Vətən üçün yaşanan ömür
Dövlət xadimi, general Məhəmməd Əsədovun işıqlı xatirəsinə...
BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/
Tanıdığın, xarakterinə bələd olduğun tarixi şəxsiyyətlərin yaşadığı illərin mahiyyətini dərk edəndə, onları düşüncələrinə köçürəndə bir daha əmin olursan ki, ən duru ömür Vətən üçün yaşanan ömürdür, dəyərli ömürün göyqurşağı Vətən sevgisidir. Cavanlığımda bir şeir yazmışdım: Səni sevənləri sevmişəm, Vətən! Sonralar bu şeirin bu misrası mənim ömrümün şeirləşmiş andına döndü. İlləri dövlətə sədaqətin, xalqa məhəbbətin işığında yaşadım. Tanıdığım tarixi şəxsiyyət-lərin ömür yolunun seyrçisi ola-ola, bu ömürlərdən öyrənə-öyrənə yaşadım. Belə ömürlərdən biri də general-mayor Məhəmməd Nəbi oğlu Əsədovun ömrü olub. Bu dəyərli, bu örnək ömürdən yaşımın bu vaxtında da öyrənirəm...
...Zəngilanda Baharlılara Bəsitçayın axışı bir hekayət idi. Bu hekayətin coşqusu da, hərdən sahilə sarılması da, hərdən sahili aşması da, duyğulularla səssiz-sözsüz pıçıldaşması da hekayət idi. Bu hekayətlər Məhəmmədin gecələrinin yuxusuna, gündüzlərinin düşüncələrinə hopurdu. Baharlıdan Böyük dünyaya aparan yolu Bəsitçayın mehri uğurlayanda da gözəl niyyətlər də, müqəddəs niyyətlər də bu düşüncələrə sarılmışdı: Bu yolun sonunda işıq vardı və Məhəmmədin ürəyindən keçən bu işıq yolun uğuruna dönmüşdü...
Bakıda statistika texnikumunu bitirəndə də, Zəngilanda işləyəndə də bir niyyətin cəfakeşi olub: Xalq üçün, dövlətçilik üçün yaşamalı! Bu niyyət atası Nəbi kişinin öyüd-nəsihətlərinin davamı idi...
Hərbi xidmətdən qayıtdıqdan sonra Sumqayıtda tikintidə işlədi; zamanında əməyə alışmışdı, böyüklərindən eşitmişdi: Zəhmət ən böyük müəllimdir. Ən böyük müəllim olan zəhmət zəhmətdən çəkinməyənlərin aylarının-illərinin nazını da çəkir; zəhmət işığa dönür, qədirbilənlərin diqqətini çəkir. Az sonra tikintidə iqtisadçı, sonra plan-iqtisad şöbəsinin müdiri oldu. Atasının öyüd-nəsihətlərini unutmamışdı, unutmurdu, unutmayacaqdı: Təhsil başucalığıdır, oğul. Təhsilli adam söz yiyəsi olur. Çalış söz yiyəsi ol. Məhəmməd Nəbi oğlu ali təhsil almağı qərara almışdı. Qərar düşüncələrin nəticəsidir, düşüncələr sabahlar üçündürsə, daha dönməz olur. Məhəmməd Nəbi oğlu Xalq Təsərrüfatı İnstitutunu bitirdi.
Xeyirxahlıq və məsuliyyət kəlmələri arasında ilk baxışda uyğunluq hiss olunmur. Ancaq bir atalar sözünə söykənəndə hiss edirsən ki, bu kəlmələrin mahiyyətləri eyniləşir: Sən balığı at dəryaya, balıq bilməsə, xaliq biləcək. Məsuliyyət də belədir, məsuliyyətli ol, günün birində məsuliyyətin ən etibarlı zəmanətin olacaq. Dürüst ömür məsuliyyətin cığırdaşıdır. Məhəmməd Əsədov ad-soyadlı bir kadrla ciddi maraqlandılar. Dövrün bütün öyrənilmə mərhələləri onun kimliyinin etibarlılıq sənədi oldu. Bu sənədə istinadən Məhəmməd Nəbi oğlu Əsədov Sumqayıt Şəhər Partiya Komitəsində təlimatçı, sonra sənaye və təşkilat şöbələrinin müdiri vəzifəsində işlədi. Sözün əsl mənasında işlədi. Ad-soyadının heysiyyətinə layiq səviyyədə işlədi, bu günləri sabahlar üçün yaşayaraq işlədi, sabahlarda yaşamaq üçün işlədi. 1964-cü ildən 1978-ci ilə kimi...
