Nərminlərin, Elinaların sayı artırsa...
11 yaşlı uşağın başına gələnlər Azərbaycanda baş verir, Amerikada yox
KÖNÜL İSMAYILOVA
/MMP sədr müavini/
11 yaşlı qızın əməliyyatla dünyaya uşaq gətirməsi hadisəsi hələ də məni dəhşətdə saxlayıb. Daha dəhşəti isə günahkarların sadəcə cəzalandırılması ilə kifayətlənmək, aylarla araşdırmalar apararaq, sonunda unudulub yaddan çıxarılmasına yönələn hərəkətlərdir...
Beləcə, Elinaların, Nərminlərin sırasına daha bir azyaşlı qız da əlavə edildi. Bu cəmiyyət zorlanan, işgəncəyə məruz qalan uşaqların sayını artırır. Nə vaxta kimi ki, ictimai qınaqla yanaşı aidiyyatlı qurumlar ciddi hərəkətə keçməyəcək, bu say hər gün bir az artacaq. Ona görə hər gün deyirəm ki, hələ xəbərimiz olmayan nə qədər belə gizlinlərin mövcudluğu mütləqdir. Hər dəfə bir gizlin aşkar ediləndə sadəcə təəssüflənməməliyik, qarşısının alınması yönündə işlər görməliyik...
Narkomaniya, zorakılıq, pozğunluq baş alıb gedir. Ciddi işlər görmək lazımdır. Gözdən pərdə asmalarla cəmiyyət məhv olub gedir. 11 yaşlı uşaq zorlanır və dünyaya körpə gətirir... Dəhşətdir... Onun anası hansı düşüncənin, əxlaqın sahibidir sualı yaranır istər-istəməz. Çoxmu lazım idi iki uşağı olan ana evinə, balalarına ögey ata gətirsin və bu cür dəhşət saçan hadisə yaşansın? Belələri ana adını daşımağa layiq deyil. O şərəfsiz pedofillə bərabər bu qadın da cəzalandırılmalıdır. Aidiyyatı qurumlar, bu işə laqeyd yanaşmaq olmaz! Cinayət işi açmaqla, həbs etməklə məsələ bitmir! Çünki bu cür azyaşlı qızlar – Nərminlər, Elinalar – nə birinci, nə axırıncı deyil!
Bakıda da, əyalətlərdə də vəziyyət acınacaqlıdır. Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbərliyi, siz nə işlə məşğulsunuz? Sorğu keçirməklə, araşdırma aparmaqla işinizi bitmiş hesab edirsinizsə, yanılırsız! İşinə bu cür üzdən yanaşma düzgün deyil. Əslində siz o vəzifələrə təyin ediləndə böyük yanlışlığa yol verilib. Bu cür kadr dəyişilikləri ilə biz hara gedəcəyik, bu dövlət nə qazanacaq, axı heç nə xeyrimizə olmur. Bu komitələrə dövlət tərəfindən maliyyə ayrılır, hara sərf edirlər bəs? Bunlar necə işləyirlər ki, əyalətdə baş verənlərdən xəbərləri yoxdur, yaxud xəbərləri olub da, məşğul olmağa vaxt ayırmaq istəmirlər?! Hanı bunların təbliğat işləri?
Götürək məktəb psixoloqlarının fəaliyyətini. Mən məktəb psixoloqu işlədiyim dövrlərdə hər sinif uşaqlarının barəsində məlumatlar toplusu kitabçası hazırlamışdım. Yəni bilirdik problemli ailələrdən gələn uşaqlar kimdir, xüsusi istedadı, qabiliyyəti olan uşaqlar kimdir.
Azərbaycan televiziyalarında ləyaqətsizliyi yayan verlişlərə də diqqət çəkmək istərdim. Bu verlişlər ekrandan evlərimizə soxulur. Elgizin verlişi haqqında çox eşitmişdim ki, səviyyəsiz verlişdi, bu yaxınlarda televiziya kanallarını dəyişəndə təsadüfən qarşıma çıxdı, baxdım görüm axı nə verlişdir ki, hamı narazıdır. Baxıram bir qadını efirə çıxarıblar, qadın kor uşağını özü ilə studiyaya gətirib ki, saxlaya bilmirəm, təhvil verirəm. Sonra məlum olur ki, bu uşaq onun ikinci ərindəndir, əvvəlki ərindən üç uşağı var imiş, onu da atıbmış. İndi bu qadın bu uşağı da gətirib studiyaya qoyur ki, istəmirəm, saxlaya bilmirəm. Düşünürəm bu cür verlişlər də insanlarımızın mənəviyyatını korlayır. Elə ərindən boşanan, üç-dördünə ərə gedən hər qadın durub uşaqlarını da götürüb çıxmalıdır efirə? Niyə bu hallara yol verilir? Buna da bir nəzarət olmalıdır. Nə qədər ailə qura bilməyən qızlarımız var, amma bunlar bilmirsən bir-neçə kişini necə tapıb ərə gedirlər. Ərə gedirlər deyəndə, molla nigahı edirlər, vəssalam. Ekranlardan bu baxış toplayan ədəbsiz, ləyaqətsizliyi təbliğ edən verlişlər yığışdırılmalıdır. Biz gələcəyimiz üçün sağlam uşaqlar yetişdirməliyik. Bunun yolu isə xəstə təfəkkürlü ikiayaqlı məxluqları hansı yolla olursa olsun, tərbiyələndirməkdir. Gələcəyimiz olan uşaqlarımız psixoloji travmalara məruz qalmamalıdır.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"