"Başda prezident olmaqla ordumuzun qəhrəmanlığı sayəsində xoşbəxtik” - MÜSAHİBƏ

19:07 20-10-2021 | icon 883 | Cəmiyyət
"Başda prezident olmaqla ordumuzun qəhrəmanlığı sayəsində xoşbəxtik” - MÜSAHİBƏ

Bayram Məmmədov: "O vaxtkı rəhbərlik Ayaz Mütəllimov idi, baş nazir də Həsən Həsənov"

 

Bu gün Zəngilan rayonunun "Dəmir Yumruğ"un gücü ilə işğaldan azad olunduğu gündür. Ölkə ictimaiyyəti Zəngilanın işğalda qaldığı illəri böyük ağrı ilə yaşasa da, bu gününə şükürlə yanaşır. Tarix isə unudulmur, səhvləri, doğruları ilə yazılır...

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən ehtiyatda olan polkovnik-leytinant, əməkdar müəllim Bayram Məmmədov Zəngilanın o ağır və xoşbəxt günündən danışarkən mühüm nüanslara diqqət çəkib.

 

- Bayram müəllim, Zəngilan işğaldan azad olundu. Şükr edirik.

 

- Zəngilanın azad olunması bizim 27 illik arzumuz idi. Bu, müzəffər Azərbaycan ordusunun rəşadəti, qəhrəmanlığı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab prezident İlham Əliyevin qətiyyətli iradəsi ilə baş verdi. Ölkə əhalisi buna çox sevindi. Zəngilan təkrarolunmaz yeraltı və yerüstü sərvətlərə, qədim tarixə malikdir. Digər rayonlar kimi, Zəngilan da erməni qəsbkarları tərəfindən amansızcasına tar-mar edilib.  

 

- Zəngilanın 30 ilə yaxın bir işğal müddəti də var. Bu tarixə nəzər salarkən hansı amillərin üzərində dayanardınız?

 

- 80-ci illərin sonunda mənfur düşmənlə üz-üzə qalan Azərbaycanda müharibə alovlanırdı. Bu proses Dağlıq Qarabağdan başlayaraq digər rayonları da əhatə etdi. Azərbaycanın ən ucqar rayonu olan Zəngilan rayonu da bu işğal faktı ilə üzləşdi. Erməni daşnaqları havadarlarının xeyir-duası ilə silahlanmış hərbi dəstələrlə rayonun Seyidlər, Ağkənd, Dərəli, Qazançı, Canbar, Pirveysli, Yuxarı Yeməzli kəndlərində və Şükürataz dağında təxribat işləri aparırdı. Müasir silahlardan, avtomatlardan, pulemyotlardan, toplardan və qradlardan istifadə edərək əhali arasında vahimə yaradırdılar. Bir çox hallarda isə dinc əhalini girov götürür, insanlığa yaraşmayan iyrənc hərəkətlər edirdilər. Belə bir çətin dövrdə Azərbaycan dövləti müstəqilliyə doğru ilk addımlarını atırdı. Azərbaycanın ordusu yaradılmamışdı və o dövrün rəhbərliyi ordunun yaradılmasının qarşısını almağa çalışırdı.

 

- Çətinlik nədə idi?

 

- Qeyd edim ki, Zəngilanın ərzi özünümüdafiə taborunun ilk komandiri mən olmuşam. Zəngilanla bağlı çox faktlara malikəm...

...Uzun müzakirələrdən sonra 90-cı illərin əvvəlində qərara alındı ki, Azərbaycanda ordu yaradılsın. Vəziyyət sanki hardansa idarə olunurdu, hər vasitə ilə ordunun yaradılması işini ləngidirdilər. Hardasa 91-ci ilin avqust ayında bu məsələ bir qədər sürətləndi. Mən Politologiya İnsititunu fərqlənmə ilə bitirib rayona qayıtmışdım. 1991-ci il avqustun 1-də Xalq Deputatları Sovetinin İcra Komitəsinin sədr müavini təyin edildim. Bildiyimiz kimi, Zəngilan İranla, eyni zamanda Ermənistanın ərazisindəki Mehri və Qafanla həmsərhəddir. Sərhəd kəndlərin əhalisinin təhlükəsizliyini təmin etmək lazım idi. Rayonda SSRİ Sərhəd və Daxili İşlər Nazirliyinin daxili qoşunlarının hissələri var idi. Mən vəzifəyə başlayanda artıq digər sərhəd rayonlarında olduğu kimi, Zəngilanda da əhali əldə elədikləri silahlarla - ov tüfəngləri ilə sərhədlərdə növbə çəkirdilər. Nəhayət, uzun müzakirələrdən sonra qərara alındı ki, ordu yaransın. Artıq oktyabr ayında Valeh Bərşadlı müdafiə naziri, Dadaş Rzayev isə Azərbaycan Respublikasının Ərazi Özünümüdafiə Qüvvələrinin komandanı təyin olunmuşdu.

Təəssüflər olsun ki, rayonda nə qərargah var idi, nə texnika, nə maddi-texniki baza. Nəhayət, sentyabr ayının ortalarından artıq Zəngilan rayonunda bu işlə intensiv şəkildə məşğul olmağa başladıq. 144 nömrəli Zəngilan Peşə Məktəbi ərazi üzrə müdafiə taborunun bazasının yaradılması üçün ayrıldı. O dövrdə Zəngilan rayon Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin sədri Zakir İbrahimov idi. Olduqca vətənpərvər bir insan idi. O, əlindən gələn hər şeyi elədi. Açığını deyim ki, biz Zakir İbrahimovun rəhbərliyi ilə bu işi Zəngilanda çox yaxşı qurduq. Demək olar ki, ərazi özünümüdafiə taborunu formalaşdırmışdıq. Oktyabrın ortalarında sərhəd rayonlarından olan komandirləri müdafiə nazirliyinə topladılar. Orada Laçından Arif Paşayev, Qubadlıdan Əliyar Əliyev, Goranboydan Maşallah Abdullayev, Ağdamdan Şirin Mirzəyev, Xocalıdan Tofiq Hüseynov, Zəngilandan mən...

Taborun əsasnaməsini hazırlasalar da, nədənsə bir şey alınmadı. Yəni ərazi müdafiə taborunun yaradılması işi çox çətin, mürəkkəb şəraitdə getdi. Bütün bunlar hamısı bizim o dövrdəki rəhbərliyin ordunun yaradılmasna, müdafiə sisteminin qurulmasına biganə yanaşmaları idi. O vaxtkı prezident Ayaz Mütəllibov idi, baş nazir də Həsən Həsənov. Onlar bir neçə dəfə Ali Sovetdə toplaşıb Milli Qvardiya və ya digər silahlı birləşmələr yaratmaq istədilər. Lakin hər vəchlə ordu quruculuğunu ləngitdilər.

 

- Ordunun yaranması tək bu səbəblərdənmi ləngidi?

 

- Əsas səbəblərdən biri də həmin dövrdə ermənilərin Moskva daxil olmaqla, ölkəmizdə də vəzifələrdə olmaları idi. Təsəvvür edin ki, hələ sovet dövründə Valeh Bərşadlı kimi hərbi strategiyanı və taktikanı dərindən bilən istedadlı sərkərdə hərbidən uzaqlaşdırılmışdı. O, Almanyadakı Sovet Qoşunları Qrupu komandanının müavini olmuşdu. Bu peşəkar hərbçi azərbaycanlı olduğuna görə, onu ermənilərin təkidi ilə vaxtından qabaq istefaya  göndərmişdilər.

Bundan xəbər tutan ulu öndərimiz Heydər Əliyev Bərşadlını Bakıya dəvət eləd, onu indiki Naxçıvanski adına liseyin rəisi və Bakı Ümumqoşun Məktəbinin komandiri təyin etdirdi. Bugünkü qalib ordumuz Heydər Əliyevin dəstəyi nəticəsində yaradılan o məktəblərdən çıxmışdı. Heydər Əliyevin Naxçıvan liseyi yaratması, sonradan Ali Ümumqoşun Komandirlər məktəbinin şəbəkəsini genişləndirməsi, oranın milli kadrlarla möhkəmləndirməsi çox şeyi dəyişdi. Heydər Əliyev Valeh Bərşadlıya göstəriş vermişdi ki, harda azərbaycanlı hərbçi var, toplayın.

