“Gözünüz aydın, ay Qubadlılar!” - MÜSAHİBƏ

20:00 25-10-2021 | icon 408 | Cəmiyyət
“Gözünüz aydın, ay Qubadlılar!” - MÜSAHİBƏ

İlham Şahmuradov: “Rayon bərpa olunacaq, hər kəs öz yurduna dönəcək”

 

Bu gün Qubadlı rayonunun erməni işğalından azad olunduğu gündür. Bu gün Qubadlı ziyalıları, ictimai-siyasi xadimləri Prezident, Ali Baş Komandanın iştirakı ilə Qubadlını ziyarətə getdilər. Bu ziyarətdə Azad Qubadlının 1 yaşı qeyd olundu.  Belə bir günlə bağlı Azərbaycan insanlarının, qubadlıların acılı-şirinli sonsuz təəssüratları, öz vətənləri haqında tükənməyən diləkləri, arzuları yenidən doğulur, yenidən cücərir...

 

Versus.Az xəbər verir ki, bu barədə müsahibə verən AMEA-nın müxbir üzvü, Qubadlı şəhərərində doğulub boya-başa çatmış ziyalımız İlham Şahmuradov maraqlı, kövrək məqamlara diqqət çəkib.

 

- İlham müəllim, Qubadlı azaddır. Bütün qubadlıların gözü aydın olsun. Gəlin, Qubadlının geridə qalan işğal tarixinə və bu gününə dəqqət çəkək. O zaman Qubadlı niyə işğal olundu və bir il əvvəl  necə azad edildi?

 

- Əvvəla onu qeyd edim ki, bu gün biz ölkə başçısı başda olmaqla Qubadlıya səfər etdik. İndi yoldayıq... Çox xoş təəssüratlarımız var...

 ...Qubadlı öz-özünə işğal olunmadı. Hələ 1990-cı illərin əvvəllərində Azərbaycanda nizami ordu yox idi. Ölkədə hərc-mərclik idi. Digər tərəfdən, bizim düşmənlərimiz regionda marağı olan digər dövlətlər tərəfindən himayə olunurdu. Erməni quldurları himayədarları tərəfindən silahlandırılırdı, bizdə isə silah yox idi. Bizim camaat demək olar ki, qaniçən düşmənlə əliyalın vuruşurdu. O vaxt ordumuz silahsız olmasaydı, torpaqlarımız işğal olunmazdı. Qubadlını qoruya bilərdik, ancaq arxada Cəbrayılı itirəndən sonra mühasirədə qalırdıq. Ona görə də məcburən belə qərar verildi ki, Qubadlı camaatı çıxmalıdır.  Belə olmasaydı, Qubadlı da Zəngilan kimi mühasirədə qala bilərdi. Məlumdur ki, o vaxt Zəngilan mühasirədə qalanda camaatı Araz çayından İran tərəfdən çıxartdılar. Qubadlının işğal olunmasına səbəb bu idi. Qubadlı son ana qədər döyüşürdü. Biz təkcə Qubadlını yox, Laçının kəndlərini də qoruyurduq. Qubadlının igid oğullarına torpağın işğal olunması asan başa gəlməyib. Qubadlılar qəhrəmancasına vuruşub, şəhid, qazi olublar. Ölkədə siyasi, hərbi vəziyyətin natamamlığı üzündən Qubadlı camaatının geriyə çəkilməsi qərara alınmışdı.

 

Lakin bunun üzərindən 27 il keçəndən sonra ölkə Prezidentinin 44 gün ərzində yox, 17 il apardığı çoxlarının görə bilmədiyi o siyasət, atdığı addımlar nəticəsində torpaqlar azad olundu.  Nəhayət elə bir məqam gəldi ki, ölkə başçısı torpaqların təkcə danışıqlar yolu ilə azad olunmasının mümkün olmadığını bəyan etdi. Ordumuz düşmənə cavab verməyə qadir olandan sonra əmr verildi, torpaqlar qısa müddətdə azad edildi. Torpaqlarımız, elə Qubadlımız Ali Baş Komandanın komandanlığı, qəhrəman əsgərlərimizin rəşadəti nəticəsində azad oldu.

 

- Dediniz ki, Prezidentin iştirakı ilə Qubadlını ziyarət etdiniz, 27 ildən sonra doğma, azad torpağa getmək necə bir hiss idi?

 

- ...O elə bir hissdir ki, onu bir cümlə ilə təsvir etmək çox çətindir. Mən 27 il yuxularımda gördüyüm, uşaqlığımın keçdiyi o yerləri bu gün yenidən gördüm.

Qubadlı işğal olunmazdan 1 ay əvvəl mən orda olmuşam. 1993-cü ilin iyun ayında Qubadlıda idim, avqustun 31-də çıxdım.  Mən ordan çıxanda artıq müdafiə eləmişdim, elmlər namizədi idim. 36 yaşım var idi. Ailə qurmuşdum, 2 övladım var idi.

Mən Qubadlı şəhərinin özündə doğulmuşam, orda boya-başa çatmışam. Orda orta məktəbi qurtarıb, Bakı şəhərində ali məktəbə daxil olmuşam...

Qubadlı səfərində orda mən öz doğma evimizin dağıntılarnı gördüm. Evimizi dağıdıb, bir tövləyə çeviriblər. Qalan yerlərdə heç o da yoxdur. Mənim oxuduğunm orta məktəb ümumiyyətlə yerli-dibli dağıdılıb. Yəni binaların çoxu yerli-dibli yoxdur.  Təkcə binaları yox, bütün ağacları da məhv ediblər. Dünyada ikinci belə vəhşi millət olmaz. Bunlar nəinki insanları, tikililəri, ağacları da məhv ediblər. Belə bir ağır təəssüratlarım var. Eyni zamanda da sevinirik, xoşbəxtik ki, nəhayət o doğma torpağa ayağımız dəydi...

Bu gün Qubadlıya gedən yolumuz, səfərimiz çox rahat keçdi. 

Orda cənab Prezident və Mehriban xanımla görüş keçirildi. İndi sizinlə Qubadlı səfərindən qayıdarkən yolda danışıram. Deyim ki, Qubadlıda bir dənə də salamat yer qalmayıb. Ölkə Prezidenti də orda çıxışında bu məsələlərə toxundu və rayonun tezliklə bərpa olunacağını dedi. Prezident dedi ki, Qubadlı tamam başqa formatda, müasir standartlara uyğun şəkildə yenidən bərpa olunacaq. Onda da biz qayıdıb öz rayonumuzda işləyəcəyik.

 

- Hər birinizi təbrik edirəm. Sizcə Qubadlının azad olunması, hansı rayonların yolunun açılması idi?

 

- Bu gün cənab Prezident çıxışında özü də bu məsələni qeyd elədi. Dedi ki, Qubadlı alınandan sonra artıq Laçına yol açıldı. Laçının aşağıdakı kəndlərini biz götürdük və bu da ermənilər üçün böyük zərbə oldu. Qubadlının alınmasının əhəmiyyətini cənab Prezident bax bu cür ifadə elədi. Laçın dəhlizinə nəzarət elədik, Laçının kəndləri azad olundu, sonra müəyyən danışıqlar aparıldı və ermənilər kapitulyasiyaya imza atdılar, müharibə qurtardı. Məncə bundan gözəl cavab ola bilməz...

 

- Torpağı işğal olunan insanlarımız siyasi maraqların rol aldığı bu bölgəyə diqqət çəkib işğaldan danışarkən, bir də “torpaqlar verildi” ifadəsini də işlədir...

 

- Mən torpaqların “verilməsi” fikri ilə birmənalı olaraq razı deyiləm. Bu barədə konkret şəkildə danışmaq mümkün deyil. Bu torpaqları heç bir Azərbaycanı sevən vətəndaşı, siyasətçisi verə bilməzdi və vermədi. Aydın məsələdir ki, Azərbaycan ordusu nizamsız, yox dərəcəsində idi. Siyasi hərcmərclik, özbaşınalıq var idi. Ordumuz başsız idi. Kənar dövlətlərdən ciddi dəstəyimiz yox idi.

Məlumdur ki, erməni təklikdə bizimlə bacarmazdı, bunu hamı bilir. Bir yandan da İran, Rusiya da Ermənistana dəstək verirdi.  Bizim camaatın ov tüfəngini əlindən alıb erməniləri silahlandırmışdılar. Bir tərəfdən də ordumuz o qədər də böyük deyildi ki, hər tərəfi - Zəngilanı, Füzulini, Laçını, Şuşanı qoruya bilsin. Cəbrayıl, Füzuli işğal olunandan sonra arxada Qubadlının bir yolu qalmışdı. Səbəblər bu idi. Yoxsa, kimsə Qubadlını vermədi. Qubadlı camaatı çıxmasaydı, mühasirədə qala bilərdi və Xocalı soyqırımı təkrar olunardı. Qubadlı verilmədi, Qubadlı camaatı çıxdı...

“Torpaqlar verildi” ifadəsi işlənəndə bu xalqımızın, elə Qubadlı camaatının heysiyyatına toxunur. Amma həmişə inanırdıq ki, öz torpağımıza qayıdacağıq. Fakt budur ki, bu gün Azərbaycan xalqı öz zəfərini qazandı. Erməni vandalları artıq bizə qarşı heç bir iddia ilə çıxış edə bilməzlər.

 

- Müharibədən bir il ötür. Bu gün Qubadlı da azaddır. Azərbaycanın Dəmir Yumruğu var və diplomatik mübarizəmiz davam edir. Bundan sonra nə etməli, hansı addımları atmalıyıq?

 

- Bəli, biz bu gün Qubadlıda o Dəmir Yumruğu yenə də gördük. Bu gün üçtərəfli atəşkəs bəyanatı ilə regionda sülh əldə olunub.  Əgər ermənilər, Ermənistan buna tabe olmaq istəməsə, Dəmir Yumruq yerindədir və biz hər an döyüşə hazır olmalıyıq.

...Qubadlılara da deyirəm ki, gözünüz aydın, ay qubadlılar! Allah şəhidlərimizin ruhunu şad eləsin. Qazilərimizə cansağlığı versin. Kimin bu işdə əməyi varsa, hər birinə minnətdarıq, gözaydınlığı verirəm. Hər kəs Qubadlıya getmək istəyir. Prezident bu gün dedi ki, rayon bərpa olunacaq, hər kəs öz yurduna dönəcək... /həftə içi/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...