“Bu hərəkətlərlə heç də dövlətə xidmət etmiş olmurlar”
Ələsgər Məmmədli: “Bu məsələdə qurumlar nizama dəvət olunmalıdır”
“Noyabrın sonunda baş verən helikopter qəzası zamanı şəhid olan 14 zabitin dəfn günü keçirilən etiraz aksiyası ilə bağlı baş verən olaylarda ortaya atılan şübhəli ehtimallar yanlış dəyərləndirmədir”.
Versus.Az xəbər verir ki, bunu hüquqşünas Ələsgər Məmmədli həmin gün ardıcıl baş verən hadisələrdə hər hansı cinayət izlərinin olmasına hüququ qiymət verərkən bildirib.
Ə.Məmmədli ilk olaraq qeyd edib ki, aksiyaçıların azadlıq tələb etdiyi Sadiq Rüstəmli artıq 30 gündür aclıq aksiyası keçirir. Aksiya helikopter qəzasından əvvəl təyin olunmuşdu və bu barədə icra hakimiyyətinə müraciət edilmişdi. “Qəza baş verdi və bunun ardınca düşünülmüş şəkildə belə bir təxribatçı aksiya oldu”- demək yanlış təhlildir”.
Bununla yanaşı Ə.Məmmədli hesab edir ki, eləcə də helikopterin qəzaya düşməsində düşünülmüş təxribatlar axtarmaq doğru deyil:
“Bu adi bir qəzadır. Rusiya istehsalı olan bu helikopterlərin tez-tez eniş əsnasında parçalanmasını göstərən xeyli videolar var. Onu yeni istehsal kimi təqdim etsək belə, əslində istehsal tarixi köhnə, artıq istehsal olunmayan katiqoriyadandır. Lakin bu hadisələrin bir-birinə yaxın, eyni vaxtda baş verməsini bir ssenarinin tərkib hissəsi kimi qiymətləndirmək doğru deyil”.
Hüquqşünas hesab edir ki, bu cür aksiyalara ehtiyac qalmadan zəruri tədbirlər görülməlidir. Bildirdi ki, Azərbaycanın çox sayda ziyalısı bundan öncə prezidentə, hökumətə müraciət edərək, bu məsələnin müsbət həllini istəyib:
“Yaxşı olardı ki, hökumətdən buna bir reaksiya olsun. Bu, cəmiyyətin daha da uzlaşması, milli birlik baxımından daha yaxşı olar. Məsələn, Tofuq Yaqublunun tutlandan sonra xəsarət almasının arxasında təxribatın olduğu deyilir. Amma əminəm ki, bu hadisə hansısa özünü bilməz bir polisin “kraldan çox kralçı” olmaq düşüncəsi ilə baş verib. Baş vermiş hadisələrdə xüsusi planlaşdırılmış təxribatların, zorakılığın olmasını axtarmaq obyektiv deyil. Əlbəttə üst-üstə düşən bir şeylər var ki, yanlış yanaşmalara səbəb olur. Bu da rəsmi qurumların informasiyada gecikməsi ilə üzə çıxır. Bu, helikopter qəzası üçün də keçərlidir. Məsələn, biz hadisə barədə başqa ölkələr bizə başsağlığı verəndə öyrəndik. Halbu ki DSX rəisi çıxıb dərhal brifinq keçirib “qəza baş verib, 14 şəhid verdik” desəydi, əlavə ehtimallara şans verməzdi. Təbiidir ki, idarəetmədə boşluqlar bu cür sikulyativ iddiaların ortaya çıxmasına şərait yaradır”.
Ə.Məmmədli bildirib ki, hüquqi baxımdan bizim sığınacağımız yer Konstitusiyadır və Konstitusiyaya görə dövlət hər bir vətəndaşının təhlükəsizliyi üçün məsuliyyət daşıyır:
“Eyni zamanda CM-nin 293 maddəsinə görə hər hansı bir vəzifəli şəxs tutulan şəxsə hansısa formada qeyri-insani davranış sərgiləyib döyərsə, işgəncə verərsə, maksimun 1 ilə qədər həbs olunur. Ona görə də prokurorluq araşdırmalıdır. Soruşulmalıdır ki, siz bi adamın qolundan tutub getdiniz, sonra bunun üzünü niyə bu günə qoydunuz, sizə bu səlahiyyəti kim verib. Yaxud, adam qanunsuz aksiyaya çıxıbsa, tutun inzibati həbs edin, sizə kim ixtiyar verib ki, aparıb adamı döyəsiz. Hətta düşmən əsgərinə də işgəncə vermək insanlıq əleyhinə günahdır və bu, 113-cü maddədə yer alır. Bu məsələdə qurumlar nizama dəvət olunmalıdır. Onlar bu hərəkətlərlə heç də dövlətə xidmət etmiş olmurlar. Əksinə, dövlətin nüfuzunun itməsinə aparıb çıxarırlar”.
LƏMAN
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"