Partiya işinin təşkilini yaxşı bilirdi Məhəmməd Əsədov. Dərin təfəkkürü, fakt və hadisələr arasında analogiyaları seçmək, ayırd etmək qabiliyyəti bütün zamanlarda (və bütün məqamlarda) idrakın təntənəsi olub; fəaliyyətin rəvanlığı, gerçəkliyi, gərəkliyi məhz bu amillə tənzimlənib. Məhəmməd Əsədovun bu qabiliyyətinə Mərkəzi Komitədə yaxşı bələd idilər. Bu bələdlik məqamında gərəkli təyinatla tamamlanacaqdı, şübhəsiz. Məsuliyyətə söykənən fəaliyyət, fəaliyyətin məzmunun daxili nəzarətçisi olan səbir ehtimalı uğurun başlanğıcıdır. Bu həyat tezisinə Məhəmməd Nəbi oğlu da yaxşı bələd idi (əzizlərinə də, əzizlədiklərinə də deyərdi ki, vaxtından əvvəl açmağa meyilli çiçəkləri don vurur. Az qala, atalar sözü qüdrətində bir kəlamdır, zənnimcə...). 1978-ci ildə Məhəmməd Əsədov Ağsu Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsinə irəli çəkildi. Etimada görə, daha genişmiqyaslı fəaliyyəti olacağına görə həmin günü ömürlüyünün aydını bildi...
İki il... Bir ömürün istər rayon əhalisinin, istərsə də Mərkəzi Komitənin rəhbərliyinin ehtiramı ilə əhatələnən iki ili...
Digər sahələr öz yerində, xüsusi xidmət orqanları özünəməxsusluğuyla səciyyəvidir. Bu orqanlara yüksək intellektliləri, sağlam düşüncəliləri, dövlətçilik cəfakeşlərini, sözün bütün çalarlarını bilənləri, sözü öz məqamında işlədənləri, məqamında danışanları, məqamında susmağı bacaranları, ...seçirlər. Bu seçim dövlətin dövlətçiliyinə sipər səviyyəsində seçim olub həmişə. Sumqayıt Şəhər Partiya Komitəsində işləyəndəmi, Ağsu Rayon İcraiyyə Komitəsinin sədri olandamı xüsusi xidmət orqanlarına gərəkli kadr kimi diqqəti çəkmişdi, bilinməz. 1980-ci ildə Məhəmməd Əsədov DTK-nın Moskvadakı F.Dzerjinski adına Akademiyasında iki illik ali kursa göndərildi; cəmi bir yer və həmin yerə alternativsiz namizəd olmuşdu Məhəmməd Nəbi oğlu. 42 ildən sonra bu haqda düşünəndə ürəyim qürurla silələnir. Minlərdən biri kimi sonralar tanıyacağım bir insanın tanışlığa qədərki illərinin haləsi kimi yaşamışdım bu qərarın etimadını.
Nəbi kişinin oğlu Məhəmmədin timsalında Baharlıların, Baharlıların timsalında zəngilanlıların qüruru könül xoşluğuyla yaşanılmışdı.
Yeniyetməliyimdən belə faktlar düşüncələrimi həmişə dövlətçiliyə sədaqət baxımından tərpədib. Haqqında eşitdiyim, həm də həmişə qürurla deyilən kəlmələr bir həmyerlimizin DTK-nın ali kurslarına gödərilməsi mənim də ürəyimi dağa dödərmişdi. Onda dost-tanışla söhbətlərdə "Mərkəzi Komitənin bu qərarı ilə Zəngilanın adı tarixə düşəcək..." demişdim. Mən də bilirdim ki, böyük perspektivləri olmayan kadrı bu Akademiyaya göndərməzdilər...
1982-ci ildə Məhəmməd Əsədov ali kursu qırmızı diplomla bitirdi, Bakıya qayıtdı. Polkovnik-leytenant rütbəsi verilməklə DTK mərkəzi aparatında əks-kəşfiyyat şöbəsi rəisinin müavini vəzifəsinə təyin edildi. Polkovnik-leytenant Məhəmməd Əsədov bu vəzifədə 8 ay xidmət etdi.
Ötən əsrin əvvəllərində Sara atası Hacı Zeynalabdin Tağıyevə deyir ki, bu fabrik bizimdir, bu binalar bizimdir, filan, filan müəssisələr bizimdir. Müdrik Hacı Zeynalabdin deyir ki, qızım, onlar yox, zəmanə bizimdir...
O illər Kommunist Partiyasının zəmanəsiydi. Bacarıqlı kadrları partiya işinə gətiridilər. Nüfuz belə təyinatlarla müəyyənləşirdi.
Məhəmməd Əsədov Jdanov (indiki Beyləqan) Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Geniş quruculuq işləri ilə beyləqanlıların dərin hörmətini qazanan dönməz vətənpərvər Məhəmməd Əsədov 1986-cı ildə Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri vəzifəsinə irəli çəkildi. Bu təyinat ölkədə hüquq mühafizə orqanlarının fəaliyyətini tənzimləməklə yanaşı, həmin dövrdə baş qaldıran ermənliyin məkrli fəaliyyətinə qarşı mübarizəni xeyli gücləndirdi...
Uzun müddət DTK-da xidmət etmiş Bəxtiyar Süleymanlı general-mayor Məhəmməd Əsədovu xatırlayanda ən gözəl epitetlərlə xatırlayırdı. Onun vətənpərvərliyinin də, Baharlıya, Zəngilana, Azərbaycana sevgisinin də dönməzliyini tezisləşdirməyi həmişə gərəkli hesab edirdi. "Əbədiyaşarlar" kitabında onun dosta sevgisindən, vəzifə məsuliyyətindən, dövlətçiliyə sədaqətindən sevgilərlə söz açır, onu mehriban insan olaraq xatırlayır.
DTK-nın Akademiyasında kursda olarkən kurs yoldaşlarının əksəriyyəti onun xarakterinin cazibəsindəydi; Azərbaycanda ezamiyyətdə olanda DTK əməkdaşı R.Roqovun dedikləri könül xoşluğudur, həm də xalqın adına bağlı könül xoşluğu: "...Son iki ildə Məhəmməd Əsədovla təmasda ol-mağımız, onun səmimiliyi və mərdliyi xalqınız barədə bilgilərimizi daha da artırdı". Xoş kəlmələr xoş ovqat deməkdir. O illərdə də, ondan sonra da ömür payını xalqı üçün yaşayıb Məhəmməd Nəbi oğlu. Xalqını sevib, dövlətini sevib, dövlətçiliyini sevib, Azərbaycanı sevib...
Sonralar Ağdaş və Quba Rayon Partiya komitələrinin birinci katibi vəzifələrinə seçilib. O illərdə xalqın adamı olmaq çətin idi: həm partiyanın tələbləri, ideologiyası, həm xalqın is-təyi, adət-ənənələri. Bunların dürüst yönəldicisi olmaq asan deyildi. Xalqı duymaq, xalqı inandırmaq, xalqın etimadını qazanmaq, həm də Mərkəzi Komitəni inandırmaq. Mərkəzi Komitənin etimadıını qazanmaq da özlüyündə rayonun camaatına "gün ağlamaq" idi. Məhəmməd Əsədov bunları bacardı. Nə "yuxarı" narazı qalırdı, nə də camaat. İllər belə keçirdi. Ömürdən keçən illər bu rayonların camaatının könlünü pərişan eləmirdi, könül xoşluğuna dönürdü...
