“Azərbaycana qarşı xain sui-qəsd planı hazırlanır”
Qabil Hüseynli: "Xalqı mənfur qüvvələrə qarşı səfərbər etmək lazımdır"
Ermənistanın destruktiv hərəkətlərinə qarşı rəsmi Bakı növbəti cavabını verdi. Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı pozmaqda ittiham edən açıqlamasını Ermənistan Respublikasının üçtərəfli sənədin müddəalarına tam riayət etmək öhdəliklərindən boyun qaçırmağa yönəlmiş növbəti uğursuz cəhdi kimi tənqid etdi. Ermənistandan Azərbaycana qarşı başlanan diplomatik, informasiya hücumu və rəsmi olaraq Azərbaycandan buna verilən reaksiyalar regionla bağlı vəziyyətin heç də sadə olmadığını göstərir. Ermənistan sülhə gəlmək əvəzində havadarlarının dəstəyi ilə daha da azğınlaşır. Nə baş verir. Azərbaycandan Ermənistana verilən rəsmi bəyanatlar nəyi ifadə edir?
Politoloq Qabil Hüseynli şərhində bildirib ki, müəyyən bölgə dövlətlərinin iştirakı ilə Azərbaycana qarşı xain, sui-qəsd planı hazırlanır. Onun sözlərinə görə, burda əsas aparıcı dövlətlər Rusiya və Fransadır.
Politoloq böyük təəssüf hissi ilə müsəlman dövləti olan İranın da bu prosesə qoşulduğunu deyib:
“44 günlük müharibədən sonra erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalı idi. Amma hələ də 11 min nəfər erməni silahlı qüvvələrinin ordusu Xankəndi, Əsgəran, Ağdərə ərazisində qalır. Üstəlik rus sülhməramlılarının müşaiyəti ilə 12 kamaz, 6 Ural maşınları ilə Qarabağa xeyli əsgər, silah və sursat daşınır. Əgər İranın yük maşınları indiyə qədər Ermənistan ərazisinə girəndə dövlət seriya nişanlarını dəyişirdilərsə, indi İran bayrağı ilə nümayişkaranə surətdə hərəkət edirlər. Həmin tırlar humanitar yardım adı ilə Qarabağ ərazisinə müxtəlif növ “mallar” daşıyırlar”.
Politoloq bildirib ki, bu gün Qarabağa silahlı yığnaq toplanıb və Rusiya da buna isti yanaşır. Onun fikrincə, məlum proses vəziyyətin ağırlaşmağa doğru getdiyini ifadə edir:
“Sərhəddə və bölgədə baş verən hadisələrdən bir gün əvvəl Ermənistanın müdafiə naziri Karapetyan Moskvaya gedib Rusiya müdafiə naziri Şoyqu ilə görüşdü. Şoyqu dedi ki, Ermənistan ordusunu yenidən quracağıq və üstəlik də Karapetyana qılınc bağışlayaraq, “hesab edin ki, Ermənistanın silahlandırılması başlayır” dedi. Sual olunur; siz nəyə görə Ermənistanı silahlandırırsınız, kimdir ona hücum eliyən, kimdir onu işğal edən. Deməli, Rusiya və digər erməni havadarlar yenə də bölgəni hərbləşdirmək niyyətini və toqquşmaların bünövrəsini qoyur. İran tərəfi də bu prosesdə iştirak etdiyi üçün ona nota verildi”.
Q.Hüseynli belə bir gərgin zamanda Azərbaycanı qorumaq üçün istər İranda, istərsə də Rusiyada yaşayan türk xalqlarını ayağa qaldırmağı zəruri hesab edib. Politoloq bildirib ki, İrandakı azərbaycanlıları ayğa qaldırmaq üçün, televiziya, radio resurslarından istifadə edib, xalqı mənfur qüvvələrə qarşı səfərbər etmək lazımdır:
“Xalq Molla rejiminə qarşı ayağa qalxmalıdır. Elə Rusiyanın özündə 26-dan çox türkdilli xalqlar var. Azərbaycanı müdafiə etmək üçün onlara yönəlik nələrsə hazırlamaq olar”.
Politoloq bildirib ki, Rusiya dünənə qədər ikibaşlı oyun oynayırdısa, bu gün açıq kartlarla oynayır. Onun fikrincə, Rusiyadan soruşmaq lazımdır ki, sən niyə Ermənistanı silahlandırırsan, bölgəni silah-sursatla doldurursan. Rusiya hər şeyi qulaqardına vurur və Ermənistan da Azərbaycanı 10 noyabr bəyannaməsini pozmaqda ittiham edir. Faktlar isə göz önündədir:
“Ermənilər sərhədin 7-10 kilometr ərazisində - Kəlbəcər, Laçın istiqamətində Azərbaycan kəndlərinin içərisinə qədər daxil olub. Niyə rədd olub getmirsən?! Qazağın 7 kəndini əldə saxlamısız, qaytarmırsız ki, Azərbaycanın Ermənistan ərazisindəki anklavıdır. Bəs Kərkükə nə deyirsən, niyə azad etmirsiz!? Ermənilər bütün həyatı boyu insani mahiyyətlərindən uzaq olduqlarını işə salıb özləri elədiklərini Azərbaycanın üzərinə atmaqla dünya miqyasında təbliğat müharibəsinə başlayıblar. Üstəlik praktiki addımlar ataraq Qarabağı millitaristləşdirirlər. İndi də gündəmə Qarabağın statusu məsələsini gətiriblər. Bu da Rusiya, Fransa və digər qərb dövlətlərinin iştirakı ilə baş verir. Və bu xristian dövlətlərinin kampaniyasına şiyə dövləti də qoşulub. Bunu 45 milyon türkü aborogen hesab edən fars şovenizmi edir. Bölgədə arzuedilməz və uzun müddət planlaşdırılan, birdən-birə ortaya çıxan situasiya yaranıb. Bu arzuolunmaz situasiyaya Azərbaycan Müdafiə Nazirliyi və indi də Xarici İşlər Nazirliyi reaksiya verdilər. Bölgəyə toplanan silahlı qruplaşmalara qarşı adekvat tədbirlərin, antiterror əməliyyatlarının siqnalını Azərbaycan Müdafiə Nazirliyi verdi”.
Politoloq qarşı tərəfin hansı reaksiyanı verəcəyi ilə proseslərin inkişaf tempinin müəyyən olunacağını bildirib. Onun fikrincə, burda əsas məsələ Türkiyənin prosesə qoşulmasıdır. Türkiyə və Pakistanın bu prosesdə Azərbaycanın yanında olduğunu deyən Q.Hüseynli müsbətə doğru dəyişikliklərə ümid etdiyini vurğulayıb:
“Azərbaycanın dostları onun yanında olmaq üçün Azərbaycanda özünün strukturlarını yaratmaqda davam edirlər. Lakin vəziyyətin gərginləşməsi üçün şimal və cəbub qonşumuz dəridən-qabıqdan çıxırlar”. /hafta.az/
T.Qafarlı
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”