Ölkəmizdə ordunun yaradılmasının qarşısını alan 91-ci ilin rəhbərliyi isə daha çox Mərkəzə xidmət edirdi. Ermənilər də bundan çox ustalıqla istifadə elədi.

Təsəvvür edin ki, Bakıda Zaqafqaziyanın Qoşun Qrupları var idi. Hərbi hava qüvvələrinə rəhmətlik General Polkovnik Tofiq Ağahüseynov komandanlıq edirdi. Əgər rəhbərlərin uzaqgörənliyi və vətən sevgisi olsaydı, heç bir əlavə xərc çəkmədən qısa müddətdə Azərbaycan ordusunu yaratmaq olardı. Yəni bu şans əldən verildi. Nəticədə torpaqların işğal edilməsi baş verdi, uğursuzluğa düçar olduq. Ermənilərin Azərbaycanın ərazilərini çox yaxşı tanımaları və hələ o vaxt 40 mindən artıq erməninin Azərbaycanda yaşaması da onların hərbidə üstünlük qazanmasına köməklik göstərən amillərdən biri idi. Onların Moskvadakı və Bakıdakı havadarları ölkədəki hərc-mərclikdən istifadə edərək erməni cəsus şəbəkəsini güc strukturlarında yerləşdirmişdilər.

Göründüyü kimi, qəddar və qaniçən düşmən Azərbaycana zərbə vurmaq üçün tam hazır idid. Azərbaycan demək olar ki, dağılmaq ərəfəsində idi. Heydər Əliyevin hakimiyyətə qayıdışı, yenidən ölkənin başçısı seçilməsi vəziyyəti yaxşılığa doğru dəyişdi. Heydər Əliyev bütün qüvvəsini düşməni dayandırmaq işinə sərf elədi və qısa müddətdə Azərbaycan ordusunun ixtisaslı zabitlərlə komplektləşdirilməsinə, ordunun maddi-terxniki təchizatına, tələb olunan silah-sursat və ağır texnika ilə xüsusi diqqət yetirdi. Nəticədə düşmənin Azərbaycanın digər rayonlarının işğal etməsinin qarşısı alındı. Hətta 94-cü ilin yanvarında həyata keçirilən uğurlu əks-hücum nəticəsində Füzuli rayonunun 24 kəndi düşmənlərədən təmizləndi və bu da düşmən qüvvələrin Ağcabədi, Beyləqan istiqamətindən geriyə çəkilməsinə böyük köməklik göstərdi. Tərtərdə cəbhəni möhkəmləndirdi və orada da düşmənin hücumu dayandırıldı.

Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən İlham Əliyev Prezident seçildi və ordunu daha da müasirləşdirdi. Ordumuz ən yeni istehsal olunan texnikalarla təchiz olundu. Zabitlərimizin NATO ölkələrində təhsil almaları, müasir hərbi təcrübəni öyrənməsi, Türkiyə hərbi təcrübəsini öyrənməsi prosesi Azərbaycanın xeyrinə dəyişdi. Bu, imkan verdi ki, Azərbaycan ordu quruculuğunu uğurla davam etdirsin. Bu müddətdə Prezident İlham Əliyev həm siyasi, həm iqtisadi, həm hərbi yüksəlişə nail oldu. Beynəlxalq tədbirlərdə çıxışları, Azərbaycanın BMT-yə sədrlik eləməsi, Qoşulmama ölkələrin toplantılarının Azərbaycanda keçirilməsi, yüksək beynəlxalq tədbirlərin təşkilatçsı olması ilə Azərbaycanın haqq işini bütün dünyaya tanıtdı və inandırdı. Həm vaxt qazandı, həm də yüksək səviyyədə müharibəyə hazırlaşdı. Nəticədə 44 gündə torpaqlarımız azad edildi.

 

- Azərbaycana qarşı xaricdən yönələn təsirlər, ölkə daxilindəki əks qüvvələrin “tərksilah” edilməsi, eləcə də daxili-xarici siyasətimizdəki vəziyyət nə dərəcədə balanslaşıb? 

 

- Ölkə başçısının yeritdiyi düzgün siyasətin nəticəsində xalqla rəhbərliyin birliyi, eyni zamanda siyasi partiyalara dialoq mühiti yaradıldı və bu istiqamətdə də böyük işlər görüldü. Bütün partiyalar prezidentin siyasətini dəstəklədi. Qarabağ məsələsində ayrıseçkilik olmadı. Biz bunu 44 günlük müharibə gedən dövrdə də gördük. Bütün partiyalar bu prosesdə həmrəy oldular. Çünki torpaqların azad edilməsi hamının müqəddəs arzusu idi. "Dəmir yumruq"la düşmənin başı əzildi. Bu gün isə bizim qarşımızda duran əsas məsələ sülh sazişidir. O proses də gedir. Cənab Prezident qələbədən sonra bütün rayonlara səfərlər elədi, orada dövlət bayraqlarımız qaldırıldı və yeni quruculuq işlərinə başlanıldı. Şükür ki, 8 ay ərzində Füzuli Beynəlxalq Aeroportu hazır oldu. Zəngilanda da çox intensiv şəkildə quruculuq və bərpa işləri gedir. Artıq Ağalı kəndində 200 ailə üçün "ağıllı ev"lər tikilib başa çatmaq üzrədir. Beynəlxalq hava limanının tikintisi də sürətlə davam edir. İlin sonuna böyük köç gözlənilir. Kəlbəcər və Laçında da hava limanlarının tikilməsi, kiçik həcmli SES-lərin yaradılması böyük perspektivlərdən xəbər verir. Bu torpaqlar başdan-ayağa var-dövlətdir. Füzuli, Kəlbəcər, Zəngilan, Ağdam, Laçın, Qubadlı, Cəbrayıl mineral ehtiyatları ilə zəngindir. Vaxtilə Ağdam taxıl istehsalına görə Azərbaycanda 1-ci yeri tuturdu...

 

- Bayram müəllim, adını çəkdiyiniz o rayonların sırasında Xocalını, Xankəndini, Ağdərəni nə vaxt görəcəyik?

 

- Proseslər gedir. Hər bir məsələni açıqlamaq olmur. 30 il ərzində yığılıb qalan istəyimiz 44 gün ərzində həll olundu. Bu gün dövlət səviyyəsində danışıqlar davam etdirilir. İnanıram ki, öz bəhrəsini verəcək... Bizim torpaqlarda gürcü də yaşayıb, malakanlı da, rus, erməni də. O torpaqlar hamısı bizimdir. Amma erməni yaşayırsa, düşünməsin ki, Azərbaycan torpağına sahiblənəcək. Yəqin ki, yaxın zamanlarda o yerlərdə də Azərbaycanın dövlət bayrağı dalğalanacaq, qanunları işləyəcək.

Nəhayətdə bir daha qeyd edirəm ki, Zəngilan azad olunan gün özümü dünyanın ən xoşbəxti hesab elədim. Bütün zəngilanlıları təbrik edirəm. Bütün hərbçiləri təbrik edirəm. Başda cənab İlham Əliyev olmaqla əsgərlərimizin, zabitlərimizin qəhrəmanlığı sayəsində biz bu gün xoşbəxtik. Belə bir xoşbəxtliyi bizə bəxş edən qazilərimizə Allahdan cansağlığı, şəhidlərimizə isə ulu tanrıdan rəhmət diləyirəm.

İnşallah işğaldan azad edilən rayonlarımızda başlanan quruculuq işləri başa çatandan sonra xalqımız gedib o cah-cəlalda - Zəngilanda və işğaldan azad edilən bütün doğma torpaqlarımızda əsrarəngiz gözəlliyi duyacaq, o zəngin torpağın varından bəhrələnəcək. /hafta.az/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi