"Mənim anam təkbaşına böyük bir cəmiyyətdir"
Gülnar Hacıyeva: "Şadam ki, anam bizə Azərbaycan sevgisini verə bilib"
Diasporumuzun yeni nəslinin aktivliyi ölkəmizin xaricdə təbliğatının güclənməsində əhəmiyyətli rol oynayır. Çox müsbət haldır ki, yaşlı və orta nəsil diaspor üzvlərinin övladları onların yolunu davam etdirir. Bu baxımdan Almaniyanın Bonn şəhərində yaşayan Gülnar Hacıyevanın aktivliyi diqqət çəkir.
Qeyd edək ki, Gülnar Hacıyeva 1990-cı ildə Almaniyanın Potsdam səhərində anadan olub. Almaniyanın Marbug şəhərindəki Philipps Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, eyni zamanda tərcüməçilik edir. Bununla yanaşı, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü olaraq uşaq vaxtlarından diaspor sahəsində də aktivlik göstərərək doğma Azərbaycanımızı layiqincə təmsil edir, almanlara və Almaniyada yaşayan əcnəbilərə tanıdır. Nəzərə çatdıraq ki, G.Hacıyeva Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naibə Hacıyevanın qızıdır. Naibə xanım qızı Gülnar və oğlu İxtiyarla bir diaspor ailəsi olaraq Almaniyada çoxlu yaddaqalan layihələr keçirib. Bu ailənin bir müddət əvvəl fəaliyyətə başlayan Moda “Baku” dükanı Almaniyada ölkəmizin təbliğatı baxımından əhəmiyyətli addımdır.
Gülnar Hacıyeva deyib ki, Almaniya gəncləri Azərbaycan gənclərinə çox səmimi münasibət göstərirlər:
“Azərbaycanı daha da yaxından tanımaq üçün ailələrlə ünsiyyət qururlar, mədəniyyətimizlə yaxından tanış olurlar. Şəxsən mənim alman rəfiqələrim, tələbə yoldaşlarım hər zaman bizim mətbəx, musiqi, idman və sairə ilə çox maraqlanırlar. Bizim plovu, yarpaq dolmasını çox sevirlər. Toplantılarımızda, Azərbaycan toylarında rəqslərimizi çox gözəl ifa edirlər. Ən çox söhbətimiz tariximizdən və futboldan olur, Qarabağ həqiqətlərini də onlara açıqlayırıq”.
O, Almaniyada yaşayan əksər gənclərimizlə qürur duyduğunu deyib:
“Onların yüksək səviyyədə gördükləri işləri alqışlayıram. Almaniyada gənclərimiz çox aktivdirlər, ana vətənimizi, xalqımızı, dövlətimizi layiqincə dəstəkləyirlər. Bu da çox qürurverici bir haldır”.
Gülnar Hacıyeva azərbaycanlı olmağı ilə qürur duyduğunu bildirib:
“Baxmayaraq ki, mən Almaniyada anadan olmuşam, burada böyüyüb bu yaşa çatmışam, amma yenə də mən azərbaycanlı qanı daşıyıram. Mən azərbaycanlıyam və mən azərbaycanlı olmağımla çox fəxr edirəm. Azərbaycan mənim doğma Ana Vətənimdir!
Almaniyada anadan olan bir uşağa vətən sevgisi, Azərbaycan sevgisi haradan gələ bilər? Əlbəttə də ki, ailədən. Bu, mənim şəxsi fikrimdir. Mənə bu sevgini şəxsən, Bonn şəhərində, Alman Azərbaycan Dostluq Cəmiyyətinin sədri və Moda “Baku” mağazasının müdiri, anam Naibə Hacıyeva verib.
Anam çox, həddindən çox vətənpərvər bir xanımdır. O, Azərbaycanı Almaniyada layiqincə təmsil edir. Alman və ya əcnəbi toplantılarında bayrağımızı aparır, Azərbaycanın inkişafından, tarixindən, Qarabağ hadisələrindən söhbət edir.
2011-ci ildə restoran açdı və adını “Bakı” qoydu. İndi isə “Baku” adlı bir mağaza açdı. Mənim anam təkbaşına böyük bir cəmiyyətdir. Mən anamla fəxr edirəm. Şadam ki, o bizə Azərbaycan sevgisini verə bilib”.
Gülnar Hacıyeva davamlı olaraq anası və qardaşı ilə birgə Azərbaycanın Bonn şəhərində tanıtım və təbliği ilə bağlı tədbirlər edir. 2017-ci il ilin martında Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi Almaniyanın Bonn şəhərində Azərbaycanı tanıtım tədbiri daha yaddaqalan olub. Tədbirdə əksəriyyəti alman olmaqla 100 nəfərədək qonaq iştirak edib. Onların arasında türk diasporunun nümayəndələri, soydaşlarımız, istedadlı gənclər və alimlər olub.
Almanca keçirilən tədbirdə qonaqlara Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti, buradakı tolerantlıq ənənələri, Qarabağ həqiqətləri, Xocalı soyqırımı haqqında geniş məlumat verilib. Çıxış edənlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Almaniyadan və digər Avropa dövlətlərindən ədalətli mövqe tələb edərək, Xocalını soyqırımı kimi tanımağa və faciəyə beynəlxalq hüquqi qiymət verməyə çağırıblar.
Gülnar Hacıyeva da çıxış edərək Azərbaycan Prezidentinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işlər haqqında almanları məlumatlandırıb. Almaniyada doğulub boya-başa çatan Gülnar Hacıyeva bütün dünya azərbaycanlılarını dövlət başçımıza dəstək olmağa çağırıb. Gülnar Hacıyeva Birinci vitse-prezident Mehriban Əliyevaya işlərində uğurlar arzu edib.
Gülnar Hacıyeva 44 günlük Vətən müharibəsi dövründə də fəallıq göstərib. Alman mediasına və rəsmi qurumlarına Qarqbağ həqiqətləri ilə bağılı məlumatlar yazıb göndərib. Ona bu baxımdan həyat yoldaşı Martin Scheutwinkel də çox dəstək verib.
Xatırladaq ki, sentyabrın 17-də Gülnar Hacıyeva və Martin Scheutwinkelin nigah mərasimi olub. Hər iki gənci ailə qurmaları münasibətilə təbrik edirik. /Vetenqehremanlari.az/
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"