Razi Nurullayev: "Bu ailənin problemini aidiyyatı orqanlar qarşısında qaldıracam"
Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Bəhrəmtəpə qəsəbəsində birinci Qarabağ müharibəsində şəhid olmuş Alışov Rəhim Havar oğlunun ailəsini ziyarət edib, yaşayış şəraitləri ilə tanış olub.
Versus.Az xəbər verir ki, bu barədə deputat özünün şəxsi "facebook" hesabında paylaşım edib.
Ailə haqqında fikirlərini bölüşən Razi Nurullayev bildirib ki, ziyarət etdiyi evdə 10 nəfər ailə üzvü yaşayır və evləri də qəzalı vəziyyətdədir:
"Şəhidin həyat yoldaşı Nəsibə xanım mənə haqlı olaraq narazılıqlarını bildirdi. İki qızını köçürüb, hər ikisi iki uşağı ilə anası ilə yaşayır, evləri yoxdur. Şəhidin oğlu Mahmud da bu evdə yaşayır və bir övladı var. Həqiqətən, onlara ev verilməsi növbədənkənar olmalıdır".
Deputat qeyd edib ki, dövlət tərəfindən bütün şəhid ailələrinə ev verilir və bu, növbəlilik əsasında həyata keçirilir. Amma, elə ailələr var ki, növbə gözləyə bilməz:
"Bura birinci Qarabağ müharibəsində şəhid olanların ata və anaları, həyat yoldaşları daxildir. Onlar xeyli yaşlanıblar və ömürlərinin qürub vaxtını yaşayırlar. Onun üçün də onların sağkən evlə təmin olunmaları vacibdir. Bu ailənin məsələsini aidiyyatı orqanlar qarşısında qaldıracam. Həqiqətən təcili köməyə ehtiyacları var".
LƏMAN
Versus.Az