1990-cı ilin yanvarında imperiya Bakıda, iri şəhərlərdə qırğınlar törətmişdi. Xalqın milli-azadlıq hərəkatı imperiyanın dayaqlarını silkələyirdi. Xalq həm bu qırğınlara görə, həm də Ermənistana arxa durduğuna görə Mərkəzi suçlayır, belə bir dövlətin əyaləti olmaqdan qətiyyətlə imtina edirdi. Müstəqillik mübarizəsi kükrəyirdi...
May ayının 23-də Məhəmməd Əsədov Azərbaycan SSR Daxili İşlər naziri təyin edildi. Vətən sevgisi, öz xalqına sonsuz sədaqəti və ümummilli mənafelərə çəkinmədən xidmət etməsi Mərkəzin və sapı özümüzdən olan baltaların xoşuna gəlmir, ona ali daxili xidmət rütbəsinin verilməsi hər vəchlə ləngidilirdi. Nəhayət, 1990-cı il noyabr ayının 5-də ona daxili xidmət general-mayoru rütbəsi verildi.
O illərdə yaratdığı Xüsusi Təyinatlı Milis Dəstəsi (XTMD) torpaqlarımızın müdafiəsində olduqca gərəkli qurum oldu. Ermənilər bu qurumun fəaliyyətindən çox ciddi şəkildə çəkinirdi...
1991-ci ilin noybrında ölkə başçısının sərəncamı ilə general-mayor Məhəmməd Əsədov Dövlət müşaviri vəzifəsinə təyin edildi. Müstəqil dövlətin Dövlət müşaviri Məhəmməd Əsədov dövlətə sədaqəti ilə bu vəzifədə də məsuliyyətlə işləyirdi. Müstəqil Azərbaycanın dövlət maraqlarının cəfakeşlərindəniydi. Genaral rütbəsində, Dövlət müşaviri vəzifəsində dövlətçilik əsgəri idi...
Xocavənd rayonunun Qarakənd kəndi. Ermənilər həmin gün daha bir dünyəvi cinayət etdi. Bağanıs Ayrım faciəsi, Qaradağlı faciəsi, Meşəli faciəsi, Ağdaban faciəsi, Xocalı faciəsi, ...ermənilərin Qarakənd kəndinin səmasında törətdiyi faciə dünyanın düşüncələrini silkələməliydi. Ermənistan sərnişinləri Azərbaycanın yüksək vəzifəliləri, Millət vəkilləri və xarici qonaqlar olan helikopterini vurdu. Bilərək vurdu. Sərnişinlərin kim olduğunu bildiyi üçün vurdu. Tofiq İsmayılov, İsmət Qayıbov, Məhəmməd Əsədov, Osman Mirzəyev, Vəli Məmmədov, Vaqif Cəfərov, Zülfü Hacıyev, Salyau Serikov (Qazaxıstan Respublikası Daxili İşlər Nazirinin müavini), ...həlak oldular. Bu, şəhidlikdir...
General-mayor Məhəmməd Əsədov şəhid oldu...
Bu müəmmalı helikopter qəzası ilə 20 yanvar faciəsi, Xocalı faciəsi arasında məntiqi bağlılıq görənlərin sırasında mən də varam. Görəsən, həmin vaxtlarda daxili işlər naziri, general-mayor Məhəmməd Əsədov olsaydı, cinayətin açılması istiqamətində nə kimi gərəkli işlər görülərdi? Ermənilər OMON-dan (XTMD-dən) çəkinib bəlkə də belə bir cinayətə cəsarət etməzdilər...
...İllər ötür, illər keçir. Xalq üçün, Vətən üçün yaşayanlar unudulmur. 30 il əvvəlin Qara-kənd faciəsi də, bu faciədə digər şəhid olanlardan biri kimi general-mayor Məhəmməd Əsədov da unudulmur. Unudulmayacaqlar...
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"