“İslamın elə bir geyim forması yoxdur və…”
Elşad Miri: “Azərbaycanın islam dini adına heç bir geyim tərzi olmamalıdır”
“Dindar və yaxud din xadimlərinin geyim forması necə olmalıdır” -məsələsi bu günün aktual mövzusu olaraq cəmiyyətin müəyyən kəsimində müzakirələr yaradır. Bir sıra ekspertlər hesab edirlər ki, dindarların geyimi dinin bir peşə halında özünü təzahür etməsinin göstəricilərindən biri kimi ortaya atılır.
Araşdırmalara əsasən yer üzündə 7 milyard 68 milyon 607 min 554 insandan 1 milyard 757 milyon 292 min 623-ü müsəlmandır. Faiz hesablamalarına əsasən, praktiki olaraq planetdə yaşayan hər dörd insandan biri müsəlmandır. İslam dininə sitaiş edənləri bir çox hallarda başqalarından fərqləndirən çox cüzi amillər olsa da, dindarlar, din xadimləri xüsusi geyim formaları ilə özünü xüsusilə fərqləndirir. Məsələnin mahiyyətinə varılarsa, problemin kökü çox-çox şaxəli və dərindir.
Bu da bəllidir ki, bütün cəmiyyətlərin dindarlarının öz millətinə aid öz uniformaları var. Belə bir sual yaranır: Dindarların uniforma geyinməsi hansı zərurətdən yaranıb və bu nə dərəcədə vacibdir. Yaxud, əgər Ərəbistan, Türkiyə, İran din xadimlərinin öz geyimləri, unuformaları varsa, Azərbaycan dindarlarının milli geyimləri niyə yoxdur. Niyə Azərbaycanda dindarlarımızın yarısı Türkiyə, yarısı İran, yarısı ərəb kimi geyinir. Bu problem hardan qaynaqlanır və yaxud vahid milli dini geyimin tətbiqinə nə mane olur. Ümumiyyətlə, İslamda milli geyim axtarmaq özü nə dərəcədə düzdür.
Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən dinşünas Elşad Miri maraqlı məqamlara diqqət şəkib.
E.Miri hesab edir ki, əslində islamda hər hansı xüsusi bir geyim forması yoxdur. Onun fikrincə, geyim zamanla dəyişdiyi üçün İslam dini ilə bağlı formalaşan və bu günə qədər gətirilib çıxarılmış geyimlər də dəyişməli idi:
“Deyək ki, peyğəmbərimiz peyğəmbər olmamış nə geyinirdisə, peyğəmbər olandan sonra da həmin geyimini, paltarını dəyişmədi. Sadəcə olaraq düşüncələrini, fikirlərini dəyişdi. Məsələn, bu gün insanlarımız, bizim özümüz keçmişdə olan mental adət-ənənələrimizə uyğun olaraq geyinirik? Din insanlıq, yaşam tərzidir. Qurana baxdığımız zaman da biz bunun əksini görə bilmərik. Bu gün o cür geyinən mollalar elə fikirləşirlər ki, bu, islami geyimdir. Amma yadlarına salsınlar ki, peyğəmbərin dövründə Ona zülm verənlər də eyni formada geyinirdilər. Peyğəmbərin geymi o dövrdə başqalarından heç nə ilə fərqlənməyib”.
E.Miri qeyd edib ki, bu gün “din xadimi” anlayışı xristianlıqdan götürülərək peşə halına gətirilib. Onun sözlərinə görə, sonradan da belə bir geyim forması tətbiq edilib və o cür də davam elətdiriblər:
“Məsələn, yəhudlilər ibadət əsnasında üzərilərinə şal atmağa məcbur olurlar. Bununla bağlı tövratda müəyyən müddəlar var, onlara riayət edirlər. Xristianlar özlərini yəhudilərdən fərqləndirməkdən ötrü müxtəlif geyim, rəng formaları müəyyənləşdirdilər. O da məzhəblərə görə dəyişən bir məsələdir. Amma bu, islamda heç bir zaman olmayıb. Sadəcə sonradan müsəlmanlar “din xadimliyi” peşəsini formalaşdırdıqları üçün mövcud olan geyim formasını uyğunlaşdırdılar, bu gün də insanlara təqdim edirlər”.
Daim “Azərbaycanda İslam modeli yaranmalıdır”- deyən E.Miri həmin model yaranarkən ehtimal edilən “milli islam dini geyim tərzi”nin də ora daxil olması ilə bağlı mülahizələri rədd etdi:
“Hesab edirəm ki, Azərbaycanın islam dini adına heç bir geyim tərzi olmamalıdır. Məsələn, bu gün xristianlığın özündə müxtəlif protestant məktəbləri var. Həmin məktəblərin özündə həmin geyim, xüsusi forma məsələsinə etiraz edirlər. Onlar da bunun doğru olmadığını ifadə eliyirlər. Azərbaycan islam modelində də hər hansı bir din xadiminin xüsusi geyim məsələsi olmamaldır. Həmin o din adamını dindar olmayanlar və yaxud dindar olmayanlardan fərqləndirici bir xüsusiyyət ola bilməz. Çünki din - insanın yaşamı ilə əlaqədar olan bir məsələdir. Əgər bir insanın əlindən, dilindən başqasına zərər gəlmirsə, əksinə faydalı olursa, o, islama xidmət edən adamdır. Yəni din bu keyfiyyətlərlə bağlı olan məsələdir. Yoxsa, hər hansı bir formanı geyinmək, iranlıların din adamlarının geyim formasını, Türkiyənin, ərəblərin dini geyim tərzini Azərbaycana gətirmək bizim islam modelinə heç nə verməyəcək”.
E.Miri Azərbaycanda müxtəlif islam ölkələrinin geyim formalarının istifadə olunması probleminin bu insanların digərlərindən fərqləndirilməsi ilə bağlı önə çıxdığını deyib:
“Bu, özünü fərqli bir peşənin nümayəndəsi kimi görməkdir. Və yaxud müxtəlif təhlükəsizlik qurumlarında olan uniformalar kimi bunlar da dinin uniformasını formalaşdırmağa çalışır. Yoxsa, İslamın elə bir geyim forması yoxdur və heç bir zaman olmayıb. Bu gün ərəblərin geyiminə baxın, öz milli geyimllərini indi də davam elətdirirlər. Lakin hesab edirəm ki, din adı altında insanları bir-birindən fərqləndirən geyim formaları olmamalıdır”. /hafta.az/
T.Qafarlı
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"