DEPUTAT: Daha yolumuz qalmayıb
15:34 13-08-2021
|
575 |
Cəmiyyət
Razi Nurullayev: "Kim deyirsə yox, gəlsin sübut edim, qoy utansın"
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev İmişli rayonunun Otuziki kəndində yaşayan yaralı müharibə iştirakçısı Eltac Ağayevi ziyarət edib.
Versus.Az xəbər verir ki, Eltac Ağayev 9 aydır müalicə alır, yatağa məhkumdur. Sağ diz qapağı qopub, sağalıb-sağalmayacağı məlum deyil.
Görüşlə bağlı şəxsi "facebook" hesabında paylaşım edən Razi Nurullayev qeyd edib ki, 24 yaşlı Eltac çətin bir vəziyyətdədir:
"Oktyabrın 30-u Zəngilanda, Mincivanda yaralanıb. 22 noyabr xəstəxanadan evə dönüb, atası Mahir kişi həmin günü dözməyib ürəktutmasından rəhmətə gedib. Anası Nəsibə Ağayeva ikinci qrup əlil olub, onun da pensiyası dayandırılıb. 61 yaşı var. Ata rəhmətə gedib, ananın pensiyası kəsilib, 27 yaşlı qardaşı evlidir, bir dam altında yaşayırlar. Ailə çarəsiz vəziyyətdədir. Bir qolu işləmir, bir ayağı pis vəziyyətdə. İndi yalandan deyim ki, qayğı ilə əhatə olunub? Axı mən onlarla müharibə iştirakçısı, o cümlədən Eltacı gördüm ki, ehtiyac içindədir. Amma milyonlarla oynayanlar var, milyonları oğurlayanlar var. Eltac niyə dövlətindən narazı olmalıdır? Belə çıxır ki, Eltac üç il bundan sonra da canı ilə əlləşəcək, pensiya ala bilməyəcək. Bəs o zamana kimi necə yaşayacaq? Onun üçün də Parlamentdə dedim və yenə təkrar edirəm ki, bütün yaralılara 3-5 il müddətində 500-700 AZN arası aylıq pul verilməlidir ki, onlar yaşaya və reabilitasiya oluna bilsinlər".
Deputat vurğulayıb ki, xəstəxanalar da onları incidir, pul vermirlər deyə heç bir müəssisə onları qəbul etmək istəmir:
"Bu həqiqətdir, kim deyirsə yox, gəlsin sübut edim, qoy utansın. "Yaşat" Fondu isə kömək edib, edir və yönləndirir, lakin bu sadəcə kifayət deyil. Adama qayğı, davamlı qayğı lazımdır ki, canı sağalsın və problemləri həll edilsin. O özü qapı döyməli deyil, aidiyyatı orqanlar gəlib qapısını döyüb maraqlanmalı və kömək etməlidir.
Bu məsələlərlə bağlı geniş müzakirə lazımdır və bunu təşkil edəcəm, sonunda cənab Prezidentə müraciət ünvanlanacaq. Daha yolumuz qalmayıb".
PƏRİ
Versus.Az
Versus.Az
Xəbər lenti
Delimitasiya prosesinə mane olan SƏBƏBLƏR
"Erməni tərəfi 3 kəndi geri qaytarmamaq üçün..."