"Əgər Qafqaz İslam Ordusunun Azadlıq Hərəkatı olmasaydı..." - MÜSAHİBƏ
Akif Aşırlı: “Rusiya kimi böyük bir gücün qarşısına belə bir güclə çıxmaq lazımdır”
Sentyabrın 15-i Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının ildönümü qeyd edildi. Azərbaycan paytaxtının azadlığından 103 il ötür. 1918-ci il sentyabrın 15-də Azərbaycan və Türkiyə əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixinə şərəfli gün yazıblar.
15 sentyabr Azərbaycan üçün hansı əhəmiyyəti daşıyır?
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı müsahibəsində mühüm tarixi faktlara diqqət çəkib.
- Akif müəllim, Qafqaz İslam Ordusunun Bakını bolşevik-erməni hərbi qüvvələrindən azad etməsinin 103-cü ildönümüdür. Bu tarixi günün Azərbaycan və Türkiyə üçün əhəmiyyəti nədir?
- 15 sentyabr Azərbaycanın dövlətçilik, müstəqillik tarixi üçün çox mühüm əhəmiyyət kəsb edən bir gündür. Bunun əhəmiyyətini Məhəmməd Əmin Rəsulzadə hələ özünün “Azərbaycan Cumhuriyyəti: keyfiyyəti təşəkkül kitabında yazıb. Orda yazır ki, 28 may tarix üçün nə qədər önəmlidirsə, sentyabrın 15-nin də o qədər önəmi var. Çünki Bakı nefti ətrafında böyük dövlətlərin mübarizəsi gedirdi və hətta Bakının və Şamaxının sərhədlərinə qədər böyük bir ərazini neytral ərazi kimi saxlamaq istəyirdilər. Əsas diqqət Bakı və Bakı ətrafındakı ərazilərə yönəlmişdi. Bakı bizim üçün tarixi əhəmiyyətli bir ərazi idi və həm də Cumhuriyyətin paytaxtı elan olunmuşdu. Ancaq biz 1918-ci ilə nəzər salsaq görərik ki, Qafqaz İslam Ordusu gələnə qədər elan olunmuş Azərbaycan Cumhuriyyətinin ərazilərində erməni-bolşevik hərbi birləşmələri tərəfindən soyqırımlar törədilirdi. Mart ayının 31-də Bakıda qırğınlar törədilmişdi. 3 gün ərzində təkcə Bakının özündə 18 min insan qətlə yetirilmişdi. Şamaxıda 7-8 min insan qətlə yetirilmişdi.
- Azərbaycan Xalq Cumhuriyyətinin Osmanlı dövlətindən hərbi yardım istəməsi hansı zərurətdən yaranmışdı?
- Azərbaycan Xalq Cumhuriyyəti elan olunanda müstəqil ordusu yox idi. Formalaşma mərhələsi 1917-ci ilin sonlarında, Əlağa Şıxlinskinin komandanlığı altında, Milli Müsəlman Korpusu şəklində başlanmışdı. Bu ordu Tiflisdə yaranmışdı, sonradan Gəncəyə köçdü. O Korpusun erməni-bolşevik qüvvələri arasında duruş gətirməsi məhdud idi. Bunun üçün də AXC liderləri Osmanlı dövlətinə müraciıət etdilər ki, ərazilərinin, asayişinin təminində onlara yardım göstərsin. Məhdudiyyət hərbi qüvvələrin və silah sursatın yoxluğunda idi. Çünki çar Rusiyası dövründə azərbaycanlılar hərbiyə alınmırdılar. Hərbi xidmətə yalnız zadəgan nümayəndələri, onların övladları çağrılırdı və orda yüksək vəzifələr tuturdular. Sonralar birinci dünya savaşı dönəmində azərbaycanlıların orduda iştirakı “dikaya diviziya” adı altında formalaşmışdı. Onların da sayı 600-dən o tərəfə keçmirdi. Ümumiyyətlə, çar Rusiyası dönəmində hərbdə iştirak edən və sonradan geri dönən milli qüvvələrimizin sayı 1100 nəfərdən yuxarı deyildi. 1100 nəfərlə 18 minlik bolşevik-erməni rus qoşununa qarşı mübarizə aparmaq ağılsızlıq idi. Bunun üçün əlavə qüvvə lazım idi və bu da Türkiyədə idi. Çünki Türkiyə həm dini, həm etnik baxımdan Azərbaycana yaxın idi. Bu dövlətin AXC-nin qurulmasında da öz müstəsna təsirini göstərmək imkanları var idi, Cənubi Qafqazda Osmanlı Ordusu olması həm də bu bölgədə sülhün təminatı, erməni qətliamlarının qarşısının alınması üçün lazım idi və bunun üçün belə bir müraciət olundu. Bu da Batum müqaviləsində özünün əksini tapdı. 