“Cəmiyyətimiz müharibə sınağından çıxdı, gəncliyimiz yaxşılığa doğru dəyişdi”

14:35 08-11-2021 | icon 617 | Müharibə
“Cəmiyyətimiz müharibə sınağından çıxdı, gəncliyimiz yaxşılığa doğru dəyişdi”

Şair Ramaldanov: “Ermənistanla sülh müqaviləsi bağlanandan sonra “müharibə bitdi” deyə bilərik”

 

Bu gün Azərbaycanımız tarixinə qızıl hərflərlə yazılan böyük bir hadisəyə şahidlik edir, həm də onu yaşayır. Azərbaycan 30 ilə yaxın müddətdə iyrənc erməni vandallarının işğalı altında qalan torpaqlarını azad etdiyi günün - Zəfərin 1 ilini qeyd edir.

 

Bu Zəfər Gününü Azərbaycan tarixinə yazan Müzəffər Orduya, müzəffər Ali Baş Komandan, müzəffər əsgər və zabitlərə, öz qanı, canı ilə ilə bu torpağa ruh verən ŞƏHİD oğullarımıza Eşq olsun! Allah Şəhidlərimizə rəhmət eləsin! Allah vətən uğrunda döyüşlərdə can verən, qan tökən qazilərimizə şəfa versin. Öz qanı canı ilə VƏTƏN yazan iğid Oğullarımız, Qarşınızda baş əyirik, Zəfər Gününüz Mübarək deyirik!..

 

Versus.Az xəbər verir ki, keçmiş döyüşçü, hərbi ekspert Şair Ramaldanov müsahibəsində bir çox nüanslara diqqət çəkib.

 

- Şair müəllim, Zəfər Günündə bir döyüşçünün, hərbi ekspetin fikirləri, hərb tariximizə, proseslərə baxışı şübhəsiz ki, fərqlidir. Maraqlıdır, 8 noyabr - Zəfər Gününü hansı təəssüratla qeyd edir və bu günlə bağlı nə düşünürsüz?

 

- Müharibə itkisiz olmur. Mən bu gün Şəhidlərimizə rəhmət diləyirəm, ailələrinə, yaxınlarına səbr diləyirəm. Qazilərimizə can sağlığı və döyüşçü veteranlara da Azərbaycan, gələcəyimiz naminə uğurlar diləyirəm. Bütün Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edirəm.

Biz bu Zəfər Gününü daim ürəklərdə bəsləmişik. Azərbaycan torpaqları işğal olunduğu gündən bir dəfə də olsun bu fikirdən yan keçməmişik. Biz hər zaman öz torpaqlarımızı qaytarmaq ruhu ilə yaşamışıq. O vaxt I Qarabağ savaşında əli silah tutan igid oğullar öz torpaqları, öz xalqı uğrunda, camaatı qorumaq üçün canından keçməyə hazır oldular. Onlar düşmənə Azərbaycan oğlunun kim olduğunu, hansı gücə sahib olduğunu göstərdilər. I Qarabağ savaşında igidlik göstərən qəhrəmanlarımız var. Zamanı gəldikcə o səhifələr açılır.

Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, cənab İlham Əliyevin gənclərə verdiyi yüksək qiymət və o gənclərin 44 günlük müharibədə göstərdiyi yüksək qəhrəmanlıq, igidlik, peşəkarlıq onu göstərdi ki, atalar düz deyib: ot kökü üstündə bitər. O köklər məhz I Qarabağ savaşının kökləridir. Məhz bu oğulların atalarıdır.

I Qarabağ savaşı demək olar ki, heç bir ailədən yan keçməyib.  Kiminsə oğlu, kiminsə nəvəsi iştirak edib o müharibədə... Qarabağ mövzusu bütün Azərbaycan ailələrində, Azərbaycanın xeyir-şər işində həmişə olub. Biz qələbə haqqında düşünərək, o inamla xeyir işlərimizi açmışıq. Məhz bu ruhla böyüyən oğullar, əlil, qazi, şəhid ailərinin övladları, öz atalarının qarşısında olan borcunu yadından çıxartmayıb. II Qarabağ savaşında iştirak edən xalq, həmin I Qarabağ müharibəsinin yetirmələridir.

Vətən sevgisi, onu azad görmək hissi bir günün, bir ilin işi deyil, bu, zamanın işdir. Bu zamanı da Azərbaycan xalqı, Azərbaycan ailələri, anaları yetişdirib. “Azərbaycan əsgəri” marşında belə bir söz var, deyir: “südüm sənə haram olsun, sən baş əysən düşmənə, marş irəli!” Onu deyənlər hələ I Qarabağ savaşında olan analar idi. Respubkilada aparılan böyük işlər, ordu quruculuğu, ordunun peşəkarlaşması, ordunun təminatı, tədris müəssisələrində böyüklü-kiçikli vətənpərvərlik ruhunda aparılan işlər starateji bir hədəf idi. Bilirsiz ki, məktəblərdə dərslər himnlə başlayır. Məktəblərdə məhz Qarabağla bağlı çoxsaylı tədbirlər keçirilirdi. O tədbilərin əsas məqsədi məhz Qarabağa qayıdışla bağlı idi. “Nə vaxtsa biz Qarabağa qayıtmalıyıq” - deyərək, gənclərin beynində, ruhunda, ürəyində böyüyürdü. Qarabağ işğal olunanda uşaq olanlar o eşqi ürəklərində böyüdürdü.

Ali Baş Komandanın verdiyi əmr əsasında həmən daxildə olan potensial od püskürdü. Düşmənlərimiz o odun qarşısında tab gətirə bilmədilər. Düşmən nə qədər istehkamlar qursa da, ancaq o gücün, haqqın qarşısında dayana bilmədilər. Prezident son Bakı Forumunda bir daha vurğuladı ki, haqq öz yolunu gec-tez tapır. Bunu da həyat göstərdi və bir bu gün qələbəmizi qeyd edirik.

 

- “I Qarabağ”, “II Qarabağ” müharibəsi ifadələri ilə tez-tez rastlaşırıq və siz də qeyd etdiniz. Bir müharibə iştirakçısı kimi bu müqayisələri necə izah edərdiniz?

 

- Düşünürəm ki, bu sadəcə zamanı göstərən bir ifadədir. Əgər biz bu sözün təyinatı və mənasına sırf elmi cəhətdən baxsaq, buna “I Qarabağ savaşı” yox, “atəşkəs sazişinin bağlanıldığı dövr” deyə bilərik. Təəssüflər olsun ki, indi də müharibə şəraitindəyik. Bu o deməkdir ki, müharibə bitməyib. İndi sadəcə müharibənin digər formasındayıq. Biz müharibəyə işğala məruz qalan gündən başlamışıq və indi öz torpaqlarımızın bütövlüyünü bərpa edib qələbə çalaraq digər formasına keçmişik.  Ermənistanla sülh müqaviləsi bağlanandan sonra “müharibə bitdi” deyə bilərik. Bilirsiz ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev işğaldan azad olunmuş bütün rayonlarda olub, daim ərazilərin bərpasında iştirak edənlərlə, həm hərbçilərlə görüşür. O, həmin görüşlərdə bizim yumruğumuzun daim güclü olması, yumruğumuzun hər zaman hazır olması haqqında sözləri təsadüfən demir. O bu sözləri ona görə deyir ki, hələ sülh müqaviləsi bağlanmayıb. Biz hələ də müharibə şəraitindəyik. O vaxt Bişkek atəşkəs müqaviləsi bağlanmışdı, indi də üçtərəfli belə bir saziş imzalanıb. Bu atəşkəsin o atəşkəsdən fərqi ondan ibarətdir ki, bu, Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə bərpa edən bir atəşkəsdir. Düşünürəm ki, hələ qabaqda böyük işlər var, hər halda inanıram ki, sülh müqaviləsi bu yaxınlarda bağlanacaq, hər şey ona doğru gedir. “I Qarabağ, II Qarabağ savaşı” sözü isə insların dilində olan bir ifadədir. Ancaq elmi cəhətdən heç nə ilə əsaslanmır.

 

- 2020-ci il 8 noyabra qədər olan 44 günlük savaşı və 92-94-cü ilə qədər könüllülərin iştirakı ilə aparılan savaşı insanlar istər-istəməz “I Qarabağ, II Qarabağ savaşı” deyərək bir-birindən fərqləndirsə də, müharibəmiz birdir. Şair müəllim, o dövrə baxanda, siz də qeyd etdiniz, o igid oğullar hətta əliyalın şəkildə düşmənə sipər oldular. Xocalı soyqırımı ərəfəsində və digər kəndlərin müdafiəsində öz canlarını sipər edib insanları təhlükəsiz yerə aparan da o igidlər idi. Və biz aparılan o müqəddəs müharibənin qələbə zəfərini nəhayət ki, 44 günlük müharibədə tamamladıq...

 

- Azərbaycan Prezidenti buna çox gözəl fikrini bildirib. Dövlət səviyyəsində istifadə etdiyimiz bir söz var - Vətən müharibəsi. Orda nə I, II, nə onlar, nə bunlar sözləri yoxdur. Yəni biri var insanların arasında olan danışıq, biri də var rəsmi yanaşma. Ona görə də sizin sözlərinizlə desək, onların davamçıları bunlar idi,  bunlar onların işini davam etdirdi. Mənimlə savaşan heyətin bir hissəsi məhz II Fəxri Xiyabanda dəfn olunub. Bilirsiz ki, orda yeni məzarlıq var. Biz müharibə dövründə, müharibədən sonra  onları ziyarət edəndə, gedib mənimlə döyüşüb şəhid olanlara baxdım, sonra keçib o biri məzarlığa baxanda, orda mənim bacım oğlu şəhid polkovnik-leytinant Babək Ramaldanov dəfn olunub, onların simalarında bir oxşarlıq görürəm. Təxminən eyni yaşda idilər o vaxtkı və indiki şəhidlərimiz... Hətta bir-birinə oxşarlıqları da var. Bəlkə də bu, daxilimdən keçən hisslərdir. Sadəcə bu zaman bizdən asılı olmayan bir zaman idi.

Və ona görə də deyirik ki, biz 29 ildən sonra işğal edilmiş ərazilərimizi azad edə bildik. Mən deyərdim ki, elə aprel hadisələrindən sonra Ali Baş Komandan cənab İlham Əliyev demişdi ki, əgər Azərbaycanla Ermənistanı təkbətək qoysalar, Azərbaycan ordusu qısa bir zamanda işğalçı qüvvələri darmadağın edib, ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Aprel döyüşlərindən sonra bu fikrin bu 44 günlük müharibədə eyni şəkildə həyata keçirilməsini gördük. Humanistlik bir daha ondan irəli gəlir ki, uzaqgörənlik xüsusiyyəti var. Dəfələrlə çoxsaylı görüşlərində Ermənistanı xəbərdar edərək, onlara gələcəkdə konstruktiv mövqe tutmasalar faciə gözləyəcək  mesajını dəfələrlə söyləyib. Birinci vitse-prezident anaların gözü yaşlı olacağı haqqında müraciətlər edib, ancaq düşmən onu eşitməyib. Hələ də eşitmir. Ermənistan faciə ilə qarşılaşdı. Ermənistanın anaları göz yaşı ilə də qarşılaşdı. ƏgərAzərbaycan oğulları öz torpaqlarının azadlığı uğrunda öz canından keçib və bu gün bizim analar qürur hissi ilə bunu qeyd edirlərsə, erməni anaların isə göz yaşlarının mənası tam başqadır. Ona görə də burda da bizim dövlət rəhbərinin humanist addımları olub. Bu gün də humanist addımlar atır.

VIII Bakı Forumunda yenə də müraciət elədi ki, biz Ermənistana sülh təklif eləmişik, biz sərhədlərin dilimitasiya demorkasiya məsələsini ortaya qoymuşuq. Ancaq hələ ki, təəssüflər olsun ki, cavab yoxdur.

 

- Bir qədər əvvəl “sülh sazişi imzalanacaqsa müharibə o zaman bitcək” dediniz. Ermənistan sülhə dəvət olunur, amma cavab yoxdur. Hətta Ermənistanda bu sülh sazişinə qarşı etiraz çıxışları edilir. Son anda Ermənistan sazişin bağlanmasından geri çəkilə bilərmi?

 

- Erməni hiyləsi nəyəsə əsaslanır. Bu, müəyyən bir dövlətlərin, güclərin erməniləri aktiv dəstəkləməsinin nəticəsidir. Ermənistanda bir qayda olaraq, dövlət başına kim gəlir gəlsin, öz seçimində müstəqil olmayıb. Ermənistanda xarici və daxili müyyən qüvvələrin maraqları ilə iştirak edən, onların sifarişlərini yerinə yetirən qüvələr var. Bu gün Ermənistan xalqı sülhə hə, müharibəyə yox deyir. Çünki seçkilərdə radikal düşüncəli siyasi rəqibləri qəbul etmədi. Amma Paşinyan dövlət rəhbərliyinə gəlsə də, hələ ki, söz sahibi deyil. Sülh prosesinin ləngiməsi bununla bağlıdır. Ancaq başqa yolları yoxdur. Ermənistan parlamentində müəyyən fikirlər səslənir ki, artıq sülh müqaviləsinin son bəndləri üzərində işləyirlər. Cənab Prezidentin dediyi kimi, Ermənistan istəsə də, istəməsə də bunu etməyə məcbur olacaq. Ermənistanın müharibə etməyə gücü yoxdur. Bu müharibə Ermənistanın sərsəm ideyalarının sonu olduğunu göstərdi. O biri yandan da Azərbaycanın yanında güclü, qüdrətli, qardaş, dost Türkiyə kimi bir dövlət var, Pakistan kimi dost dövlət var. Azərbaycanın haqq işini dəstəkləyən etibarlı tərəfdaşları var. Ona görə düşünürəm ki, artıq, zaman şərait dəyişib. Cənab Prezidentin VIII Forumda post-pandemiya dövrünün gələcək dünyanın həyatı haqqında çıxışı oldu. Gələcək dünyanın bu regiona aid olan hissəsi məhz çiçəklənmə, inkişaf, aeroportların tikilməsi, Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması ilə baş verəcək. Bu məsələ həll olunub sülh müqaviləsi bağlanandan sonra regionda vəziyyət tam dəyişəcək. Ermənistan dəyişəcək, dəyişmək istəmsə də Azərbaycan onu dəyişdirəcək.

 

- 10 noyabr tarixində bir hadisənin də ili tamam olacaq. Həmin ərəfədə Rusiya, Azərbaycan, Ermənistan arasında sərhədlərin delimitasiya və demorkasiyası, silahlı ermənilərin çıxarılması, sülh sazişi və başqa sənədlərin imzalanacağı ehtimalından danışılır. Gözləntiniz nədir, həmin gün növbəti dəfə hansı mühüm sənədə imza atıla bilər?

 

- Dediyiniz bu məsələlər hamısı gündəmdədir və elə-belə ortaya çıxmayıb. Onun üçün hazırlıq işləri gedir. Əgər bu gün o sənədlər barədə danışılırsa, deməli qəbul edilməsi ilə bağlı ehtimal var. Ola bilər ki, o sənədlərdə hansısa bəndlərin yerinə yetirilməsi müəyyən zaman tələb edəcək. Ancaq inanıram ki, ümid edirəm ki, qələbənin 1 illiyi sülh sazişinin olunması ilə nəticələnsin.

Bu sənədlərin qəbul  edilməsi qaçılmazdır. Əks halda, bu, regionda problemlərin qalması və iqtisadi inkişafına böyük təsir göstərəcək. Burda böyük dövlətlərin də marağı var. Bu, o dövlətlərdən də çox erməni cəmiyyətinin marağındadır. Çünki erməni cəmiyyəti anlayır ki, iqtisadi inkişaf, bu kəmərlərin,  kommunikasiya xətlərinin bu regiondan keçirilməsi birinci növbədə sosial problemlərdə boğulan, iqtisadi çökən Ermənistan üçün bir şansdır. Düşünürəm ki, onlar bu şansdan istifadə edəcək. Əlbəttə, bu artıq zamanın reallığıdır. Ancaq biz gələcəkdə 30 illik işğal dövrünü, Xocalı soyqırımını, kiminlə qonşuluq etdiyimizi unutmamalıyıq. Biz proseslərə “Sülhü istəyirsənsə, müharibəyə hazır ol”- prinsipi ilə yanaşmalıyıq.

 

- Şair müəllim, sizi həmişə bir hərbi ekspert kimi təqdim edirik. Siz həm də torpaqların işğaldan azad olunması uğrunda əlinizdə silah döyüşmüsüz. İstərdim 44 günlük Zəfər Yoluna bir döyüşçü kimi də nəzər salasınız. Necə keçdik bu Zəfər Yolunu?

 

- Bu Zəfər Yolu asan olmadı. Çünki Azərbaycan bu çətin müharibədə itkilər verdi. Düşmən çirkin müharibəsində bizim Gəncəni, Bərdəni raket atəşinə tutdu. Orada dinc sakinlərimiz - uşaqlar, yaşlılar, qadınlar həlak oldular. Biz onları da bu savaşın Şəhidləri kimi qəbul etdik. Bu müharibədə evlərimiz dağıldı, ağaclarımız kəsildi, torpağımız yandırıldı. Lakin uğurlu oldu. Ona ona  görə ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanın səyi, diqqəti nəticəsində güclü orduya malik bir dövlət olduq. Azərbaycanın iqtisadi potensialı, daxilində olan sabitlik, həyata baxışı, Onu güclü bir ordu qarmağa imkan verdi. Hər bir müharibə cəmiyyət üçün bir yenilənmə deməkdir. Bizim cəmiyyətimiz artıq müharibə sınağından çıxdı, prioritetlər, baxışlar, gəncliyimiz yaxşılığa doğru dəyişdi. Müharibədə qazandığımız zəfər vətənimizin inkişafında yeni qələbələrə qədəm qoydu. “Yeni qədəmlərin, yeni qələbələrin mübarək Azərbaycan” deyirəm! /həftə içi/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır