"Azərbaycan-Türkiyə qardaşlığı ən yüksək zirvəyə çatıb"
Fuad Əliyev: "Azərbaycanın Türkiyənin siyasi və mənəvi dəstəyini unutmayıb"
“Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, son günlərdə Türkiyəni bürüyən meşə yanğınları nəticəsində sakinlər arasında ölüm halları baş verdi, qardaş ölkənin iqtisadiyyatına ciddi ziyan dəydi. Azərbaycan xalqı bu dəhşətli fəlakət xəbərini eşidən kimi Türkiyə xalqına böyük dəstəyini ifadə etdi. Biz də Azərbaycan Liberal Demokrat Partiyası adından qardaşlarımıza, o cümlədən Türkiyədəki həmkarlarımıza məktub ünvanlayaraq mənəvi dəstəyimizi bildirdik”.
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
ALDP sədrinin sözlərinə görə, 44 günlük Vətən müharibəsində Türkiyənin siyasi və mənəvi dəstəyini unutmayan Azərbaycanın meşə yanğınları zamanı Türkiyəyə göstərdiyi dəstək qardaş ölkədə yüksək dəyərləndirilir:
“Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyasda yayılmasının qarşısının alınması məqsədilə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələrinin meşə yanğınlarının söndürülməsi prosesində iştirakı böyük əhəmiyyətə malikdir. Qardaş ölkəyə Azərbaycandan yardım dəstələri göndərilməsi, onların yanğının lokallaşdırılması üçün türkiyəli həmkarları ilə birgə fədakarcasına çalışmaları Türkiyədə çox yüksək qiymətləndirilib”.
Fuad Əliyev onu da əlavə edib ki, Azərbaycan-Türkiyə qardaşlığı, strateji tərəfdaşlığı Şuşa Bəyannaməsinin imzalanmasından sonra özünün ən yüksək zirvəsinə çatıb:
“Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və torpaqlarımızın işğaldan azad olunması məsələsində Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan başda olmaqla qardaş ölkənin siyasi, diplomatik və mənəvi dəstək nümayiş etdirməsi ölkələrimizin müttəfiqliyini daha yüksək səviyyə qaldırıb. Eyni zamanda, Vətən müharibəsi zamanı Türkiyə xalqının Azərbaycanın yanında olması bir daha sübut etdi ki, iki ölkə arasında qardaşlıq münasibətləri sarsılmazdır”.
/Yeni Azərbaycan/
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”