuzuna xələl gəlməsi ilə bağlı yanaşmalarla razılaşmadığını deyib:
“Bir nəfər deputatın qeyri-etik davranışı öz fəaliyyəti ilə ciddi işlər ortaya qoyan Milli Məclisin nüfuzuna zərər gətirə bilməz. Mən heç cür qəbul elə bilmərəm ki, bir nəfərə görə Milli Məclis nüfuzdan düşsün. Bilirik ki, bu yaxınlarda və yaxud bir il öncə dövlət strukturlarında çalışan vəzifəli şəxslər korrupsiya və rüşvətə görə həbs edilib, barələdində cinayət işi, həbs-qəti imkan tədbiri görülüb və cəzalarını aldılar. Bu hal eyni zamanda ayrı-ayrı nazirliklərdə baş verdi. Bu gün ən müxtəlif strukturlarda bu və buna bənzər faktlar olur. Amma belə hallar bütövlükdə həmin qurumun işinə kölgə sala bilməz. Yəni o bir nəfər kimdir ki, onun fəaliyyəti kifayət qədər ciddi bir qurumun nüfuzuna kölgə salsın. Mən bu yanaşma ilə razı deyiləm və çıxışlarımda da bunu bildirmişəm. Hər kəs, hər bir vətəndaş öz davranışına görə qanun qarşısında cavab verir. Milli Məclis burda nə edib ki. Əgər Milli Məclis bütövlükdə dövlətin bir qolu olaraq ciddi xətalara yol versəydi onda belə söyləmək olardı. Amma bir nəfər dava edib, öz seçicisini döyüb, söyüb. Həmin seçici də Daxili İşlər Nazirliyinin əməkdaşı olub. Və buna görə cəzasını da aldı, artıq ona qarşı həbs tədbiri seçildi. İstintaq aparılacaq, araşdırılacaq və insidentdə adı çəkilən deputatın, yaxud polisin nə dərəcədə günahkar, yaxud haqlı olduğu müəyyən olunacaq. Təbii ki, bunlar hamısı istintaqın predmetidir”.
F.Ağamalı hesab edir ki, bir nəfərin fəaliyyətinə görə Milli Məclisə qiymət vermək olmaz. O, insidentdə adı çəkilən Eldəniz Səlimovun bütün platformalarda özünü aktiv bir deputat kimi göstərə bilmədiyini deyərək, belələri “Milli Məclisin işinə kölgə salır” fikirlərini qərəzli, qeyri-obyektiv yanaşma kimi dəyərləndirib.
Deputat qeyri-etik davranış qaydaları ilə gündəmə gələn deputatların sayəsində az qala Milli Məclisin buraxılması və yaxud məsələnin referendumda müzakirəyə çıxarılması ilə bağlı səslənən fikirlərə də birmənalı yanaşmayıb:
“Deyirlər ki, Milli Məclis buraxılmalıdır. Adama sual verərlər ki, nəyə görə buraxılmalıdır?..Milli Məclis bu gün öz işini yüksək səviyyədə görür, qanunlar qəbul edir, siyasi proseslərdə fəal iştirak edir. 44 günlük müharibədə hər bir millət vəkili müharibənin içərisində oldu. Siz jurnalistlərlə bərabər o müharibədə gecəmiz-gündüzümüz oldumu?!. Hər birimiz öz imkanlarımız daxilində cəmiyyətin elitar siyasi kəsimi olmaq şərti ilə mübarizə apardıq. Müharibə zəfərlə qurtardı.
Bundan sonra Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya və digər ölkələrə etdiyi səfərlərdə ən yüksək səviyyələrdə görüşlər keçirdi. Azərbaycanın beynəlxalq siyasi əlaqələrinin inkişafı ilə bağlı ciddi addımlar atıldı. Faktiki olaraq bu yaxınlarda Azərbaycan, Türkiyə, Pakisatan parlamentlərinin birgə Bakı Bəyannaməsi imzalandı. O qədər uğurun qabağında mən anlamıram bu Milli Məclis niyə buraxılmalıdır?!”
F.Ağamalı bu faktlara əsasən hesab edir ki, belə yanaşmalar xüsusi olaraq Azərbaycanın müzakirə sisteminə süni şəkildə gətirilmiş bir layihədir. Onun sözlərinə görə, bu Milli Məclisə qarşı süni hücumların təşkilinə və fəaliyyətinə kölgə salınmasına yönəlib.Deputat hesab edir ki, qanunla referendum keçirilə bilər. Amma indiki durumda referenduma hansı məsələlər qoyulacaq?
“Bu gün müzakirələrdə diqqət çəkən ən aktual məsələ mojaritar və proporsional seçkinin keçirilməsi ilə bağlıdr. Eyni zamanda deputatların sayının artırılması və bir sıra prosedur qaydaların dəyişməsi ilə bağlı məsələlər müzakirə oluna bilər. Ancaq bu müzakirələr referendum keçirilməsinə heç bir əsas vermir. Gələcəkdə mən hər hansı referendumun eçirilməsini istisna etmirəm, bu mümkündür. Lakin indiki durumda buna ehtiyac yoxdur. Ona görə də hesab edirəm ki. Bu məsələlər Azərbaycana qarşı heç də xoş olmayan layihənin tərkib hissəsidir”.
F.Ağamalı eyni zamanda Milli Məclisdə olub, lakin cəmiyyətə çıxmaq istəməyən, jurnalistlərin suallarına cavab verə bilməyən və yaxud vermək istəməyən deputatlarla bağlı məsələyə də aydınlıq gətirib. O, belə deputatları qınadığını və belə halları pislədiyini deyib:
“Milli Məclisin deputatı cəmiyyətə açıq olmalıdır. Deputat təkcə seçilmiş olduğu dairədə seçicilərin istək və arzularını yerinə yetirməkllə kifayətlənməli deyil. Dövlətin milli maraqlarına yönəlik fəaliyyətini də ortalığa qoymalıdır. Harda seçilməyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının qaldırmış olduğu məsələlərə diqqətlə, həssaslıqla yanaşmalıdır. Jurnalistlərə tamamilə açıq olmalıdır. Əgər onun intellekti çatırsa, o heç kimdən çəkinməli, gizlənməli deyil”.
O, Eldəniz Səlimovun davranışının verdiyi nəticələrə istinad edərək, bunun hər kəs üçün bir ibrət dərsi olduğunu bildirib:
“Milli Məclis özünü bu cür qanunpozuntusu törədənlərdən təmizləməlidir. Kimsə mandat əldə edib, “burda mənəm, bağdadda kor xəlifə” düşüncəsi ilə fəaliyyət göstərirsə çox böyük səhvə yol verir. Millət vəkili millətə, dövlətə xidmət eləməlidir və bunu özünə şərəf bilməlidir”.
Qeyd edim ki, məsələ ilə bağlı MSK-ya da müraciət etdik. Mətbuat xidmətinin katibi Şahin Əsədli “bir azdan danışarıq”-dedi, Amma sualımıza cavab gəlmədi.
T.Qafarlı
Versus.az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”