“Şəhid qapısını yüksəliş, şəkil çəkdirmək xatirinə açmaq lazım deyil”

14:00 16-12-2021 | icon 556 | Cəmiyyət
“Şəhid qapısını yüksəliş, şəkil çəkdirmək xatirinə açmaq lazım deyil”

Sevinc Alızadə: “Günahımızı boynumuza alaq və çalışıb bu insanları az incidək”

 

“44 günlük vətən müharibəsindən keçən bir il yaralarımızı sağalda bildimi” sualı Azərbaycan gündəminin əsas müzakirə mövzusu olaraq özünün aktuallığını qoruyur. Belə hesab edilir ki, müharibənin insanlara, torpağa, təbiətə vurduğu ziyanlar bütün anlamlarda özünün həllini tapmayana qədər aktual olaraq qalacaq. Müharibədə qazanılan zəfərimizə özünün canı, qanı, sağlamlığı ilə qoşulan o insanlar isə daim diqqətdə saxlanılır və mövcud problemlərin üstünə gedilir. Bu gün əlil və qazilərimizdən, onlara göstərilən qayğı və problemlərdən söz açacağıq.

 

Versus.Az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə müsahibəsində maraqlı və narahatlıq dolu nüanslara diqqət çəkib.

 

- Sevinc xanım, müharibədən ötən bir il ərzində qazi və şəhid ailələrinə sərgilənən sosial-ictimai siyasi münasibətlərdə diqqət çəkən məqamlar nə ilə bağlıdır və bu istiqamətdə rastlaşdığımız problemləri nə dərəcədə geridə qoya bilmişik?

 

- Vətən Müharibəsinin bir ilini tamamladıq. Bu bir ili qələbə dolu yaşasaq da, böyük itkilərimiz, şəhidlərimiz, müharibədə ağır yaralanan qazilərimiz var. Mən YAŞAT Fondunun İctimai Şurasının üzvüyəm. Məlumdur ki, səhhəti ağır vəziyyətdə olan qazilərimizi həkimlərimizin tövsiyəsi ilə Türkiyədə müalicələrə cəlb ediblər. Hər bir qazinin müalicəsinin aparılmasına xüsusi diqqət ayrılıb... Ağır bir il keçdi. Həm yaralarımzı sarımağa çalışdıq, həm də 3000-nə yaxın şəhid ailəmizin sosial-məişət problemlərini həll etməyə çalışırıq. Onların bizdə əmanətləri var və biz o əmanətləri layiqiqncə saxlamaq üçün müəyyən layihələr həyata keçirdirik. Düşünürəm ki, bu gün şəhid ailələri üçün ağır problem onların ev təminatı ilə bağlıdır. Rayon və bölgələrdə yaşayan ailələrimizin demək olar ki, maddi-məişət vəziyyəti ürəkaçan deyil. YAŞAT Fondu olaraq şəhid ailələrinin evlərinin təmiri ilə bağlı müəyyən vəsait ayrıdıq. Amma həmin pul evin tam pərpası, şəraitin yaxşılaşdırılması üçün kifayət deyil. Gələn ildən şəhid ailələrinə fərdi evin tikintisi üçün prezident sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə vəsait ayrılıb. Ümid edirik ki, bu il həmin ailələr üçün evlər tikilər və onların məişət şəraiti yaxşılaşar.

