10 aydır azad olan Şuşa - mədəniyyət paytaxtının dünəni və bu günü...
Versus.az "Yeni Müsavat"a istinadla məlumat verir ki, Prezident İlham Əliyevin işğaldan azad olunan yaşayış məntəqələri arasında Şuşaya böyük önəm verdiyi göz önündədir: o, erməni işğalçılarından təmizlənən şəhərə ilk dəfə yanvarın 14-də getdi. Bu səfər Şuşaya aparan Zəfər yolu təmir olunmazdan əvvəl reallaşdı: Prezident özü avtomobilin sükanı arxasında palçıqlı yollarla inci şəhərimizə qalxdı. Orada hərbçilərlə söhbət edən dövlət başçısı Şuşanın Azərbaycan tarixində, həyatında mühüm yeri olduğunu dilə gətirdi: “Şuşa Azərbaycan xalqının qəlbində xüsusi yerə malikdir. Şuşa Qarabağın tacıdır, Şuşa təkrarolunmaz şəhərdir. Şuşanın yerləşməsi, təbiəti, havası, iqlimi, tarixi abidələri, dini abidələrimiz, şəhərin memarlıq ansamblı bizim milli sərvətimizdir. Şuşanı biz qorumalıyıq, qoruyacağıq. Biz Şuşaya qayıtmışıq və bundan sonra Azərbaycan xalqı Şuşada əbədi yaşayacaqdır. Necə ki, bütün dövrlərdə Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur və ermənilərin saxtakarlıq cəhdlərinə baxmayaraq, bütün dünya Şuşanı məhz Azərbaycan şəhəri kimi tanıyıb və qəbul edib.
Ermənilərin bütün cəhdlərinə baxmayaraq, onlar Şuşanı dünyaya erməni şəhəri kimi təqdim edə bilməmişlər. Baxmayaraq ki, 28 il ərzində buna çalışmışdılar, bir çox xarici qonaqları qanunsuz olaraq Şuşaya gətirmişdilər, Şuşa haqqında uydurmalar ortaya atmışdılar, Şuşanın adını dəyişdirmişdilər. Amma buna baxmayaraq, heç kim buna inanmırdı. Çünki Şuşaya gələn hər bir insanın fikri ondan ibarət idi və hər bir insan öz gözü ilə görürdü ki, Şuşanın memarlıq ansamblı Azərbaycan memarlıq məktəbini təcəssüm etdirir. İndi qədim tarixi saxtalaşdırırlar, indi saxta kitablar yazdırırlar, simpoziumlar, tədbirlər keçirirlər. Amma bu, nisbətən yaxın tarixdir. Şuşanı quran, Şuşa şəhərini salan bizim əcdadımız Pənahəli xan olmuşdur. Məhz onun fəaliyyəti, səyləri nəticəsində Şuşa şəhəri salınıbdır. Ondan əvvəl Pənahəli xan Bayat qalasını, Şahbulaq qalasını salmışdır. Təsadüfi deyil ki, bu şəhərə verilən birinci ad Pənahabad idi, öz adını vermişdi. Ondan sonra isə Şuşanın təmiz havasını, şüşə kimi havasını nəzərə alaraq bu şəhərə Şüşə, yəni Şuşa adı verilmişdir".
Prezident ilk günlərdən Şuşada təmir-bərpa işlərinin, infrastrukturun yaradılması prosesinin başlanmasına göstəriş verib. İlk növbədə - 2020-ci ilin noyabrından Şuşaya aparan Zəfər yolunun tikintisinə başlanıb. Dövlət başçısının tapşırığına əsasən, ötən il noyabr ayının 16-da təməli qoyulmuş və uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” Qarabağın inkişaf planı nəzərə alınmaqla, 2-ci texniki dərəcəyə uyğun inşa edilir. Yol başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürür, Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə Füzuli və Şuşa şəhərləri də daxil olmaqla, sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edir. Zəfər yolunda işlərin yaxın günlərdə tamamilə başa çatdırılması gözlənilir.
Bu ilin yanvarından isə Şuşaya ikinci və daha qısa, amma çətin relyefli ərazilərdən keçən yolun tikintisinə start verilib. Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 84.6 km təşkil edəcək.
Yol çəkilişi ilə yanaşı, Şuşanın elektrik enerjisi, su təchizatı sistemlərinin bərpası prosesinə də başladılıb. Yanvar ayının ilk günlərində Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyasından şəhərə enerji aparan yüksək gərginliklə xəttin çəkilişi başa çatdırılıb və əsas inzibati binaların enerji təchizatı təmin edilib. Daha sonra isə Şuşada yeni elektrik yarımstansiyası qurulub və şəhər fasiləsiz olaraq enerji ilə təmin edilməyə başlanıb.
Prezidentin açıqladığı məlumatdan aydın olur ki, ermənilər Şuşadan qaçarkən şəhəri su ilə təmin edən iki xəttin - Kiçik Kirs və Zarıslı su kəmərlərinin ikisini də dağıdıblar. Lakin Azərbaycan çıx qısa müddətdə - 2020-ci il noyabrında Kiçik Kirsdə, dekabrın sonlarında isə Zarıslıda təmir-bərpa işlərini yekunlaşdıraraq Şuşanın fasiləsiz su təchizatına nail olub. Hazırda şəhərdaxili su təchizatı şəbəkəsinin yenidənqurulması həyata keçirilir.
İnfrastrukturla yanaşı, Şuşada tarixi abidələrin bərpasına da qısa müddətdə başlanıb. Bir neçə ay ərzində şəhərdə ermənilərin dağıtdığı görkəmli şair və dövlət adamı Molla Pənah Vaqifin məqbərəsi, böyük şairin büstü bərpa edilib. Hazırda şəhərdəki üç məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verilib. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Şəhərdəki Natəvan bulağı bərpa edilib, indi su gəlir. Prezidentin açıqladığı məlumatdan aydın olur ki, ermənilər 17 bulağın 17-sini də qurutmuşdular.
Şuşa şəhərinin turizm potensialını təmin etmək üçün hotellərin bərpasına da start verilib. İlk olaraq “Xarıbülbül” oteli istifadəyə verilib. May-iyun aylarında hotel ilk qonaqlarını qəbul edib. May ayında Şuşada ötən əsrin 80-ci illərindən etibarən təşkil edilmiş “Xarıbülbül” festivalı keçirilib.
Yanvar ayında ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Prezidentin özünün iştirakı ilə Şuşaya gətirilib. Avqustun son günlərində Şuşada keçirilən daha bir mədəni-tarixi əhəmiyyətli tədbir bərpa olunub. Söhbət M.P.Vaqifin şərəfinə təşkil olunan Vaqif Poeziya Günlərindən gedir. 30 illik fasilədən sonra ilk dəfə keçirilən bu möhtəşəm tədbirdə Prezident İlham Əliyev də iştirak edib. Tədbirdə çıxış edən dövlət başçısı bildirib ki, Şuşada Üzeyir Hacıbəylinin dağıdılmış evinin bərpası ilə bağlı göstəriş verib: “Dünən Polad Bülbüloğlu ilə və onun oğlu, Bülbülün nəvəsi ilə birlikdə Bülbülün evinin açılışını biz qeyd etdik. Polad atasının evini bərpa etdi, indi çox gözəl muzey yaradılmışdır. Dünən ”Qarabağ" hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. İşğal dövründə “Qarabağ” hoteli nə gündə idi, onu biz işğaldan sonra görmüşdük. Cəmi iki mərtəbəsi işləyirdi, nə su var idi, nə işıq var idi. Bərbad vəziyyətdə idi, dağılmış vəziyyətdə idi. O kadrlar var".
Prezident Şuşada təməli qoyulan yeni hotel barədə də məlumat verib: “Yeni hotel beşulduzlu olacaq. Orada 150 otaq olacaq. Hazırda Şuşada ”Qarabağ" və “Xarıbülbül” hotellərində 150 otaq mövcuddur, 300 otaq, böyük konfrans zalı və tədbirlər üçün yerlər olacaqdır. Beşulduzlu hotelin yeri də mənim tərəfimdən seçildi. Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi.
Beşulduzlu hotel gözəl yerdə inşa ediləcək. Ən önəmli tədbir dünən yeni yaşayış kompleksinin təməl daşının qoyulması idi. Bu yaşayış kompleksi Şuşanın baş planı əsasında inşa ediləcək. Şuşanın baş planı təsdiq edildi və çox müfəssəl, gözəl işlənmiş plandır. Birinci mərhələdə orada 25 yaşayış binasının inşası nəzərdə tutulur - üç, dörd və beşmərtəbəli yaşayış binaları ki, vətəndaşlar artıq Şuşaya qayıtmağa başlasınlar".
Ölkə Prezidenti Şuşanın Azərbaycanda ən qaynar şəhərlərdən biri olacağını deyir: “Mən artıq Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan etmişəm. Bərpadan sonra Şuşada həyat qaynamalıdır. İnsanlar qayıdandan sonra Şuşanın çox zəngin mədəni həyatı olmalıdır. Həm ölkə daxilindəki tədbirlər, eyni zamanda, bir çox beynəlxalq tədbirlər - festivallar, müsabiqələr, qastrollar orada keçirilməlidir. Yəni, Şuşa nəinki Azərbaycanın, əminəm ki, bölgənin mədəniyyət paytaxtı adına layiq olacaqdır. Şuşa ilə bağlı indidən müxtəlif ölkələrdə təqdimatlar və sərgilər keçirilməlidir. Dünyanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatı keçirilməlidir. Həm Azərbaycan ictimaiyyəti, eyni zamanda, beynəlxalq ictimaiyyət bərpa işlərimizin gedişi ilə bağlı məlumatlandırılmalıdır”.
Prezident İlham Əliyev Şuşa şəhərinin gələcəyinə dair görüşünü dəfələrlə açıqlayıb. Bu görüş qədim şəhərimizin dünya inciləri sırasına çatdırılmasını ehtiva edir: “Biz Şuşanı dünyanın ən gözəl şəhərlərindən birinə çevirməliyik və çevirəcəyik. Mən bu sözü vermişəm və bu sözümü də icra edəcəyəm. Necə ki, əvvəlki dövrlərdə demişdim biz heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcəyik və vermədik. Demişdim ki, Azərbaycan bayrağı Şuşada qaldırılacaq və qaldırıldı.Mən demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir və buna nail olacağıq, 100 faiz”.
Şuşa şəhəri həm də Azərbaycanın qardaş Türkiyə Respublikası ilə strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdiyi yerdir. İyunun 16-da Şuşada iki ölkə prezidenti məşhur Şuşa Bəyannaməsini imzalamaqla dövlətlərarası münasibətlərin yeni və daha üst səviyyəyə çıxdığını elan ediblər.
Azərbaycanın incisi olan Şuşanın azad edilməsinin 10 ayı tamam olur. Artıq 10 aydır ki, heç vaxt düşməndən geri ala bilməyəcəyimizi düşündüyümüz Şuşa yenidən özümüzünkü olub. Azərbaycan dövləti tarixi şəhərimizin ən qısa müddətdə bərpası, nəinki bərpası, hətta ən yüksək səviyyədə inkişafına nail olunması üçün bütün gücünü səfərbər edib.Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"