Üz sinirinin iflici
Nərminə Abbasova: “Üz sinirinin iflici bir sıra səbəblərdən yarana bilər”
“Bell İflici Üz Sinirinin periferik iflicidir və üzün bir hissəsində əzələlərin zəifliyinə səbəb olur. Üz sinirinin periferik iflici olan xəstələrdə bir neçə gün ərzində alın da daxil olmaqla üzün bir hissəsinin - unilateral - iflici inkişaf edir. Həmin xəstələrdə digər nevroloji pozuntular adətən müşahidə edilmir. Simptomlar adətən ilk həftə ərzində zirvəyə çatır. Növbəti həftələr və bir neçə ay ərzində tədricən aradan qalxır”.
MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi NƏRMİNƏ ABBASOVA oxucularımızı Bell iflici xəstəliyi barədə məlumatlandıracaq.
Nərminə xanımın sözlərinə görə, Bell iflici diabeti olan xəstələr arasında daha çox yayılıb. Üz sinirinin periferik iflicinə istənilən yaşda olan insanın məruz qalmasına baxmayaraq, bell iflici 35-45 yaşında olan xəstələrdə daha çox yayılıb:
“Ümumiyyətlə, ənənəvi olaraq Bell iflici idiopatik bir xəstəlik kimi qəbul edilsə də, onun tip 1 herpes simples virusu (HSV1) ilə bağlılığı bir çox hesabatlarda öz əksini tapıb. Lazım olarsa xəstələrin diabetə və Laym xəstəliyinə müayinəsi də aparıla bilər. Bell iflicinin ən çox yayılmış qısamüddətli ağırlaşmasına göz qapaqlarının tam bağlanmamasıdır ki, bu da gözün qurumasına və korneanın (buynuz gişanın) zədələnməsinə səbəb ola bilər. Üz əzələlərinin daimi zəifliyi və əzələ kontrakturasının inkişafı Bell iflicinin daha az müşahidə edilən uzunmüddətli ağırlaşmalarındandır”.
N.Abbasova bildirdi ki, üz sinirinin periferik iflici və ya Bell İflici - üz sinirinin idiopatik kəskin periferik iflicidir və üz əzələlərin iflicinə səbəb olur. Onun sözlərinə görə, üz siniri həm də göz yaşı və tüpürcək vəzlərini innervasiya edən, dilin ön üçdə iki hissəsinin dad tumurcuqlarına hissiyat lifləri verən parasimpatetik liflərdən ibarətdir:
“Bell iflici olan xəstələr adətən üzün bir hissəsinin tam iflici və ya üz əzələlərinin zəifliyindən şikayətlənir. Sifətin qırışları və nazo-labial (burun-dodaq) qat yoxa çıxır, alının qırışlanması itir və ağızın küncü sallanır. Göz qapaqları tam bağlanmır və aşağı göz qapağı aşağıya əyilir. Gözü bağlamaq istədikdə isə göz yuxarıya doğru yumurlanır. Gözün göz yaşı ilə yağlanmasının çatışmazlığı və daim havaya məruz qalması onun zədələnməsinə səbəb olur. Göz yaşının ifrazı azalsa da, bəzi hallarda göz qapaqlarının bağlanmaması səbəbindən artıq lakrimasiya (göz yaşlarının axması) da müşahidə edilə bilər. Qida və tüpürcək ağızın iflicə məruz qalmış tərəfində yığılmış olur və ağızın küncündən çölə tökülə bilir. Xəstələrin əksəriyyəti iflic səbəbindən yaranan keyləşmə hissindən şikayətlənsə də, üzün hissiyatı saxlanmış olur”.
Həkim terapevtin fikrincə, üz sinirinin iflici bir sıra səbəblərdən yarana bilər. Qulaq və ya parotid tüpürcək vəzinin (məs., xolesteatoma, tüpürcək vəzinin törəmələri) struktur patologiyaları üz sinirinin kompressiyasına və iflicinə səbəb ola bilər. Həkim deyir ki, Periferik sinir ifliclərinin digər səbəblərinə Qiyan-Bare sindromu, Laym xəstəliyi, orta qulağın otiti, Ramze-Hunt Sindromu (üz siniri zonasında herpes Varicella Zoster virusunun yayılması), sarkoidoz və bəzi qrip əleyhinə vaksinlər aiddir. Həkimin sözlərinə görə, bu səbəblərdən üz sinirinin birtərəfli iflici simptomları ilə yanaşı digər əlavə simptom və əlamətlər də müşahidə edilir.
Nərminə xanım qeyd etdi ki, Laym xəstəliyi olan xəstələrdə anamnezdə çox zaman səpgi, artralgiyalar və gənə sancması faktı müəyyən edilir:
“Kəskin və ya xroniki orta qulaq otiti səbəbindən üz sinirinin iflici daha ləng inkişaf edir, qulaq ağrısı və yüksək hərarətlə müşaiyət olunur. Ramze-Hunt sindromu olan xəstələrdə isə ilkin olaraq ağrı, qulaq kanalında və udlaqda qabarıqlı səpgi müşahidə edlir. Lakin, bəzi hallarda səpgi olmaya da bilər. Polineyropatiyalar isə çox zaman hər iki üz sinirinn iflicinə səbəb olur. Müxtəlif törəmələr səbəbindən üz sinirinin iflici də unilateral olur, lakin üz sinirinin iflici daha ləng, bəzən həftələr və ya aylar ərzində tədricən inkişaf edir.
Mərkəzi sinir sisteminin patologiyaları (məs., dağınıq skleroz, insult, törəmə) da üz sinirinin iflicinə səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, alın əzələlərini innervasiya edən sinir lifləri beyin kötüyü səviyyəsində çarpazlaşır və beləliklə, alın əzələlərini innervasiya edən üz sinirinin lifləri hər iki beyin yarımkürələrindən gəlmiş olur. Mərkəzi beyin törəmələr səbəbindən üz sinirinin iflici baş verdikdə, üzün eyni tərəfindən olan alın əzələləri zədələnməmiş qalır. Nəticədə alın əzələləri istisna olmaqla üz əzələlərinin iflici müşahidə edilir. Çox zaman, mərkəzi sinir sistemi törəmələrində zədələnmiş üz siniri ilə eyni tərəfdə ətraf əzələlərinin də müəyyən dərəcədə zəifliyi qeyd olunur”.
Nərminə xanım bildirdi ki, ikitərəfli üz siniri iflicindən əziyyət çəkən və ya simptomların başlanmasından 2-3 həftə sonra yaxşılaşma müşahidə edilməyən xəstələri MayoMed Klinikasında nevropatoloqun konsultasiyasına yönləndirilir:
“Bell İflici olan xəstələrdə üz sinirinin iltihabının azaldılması və üz sinirinin daha tam və sürətli bərpası məqsədilə simptomların başlanmasından 72 saat ərzində oral kortikosteroidlərin təyin edilməsi məqsədə müvafiqdir. Bell İflici keçirən xəstələrdə üz sinirinin iflici spontan olaraq bir neçə həftə və ya ay ərzində aradan qalxmış olur”.
DİQQƏT!
Həkim terapevt Nərminə Abbasova böyrək xəstəliklərindən əziyyət çəkənləri müalicə olunmaları üçün MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Burada sizi mütəxəsislər qarşılayacaqlar.
Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.
PƏRİ
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"