Bizim Müstəqillik Günümüz 28 Maydır
Eldar Quliyev: "Bu, tarixi həqiqətə və tarixi ədalətə uyğundur"
Azərbaycan dövləti, xalqı Milli Məclisin qərarı ilə 18 oktyabrı özünün “Müstəqillik gününün bərpası” tarixi kimi qeyd edir.
Milli Məclisin 28 mayın “Müstəqillik Günü” və 18 oktyabrın “Müstəqilliyin bərpası günü” kimi qeyd olunması ilə bağlı qərarı nə dərəcədə tarixi həqiqətə və tarixi ədalətə uyğundur?
Versus.az xəbər verir ki, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqalar Şurasının sədri Eldar Quliyev açıqlamasında bildirib ki, 18 oktyabrın “Müstəqilliyin bərpası günü” kimi qeyd olunması tarixi həqiqətə və tarixi ədalətə uyğundur.
“103 il əvvəl Azərbaycan Şərqdə ilk dəfə olaraq demokratik dövlət yaratdı və özünün parlamentini qurdu. Həmin vaxt 38 xarici dövlət Azərbaycanın müstəqilliyini tanıdı. Şərqdə, eləcə də Avropa dövlətləri arasında Azərbaycan Konstitusiyasında qadınlara, bütövlükdə insanlara verilən hüquqlar çox çox yüksək qarşılandı. Azərbaycan Demokratik Respublikası Şərqdə ilk müsəlman dövləti idi. O dövlət cəmi 23 ay fəaliyyət göstərə bildi. 1920-ci il, 28 aprel tarixində bolşevik ordusu tərəfindən çevriliş edildi və bununla da Azərbaycan da Sovetlər İttifaqı tərkibinə daxil edildi. Lakin Azərbaycanın müstəqillik tarixi 103 il qabaq 1918-ci il mayın 28-də yazıldı”.
Daha sonra Azərbaycan xalqının 1991-ci ildə öz müstəqilliyi uğrunda yenidən ayağa qalxaraq mübarizə aparmasına diqqət çəkən E.Quliyev həmin ərəfədə baş verən proseslərə aydınlıq gətirib. O, hələ 1988-ci ildə Ermənistanın Azərbaycana torpaq iddiası ilə təcavüzkar siyasətə başladığını və torpaqların necə işğala məruz qaldığını qeyd edib:
“Sovetlər ittifaqı son dövrlərini yaşayırdı. Və 1991-ci ilin yay aylarında Belarusda 15 dövlətin başçısı yığışaraq, SSRİ-nin süqutu və ayrı-ayrı respublikalara ayrılmaları barədə qərar qəbul elədilər. Bütün MDB dövlətləri, o cümlədən Azərbaycan da belə bir qərarı qəbul etdi. Müstəqilliyin qəbul olunması Azərbaycan dövləti və xalqına çox əziyyətlər hesabına başa gəldi. 1988-ci ildə 200 min azərbaycanlı öz dədə-baba yurdu olan Ermənistan torpaqlarından deportasiya edildi. İnsanlar başıaçıq, ayaqyalın, evsiz-eşiksiz vaqonlara yığılaraq Azərbaycana göndərildi. Digər tərəfdən, belə bir ərəfədə Qarabağda separatizm baş qaldırdı. Erməni separatçıları silahlandırılaraq Azərbaycanın yerli əhalisinə qarşı divan tutdular. 1991-ci ilə qədər erməni separatçıları öz havadarılarını dəstəyi ilə Qarabağı, ondan sonra isə Azərbaycanın 7 rayonunu işğal elədilər. Ən böyük faciəmiz 1990-cı ilin 20 yanvarında oldu ki, rus qoşunları Bakıya daxil olaraq dinc əhaliyə qarşı amansız divan tutdu. 132 nəfər dinc sakin -uşaq, qoca, qadın olmaqla güllələndi, tankların altında əzildi. Buna baxmayaraq, Azərbaycan xalqı öz mübarizəsini davam etdirirdi. Topumuz ordumuz yox idi. Amma erməniləri silahlandırırdılar. Mübarizə aparsaq da torpaqlar gedirdi. O zaman Xalq Cəbhəsi hakimiyyəti, Müsavat hakimiyətə gəlmişdi. Bir tərəfdən torpaq davası, bir tərəfdən də hakimiyyət davası gedirdi. İstər -istəməz camaat arasında fikir ayrılıqları yaranmışdı. Rəhbər yox idi, Vəzirov, Mütəllibov, sonra da Elçibəy hakimiyyətlərinin əvəzlənməsi ölkədə xaos yaratmışdı. İnsanlar nəyi necə etməyi bilmirdi”...
E.Quliyev bildirib ki, məhz həmin ağır zamanlarda 1991-ci il 18 oktyabrda Ali Sovetin qərar qəbul edərək Müstəqilliyi qəbul olunduğunu bəyan elədi:
“Lakin elə o vaxt da belə qəbul olunmuşdu ki, Azərbaycanın müstəqilliyi günü 1991-ci il 18 oktyabrda deyil, 1918-ci il 28 may hesab olunsun. Lakin O dövrdən başlayaraq biz müstəqilliklə bağlı iki dəfə tədbir keçirdirdik, bir müstəqillik günü ilə bağlı bayramı, bir də 18 oktyabr Respublika gününü”.
Azərbaycanda iki dəfə müstəqillik gününə həsr olunan bayramların keçirilməsinin xaricdə çaşqınlıqla qarşılandığını da bildirib:
“Nəhayət, bu il ölkə Prezidenti tərəfindən Milli Məclisə qanun layihəsi gəldi. 1918-ci ilin 28 mayı dövlət bayramı olmaq şərti ilə Müstəqillik günü, 18 oktyabrın isə müstəqilliyin bərpası günü kimi qeyd edilməsi qərarı qəbul olundu. Konkret olaraq dünyaya bəyan edildi ki, bizim Müstəqillik Günümüz 1918-ci il 28 mayda əldə olunub. Bütün dünyaya bir daha bəyan edildi ki, 18 oktyabr Müstəqilliyin bərpası günü, 28 may isə Müstəqillik günümüzdür”. /Hafta.az/
Tahirə Qafarlı
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...