ŞUŞAYA VAQİF

12:13 08-09-2021 | icon 456 | Cəmiyyət
ŞUŞAYA VAQİF

Azad Şuşadan abad Şuşaya...

 

 

QƏNİRƏ PAŞAYEVA
/MM-in Mədəniyyət komitəsinin sədri/

 

Varislik Şuşamıza – əziz şəhərimizə, gözəl şəhərimizə, mədəniyyət beşiyimizə, Şuşa kimi Şuşamıza səfər edib, suyundan içmək, abidələrini ziyarət etmək nəsibimiz oldu.

 

Heydər Əliyev Fondunun mükəmməl təşkilatçılığı ilə baş tutan Vaqif Poeziya Günləri vəsiləsi ilə getmişdik Şuşaya. Azərbaycan dövlətinin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyevanın şəxsən iştirak etdiyi Vaqif Poeziya Günləri bir çox tarixi, rəmzi mənalar daşıyırdı. – Vaqif məqbərəsi Heydər Əliyevin təşəbbüsü, ideyası və siyasi iradəsi ilə ucaldılmışdı, açılışını Heydər Əliyev özü şəxsən etmişdi. Məqbərənin təmir-bərpadan sonrakı ikinci açılışı Heydər Əliyevin adını daşıyan Fond tərəfindən həyata keçirildi. Məqbərənin birinci açılışı 59 yaşlı Heydər Əliyev tərəfindən edilmişdi, ikinci açılışı 59 yaşlı İlham Əliyev tərəfindən edildi. 14 yanvar 1982-ci ildə birinci açılışı olan məqbərə, bundan 10 il sonra işğal altına düşən şəhərin digər abidələri kimi erməni vandallığına mərzu qalmışdı; 2021-ci ilin avqustunda ikinci açılışı olan məqbərənin yerləşdiyi Şuşanın (Qarabağın, ümumən müstəqil Azərbaycanın) 10 il sonrasısa böyük gələcək vəd edir. Əgər Vaqif məqbərəsinin birinci açılışından 10 il sonranın işğalını qeyd ediriksə, 1991-ci ildə qazandığımız dövlət müstəqilliyini də unutmamalıyıq. 2021-ci ildən 9, 10 il sonralar – 2030, 2031-ci illərsə, daha üstün Azərbaycan, daha güclü Azərbaycanın vətəndaşları olacağımıza şübhəmiz yoxdur. Bu inamı bizə qüdrətli dövlətimiz, ordumuz, sarsılmaz dövlət-xalq biriyi, necə deyərlər, kainatın ruhu, dünya nizamına verdiyimiz töhfələr, özümüzə güvənimiz verir. Heydər Əliyev siyasi məktəbi, Heydər Əliyev ideyaları üzərində davam və inkişaf edən, dünyaya Günəş kimi doğan Azərbaycanın qüdrəti, çiçəklənməsi bizə aydın sabahlar vəd edir. Şuşaya vaqif olanlar, Vaqif irsinə dövlət qayğısının mahiyyətini anlayanlar, Heydər Əliyevin, İlham Əliyevin Şuşaya verdiyi xüsusi önəmin, dəyərin fərqində olanlar, Azərbaycanın sabahını rəmzlərdən də, həqiqətlərdən də oxuya bilir. Ən ümumi şəkildə desək, “Biz Şuşasız yaşaya bilmərik”! “Şuşasız bizim işimiz yarımçıq qalar”! Şuşada ən çox düşündüyüm kəlamlardan biri də, Şuşa azad olunan gün Prezidentin xalqa müraciətən dediyi sözlərdi:

“Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim.

Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan!

Gözünüz aydın olsun dünya azərbaycanlıları! Ata vəsiyyətini yerinə yetirdim” kəlamı idi. Bəli, məhz kəlam! Bilirsiz, dövlətçilikdə, siyasətdə, eləcə də, mədəniyyətdə, ədəbiyyatda varislik olanda, ardıcıllıq, məqsədyönlülük olanda onun nəticələri gec-tez özünü göstərir, xalqı sevindirir. Bəli, dövlət xalqın arzu və istəklərinin ifadəçisi, təminatçısı olanda milli qürur hissi yaranır, inkişaf, tərəqqi təmin olunur.

 

Şuşada Vaqif Poeziya Günlərində iştirak edərkən, varislik, dövlət və mədəni irsə sədaqət, sayğı böyük bir tabloda, vahid planda canlandı gözlərim önündə. Dövlətimlə, xalqımla, ordumla, bayrağımla, ölkəmlə fəxr etdim!

 

Bəli, 30 avqust 2021-ci ildə Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin təmir-bərpası və məqbərə önündə Vaqif Poeziya Günlərinin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisə oldu. Bu, mədəni irsə və milli təfəkkürə ehtiramın təzahürü, təntənəsidir.

 

Heydər Əliyevin və İlham Əliyevin Şuşaya, Vaqifə münasibətinin kökündə nə durur?

 

Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını vermiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ilin qarlı, şaxtalı 14 yanvar günü həmin məqbərənin açılışı olmuşdu. Əlbəttə, bu, sıradan iş deyildi, xüsusi bir hadisəydi. – Şuşa o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Cənab Prezidentin 30 avqustda məqbərə önündə çıxış edərkən vurğuladığı kimi, ermənilər uzun illər Şuşaya iddia edirdi, Pənahəli Xanın əsasını qoyduğu bu dağlar incisini, tam əsassız olaraq, erməni şəhəri kimi qələmə verməyə çalışırdı. İşin başqa bir xüsusi diqqət tələb edən tərəfi o idi ki, Molla Pənah Vaqif yalnız mütəfəkkir şair deyildi, eyni zamanda, Qarabağ xanının vəziri idi və ömürünün Şuşa illəri də onun şairliyi ilə yox, dövlət xadimliyi ilə bağlı idi. SSRİ dövründə hakim ideologiya, sovet hökumətinin tarixə münasibəti, xanlıqlara, yerli milli tarixi gerçəkliklərə yanaşması, bir vəzirə məqbərə ucalatmağı mümkünsüz qılırdı. Üstəlik, belə bir abidə muxtar vilayətin ərazisində ucaldılırsa, təsəvvür edin, o vaxtlar Moskvada çalışan çoxsaylı ermənikökənli, erməniyanlı məmurlar da daxil olmaqla, nə qədər sədlər, manelər yarılmalı, hakim ideologiya ilə tərs düşdüyü deyilən necə məsələlər çözülməliydi... Heydər Əliyev bütün açıq-gizli maneləri dəf etməyi bacararaq, möhtəşəm abidə ucaltmağı da, o abidənin açılışını etməyi də bacardı! Ulu Öndərin bu prinsipiallığı Şuşanın məhz Azərbaycan şəhəri kimi təsdiqi işini möhkəmləndirdi, həqiqətləri gün üzünə çıxardı, o həqiqətləri ümumittifaq miqyasında tirajladı. Ulu Öndərin bu tarixi addımı illər sonra da bizim üçün istinadgahdır, örnəkdir. Müzəffər Ali Baş Komandanın dediyi kimi, Şuşanın Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Şuşa Qarabağın tacıdır. Şuşanın işğalından sonra digər rayonlar, digər şəhərlər işğala məruz qaldı.

 

Azad Şuşadan abad Şuşaya...

Budur, sovetlər dağılıb, ölkəmiz müstəqil olub, təəssüf ki, müstəqilliyin yaşı qədər işğal tarixi yaşamışıq və nəhayət 44 gün içində zəfər qazanaraq, Şuşanı və digər torpaqlarımızı düşməndən azad etmişik; azad şəhərimiz indi özünün abadlıq, quruculuq mərhələsini yaşayır. Silahlı Qüvvələrimizin böyük şücaətlə azad etdiyi Şuşa, inşaatçılarımızın böyük məharəti ilə işğal izlərindən, qondarma erməni izlərindən arındırılır, durulur, tikilir-qurulur! Bu abadlıq, quruculuq işləri Şuşanın mədəni həyatını da canlandırır. Erməni vandalizminin ağır və acı nəticələrinin yan keçmədiyi məqbərənin bərpasını Heydər Əliyev Fondu öz üzərinə götürdü və adına yaraşan şəkildə Şuşamıza, ölkəmizə qazandırdı, ziyarətçilərin üzünə açdı.

 

Vaqifin məqbərəsi, büstü kimi, Vaqif Poeziya Günləri də bərpa edildi, ondan öncə “Xarıbülbül” festivalı bərpa edildi. Şuşanın mədəni, milli simasının yüksək keyfiyyət və yüksək sürətlə bərpası unikal hadisədir. Düşmənin 30 ilə yaxın dağıtdığı yaxud işğal müddətində özünə oxşatmağa çalışdığı şəhər və kəndlərimiz təmir-bərpa olunur, qurulur, abadlaşdırılır. Nəinki 30 illik işğal müddətində Ermənistanın, eləcə də, 70 ilə yaxın Sovet hökumətinin Qarabağda tikmədiyi, qurub-yaratmadğını 7 ay kimi çox qısa müddət içində müstəqil Azərbaycan dövləti bacarmaqdadır! Ağır işğaldan, müharibədən çıxmış bir ölkənin 7 ay içində çox böyük işlər görməsi, doğrudan da unikal hadisədir. Əminəm ki, Şuşanın azad olunmasını, ümumən 44 günlük müharibənin taktikasını, texnikasını, texnologiyasını öyrənən beyin mərkəzləri, hərbi məktəblər kimi, şəhərsalanlar, yol tikənlər, inşaatçılar, körpüsalanlar da Qarabağda sürətli və keyfiyyətli infrastruktur layihələrini öyrənəcək və heyran qalacaq. Bu, Azərbaycan modelidir! Bu, İlham Əliyev örnəyidir! Bu layihələr, infrastruktur yaradılması özündə nələri ehtiva edir? – Şuşanın bu ilin birinci ayının ikinci ongünlüyündən başlayan təmir-bərpa və infrastuktur işləmləri qısa müddətdə özünün böyük nəticələri ilə bizlərə sevinc, qürur bəxş etməkdədir. Biz Şuşaya Zəfər Yolu ilə getdik! Bu yol özü azadlığın, abadlığın simvoludur! – Azad olunmuş torpaqlarımıza həyat qayıdır. Ulu Öndərin sözüdür: “Yol – iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir”! Bəli, Zəfər Yolumuz var, üstəlik, magistral yol da çəkilir. Tunellər qazılır, körpülər tikilir – geniş, rahat və mənzilə çatma vaxtını önəmli dərəcədə qısaldan magistral yolun çəkilişi keyfiyyət və sürətlə icra olunur.

 

Şuşanın digər infrastruktur layihələri – məsələn, elektrik təsərrüfatı da bərpa edilib: Füzulidən yüksəkgərginlikli xətlər çəkilib, yarımstansiya tikilib. Şuşaya iki qaynaqdan suyun verilməsi bərpa olunub. İşıq var, yol var, su var. Çörək bişirmə sexindən dörd tərəfə yayılan Şuşa çörəyinin ətri xeyli məsafədən adamı özünə cəlb edir... Mədəniyyət şəhərinin mənəvi iqlimi yolla, işıqla, su ilə, çörəklə... bir ayrı rəng alır, zənginləşir... Prezidentin Vaqif Poeziya Günlərində vurğuladığı kimi, işğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi: “Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik”.

 

Şuşanın tarixi abidələrinin bərpası arasıkəsilmədən davam edir. Paralel olaraq, üç məsciddə təmir-bərpa işləri görülür. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar, tamamlanmaq üzrədir. Aşağı Gövhərağa və Saatlı məscidlərinin təmir-bərpası ilə bağlı ali dövlət rəhbərliyi tərəfindən göstərişlər verilib. Hər üç məscidin təmiri də Heydər Əliyev Fondu tərəfindən icra olunmaqdadır.

 

Şuşanın mədəni-mənəvi iqlimi Əlbəttə, Şuşanı Şuşa edən ilk növbədə onun mədəni-mənəvi iqlimidir, abidələri, abidə insanalrıdır. Artıq Natəvanın, Üzeyir Bəy Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulub. Bir zamanlar, bizlər o büstlərin – güllələnmiş abidələrin Bakıda, Şəhidlər Xiyabanında qoyulması təklifi ilə çıxış edir, necə deyərlər, səbirsizlənirdik. Ancaq dövlət başçımız o abidələrin harada qoyulmasını hamımızdan yaxşı bilirdi və bildiyini, düşündüyünü də yerinə yetirdi!

 

Vaqif məqbərəsinin, Vaqif büstünün ikinci açılış gününü yaşadığını vurğuladıq; onu da vurğulayaq ki, Üzeyir Bəy Hacıbəylinin abidəsi də yenidən qoyulub. Dahi bəstəkarın dağıdılmış evinin bərpası ilə bağlı ali dövlət rəhbərliyi tərəfindən göstəriş verilib. May-iyun aylarında qonaqların üzünə açılmış “Xarı bülbül” hotelindən sonra, bu dəfə, “Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açdı. Üstəlik, Şuşada yeni beşulduzlu hotel tikiləcək. Ayrıca, dövlət başçısı tərəfindən Şuşada yeni yaşayış kompleksinin təməlinin qoyulması da mədəniyyət paytaxtımızın gələcək siması haqqında təsəvvür yaradır. Şuşanın sabahı bugünündən daha gözəl, daha əzəmətli olacaq. Şuşa Şuşa kimi şəhər olacaq!

 

270 yaşlı şəhər Gələn il Şuşa şəhərinin təməlinin qoyulmasının 270-ci ildönümü dövlət səviyyəsində təntənəli şəkildə qeyd ediləcək. İşğal şaxtasından çıxıb, Azadlıq Günəşinə qovuşmuş Şuşanın yubileyi Şuşa adına, Şuşa şəhidlərinin ruhuna yaraşır şəkildə keçiriləcək! Şuşa yalnız özünü ifadə etmir, Şuşa ümumazərbaycan inkişafını, inkişafımızın yeni mərhələsini ifadə edir.

 

Kompleks tədbirlər nəticəsində Şuşa sürətlə dirçəlir. Çox keçmədən şuşalılar öz doğma şəhərlərinə qayıdacaq. Artıq Şuşada açılmış obyektlərdə şuşalılar işlə təmin edilir. Şuşanın azadlığı ilə özünün zirvə məqamını yaşamış 44 günlük Vətən Müharibəsi bizim tariximizin qızıl səhifəsidir. Bu qızıl tarix yaşayacaq, yaşadacaq, gələcək nəsillərə ruh verəcək. Şuşa qələbəsi Azərbaycan xalqının qüruru, şərəfidir, xalqımız belə bir zəfərə layiq idi və bu layiqliliyi qadirliklə sübut etdi! DÖVLƏTİMİZ VAR OLSUN!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin