Könül İsmayılova: "Aparatla oksigen qəbulunun faizi artıb"
Hər zaman demək olar ki, bütün mediaya açıq olan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevin oktyabr ayının 17-dən koronavirusa yoluxması əsasən elə media nümayəndələri tərəfindən narahatlıqla qarşılanıb. Hər kəsi partiya sədrinin sağlıq durumu narahat edib. Onunla əlaqə saxlamaq mümkün deyil və yalnız oğlu, yaxud müavini Könül İsmayılova tərəfindən məlumatlanmaq olur.
MMP sədr müavini Könül İsmayılova Versus.Az-a açıqlamasında bildirib ki, jurnalistlərin Hafiz Hacıyevin səhhəti ilə bağlı telefon zənglərinin ardı-arası kəsilmir.
Onun sözlərinə görə, tanınmış şəxslər də böyük narahatlıqla zəng edərək MMP sədrinin səhhəti ilə maraqlanırlar:
"Partiyanın işləri ilə əlaqədar bütün zənglərə cavab vermək imkanım olmadığından elə sosial şəbəkə üzərindən media nümayəndələrinə və Hafiz müəllimin səhhəti ilə maraqlanan digər şəxslərə müraciət etdim. Öncə demək olar ki, oktyabrın 17-dən başlayaraq hər gün Hafiz Hacıyevin səhhəti ilə bağlı mənə müraciət edənlərə diqqətlərindən dolayı özümün və partiyamız adından təşəkkür edirəm.
Qeyd edim ki, Hafiz müəllimin səhhəti ilə baglı gündəlik məlumatlar mənə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən verilir. Və bu günə olan məlumat budur ki, müəllimin səhhəti yaxşılaşmağa doğru gedir. Saturasiyası 92-dir, bədəndə olan infeksiya azalıb, aparatla oksigen qəbulunun faizi artıb".
Könül İsmayılova vurğulayıb ki, Hafiz Hacıyevin reanimasiyada müalicəsi davam edir, vəziyyəti stabildir.
GÖZƏL
Versus.Az