Eyni zamanda, Bakı və Sumqayıt şəhərində yaşayan şəhid ailələrinin mənzil təminatı ilə bağlı proses sosial müdafiə nazirliyi tərəfindən həyata keçirildi. Deyə bilərəm ki, o istiqamətdə Bakı və Sumqayıtda vəziyyət stabildir. Vətən Müharibəsi qəhrəmanlarının mənzil təminatı ilə bağlı Prezident ayrıca bir sərəncam verdi. Bu yekunlaşmaq üzrə olsa da, hələ ki, bəzi problemlər qalır. Əsas problem şəhid ailələrində olan xəstə övladlarımıza göstərə biləcəyimiz dəstək, köməklə bağlıdır. O ailələrdə sağlamlığı bərpa olunmayan uşaqlarımız var. Əksəriyyəti şəhərdən kənarda yerləşən daimi reabilitasiya mərkəzinə gedib-gəlirlər. Daimi reablitasiya mərkəzlərinə gedən uşaqların ailələrinin şəhərdən kənarda mənzillərlə təmin olunması narazılıq yaradır. Biz o ailələrin reablitasiya mərkəzlərinə yaxın yerlərdə evlərlə təmin olunmasına çalışırıq. Hələ ki, buna nail ola bilməmişik. Çalışırıq sosial tərəfdaşlarla Azərbaycanın mənzil-tikinti koporativləri, şirkətləri ilə bu problemi çözək ki, məsələ həllini tapsın. Bu ailələr şəfqətə, mərhəmətə daha çox ehtiyacı olan ailələrdir. Onlar həm ailə başçısını itiriblər, həm də onların himayələrində xəstə övladları var. Mən ailə tanıyıram ki, vətən müharibəsi şəhidinin ailəsidir və 3 övladının daimi reablitasiyaya ehtiyacı var. O, hər gün şəhərə reablitasiya üçün gəlib gedə bilmir. Çalışmalıyıq ki, bir az da belə problemlərə fərdi yanaşaq. Bir şəhid ailəsinin, qazinin yükü təkcə dövlətin yükü deyil. Bu məsələ Azərbaycanda və xaricdə yaşayan fəaliyyət göstərən bütün iş adamlarının, şirkət sahiblərinin də problemi olmaldıır. Bu bütövlükdə cəmiyyətin yüküdür. Şəhidlərimiz vətən borcundan layiqincə, qanları, canları bahasına çıxdılar. Bizə isə onların əmanətlərinə layiqincə sahib çıxamaq düşür. Əminəm ki, bu problemləri çözə biləcəyik.

 

- Siz cəmiyyətin bütövlükdə bu işdə səfərbər olmasını qeyd etdiniz. Bəs İcra Hakimiyyətlərinin bu məsələdə sərgilədiyi yanaşma necədir, qazi və şəhid ailələrinin problemlərini YAŞAT Fonduna istiqamətləndirməklə həll olunurmu?

 

- Maraqlı bir tendensiya yaranıb. Bir qazi, şəhid ailəsi İcra Hakimiyyətlərinə müraciət edən kimi, onlar müraciətin səbəbinə baxmadan YAŞAT Fonduna yönləndirirlər. YAŞAT Fondu da özü bir xeyirxahlıq platformasıdır. İanələri qəbul edir, onları yönləndirir və açıq şəffaf hesabat irəli sürür. Amma YAŞAT Fondunun da səlahiyyətlərinə aid olan və olmayan məsələlər var. İcra Hakimiyyəti ərazisində olan qazisinin, şəhidinin sayını dəqiq bilir, probleminin nə olduğunu bilir. Onlar soruşan kimi bildirməlidir ki, bəli, bu ailədə bu problemlər var və aradan qaldırılması üçün hansı işləri görmüşük. Hər İcra Hakimiyyətində şəhid ailələri ilə bağlı şöbələr də yaradılıb. Biz gözləyirdik ki, o şöbələr bir qədər aktiv olacaq. Amma elə bil ki, onlar da məmur sifətinə yaxınlaşdılar. Yəni şəhid, qazi problemlərinə sənədlə tutulan plan, proqram şəklində baxıla bilməz. Bu işdə ürəklə can qoymalısan. Gücün nəyə çatır özün et, çatmayanlarla bağlı müraciətlərin olmaldır. Qeyd edim ki, yaxşı işləyən icra hakimiyyətləri də var və biz onlarla aktiv surətdə əməkdaşlıq edirik. Hərdən onların zənglərindən “yoruluruq” da. Sonra da deyirəm ki, yaxşı ki, maraqlanırlar. Eləsi də var ki, onlardan səs çıxmır. Sanki hər şey güllük-gülüstanlıqdır. Amma çalışmaq lazımdır ki, şəhid ailələrinin, qazilərin problemləri olmasın, çünki bunlar bizim dəyərlərimizdir.

 

- Son vaxtlar qazilərin problemləri ilə bağlı müraciət edilən icra nümayəndəliklərinin, hətta bəzi deputatların “biz dəstək veririk, daha nə etməliyik, pulu hardan alaq” kimi aqressiya ilə yanaşmaları müşahid olunur. Bu cür yanaşmaların əsasında nə dayanır və bunların aradan qaldırılması üçün nə edilməldir?

 

- Bizim cəmiyyətdə güvən problemi var. İnsanlar məmura güvənmir. Ona görə də hər hansı “qazinin, şəhid ailəsinin problemi var” deyəndə, çox vaxt ona adekvat cavab verilmir. Çünki ən böyük problem güvənsizlikdədir, çünki səmimi deyilik. Şəhid qapısını yüksəliş xatirinə, şəkil çəkdirmək xatirinə açmaq lazım deyil. Onun uşağının başını sığalayanda bunu da ürək yanğısı, sevgi ilə etməlisən. İki-üç nəfərlə o ailələrə gedib, onu da hesabat xatirinə edirsənsə, etməsən daha yaxşıdır. Orda çəkilən şəkillərin mahiyyətini biz bilməyə bilərik, amma evinə getdiyin insan sənin nə qədər səmimi olduğunu duyur axı. Sən vəziyyət sosiallaşandan sonra gedib qazinin qapısını döyüb onunla maraqlanmalı deyilsən. O problem sosiallaşmayana, mətbuata çıxmayana qədər sənin onun problemindən xəbərin olmalıdır. Özün edə biləcəyini etməlisən, tələb edə biləcəyini etməlisən. Haqlıdır, yaxud haqsızdır, artıq bunu məsələ ilə tanış olandan sonra biləcəksən. Biz demirik ki, bütün müraciət edənlər hamısı haqlıdır. Amma müraciətin kökünü, eləcə də qazinin sənə güvənsizliyinin də kökünü araşdırmalısan, qazilərin məmurlara qarşı belə bir mövqeyinin olmasını araşdırıb tapmalısan.

 

- Nəyə görə əlilliyin təyini ilə bağlı problemlər bitmək bilmir?

 

- Əlilliyin alınmasına qədər çox uzun bir mərhələ keçməlisən. Düzdür, dövlət qanunları çalışır ki, həqiqətən əlilliyi olan insanlar o statusu alsınlar. Axırıncı məlumata görə, müharibədən sonra ötən bir il ərzində 2300-ə yaxın əlillik statusu alan qazimiz var. Əlil də olsalar, inasanlar istəyir ki, özləri çalışıb nəyəsə nail olsunlar. Amma bizim cəmiyyətimizdə insan o vəsaitə möhtacdır. Qazilər deyirlər ki, gedib vətən uğrunda öz əzalarımı qurban vermişəmsə, diqqət və qayğı tələb etmək mənim haqqımdır. O istəyir ki, hansısa sənədlərin dalınca sürünməsin, istəyir ki, hər işi tezliklə həll olunsun, suallarına tez cavab tapılsın. Əlilliyin alınması prosesi çətinləşdikcə bu, anlaşılmazlığa gətirib çıxarır. Bu gün nəinki bugünkü əlillərin, əvvəlki əlilliyi bitmiş şəxslərin də yenidən dəyərləndirilməsi aparılır. Bu günlər Vitek-in qarşısında yenidən əyani müayinəyə gələn böyük insan dalğasını gördüm. Bu mənzərənin özü də böyük gərginlik yaradır. Onsuz da cəmiyyətdə problem çoxdur. Belə olan halda 3 aydan bir əlilliyin imtina edilməsi, qazinin yenidən müayinəyə dəvət olunaraq əlilliyin yenidən müəyyən olunmasına cəlb olunması qazilərdə əsəbilik yaradır. Çalışırsan ki, bu proses tez baş versin. Amma yenə də baxırsan ki, uzadılır. Biri bunu sistemin üzərinə atır, biri paliklinikanın yanlışlığı sayır, biri deyir həkim düzgün baxmayıb. Yəni vətəndaş qalır müraciətlərə baxan orqanların arasında. Get-gəllər onu özündən çıxardır və inamı itir. Yenə də əziyyəti qazi, vətəndaş çəkir. Bu prosesdə saxtakarları təmizləməyə çalışırlar, amma elə o saxtakara əlillik statusu verən də dövlət orqanının nümayəndəsi olub. Günahımızı boynumuza alaq və çalışıb bu insanları az incidək. O saxta əlilliklərin sıradan çıxarılması hesabına əsil qazilər, əsil əlillər də əziyyət çəkirlər.

Bir çox hallarda qazilər öz hüququnu bilməməzdikdən də haqlarını ala bilmir. Halbu ki, qazilərin siyahısı yerlərdə səfərbərlik xidmətlərində var. O, hərbdən necə qayıdırsa, bu barədə hərbi komissarlığa kağız gəlir. Deməli, o qurumlar bilirlər ki, yola saldığı əsgərin neçəsi şəhid, neçəsi qazi, neçəsi sağlam qayıdıb.

Eşitdiyəmə görə, məşğulluqla bağlı müraciətlər tez qeydə alınır. Bu barədə bizim də müraciətlərə adekvat cavab veriblər. Amma çox incə bir nüans var. Əgər o qazi bir sənət bacarmırsa, onu bacarmadığı bir işə yönəltmək də düzgün deyil. Ona sənət öyrədilməlidir ki, sonra onun məşğulluğu təmin olunsun. Əks halda bu hesabat xarakteri daşıyacaq.

 

- Sevinc xanım, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ictmai şurada təmsil olunursuzsa, şübhəsiz ki, şəhid və qazilərin üzləşdiyi problemlərə yaxından bələdsiz. Bu gün qazilərin hansı problemləri daha aktualdır?

 

- Hələ də əlilliyin dəyərləndirilməsi ilə bağlı problemlər aktualdır. Hələ də bu proses gedir. Elə xəstəliklər var ki, onların sağalma müddətləri var. Xəstəliyin hansı fəsadı yaradacağını gözləyib ona görə əlillik təyin edilsin. Bir çox qazilərin sağlamlığı yenidən dəyərləndirib əlilliyi veriləcək. Ən böyük problem odur ki, qazilər müharibədən sonra işləmirlər və onların ailələri dolanışıq baxımından çətin vəziyyətə düşüb. Əlillik də gec təyin olunduğu üçün maddi təminatları çətinləşir. Düzdür, YAŞAT Fondu hər bir yaralıya 2500 manat maddi dəstək ayırdı ki, tibbi xərclərindən savayı heç olmasa evində xərcliyi olsun.

Qazilərin, şəhid ailələrinin mənzil-məişət məsələlərinin yaxşılaşdırılması ilə bağlı məsələlər aktivdir. Rayonlarda əlillərin çoxuna mənzil tikib verə bilməmişik, inşallah bu proses gələn ildən başlayacaq. Uçuq evlərdə yaşayan şəhid ailələrimiz, qazilərimiz var. Kimə ki, əlillik verilib, onların pensiya təminatı ilə bağlı problemi yoxdur. Pensiya və müavinətlərlə təmin olunublar. İxtisasa uyğun və diploma əsasən işlə təmin olunmada da prpblemlərimiz var. Təklif etmişik ki, savadı olmayanları peşə təhsilinə cəlb edək. Təhsili yüksək quraq ki, o insanlar öyrənsinlər və öz biliklərini iş iyerlərində tətbiq etsinlər.

 

- Cəmiyyətdə dəyişməyən belə bir fikir var ki, qazi, şəhid adı üstün tutulmalı, hər bir əsgərin döyüşdə geyindiyi paltara da müqəddəs baxılmalıdır. Amma bəzən bunun əksi olan məqamlarla rastlaşırıq. Bu gün kənardan onları “saxta” adlandırmasınlar deyə nəyə diqqət etməlidirlər?

 

- Belə neqativ hallar birinci Qarabağ müharibəsi ərəfəsində də olub, indi də var. Çox təəssüflər olsun ki, müharibədən sonra bu cür “işbazlar” həmişə ortaya çıxır. O formadan boş yerə istifadə edənlər əsil döyüşçü ola bilməz. Mən o formaya müqəddəs baxıram, mənim üçün çox əzizdir. Mən yoladşımı o formada tanımışam, o formada şəhidliyə yola salmışam. O formanı saxta adamlarda görəndə bizim kimi adamların nə hisslər keçirdiyini bir Allah bilir. Döyüşdün və müharibə bitdi. O formanı hara gəldi geyinmək olmaz. Mən öz oğluma da deyirəm - Raquf Orucov döyüşdü, şəhid oldusa, o öz borcunu yerinə yetirdi.  Sənin isə bir vətəndaş kimi bu vətənə öz borcun var.

Yəni Vətən darda idi, çağırdı getdiniz, döyüşdünüz qalib gəldiniz və bu, böyük fəxarət hissidir. Hər şeyin müqəddəsliyini qorumalıyıq.

Mən lazım olanda o döyüşçüləri tədbirlərə çağırıram. Deyirəm ki, forma ilə gəlin. Və gənclərin qarşısına tanıdığım qaziləri çağırıram. Amma elə döyüşən insanlarımız var ki, biz onları bu gün də tanımamışıq. Allah hər birini qorusun. Bu formadan saxta istifadə edənlər utanmalıdır. Döyüşüb vətən borcunu veribsə, özünü reklam etmək üçün də geyinib ortada gəzməməliyik. /“həftə içi”/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi