İqlim dəyişmələri, parij müqaviləsi və qlobal birliyin yaradılması
Biz həm də müharibələrə son qoya, dünyanı birləşdirə və...
AZƏR CƏFƏROV
/BDU-nun dosenti, Bəhai dini icmasının ictimai Əlaqələr ofisinin koordinatoru/
Təbiət - Allahın varlığının əyani sübutudur. Bəhaullah deyir ki, təbiət haqqında düşünmək və onu öyrənmək bizi Yaradana yaxınlaşdırır.
O, yazır:
Hər dəfə gözümü Sənin səmana qaldıranda Sənin cəlalını və əzəmətini, misilsiz izzətini və həşəmətini xatırlayıram; və hər dəfə nəzərimi Sənin torpağına çevirəndə Sənin qüdrətinin dəlillərini və səxavətinin əlamətlərini tanımağa məcbur oluram. Dənizə baxanda görürəm ki, o, mənə Sənin böyüklüyündən, Sənin qüvvətindən, hökmranlığından xəbər verir. Və dağlar haqqında düşündüyüm zaman Sənin zəfər nişanələrini və qüdrətinin bayraqlarını aşkar edirəm.
Biz insanlar milyon il təbiətdə yaşayıb, onun mərhəmətindən asılı olmuşuq. Bu gün Allahın bizə verdiyi idrakdan istifadə edib, təbiətin ağasına çevrilmişik: okeanların dərinliyinə baş vurur, küləyin və günəşin gücündən enerji alır, təbiətdə mövcud olmayan maddələri sintez edirik. Belə görünür ki, kosmosda yaşayıb, işləyəcəyimiz gün də uzaqda deyil.
Lakin unuduruq ki, təbiətə hədsiz müdaxilə təhlükəli nəticələrə gətirib çıxarır. Baş verən quraqlıqlar, qasırğalar, pandemiyalar, okean səviyyəsinin qalxması bizi təəccübləndirməməlidir. Onlar bizim təbiətlə amansiz davranışımızın nəticəsidir. Görünür, biz Yer kürəsini qorumaq öhdəliyini öz üzərimizə götürməzdən əvvəl təbiətin təhlükəli əks-hücumunu yaşamalı olacağıq.
Alimlər deyir ki, əgər biz planetimizin temperaturunu 1990-cı il səviyyəsinə edirməsək, çox təhlükəli istiləşmə dövrünə qədəm qoyacağıq və onun mənfi nəticələrindən əziyyət çəkəcəyik. Bununla belə yenə də elələri var ki, öz maraqlarından irəli gələrək daş kömür, neft və qazın yandırılması ilə iqlimin istiləşməsi arasındakı əlaqəni ya inkar edir, ya da görməməzliyə vururlar. Bəhaullah yazdığı bir löhvdə xəbərdarlıq edir:
Yerdə qəribə və ecazkar şeylər mövcuddur, onlar insanların ağlından və idrakından gizlidir. Bu şeylər Yerin bütün atmosferini dəyişə bilər və yayılması ölümcül ola bilər.
Təbiət kimi insan cəmiyyəti də qlobal miqyasda qeyri-sabitlik dövrünə qədəm qoyub. Bizim harmoniyada yaşamaq potensialımız olsa da, nadanlığımız səbəbindən cəmiyyətdəki tarazlığı pozmuşuq. Hədsiz varlanma və yoxsulluğun qutbləşməsi, dini, milli, irqi, cinsi zəmində ziddiyyətlərin kəskinləşməsi, siyasi boğuşmalar, təhdid və müharibələr “tarazsızlaşmanın” törətdiyi ümumi böhrandan xəbər verir. Bəhaullah yazır:
Bəşəriyyət öz azğınlığında nə vaxta qədər davam edəcək? Haqsızlıq nə vaxta qədər davam edəcək? Nə vaxta qədər insanlar arasında xaos və çaşqınlıq hökm sürəcək? Nə vaxta qədər nifaq cəmiyyəti narahat edəcək? Ümidsizlik küləkləri hər tərəfdən əsir, insanlığı bir-birindən ayıran və məhv edən mübarizə günü-gündən artır. Yaxınlaşan qıcolmaların və xaosun əlamətləri indi aşkar görünür. Allaha dua edirəm ki, Onun izzəti uca olsun ki, yer üzünün xalqlarını lütfkarlıqla oyatsın....
O, həmçinin hər kəsə ədalətin bərqərar olması istiqamətində işləməyi tövsiyə edir: Bütün şəraitlərdə dünya xalqları arasında təhlükəsizliyə və əmin-amanlığa töhfə verəcək bütün vasitələrdən istifadə edilməlidir.
Elm adamları onilliklərdir iqlim həyəcanı təbili çalırlar. Biz iqlim dəyişikliyini uzaq bir problem, uşaqlarımızın və ya nəvələrimizin üzləşməli olacağı gələcək problem kimi düşünürdük. Lakin gözləntimizin əksinə olaraq iqlim dəyişikliyinin təsiri indi baş verir. Bu təsirlər temperaturun yüksəlməsi faktından xeyli kənara çıxaraq bütün dünyada ekosistemlərə və cəmiyyətlərə təsir göstərir. Bizim asılı olduğumuz və dəyər verdiyimiz şeylər - su, enerji, nəqliyyat, kənd təsərrüfatı, ekosistemlər və insan sağlamlığı - iqlim dəyişikliyinin təsirlərini yaşayır.
Hər temperatur rekordu ortaya çıxanda, təbiət bizə gələcəyimizlə bağlı misli görünməmiş bəlalarla proqnoz təklif edir və ətraf mühitə məhəl qoymamağın təsirini açıq şəkildə göstərir. Bəhailər hesab edirlər ki, iqlim dəyişikliyinin əsas səbəbi insan cəmiyyətindəki ədalətsizliklərdir və onları müəyyən edib aradan qaldırmalıyıq. Parçalanmış bəşəriyyət bu planetar çağırışa müxtəlif yollarla - qlobal müqavilələri imzalamaqla, milli qanunvericilikdə və hökumətin ekoloji siyasətində dəyişikliklər etməklə, fərdi fəaliyyət və təbliğat vasitəsilə cavab verməyə çalışır. Bunlar problemi kökündən həll etməkdən ötrü yetərli deyildir.
Bəs qlobal istiləşmənin qarşısını almaqdan ötrü imanlı insanlar nə edə bilər? Dünyadakı mütəşəkkil dini icmalar bu problemin həllinə necə töhfə verə bilərlər? Bəhaullah deyir ki, imanlı insanlar təkcə din qardaşları arasında deyil, həm də dinlər arasındakı sərhədləri aşaraq birlik yaratmaq üçün əllərindən gələni etməlidirlər. Bundan ötrü dini liderlər aralarındakı ziddiyətləri kənara atıb, dini müstəsnalıqdan və “Allahın son həqiqəti” ideyasından imtina edib, Bəşəriyyətin xilası naminə birləşməyin yollarını axtarmalıdır.
Ey insan övladları! Allaha və Onun dininə inamda məqsəd bəşəriyyətin mənafeyini qorumaq və birliyini təbliğ etmək, insanlar arasında sevgi və yoldaşlıq ruhunu aşılamaqdır. Ümid edirik ki, dünyanın dini liderləri və onların hökmdarları bu dövrü islah etmək və onun vəziyyətini bərpa etmək üçün birlikdə ayağa qalxacaqlar. Qoy onlar, onun ehtiyaclarını düşünərək, birlikdə məsləhətləşsinlər və xəstə və ağır əzab çəkən dünyaya lazım olan dərmanı versinlər.
Əlbəttə, hər kəsin dini yoxdur, lakin planetimizdə insanların təxminən 85 faizi dünya dinlərindən birinə etiqad edir. Təbii resurslardan istifadə və ətraf mühitin mühafizəsi əxlaqi prinsiplərin tətbiqi ilə ayrılmaz şəkildə bağlıdır. Əgər milyardlarla imanlı insan birləşib, əl-ələ verib iqlim dəyişikliyinə təkcə elmi və ya siyasi məsələ kimi deyil, vacib mənəvi məsələ kimi baxmağa başlasalar dünyada baş verəcək müsbət dəyişiklikləri indi təsəvvür etmək mümkün deyildir. Bununla əlaqədar Beynəlxalq Bəhai İcması 25 il əvvəl dünyaya müraciət etdi:
Bəşəriyyət Yerin həm bərpa olunan, həm də bərpa olunmayan təbii ehtiyatlarından ədaləti təmin edəcək şəkildə istifadə etməyi öyrənməlidir. Belə məsuliyyətli münasibət inkişaf fəaliyyətlərinin ətraf mühitə potensial təsirlərinin tam nəzərə alınmasını tələb edəcəkdir. Bu, bəşəriyyəti təbiətin həqiqi dəyərini iqtisadi terminlərlə ifadə edilə bilməyəcəyini anlayaraq, mötədillik və təvazökarlıq nümayiş etdirərək öz hərəkətlərini cilovlamağa məcbur edəcəkdir. Bu, həm də təbiət aləmini və onun bəşəriyyətin kollektiv inkişafındakı həm maddi, həm də mənəvi rolunu dərindən dərk etməyi tələb edəcəkdir. Buna görə də, davamlı ekoloji idarəetmə bəşəriyyətin digər rəqabət aparan maraqlara qarşı çıxa biləcəyi ixtiyari öhdəlik kimi deyil, daha çox üzərinə götürülməli olan fundamental məsuliyyət, mənəvi inkişafın, eləcə də fiziki sağ qalmağın ilkin şərti kimi qəbul edilməlidir.
Beləliklə, İlahi Yaradana iman gətirənlər Allahın yaratdıqlarının şüurlu idarəçiləri olmaq üçün dərin bir məsuliyyət daşıyırlar.
Parij İqlim Sazişi bəşər tarixində ilk dəfə olaraq Yer kürəsindəki bütün millətləri və dövlətləri əhatə etməklə, dünyanı bir ümumi məqsədə - qlobal miqyasda iqlim dəyişilkilərinin qarşını almaqdan ötrü bir araya gətirdi. Müqavilə həm də daha əhəmiyyətli bir şeyi nümayiş etdirdi: dünya liderləri geosiyasətdən kənara çıxaraq, ədalətli danışıqlar üçün bir araya gələ və bəşəriyyətin maraqlarına uyğun olaraq müqavilələr bağlaya bilərlər. Bu əlamətdar fakt, bütün ölkələri əhatə etməklə daha hərtərəfli müqavilə üçün hüquqi presedent yaradırdı.
Əbdül-Bəha 1875-ci ildə “İlahi sivilizasiyanın sirri” əsərində yazır:
Əsl sivilizasiya öz bayrağını bütün bəşəriyyətin rifahı və səadəti naminə müəyyən sayda görkəmli və əzəmətli hökmdarları ümumbəşəri sülhün bərqərar olması üçün qəti qərarlılıq və aydın baxışla ayağa qalxdığı zaman dünyanın tam ürəyində açacaqdır. Onlar Sülh İşini ümumi məsləhətləşmələrin obyektinə çevirməli və bütün mümkün vasitələrlə Dünya Millətləri İttifaqının yaradılmasına səy göstərməlidirlər. Onlar müddəaları etibarlı, toxunulmaz müqavilə yaratmalıdırlar. Bunu bütün dünyaya bəyan etməli və bunun üçün bütün bəşəriyyətin razılığını almalıdırlar. Bütün dünya üçün əsl sülh və rifah mənbəyi olan bu ali və nəcib iş yer üzündə yaşayan hər kəs üçün müqəddəs hesab edilməlidir.
Bəhailər inanır ki, bizi gələcəyə müdrik və humanist şəkildə aparmağa qadir olan qlobal demokratik idarəetmə sisteminin yaradılmasının vaxtı çoxdan çatıb. Parij İqlim Sazişi bizə birgə çalışmaq və məqsədlərə çatmaq qabiliyyətinə malik olduğumuzu nümayiş etdirdi. Bu cür yanaşma ilə biz həm də müharibələrə son qoya, dünyanı birləşdirə və qlobal ekologiyanı sabitləşdirə bilərik. Parij İqlim Sazişi gələcəkdə digər əhatəli qlobal müqavilələrin müjdəçisidir. Ümid edək ki, gələcəkdə bütün dövlətləri əhatə etməklə Dünya Federalizmini formalaşdıran və Bəşəriyyətə Əbədi Sülhü gətirən müqavilə də bu cür ortaya çıxacaq.
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"