Deputat Cəbrayılın azad edilməsinin birinci ildönümündən yazdı

17:43 04-10-2021 | icon 919 | Cəmiyyət
Deputat Cəbrayılın azad edilməsinin birinci ildönümündən yazdı

Azərbaycan xalqı qədim xalqdır, dövlətlər quran, zəfərlər çalan xalqdır

 

 

QƏNİRƏ PAŞAYEVA

/MM Mədəniyyət Komitəsinin sədri/
 
 
 
 
Bu gün Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür! Düz bir il bundan öncə - 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri düşmənin tapdağından azad olunub, üçrəngli müqəddəs Azərbaycan bayrağı Cəbrayılda dalğalandırıb. Elə bu məqamda vurğulamalıyıq ki, işğal illərində Cəbrayıl tamamilə dağıdılıb, orada yalnız işğalçı ölkə hərbçilərinin istifadə etdiyi tikili və qurğular, qərargah binası mövcud olub. Beləliklə, biz “Cəbrayıl şəhəri azad edilib” deyərkən, şəhər yerinin azad edilməsindən danışmış oluruq...
 
 

27 il ərzində kağız üzərində qalmış qətnamələr

 
 
(Keçmiş istilahla desək), “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi”nin ədalətli həlli məsələsində beynəlxalq birliyin uzun illər susduğu və məsələnin sülh yolu ilə həllini faktiki olaraq mümkünsüz etdikləri bəllidir. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa) və beynəlxalq təşkilatlar öz üzərlərinə düşən tarixi missiyanı yerinə yetirməyib. Xalqımız dünyanın ən yüksək beynəlxalq orqanı olan BMT Təhlükəsizlik Şurasının öz qətnamələrinin yerinə yetirilməsi üçün əməli işlər görəcəyinə ümid edirdi. Üç onillik boyunca Azərbaycan Respublikası sülh arayışlarında, beynəlxalq səviyyəli danışıqlarda konstruktiv mövqedən çıxış edib; bunun qarşılığında işğalçının tamahı daha da böyüyüb. Bu nadürüst gedişatın qarşısını Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin mühüm hərbi-siyasi addımları, tarixi qərarları aldı. Ali Baş Komandanın 27 sentyabr 2020-ci il tarixli Əmri ilə Azərbaycan Silahlı Qüvvələri əks-hücuma keçərək, uzun illik işğala 44 gün içində son qoyub. Dövlət-xalq birliyindən güc alan qəhrəman ordumuz işğalda olan torpaqlarımızı azad etməklə, xalqımıza qürur yaşadıb, haqq-ədaləti bərpa edib. 44 gün içində baş verənlər – Ordumuzun bir gün, bir saat belə geri çəkilmədən ancaq irəli getməsi əcdadımızın hərb ənənələrinin dərindən əxz edilməsi ilə yanaşı, o ənənələrin ən yeni dövrün tələb və çağırışlarına uyğun davam və inkişafını təcalla etdirir. Bu təcalla gəncliyimizə yeni üfüqlər açır.
Cəbrayılda nə varıydı, nə yoxuydu?
 
 
Cəbrayıl şəhəri və rayonu 23.08.1993-cü ildə işğal edilib. İşğal vaxtı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları həcmində maddi ziyan dəyib; mənəvi ziyanı ölməksə... sadəcə, mümkün deyil – o mənəvi ziyan ömür boyu unudulmazdır: qırılan talelər, yarım qalan ömürlər, geridönməz xoşgünlər, əvəzsiz xatirələr. Ermənilərin ölümə, işgəncəyə həsr etdiyi ünvanlarda körpə gülüşü, toylar-düyünlər olub bir zamanlar... Cəbrayılı görmədən bu dünyaya gözlərini əbədi yuman Cəbrayıllılar olub...
 
 
Cəbrayıllı məcburi köçkünlər respublikamızın 58 rayonu üzrə 2 minədək yaşayış məntəqəsində, eləcə də qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdır. İşğala məruz qalarkən rayonun 52 min nəfər əhalisi olub. Cəbrayıldan I Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. Rayonun 6 sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
1050 km2-i əhatə edən Cəbrayıl rayonunun ərazisi, o cümlədən 100-ə yaxın kənd, 72 ümumtəhsil məktəbi, 150 mədəniyyət ocağı, 132 tarixi abidə və b. işğal vaxtı vəhşicəsinə talan edilib, dağıdılıb.
Cəbrayıl rayonunun ərazisi mərmər və digər qiymətli tikinti materialları ilə zəngindir. Rayonda hətta neft yataqlarının olduğu da bəllidir.
 
 
Cəbrayılda qaynar mədəniyyət, elm-təhsil, maarif mühiti olub.
Rayonda 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim çalışıb. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən çox eksponat olub.
 
 
Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diridağdakı Mazan nənə türbəsi, Mərmər nənə məqbərəsi kimi arxeoloji, Dağtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diridağdakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki səkkizguşəli türbə (“Dairəvi”) və məqbərələr, Türk qəbristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı ermənilər tərəfindən məhv edilmiş və ya dağıntıya məruz qalıb.
 
 

Qələbə kimi Qələbə!

 
 
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun möhtəşəm qələbəsidir! Bu qələbə ordumuzun hər bir mənsubunun fədakarlığının, şücaətinin parlaq nəticəsidir! Hələ 2016-cı ilin Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu ilə Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş, Cəbrayılın Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. Vətən Müharibəsinin ilk günlərində şanlı Ordumuz Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndlərini (27.09.2020), Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri (03.10.2020), Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decalı (04.10.2020) işğaldan azad edib. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edilib.
 
 
Cəbrayılda qazanılmış qələbələr Ordumuzun Xocavənd rayonunun güney kəndləri və strateji Hadrut (Ağoğlan) qəsəbəsi yönündə hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratmış oldu.
 
 

“Cəbrayılın azad olunmasına görə”

 
 
Prezident İlham Əliyev 26.11.2020-ci ildə “Cəbrayılın azad olunmasına görə” medalını təsis etdi. Qəhrəmanlıq və şücaət təcəssümü olan bu dövlət təltifi Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusuna verildi. Uğursuz dövlətin “yenilməz ordu”sunun mənsublarının yaxasındakı saxta dəmir-dümürdən fərqli olaraq, bizim əsgər və zabitlərin yaxasındakı hər bir medal, orden qiymətlidir, əvəzsizdir! Çünki bizim işimiz haqq işiydi, çünki biz müharibədə qızıl ləyaqət göstərmişik.
 
 

Müzəffər Ali Baş Komandanın Cəbrayıla səfəri

 
 
Vətən Müharibəsi başa çatandan az sonra – 16 noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Hər kəsə bəllidir ki, qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandanın bu körpüdə Azərbaycan bayrağını ucaltması böyük tarixi, siyasi önəm daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb; çünki Xudafərin bizimçün milli qürur məsələsidir; çünki Xudafərin Xudafərindir!
 
 

Xalqımızın şərəfli tarixi

 
 
Vətən Müharibəsi vaxtı olduğu kimi postmüharibə dönəmində də xalqımız öz tarixinin şərəfli, qürurulu – bir sözlə, undulmaz günlərini yaşayır. Doğma torpaqlarımıza qayıdış xalqımızın şərəf tarixinin qızıl səhifələrindəndir. Ötən bir il içində işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid sürət və keyfiyyətlə görülür. Azərbaycan xalqı qədim xalqdır, mədəni xalqdır, xeyirxah xalqdır, dövlətlər quran, zəfərlər çalan xalqdır. Cənab Prezidentin dediyi kimi, bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. – Onların hamısı bizimçün əzizdir, doğmadır. Bəli, bu sırada Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır. – Cəbrayıl – Vətən Müharibəsində azad edilən ilk şəhərimiz kimi şərəfli tarixcəyə ma­likdir.
Cəbrayılın, ümumən Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərimizin əziz ruhu qarşısında dərin ehtiramla baş əyir, yaralı qazilərimizə sağlamlıq, bütün müharibə iştirakçılarına möhkəm can sağlığı diləyirəm!
 
DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi