Erməni vəhşiliyinə dair dəhşətli FAKTLAR
3890 həmyerlimiz hələ də itkin sayılır
Ermənistan-Azərbaycan münaqişəsi ölkəmizin Vətən müharibəsində qalib gəlməsi və ərazi bütövlüyünü bərpa etməsindən sonra başa çatsa da, münaqişə zamanı erməni tərəfinin əsir və girov götürdüyü minlərlə azərbaycanlının aqibəti hələ də naməlum olaraq qalır. Rəsmi rəqəmlərə görə 3890 nəfər həmyerlimiz itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Ermənistanın Azərbaycana hərbi təcavüzü quldur-terrorçu birləşmələrinin törətdiyi bir çox qanunsuzluqlarla, insan hüquqlarının kobud şəkildə pozulması ilə müşahidə olunub. Ermənilər tərəfindən əliyalın mülki əhaliyə qarşı minlərlə cinayət əməli törədilib. Onların nəinki münaqişə zonasından təxliyəsinə şərait yaradılıb, əksinə dinc əhali əsir və girov götürülüb, əksər hallarda vəhşicəsinə işgəncələrə məruz qalıb, qətlə yetirilib.
Erməni quldurları bu izləri itirmək, beynəlxalq ictimaiyyətdən törədilmiş cinayətləri gizlətmək üçün qətlə yetirilmiş vətəndaşlarımızın cəsədlərini belə Azərbaycan tərəfinə təhvil verməyib. Terrorçular əsir düşmüş vətəndaşlarımızdan öz məkrli planları üçün istifadə edib, onları anti-Azərbaycan, antitürk ideoloji təbliğatı üçün vasitəyə çeviriblər. Azərbaycanlı əsirlərə qarşı kin-nifrət dolu ermənilər onları alçaldaraq yaşayış məntəqələrində gəzdirib, müxtəlif telekanallara çıxarılaraq ölkəmizin əleyhinə müsahibə verməsi, mənfi fikirlər səsləndirmələri istənilib.
Ən dəhşətli məqamlardan biri də ermənilər tərəfindən əsirlərə dəhşətli işgəncələr verilməsi olub. Bununla bağlı əsir və girovluqdan azad olunmuş yüzlərlə vətəndaşımızın ifadələri, verdikləri çoxsaylı müsahibələrdə erməni vəhşiliyinin sərhədinin olmadığını aydın görmək olar. Erməni cəlladları azərbaycanlı əsir və girovlarla rəftar edərkən beynəlxalq hüququn bütün norma və qaydalarını kobud şəkildə pozub, onların başlarına olmazın işlər gətirib.
Ermənilər eyni zamanda azərbaycanlı əsirlərdən qul kim istifadə edib, müharibədən sonra onlardan Qarabağdakı Azərbaycan izlərinin silinməsində fəal istifadə olunub. Əsirlərimiz oradakı yaşayış məntəqələrinin, tarixi abidələrin, qəbiristanlıqların və s. sökülməsinə məcbur edilib, bundan əlavə insan sağlamlığa zərər vuracaq sahələrdə işlədilib.
Azərbaycanlı əsirlərə rəftarda ermənilər demək olar ki, bütün iyrənclikləri törədiblər. Bəzi hallarda əsir və girov götürülmüş şəxslər Azərbaycana qarşı məxfi əməkdaşlığa cəlb olunub və Azərbaycanda terror-təxribat aktlarının törədilməsinə, əsir və girovlar biri-birinin əleyhinə ifadələr verməyə, biri-birinə qarşı fiziki zorakılıq, alçaldıcı və təhqiredici əməllər törətməyə məcbur edilib.
Azğınlaşmış erməni terrorçuları üçün əsirlərin yaşı və cinsi önəm daşımayıb. Onların demək olar ki, bir çoxu tibb eksperimentlər üçün hədəfə çevrilib. Azərbaycanlı əsir və girovlar Ermənistanda ən ağır cinayətləri törədən cinayətkarlarla eyni həbsxanalarda saxlanılıb.
Dəhşətli əzab verilən həmyerlilərimizin işgəncəyə məruz qalmamaq, qanun qarşısında şəxsiyyət kimi tanınmaq hüququ, azadlıq və toxunulmazlıq hüququ, yaşamaq hüquqları pozulub.
90-cı illərdə Ermənistan informasiya məkanının məhdud olmasından da maksimum istifadə edib. Əsir və girovların başına gətirilmiş dəhşətli əzabların ifşa olmaması üçün ermənilər Azərbaycan tərəfinə onları qaytarmaqdan imtina edib. Törətdikləri vəhşilikləri gizlətmək naminə günahsız əsirlər güllələnib, onların cəsədləri belə ölkəmizə təhvil verilməyib.
Ermənilərin əsir və girovların başına gələnləri gizlətmək və öz məkrli əməllərini ört-basdır etməsi ilə bağlı dəhşətli bir fakta diqqət yetirək:
“1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğalı zamanı Azərbaycanın aidiyyəti dövlət qurumlarının radio əks-kəşfiyyat xidməti tərəfindən əldə edilmiş materialda Ermənistanın Basarkeçər rayonundakı qərargah radiostansiyasından Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya bölgədəki bütün səyyar radiostansiyalara təcili əmr verilmişdir ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları, o cümlədən qocalar, qadınlar və uşaqlar təcili məhv edilib, basdırılsın. Burada məqsəd isə törətdikləri cinayətlərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən gizlədilməsi olub”.
Erməni quldurları bir sıra hallarda isə hətta beynəlxalq qurumlardan belə çəkinməyiblər. Məsələn Beynəlxalq Qırmızı Xaç Komitəsində (BQXK) əsir və girov kimi qeydiyyatda olan soydaşlarımız belə sonradan ya öldürülmüş ya da yoxa çıxarılmışdır: 1998-ci və 2001-ci illərdə Azərbaycana verilən rəsmi məlumatlara əsasən hərbi əməliyyatların gedişində Ermənistan tərəfindən əsir-girov götürülmüş 54 Azərbaycan vətəndaşına Ermənistan Respublikasında və keçmiş işğal edilmiş ərazilərimizdə BQXK tərəfindən saxlanma yerlərində baş çəkilmiş və onlar bu qurumun rəsmi qeydiyyatında olublar. Ancaq Ermənistan həmin 54 nəfərdən 17-sini qətlə yetirib, onların cəsədləri Azərbaycana qaytarılıb. Digər 37 nəfərin taleyi isə bu günə naməlum olaraq qalıb.
Lakin, sonradan Ermənistan həmin 54 nəfərdən 17 nəfərini öldürərək, onların cəsədlərini qaytarmış, digərlərinin isə taleyi naməlum qalmışdır.
Erməni quldur birləşmələri öz yaxınların axtaran insanları da aldadaraq onları girov götürüb və qətlə yetirib. Məsələn 31 dekabr 1992-ci ildə Qazax rayonunun Ermənistanla sərhəd ərazisində itkin düşən İsayev Əsgər İsmayıl oğlunun axtarışını aparan qardaşı İsayev Cahangir və bacısının həyat yoldaşı Məmmədov Məmməd 1993-cü ilin 7 noyabrında Ermənistanın Gürcüstanla sərhəd ərazisində ermənilərlə danışıb, sonda əsirlə görüşəcəkləri və onun azad ediləcəyi adı altında aldadılıb, Ermənistana aparıblar. Onların hər üçünün taleyi naməlumdur. 1993-cü ilin fevral ayında Ağdərə rayonu uğrunda döyüşlərdə itkin düşən əsgər Quliyev Xaqanı Nurəddin oğlunun axtarışı ilə məşğul olan doğmaları Rusiyada yaşayan ermənilərlə əlaqə yaradıb. Onları Xaqani Quliyevin sağ olduğuna inandıran ermənilər azad edilməsi üçün 25 min ABŞ dolları tələb ediblər. Qohumlarının köməyi ilə həmin vəsaiti toplayan Xaqani Quliyevin qardaşı Mahir 1996-cı ilin yayında Rusiyaya gedib, lakin ermənilər pulu aldıqdan sonra onu qətlə yetiriblər.
Əsir-girovların hədə-qorxu və şantaj vasitəsi ilə erməni xüsusi xidmət orqanları tərəfindən məcburi əməkdaşlığa cəlb edilməsi və Azərbaycan Respublikasına qarşı terror-təxribat əməlləri törətməyə təhriki faktları da mövcuddur.
Erməni vəhşiliyinin, qəddarlığının ən dəhşətli nümunələrindən biri Xocalı soyqırımıdır. 1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alaraq yerlə yeksan edilmiş, dinc əhali pusquya salınaraq qətlə yetirilib. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib, aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb.
Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb, onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.
Azərbaycan dövləti öz vətəndaşlarına qarşı törədilmiş cinayət və vəhşiliklərin təhqiqatının aparılması üçün öhdəliklərini yerinə yetirir. Dövlətimiz itkin düşmüş vətəndaşlar və onların ailə üzvləri ilə bağlı beynəlxalq hüquq və milli qanunvericiliyin tələblərinə uyğun olaraq bütün müvafiq tədbirləri həyata keçirir. Ölkədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası fəaliyyət göstərir. Komissiya əsir və girov götürülmüş şəxslərin vətənə qaytarılması, itkin düşənlərin axtarılması ilə əlaqədar tədbirlər həyata keçirir, bu sahədə müvafiq dövlət orqanlarının, ictimai və beynəlxalq təşkilatların fəaliyyətini əlaqələndirir, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlar haqqında məlumatları toplayır, bu məlumatların qeydiyyatını və sistemləşdirilməsini təmin edir və Komissiyaya həvalə edilən digər vəzifələri həyata keçirir.
Dövlətimiz beynəlxalq səviyyədə itkin düşmüş və girov götürülmüş insanlar məsələsinə qlobal diqqəti cəlb etmək məqsədilə iş aparır. Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasında “İtkin düşmüş şəxslər”lə bağlı iki ildən bir qətnamə qəbul edilir. Azərbaycan, eyni zamanda, BMT-nin Qadınların Statusu üzrə Komissiyasında qəbul edilən “Silahlı münaqişələr zamanı girov götürülmüş qadınlar və uşaqların azad edilməsi haqqında” adlı qətnamənin əsas təşəbbüskarıdır. /modern.az/
Versus.Az
Xəbər lenti
Delimitasiya prosesinə mane olan SƏBƏBLƏR
"Erməni tərəfi 3 kəndi geri qaytarmamaq üçün..."