“Sülhməramlıların ziyanlı tərəfi görünürsə, ondan qaçmaq diplomatik bacarıq tələb edir”
Regionu təhdid edənlər Azərbaycan-Türkiyə əməkdaşlığında hansı reallıqları önə çıxarır?
Ermənistanın Azərbaycana qarşı revanşist çıxışları davam edir. Vəziyyət İranın cənubdan, Ermənistanın sərhəd boyu, Rusiyanın isə Qarabağda yerləşən sülhməramlılarının missiyasından kənar davranışları ilə daha da gərginləşib. Son vaxtlar havadarlarının regionla bağlı sərsəm davranışlarından ruhlanan erməni dəstəsi Azərbaycanın bütövlüyü və suverenliyini təhdid edən çıxışları ilə gündəmə gəlir. Yaranmış vəziyyət və regionda Ermənistanı dəstəkləyən yeni platformanın meydana çıxması Azərbaycanın dost ölkələrlə hərbi əməkdaşlığının daha aktiv fazaya keçməsi ilə bağlı siqnallar verir.
Rus hərbi qoşunlarının regionda möhkəmlənməsi və erməni silahlı qüvvələrinin Qarabağa yerləşdirilməsi yeni müharibə təhlükəsini aktivləşdirirmi? Azərbaycan rəsmi olaraq Ermənistana bütün vasitələrlə dəstək olan Rusiya və İrana özünün sərt reaksiyasını versə də, proseslər Türkiyə ilə real əməkdaşlıq fonunda nəyi diqtə edir?
“Ermənilərin bu hay-küyü Azərbaycan üçün heç bir təhdid doğura bilməz”
Politoloq Zərdüşt Əlizadə şərhində regionda nələrin baş verməsindən asılı olmayaraq Azərbaycanın dost ölkələrlə, xüsusilə də Türkiyə ilə birgə əməkdaşlığının olduğunu deyib.
Onun sözlərinə görə, onsuz da Türkiyə ilə Azərbaycanın əməkdaşlığı ən yüksək səviyyədədir və bu proses daha aktiv fazaya doğru inkişaf edir:
“Beynəlxalq təcrübədə bundan yüksək əməkdaşlıq olmayıb. Yəni iki dövlətin birinin digərinin tərkibinə daxil olması mümkün olmasa da, bütün sahələr üzrə əməkdaşlıq, bir birinə dəstək var”.
Politoloq bu gün Rusiya sülhməramlılarının öz missiyasından kənar çıxışlarına da birmənalı yanaşıb. Onun sözlərinə görə, 10 noyabr bəyannaməsinə əsasən rus sülhməramlılarının erməni silahlılarını regiondan qovmaması faktına beynəlxalq müstəvidə qəbul olunan sənədlərin həmişə yerinə yetirilməməsi prizmasından yanaşmaq lazımdır.
Politoloq hesab edir ki, hər sənəd qanunla qəbul olunsa da, hər zaman yerinə yetirilmir. 10 noyabr bəyannaməsinə də bu cür yanaşılır. Təbii ki, bu tələb irəli sürülməlidir:
“Rusiya sülhməramlıları üçtərəfli imzalanmış bəyanat əsasında Qarabağda yerləşiblər. Azərbaycan prezidenti də bu bəyannaməyə imza atıb. Bu mənada Rusiya sülhməramlılarının regiona gəlişi bəlli idi və əgər bu gün bunun ziyanlı tərəfləri görünürsə, ondan qaçmaq özü də bir diplomatik bacarıq tələb edir”.
Z.Əlizadənin fikrincə, bu gün Azərbaycan sülhməramlılarla toqquşmaya getmədən də Rusiyanın məhvolma prosesi elə mərhələyə çatacaq ki, tədricən problemləri öz-özünə həll olunacaq:
“Rusiya elə bir vəziyyətə gəlib çatacaq ki, özü başını aşağı salıb dinc şəkildə çıxıb gedəcək. O ki qaldı İranın yük dolu maşınlarının Xankəndiyə gəlməsinə, hesab edirəm ki, ordan Azərbaycanın milli təhlükəsizliyimizə ciddi təhlükə yaradacaq heç nə gətirə bilməzlər. Qarabağda 15 min erməni əhalisi qalıb. Onların arasında 1000-1500 nəfər silahlı erməni var, silahları da əsasən avtomatdan, qumbaraatanlardan ibarətdir. Onlar bu resursla Azərbaycana neyliyə bilərlər, heç nə! Qarabağda Azərbaycanın 50 minə yaxın hərbi qoşun hissələri var. İran ermənilərə Atom bombası vermir ki, biz bundan belə narahat oluruq. Ermənilərin bu hay-küyü Azərbaycan üçün heç bir təhdid doğura bilməz. İrandan Ermənistana hansısa mallar gəlir, orda sürücülər də alacaqları pulun müqabilində hərəkət edirlər. İran Qarabağa Azərbaycan üçün təhdid doğuran heç nə göndərməz. Sadəcə İran xalqı buna yol verməz”.
“Biz ehtiyatı əldən verməməliyik”
Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, indiki vəziyyətdə bütün sualların bir cavabı var; biz ehtiyatı əldən verməməliyik, ayaq-sayaq olmalıyıq, eyni zamanda ordumuzun döyüş qabiliyyətini günü-gündən gücləndirməliyik.
“Çünki biz məkrli, hiyləgər, xəyanətkar toplumla üz-üzəyik. Məsələ bu qrupun güclü olmasından yox, prosesi gərginləşdirmək istəyənlərin məkirli fitfalarından gedir. Bütün tarix boyu belə olub, bu gün də davam edir. Sülhməramlılar Azərbaycan ərazisinə qədəm qoyan gündən sülhməramlılar yox, erməniməramlı olublar. Bu deyilənlər də öz təsdiqini tapır. Çünki beynəlxalq hüquqda BMT-nin Millətlər Təşkilatının müvafiq qanununda sülhməramlılıq missiyasının nədən ibarət olduğu aydın-açıq ifadə olunur. Ancaq bunlar Azərbaycan ərazisinə gələndən sülhməramlılıq missiyasına zidd olan hərəkətlərlə məşğul olurlar. Bu məsələ bu gün də davam edir. Ona görə də biz heç bir tərəfdaşlıq, əməkdaşlıq kimi şirin vədə, sözə etibar edə bilmərik. Biz də tərəfdaşlığın, əməkdaşığın tərəfdarıyıq. Biz öz sözümüzdə nə qədər səmimi olsaq da bizə qarşı əks münasibət sərgilənir. Biz istəyirik ki, münasibətlərimizdə səmimi olaq. Riyakar, xəyanətkar olmayaq. Qarşı tərəflər öz öhtəliklərinə əməl etmirlər. Ona görə də mən hesab edirəm ki, heç kimə yox, öz gücümüzə arxayın olmalıyıq”.
Mövcud gəgin vəziyyətdə Türkiyə ilə hərbi əməkdaşlıq müstəvisində hansı yeni addımların atılmasına gəlincə, Elman Məmmədov bildirib ki, Türkiyə ilə müttəfiqlik səviyyəsinə qalxmış müqavilələrimiz, sazişlərimiz, bəyannamələrimiz, Şuşa Bəyannaməsi kimi əməkdaşlıq sənədlərimz var:
“Eyni zamanda təhlükəsizliyimiz naminə qardaş Pakistan və digər dost dövlətlərlə, o cümlədən İsrail, Ukrayna və digər dövlətlərlə əlaqələrimizi inkişaf etdirməliyik”. /hafta.az/
Versus.Az
Xəbər lenti
YYSİB-dən eko-layihə
“Kreativ-innovativ “Qırmızı Kitab”: gənclərin ekoloji neo-maarifçilik hərəkatı”