1918-ci ilin 4 iyun tarixində Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsi imzalandı və 4-cü bənddə göstərilirid ki, Azərbaycan Cumhuriyyəti öz ərazisini, təhlükəsizliyini təmin etmək, ərazi bütövlüyünü, asayişi qorumaq üçün Osmanlı Ordusundan yardım ala bilər. Bu yardım sırf hüquqi sənədə əsasən oldu və Qafqaz İslam Ordusu Azərbaycanın sərhədlərinə gəldi. Ondan əvvəl mayın 25-də Nuru Paşa və ətrafında olan 240 nəfərlik heyət artıq Gəncəyə gəlmişdi. Qafqaz İslam Ordusunun 5-ci Qafqaz dviziyasının Azərbaycana gəlişi iyunun 6-da başladı. Batum yolu bağlı olduğu üçün silah-sursat daşımaq mümkünsüz idi. Çünki Gürcüstan öz ərazisindən bu cür məqsədlər üçün istifadə etməmək haqqında Almaniyadan təminat almışdı. Yollar bağlı olduğundan türk ordusu Qars, Dilican, Qazax yolunu seçdi. Hardasa 7 mindən çox qüvvə gəldi və burda Azərbaycan Milli Hərbi qüvvələri ilə birləşdi. Bu milli hərbi qüvvələrdə həm də Azərbaycan könüllüləri də iştirak edirdi. Yəni silahdan davranış qaydalarını bilən, düşməni zərərsizləşdirmək imkanlarına sahib olan azərbaycanlılar da Qafqaz İslam Ordusunun tərkibinə daxil oldular və böyük bir ordu formalaşdı. Bunlar Gəncəyə iyulun 9-da gəldilər. İlk əməliyyatlar da Gəncədə oldu. Çünki Gəncə çayının bir qolunda ermənilər yaşayırdı və onların da əlində kifayət qədər silah var idi. Bunlar Gəncədə yaşayan əhaliyə qarşı hücumlar təşkil edirdilər. Azərbaycan Xalq Cumhuriyyətini tanımaq istəmirdilər. Nuru Paşa gələndə Gəncə ermənilərinə bir müraciət elədi ki, silah-sursatı buraxın, terroru dayandırın, sizin can və mülk təhlükəsizliyiniz təmin olunacaq.
- Batum müqaviləsi tez-tez önə çəkilir. O müqavilədə Azərbaycanın əleyhinə işləyən məqamlar nədir?
- O müqavilədə Azərbaycanın zərərinə işləyən məqam ola bilməz. AXC-nin beynəlxalq münasibətlər, hüquq sisteminə ilk dəfə daxil olması Batum müqaviləsi ilə bağlıdır. Azərbaycan Xalq Cumhuriyyəti birinci müqaviləni Osmanlı Türkiyəsi ilə bağladı. Burda da sadəcə ölkə daxili daşınmalardan nəqliyyat vasitələrindən istifadə Türkiyəyə verilirdi ki, bu da çox normal idi. Axı asayişin təmin olunması üçün yardım alınmışdı. İkinci bir tərəfdən, əgər Qafqaz İslam Ordusunun Azadlıq Hərəkatı olmasaydı, AXC-nin sərhədləri 114 kilometr ola bilməzdi.
- 103 illik tarixə baxanda, bu həm də Azərbaycan-Türkiyə qardaşlığına tarixi imza atan bir hadisə kimi önə çıxır. Bu prosesi biz bu günkü dövrümüzdə də müşahidə edirikmi, bu günə baxanda Azərbaycan-Türkiyə münasibətlərində dəyişən və inkişaf edən nədir?
- Cənubi Qafqazdakı indiki vəziyyət 100 əvvəlki dönəmi xatırladır. Ermənilər eyni məfkurədədirlər, eyni torpaq iddiaları ilə çıxış edirlər. Təkcə Azərbaycana qarşı deyil, Gürcüstana qarşı da bu iddialarda bulunurlar. Türk ordusu həmişə getdiyi bölgələrdə barışı yaradan bir ordu olub. 1918-ci ildə Cənubi Qafqaza gəlişində də məqsəd, burda erməni bolşevik rus birləşmələrinin zərərsizləşdirilməsi olub. Məsələn, Cənubi Qafqaza gəlişi təkcə Azərbaycanın dövlət quruculuğu, sərhədlərin müəyyənləşdirilməsi üçün deyil, ərazinin təhlükəsizliyi baxımından Gürcüstan üçün də mühüm rol oynadı. Cənubi Qafqaza gəlişi ilə bölgədə təhlükəsizliyin qarantı rolunu oynadı. Başqa dövlətlərin qara niyytlərinin önündə addımlar atıldı. Gürcüstan Almanıyanın nəzarətində idi. Almaniya da birinci dünya savaşında Türkiyənin müttəfiqi kimi çıxış edirdi. Ancaq siz baxın ki, 1918-ci ilin sonlarında Qafqaz İslam Ordusu geri çəkiləndən sonra ermənilərin ilk hücum etdiyi ölkə Gürcüstan oldu. Dekabrın sonlarına, yanvarın 5-6-na qədər müharibə getdi və yenə də azərbaycanlılar Gürcüstan dövlətçiliyini müdafiə elədi. Bu gün olduğu kimi. Əlbəttə Türkiyənin Azərbaycana, Azərbaycanın da Türkiyəyə dəstəyi olub. Azərbaycan Cumhuriyyəti qurulmazdan öncə çar Rusiyası dönəmində Çanaqqala savaşlarında azərbaycanlılar da döyüşüblər. Balkan savaşlarına qatılıblar. Müsavat Partiyasının 1911-ci il dərgisində azərbaycanlıların islam türk xalqlarını dəstəkləməsi barədə bəyanat verilmişdi. 11 ci ildə Azərbaycanın dövləti yox idi. Nargin adasında tutulan əsirlərin daşınması onların təhlükəsiz yollarla Türkiyəyə qaytarılması, yaxud əsirlərin ölümdən xilası üçün Azərbaycan elitası, xalqı çox böyük ürək sərf elədi. Bunlar hamısı bir -birinə bağlı detallardır və “ət dırnaq” kimidir.
- Akif müəllim, o zaman Türkiyə Bakının xilasına gəldi. Amma regionda qala bilmədi, Rusiya daha çox gücləndi...
- Birinci dünya savaşında artıq Türkiyə müttəfiqləri ilə bir yerdə məğlub oldu. Ona görə də oktyabr ayının 17-dən etibarən Qafqaz İslam Ordusu və digər qüvvələri Qafqazdan çıxdı. Rusiya 200 il əsarətində saxladığı bir xalqı, eyni zamanda Bakı kimi zəngin əraziləri buraxmaq fikri yox idi və bunun üçün də bütün vasitələrdən istifadə edirdi. Bolşevikləri, erməniləri silahandırırdı. Və Rusiyanın Qafqazdakı siyasəti necə idisə, indi də davam edir.
- Amma bu gün Türkiyə regiondadır, güclənib. Azərbaycan torpaqlarını 44 günük müharibədə azad edib və bütün ərazilərində suverenliyini bərpa edəcək. Türkiyənin regionda qalışını necə dəyərləndirirsiz?
- Hesab edirəm ki, Türk Birliyi ideyasının təməlində çox böyük missiya Türkiyə və Azərbaycanın üzərinə düşür. Bu dövlətlərin birliyinin təmin olunması, həm də Türk dünyasının birliyi deməkdir. Hesab edirəm ki, Türkiyə regionda. Artıq Rusiya da bunu etiraf edir. Türkiyənin regiona gəlməsi tarixi bir hadisədir, bizim üçün tarixi şansdır. Düşünürəm ki, indən sonra da inkişaf edəcək. Şuşa Bəyannaməsi də gələcək tarixi əlaqələrin inkişafına yönəlikdir. Bu gün bizim üçün ən mühüm məsələ Türkiyə-Azərbaycan birliyini sağlam tutmaq, buna qarşı olan qüvvələrə öz gücümüzü göstərməkdir. Türkiyənin bölgəyə gəlişi bölgəyə sülh gətirəcək. Ərdoğan tərəfindən irəli sürülən, İlham Əliyev tərəfindən ən böyük dəstəyini alan 6-lıq formatı elə-belə deyil.
- O, Altılıqda Ermənistan da var, sülhə gəlmək istəmir, atəşkəsi pozur. Rusiya da ona dəstək verir.
-Verir versin. Biz arxayınlaşmamalıyıq. Ermənistanın çıxış yolu yoxdur. Ərazi iddialarından geri çəkilməlidir. Soyqırım iddialarından əl çəkməlidir, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Qarabağdan da qoşununu çəkməlidir. Ermənistanın bundan başqa çıxış yolu yoxdur.
- 103 illik tarixdən bu günümüzə baxsaq, bu gün regionda Türkiyə, Azərbaycan, Pakistan hərbi təlimlərinin keçirilməsi gündəmə gəlib. Bu, Azərbaycan və region üçün nə deməkdir?
- Azərbaycan dostlarını özü seçib, düşmənləri bəllidir. Təbii ki, Azərbaycan 90-cı illərdə müstəqilliyini bərpa edəndə Pakistan, Əfqanıstan və Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan və dəstək verən ilk ölkələr oldu. 44 günlük savaşda biz bunu gördük. Bu hərbi ittifaq yenə Azərbaycanın haqlı savaşı, bölgədə istiqlalın savaşı üçün gərəkli formatdır, çox böyük gücdür. Rusiya kimi böyük bir gücün qarşısına da belə bir güclə çıxmaq lazımdır. Türkiyənin bölgədə olması Rusiyanın Azərbaycana qarşı təxribatlarını neytrallaşdırır. Müəyyən mənada şimal ayısının təhlüklərindən hifz olunmaq üçün bu üçlük, qardaşlıq formatı da çox gərəkli bir addımıdr. Hesab edirik ki, biz bunun müsbət nəticələrini görəcəyik. Sentyabrın 15-i bizim millətin bayramıdır. Bu gün bizim paytaxt günümüzdür. Həqiqətən də istiqlal savaşımızın çox önəmli mərhələsidir.
Tahirə Qafarlı
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"