“Nə istəyirsiz, nəyin dərdini çəkirsiz? – MÜSAHİBƏ
Novella Cəfəroğlu: “Bu, erməninin əlinə bayraq verməkdir”
Noyabrın 30-da Mİ-17 helikopterin qəzaya düşməsi nəticəsində 14 zabitimizin şəhid olması kədərini yaşayan Azərbaycan ictimaiyyəti, həmin gün düz mərkəzi küçələrdən birində keçirilən etiraz aksiyasında baş verənləri heç də xoş qarşılamadı. Nə baş verdi, ölkə ictimaiyyəti arasında qarşıqlıq yaratmaq kimin marağında idi və sair suallar ortaya çıxdı. Ümumiyyətlə, belə həssas bir dönəmdə keçirilən məlum aksiya və bir insanın üzərində nümayiş olunan zorakılıq hansı “əməyin bəhrəsi” idi?
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən hüquq müdafiəçisi Novella Cəfəroğlu maraqlı nüanslara diqət çəkib.
- Novella xanım, noyabrın 30-da Mi-17 helikopterin qəzaya düşdüyü ərəfədə şəhərdə aksiya oldu və orda silahdaşınız Tofiq Yaqublunun xəsarət alması bir başqa ajiotaj yaratdı. Bir hüquq müdafiəçisi kimi bu məsələ ilə bağlı nəyi müşahidə edə bildiniz?
- Tofiq Yaqublu qazi olub, biz bir partiyanın üzvüyük. Biz Tofiq Yaqublunun işi ilə bağlı nazir Vilayət Eyvazovla görüşmüşük. Nazir deyir ki, aksiyada zorakılıq olmayıb. Amma tutulan zaman istənilmədən zərbə alma ehtimalını istisna etməyib. Nazir dedi ki, iş prokurorluğa verilib, nazirlik də özü daxili araşdırmalarını aparır. Orda bildirildi ki, Tofiq Yaqublu polis idarəsindən çıxanda onun üzərində heç bir xəsarət izləri olmayıb. Bunu təsdiq edən videomaterialları və şəkilləri də bizə göstərdilər. Təbii ki, araşdırmalar olacaq və hərkəs öz fikrini deyəcək.
Bütün hallarda Tofiqin o vəziyyətə düşməsi hesab edirəm ki, çox mənfi haldır. Əgər onu polis döyübsə, bu yolverilmızdir. Onu da deyim ki, aksiyada iştirak edən polislərin özləri də qazidir.
- Tofiq Yaqubludan soruşdunuzmu nə baş verdi, belə halların baş verməsi doğru idimi? Vəziyyəti necə dəyərləndirirsiz?
- Axı Tofiq özü də elə adam deyil. Onun uşaqlarla çıxıb Sadiqə azadlıq istəməsi də başa düşülmür. Yaxşı, indiyə qədər niyə bu aksiyanı keçirmirdilər. Niyə məhz həmin gün, niyə məhz 14 şəhid verdiyimiz gün... O aksiyada Salehin müdafiəsini yox, elə deyərdilər ki, niyə matəm elan olunmur.
Biz hüquq müdafiəçiləri gedib Salehlə görüşmüşük, halını soruşmuşuq. Çalışırıq onu ordan çıxardaq. Hətta deputatlar da, məsələn Zahid Oruc çıxış elədi ki, bu adam qazidir niyə bunu amnistiyaya salmırsız. Belə ciddi proseslər getdiyi bir vaxtda sizin çıxıb belə bir aksiya keçirməyiniz nə vacib idi? Axı onun azad olunması üçün hüquq müdafiəçiləri, deputatlar da məsələ qaldırıb. Siz bilirdiz ki, biz onun işindən ötrü müraciət etmişik. Bilirsiz ki, hamımız onun haqqında prezidentə məktub yazmışıq. Bütün hüquq müdafiəçiləri də buna imza atıb. Mən aksiyaçıların bu yersiz addımını başa düşə bilmirəm.
Axı biz hələ müharibə şəraitindəyik. İstəsək də, istəməsək də hər gün cəbhə bölgəsidə kimsə ölür. Hər gün ermənilərlə təmas zonalarında kimsə şəhid olur. Bu gün bütün dünyada erməni lobbisi bizə qarşı qalxıb. Öz torpaqlarımızı bizə qaytarmaq istəmirlər. Belə bir zamanda belə bir aksia keçirmək və Tofiqin belə döyülməsi yolverilməz idi. Bu aksiyanın keçirilməsi də, Tofiqin döyülməsi də təxribatdır. Sonra bunu çıxardıb dünyaya göstərəcəklər ki, Azərbaycanda belə bir hadisə baş verib. Bu, erməninin əlinə bayraq verməkdir.
- Dediniz ki, nazir “döyülmə olmayıb” dedi və o, Tofiq bəy polis bölməsindən çıxanda da xəsarətləri olmayıb. Bəs o zaman xəsarətləri ona kim yetirdi?
- Biz onu həkimlərdən soruşduq. Deyir adamın başı bir yerə dəyəndə, göz şişmə 1 saatdan sonra da ola bilər. Başı arxadan harasa dəyə bilər, zərbə ala bilər və sonra gözü şişə bilər. Polislər deyirlər ki, döyməmişik. Biz onu da bilirik ki, bunlar döyülən adamı dünyasında buraxmırlar. 15 sutka saxlayırlar ki, zədələri sağalsın.
Ağır dönəmdə yaşayırıq və hələ bilmirik nə olacaq. Xarici güclərin Azərbaycanda təsirləri var. Millət bir yerdə olmalıdır.
Azərbaycanda dövlətçiliyi qorumalıyıq. Bizə hər yandan zərbə vurula bilər. Onlar hər şeydən istifadə edir. Belə çıxışlar, təxribatçı əməllər Azərbaycana yaraşmır. Xalqın yas içərisində olduğu, şəhidlərimizin dəfnlərinə hazırlığın getdiyi bir dönəmdə bu cür aksiyaların keçirilməsi lazım deyildi.
- Novella xanım, siz də, Tofiq Yaqublu da Müsavat Partiyasının üzvüsüz, necə hesab edirsiz, siyasi partiyalar belə bir gərgin zamanda hansı addımları atmalı idi?
- Tofiq Yaqublu Müsavat Partiyasının üzvüdür. Amma o, aksiyaya özünün şəxsi təşəbbüsü ilə gedib. Müsavat Partiyası o aksiyada iştirak eləmir. Tofiqin xətrini dünyalar qədər istəyirəm. Doğrudan da ləyaqətli insandır, bir qazi kimi də hörmətim var, amma bir balaca özünü qorumalıdır. Hər yerə gedib özünü qurban verməməlidir. Belə bir məqamlarda mən başa düşə bilmirəm ki, niyə bu addımları atır.
Mən bilirəm ki, müharibə zamanı bütün partiyalar Ali Baş Komandanın, ordunun, xalqın yanında idi. İndi də bizə o birlik lazımdır. Dəhliz açılsın, regionda öz sözümüzü deyək, özümüzü toparlayaq. Baxın görün müharibədən sonra nə qədər şəhidimiz var, nə qədər qazimiz var. Biz bunların dərdini çəkməliyik. Bu gün vertolyot qəzasında 14 zabitimiz bir gündə şəhid oldu, ona ağlamaq lazımdır. Niyə o qəza baş verdi, onu araşdırmaq lazımdır. Yəni bütün bunların hamısı Azərbaycanın dərdidir, bizim dərdimizdir. Bu gün çıxıb mitinqlərdə söyüş söymək, səs-küy salmaq kimə xeyir verəcək? Hər kəs bilsin ki, elə həmin o aksiyada asayişi qorumağa təhkim olunan o polislərin hamısı müharibədə iştirak edən uşaqlardır.
DİN-ə gedəndə bizə bir dənə video göstərdilər. Həmin aksiyada iştirak edən cavan uşaqlar o polislərin üzünə nələr deyib, onları necə təhqir edirdilər. Qanunla bunlara əmr veriblər ki, asayasi qorusunlar. Axı niyə belə hərəkət edirsiz.
Ümumən bütün dünyada aksiyalar olur və aksiyalar hökumət tərəfindən dağıdılır. Bütün dünyada - Avropadan tutmuş Amerikaya qədər mitinqləri su ilə, dubinka ilə dağıdırlar. Amma biz videomaterillara baxdıq, o aksiyada bir polisin də əlində dubinka yox idi.
- Necə hesab edirsiz, dediyiniz o gənc uşaqları aksiyaya çıxaran kim idi. Məlumdur ki, müxalifətçi həmkarlarınızın çoxu onlara haqq qazandırır?
- Bax elə onu araşdırmaq lazımdır. O cavanları kim idarə eliyib. O cavanlara dövlətçilik, millətçilik, türkçülük öyrətmək lazımdır ki, vətəni necə sevmək lazım olduğunu bilsinlər. Mən də sosial şəbəkədə bu barədə yazanda məni söydülər. O insanlar ki, türmədən çıxartmışam, elə onlar məni söydülər. Eybi yox, söysünlər, bunlar mənə təsir edə bilməz.
Məni iqtidarın adamı, DTX-nin agenti adlandırdılar. Mənim 80 yaşım var. Nə müxalifətə baş əyməmişəm, nə iqtidara. Mən həmişə öz sözüü demişəm. Mənim heç kəsdən asılacağım yoxdur. Mən dövlətin, millətin tərəfindəyəm. Ailəm, oğullarım İsraildə, yüksək vəzifələrdə, professordurlar. Mən isə 30 ildir ona görə Azərbaycandayam ki, bu dövləti, milləti çox sevirəm. Mən kimdən qorxmalıyam. Məni o narahat edir ki, niyə bu gün ermənilər bayraq tutub desinlər ki, Azərbaycanda adam döyürlər. Bunu deyəndə söyürlər məni. O qədər söyüş yazıblar ki...
- Xaricdə bir sıra müxalif bloggerlər, eləcə də daxildə AXCP, Müsavat, Milli Şura üzvləri müharibədən sonrakı addımlarda ittihamdolu münasibət sərgilədi. QHT, siyasi partiya üzvü olaraq buna münasibətiniz nə oldu?
- Başa düşmürlər ki, 200 ildir Azərbaycan bir dəfə də olsun torpağını geri almamışdı. Amma biz bunu etdik, prezident bunu etdi. Bu ordunu quran kimdir, prezidentdir də. Və bizim oğlanlar torpağı alıb. Şəhid olan oğulların ailələrinin qarşısında baş əyirəm, qurban olum bizim qazilərə, torpağı bizə qaytarıblar. Bunun eyforiyasından istifadə eliyin ki, bu qələbəni saxlayaq. Bu müharibədə məni o ruhlandırdı ki, talışı, rusu, ləzgisi, türkü, yəhudisi - hamısı bir yerdə torpağı qorudular.
Mən heç bir tərəfdə qarşıdurma olmasını istəmirəm. O qüvvələrlə danışmaq lazımdır. Soruşmaq lazımdır ki, sizə nə lazımdır. Nə istəyirdiz, nəyin dərdini çəkirsiz. Sizin bu çıxışlarınız nədir. Düzdür, hökumət də addım atmalıdır. Sadiq ləyaqətli insandır, qapısını açın buraxın. Siyasi məhbusları buraxın. Bizdə 37, başqalarında 100 -150 nəfər siyahı var. Hökumət də bu müxalifətin əlinə fürsət verməməlidir. İki tərəflə də danışmaq lazımdır. Sabitliyi qorumaq üçün bir-birimizə tərəf addım atmalıyıq.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"