“Dövlətin boynuna atıb, dövləti bankrot etməklə nəyəsə nail ola bilmərik”

19:05 21-12-2021 | icon 972 | Cəmiyyət
“Dövlətin boynuna atıb, dövləti bankrot etməklə nəyəsə nail ola bilmərik”

Aydın Xan Əbilov: Azərbaycan cəmiyyətində bu problemlər get-gedə çətinləşir

 

Dünyada cərəyan edən mövcud sosial-ictimai-siyasi kataklizmlər cəmiyyətin əsas sütunu olan insanların yaşamına birbaşa təsir edən amil olaraq daim təhlil olunur, çıxış yolları aranır. Sosial mühit müxtəlif problemlərin ictimai, siyasi, mədəni mühiti ilə daim əlaqələndirilir. Təbii ki, sosial mühitlə bağlı bütün sualların arxasında əsas ictimai varlıq olan insan və şəxsiyyət durur. Və o, özünün praktiki fəaliyyətini dünyanın obyektiv qanunauyğunluqlarını dərk edərək qurur, problemləri dəfv edərək özünə münbit həyat və inkişaf etmiş cəmiyyət formalaşdırmağa hədəflənir.

 

Bəs müasir Azərbaycan insanının sosial durumu necədir və dünyada cərəyan edən kataklizmlərdən necə mühafizə oluna bilir?

 

Versus.Az xəbər verir ki, kulturoloq-sosioloq Aydınxan Əbilov müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Aydınxan müəllim, bu gün ölkəmizdə ən mühüm diqqət çəkən sosial problem nədir, sosial lift varmı və necə işləyir?

 

- Azərbaycan bu gün post-pandemiya, post-müharibə dövrünü yaşayır və bu dövrün müəyyən mürəkkəblikləri var. Hazırda bütün dünyada iqtisadi eniş, iş yerlərinin bağlanması, insanların sosial-iqtisadi və məişət böhranının qabarması prosesi yaşanır. Üstəlik, koronavirusun yeni mutasiyaları bütün dünyada olduğu kimi, Azərbaycanda da yeni problemlər yaradır. Məsələn, iqtisadiyyata ən çox vergi gətirən istiqamət əyləncə xidmət sahələri idi. Bu gün onlar zəifləyib. Turizm sektoru ayaq üstə güc-bəla ilə durur. Otelçilik, şou-biznes və digər xidmət sahələri bohran içindədir. İşsizlik özü istər-istəməz sosial mühitin içində bir gərginliyə gətirib çıxardıb. Üstəlik, koronavirus, o cümlədən müharibə gərginliyindən sonra insanlar arasında kütləvi ictimai, siyasi sosial psixoz vəziyyəti yaranıb. Hətta problem olmayanda belə insanlar özləri üçün, cəmiyyət üçün əlavə problemlər yaradırlar. Biz hər gün ailədaxili münaqişələrin qurbanları olan xanımların bıçaqlanması, uşaqların intihar halları, narkotikaya qurşanması, sintetik maddələrdən istifadə etmələri ilə bağlı hadisələr doğuran mühitdə yaşayırıq. Bu mühitin problemləri istər cəmiyyətin özünə, istər ayrı-ayrı fərdlərin həyatına çox mənfi təsir edir. Belə bir vəziyyətdə əlbəttə ki, müəyyən lift və sosial alətlərə ehtiyac var. Bu liftlər “Avropa və Asiyadakı, yaxud Şərq müsəlman, yaxud xristian ölkələrində olduğu kimi olmalıdır” sualına hələ ki, cavab verə bilmirik. Azərbaycanın yerləşdiyi coğrafi mühit elədir ki, o tam olaraq nə Şərq, nə Qərb, nə Avropa, nə Asiya, nə müsəlman, nə də xristian ölkəsi deyil. Burda hibrit bir çəmiyyət, hibrit ölkə var. Qayda-qanun, dini, sosial ictimai baxışlarda belə, bir hibritlik görürük. Ona görə də biz ortada qalmışıq, nə sağa, nə də sola gedə bilmirik. Bunun da mənfi müsbət tərəflərini cəmiyyət öz üzərində hiss edir.

 

- Sosial araşdırmaların fonunda necə hesab edirsiz, bahalasmanın İnsanların sosial durumuna hansı təsirləri var və hansı qəbul olunmayan nüanslar ortadadır?

 

- Bu gün insanların sosial durumu əlbəttə ki, çox gərgindir. Çünki qiymətlər hər gün qalxır. Günü-gündən bütün xidmət sahələrində - ərzaq, tibb sahəsində dəva-dərmanın qiymətinin qalxması müxtəlif qrup insanların, xüsusən də ailəli insanların vəziyyətini ağırlaşdırıb. Bununla bərabər, əvvələr cəmiyyət bir-birinə daha mərhəmətli, daha xeyirxaq idi. İnsanlar - əmi, dayı, qonşular - bir-birinə kömək edə bilirdilər. İndi o kömək edən insanların özlərinin imkanları məhdudlaşıb. Belə söz var “hər kəs öz kisəsindən yeyir” və o kisə də artıq tükənməkdədir. Əvvəllər bir ailədə gənclər, valideynlər işləyirdi və ailə birtəhər özünün iqtisadi problemlərini həll edə bilirdi. Amma indi iş yerlərinin daralması, ixtisarların olması, tələbələrin universitetləri bitirəndən sonra hər hansı bir yerdə iş tapa bilməmələri, üstəlik restoran və əyləncə sisteminin şadlıq evlərinin qapanması, müəyyən qadağaların olması kütləvi işsizliyə şərait yaradb. Və bu da istər-istəməz, iqtisadi, sosial, ictimai və gələcəkdə ola bilər ki, siyasi kataklizmə aparıb çıxardacaq.

 

- Sosial durumundan narazı olan dediyiniz qrup insanların öz hüquqlarını müdafiə etməsi üçün hansı imkanlar var və ondan necə yararlana bilir?

 

- Bunun qarşısını almaq üçün dövlətin və ictimai təsisatların proqramları olmalıdır. Şəxslərə, ailələrə və müəyyən qrup insanlara diqqət və qayğı olmalıdır.

İndi dövlətin Qarabağın dirçəldilməsinə başı qarışıb. Eyni zamanda müharibədə həlak olmuş, yaralanmış insanların ailələrinə və özlərinə qayğı göstərməklə məşğuldur. Bildiyimiz kimi Azərbaycanın çox yerlərində şəhid ailələrinə qazilərimizə evlər, maşınlar verilir, onları müəyyən ödənişlə təmin edirlər, pensiyalar verilir, müəyyən sosial yardım alırlar. Bu da müəyyən qism insanların sosial vəziyyətinin yaxşılaşmasına aparır. Amma bütövlükdə götürəndə bu, dünyanı ağuşuna alan, hətta yaxın dövrlərdə bir çox ölkələrdə özünü aclıq formasında göstərən kataklizmlərə təsir edəcək.

 

- İnsanları bu təsirdən qurtarmaq üçün nələr edilməlidir?

 

- Dövlət bir sıra proqramlar işləyir. Bilirsiz ki, Azərbaycan büdcəsi sosial yönümlüdür. Amma bu sosial yönümlü olan büdcə də müəyyən yerə qədər vəsait xərcləyə bilir. Üstəlik bizim neft, qaz, yanacaqla bağlı olan sənayelərimiz var. Bunların da qiyməti gah artır, gah azalır. Bunlar da istər-istəməz sosial iqtisadi problemlər yaradır, insanların həyatına təsir edir. Bildiyim qədər Dövlət Neft Şirkəti kifayət qədər insanı işdən azad edib. Biz bu işsizliyi gözləyirdik. Çünki koronavirusun artdığı vaxt müəyyən mənada istər dövlət şirkətləri, dövlət qurumları baxdılar ki, süni intellekt, avtomatlaşma, robotlaşma mexanikləşmə insan əməyini minimuma endirir. Əgər Dövlət Neft Şirkəti pandemiya zamanı 10 nəfərin işini iki nəfərlə görürdüsə, deməli, post-pandemiya dövründə də o iki nəfərlə işləyib 18 nəfəri ixtisar edə bilər. Lakin ixtisar olunmuş o şəxslərin ixtisaslarını dəyişə bilmələrinə, yaxud onlara yeni iş yerləri yarada bilirikmi? Bu üstünlüklərdən yararlanıb onlar özlərinin ailələrinin problemini həll edə bilirlərmi. Bax bu məsələləri həll etmək, bu problemlər ətrafında ictimai diskusiya, debatlar aparmaq lazımdır. Amma “məmurlar “hər şey yaxşıdır”, qatı müxalifət “hər şey pisdir” deyib, heç bir dialoqa getmirlər. Yaxud bu dialoqu o qədər süni şəkildə aparırlar ki, hər kəs ancaq tərif, yaxud qatı tənqid dinləmək istəyir. Heç kəs sağlam, məntiqli ictimai tənqidi dinləmək istəmir və əgər iqtidar tərəfi müxalif tərəfi suçlayırsa, eyni zamanda müstəqil fikirli ekspertlərin də daşqalaq edildiyini görürük. Ona görə də biz bəzən məcbur oluruq ki, cəmiyyətin müəyyən problemləri ilə bağlı ictimai tənqid yox, liberal tənqid edək. Bəzən susub öz qınımıza çəkilirik deyə, Azərbaycan cəmiyyətində bu problemlər get-gedə çətinləşir.

 

- Aydın müəllim, belə qeydlər var ki, sosioloqlar əsasən problemlərin media, ekspert və dövlət nümayəndələri tərəfindən göstərilən səbəblərlə tam razı olmayaraq problemlərin görünməyən tərəflərini araşdırır və çıxış yollarını təklif edirlər. Məsələyə bu aspektən yanaşsaq, bu gün əhalinin sosial təminatının düzgün qurulması istiqamətində nə təklif edirsiz?

 

- Cəmiyyətin iqtisadi rıçaqları işə düşdükcə, cəmiyyət bütövlükdə varlandıqca, müəyyən biznes strukturları inkişaf etdikcə, daha elitar bir sferaya çevriliş olmalıdır. Bu çevriliş yoxdursa, yəni mədəniyyət, incəsənət, intellektual, kreativ sahələrin inkişafı yoxdursa, o cəmiyyət yalnız ərəb ölkələri kimi neft dollarları üstündə oturmuş olar. Yəni bir qrup insanlar varlandıqca və özlərinə, ailələrinə samolyotlar, villalar, bahalı maşınlar ala bilirlər. Beləliklə, bir çox yerlərdə saraylar tikən varlılar və aşağıda qalan yoxsul təbəqə yaranır. Buna getmək olmaz. Azərbaycan dövlətinin də əsas məqsədi məhz orta təbəqənin yaradılmasıdır.

Orta təbəqəyə şərait yaratmaq, sahibkarlığın inkişaf etdirilməsi baxımından dövlət bir çox nazirliklərin, QHT-lərin, digər təsisatların iştirakı ilə bu yöndə işlər aparmağa çalışır. Amma insanlarımız da tənbəldir. Məsələn, dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumlarının vasitəsi ilə kənd təsərrüfatında olan işsiz insanlara mal-qaralar verir, müəyyən kənd təsərrüfatı texnikası, gübrə, yanacaqla bağlı təminatlar, güzəştlər verilir. Amma 2-3 il sonra nə o qoyundan səs-soraq olur, nə inəkdən. Biz yenə də qiymətlərin artımını, yenə də ətin qiymətinin artdığını, südün qiymətinin az qala balın qiymətinə çatdığını görürük. Hər şeyi dövlətin boynuna atıb, dövləti bankrot etməklə düşünmürəm ki, biz nəyəsə nail ola biləcəyik. Əksinə, insanlar özləri də tərpəşməlidir. Biz cənuba, şimala, yaxud Gəncə istiqamətinə gedən zaman torpaqların bom-boş olduğunu görürük. Bakı ətrafında müəyyən məmurların, varlıların istixanaları var ki, onlar ilboyu pamidor, xiyar, göbələk əkirdilər. Amma onu da bir hissəsini Rusiya bazarına aparıb satırdılar. Bu da ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatının inkişafı, qıtlığın qarşısının alınmasına kömək edir. Amma Azərbaycanın bölgələrindən natural, orqanik məhsullar istehsal edən insanların özünün ya işçi qüvvələri yoxdur, ya da qocalardır, işləyə bilmirlər. Biz normal fermer təsərrüfatları, kənd təsərrüfatı təsisatları, kolxoz tipində birləşmiş fermer təəsrrüfatları yarada bilmədik. Bir ara bu barədə fikirlər səsləndi, amma onu da yarada bilmədilər. Ona görə də bu problemlər yaranır. Ümumiyyətlə, Azərbaycanda sənaye deyəndə yalnız zavodlar nəzərdə tutulur. Amma unutmaq lazım deyil ki, artıq zavodların özündə də süni intellekt, avtomatlaşdırma, süni zəka ilə bağlı istehsalatlar qurulub. Bir qloballaşma gedir. Bu qloballaşmada Azərbaycan insanının yerini, kənd təsərrüfatının, iqtisadiyyatının yerini müəyyənləşdirməliyik.

Bəli, uzun müddət Azərbaycanada kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət proqramları oldu, amma bu proqramların kimin cibinə axıb getməsi bilinmədi. Uzun müddət, eyni zamanda sənayenin, ticarətin, əyləncə sektorunun, otelçiliyin inkişafı ilə bağlı dövlətin bir dotasiyasi oldu. Burada keçirilən Avropa Oyunları, Evrovizion, Asiya Oyunları, İslam Oyunları və müxtəlif beynəlxalq yarışlar əslində Azərbaycana xarici turistlərin cəlb edilməsi baxımından maraqlı dövlət proqramları və dövlətin iş adamlarını dəstəkləmək üçün işlədiyi çox ciddi proqramlar idi. Amma təəssüflər olsun ki, Qarabağ probleminin müharibə ilə nəticələnməsi, eyni zamanda koronovirus pandemiyası və onun qadağaları turizm, əyləncə sektorunu məhv etmiş oldu. Bu istiqamətdə durğunluq yaşanır. Siz Bakının küçələrində nə ərəb, nə Avropadan gələn digər turistləri görə bilmərsiz. Sözsüz ki, bu sistemdə iş qurmuş şəxslərin iflasa uğraması, orda işləyən insanların işsizliklə üzləşməsi Azərbaycan cəmiyyətinin, sosial sferada insanları həm kasıb salır, həm də pulsuzluğa görə onları narazı qüvvəyə çevirir.  Bunun qarşısını cəmiyyət özü, dövlət qurmaları, ictimai  təsisatlar, tanınmış insanlar birlikdə almalıdır. Bütün dünyada bu problemlərin həllinə necə enerji sərf olunubsa, bizdə də o olmalıdır. Amma baxaq görək reallıqda bu necə mümkündür. Bir tərəf tərifləməklə məşğuldur, digər tərəf tənqid etməklə. Beləcə, hər kəs öz funksiyasını yerinə yetirmiş olur.

İnsanlar həm də ictimai varlıqdırlar və onların cəmiyyət, dövlət, zaman qarşısında ictimai məsuliyyəti var. Bizdə bu varmı? Baxın, bir ölkənin nə məktəblisi normal məktəbə gedir, nə tələbəsi normal oxumaqla məşğuldir, nə iş adamı normal bir məhsul istehsal etməklə məşğuldur. Hər kəs öz üzərinə düşən məsuliyyəti hiss eləməli, həm özünün varlanması, həm cəmiyyətin inkişafı, həm də ölkənin iqtisadi dayaqlarını möhkəmləndirmək üçün yeniliklər etməlidir. Və bu yeniliklərdən də cəmiyətimiz, insanlarımız qazanmalıdır. Amma bizdə vəziyyət necədir: - Biz virtual təhsil, elektron, alternativ təhsil proqramını dedik, pandemiya bunu tələb etdi. Amma uşaqlar, valideynlər, guya bunların uşaqları məktəbə gedəndə alim olurdular? Təkidlə “virtual təhsil pisdir” - deyib evdən oxumaq istəmədilər. Dünyanın hər yerində virtual instututlar, universitetlər, onlayın kurslar var. Amma Azərbaycanda normal orta məktəbin universitetin onlayn oxmaq istəməyən kütləsi var. Ona görə də Azərbaycan MDB, xarici ölkələrə yalnız beyin axını, işçi qüvvəsi ötürən xalqdan daha çox intelektual, potensiallı xalqa çevrilməlidir. Bunun da yolu ağıllı insanları dinləmək, təhsilə xüsusi önəm vermək, eyni zamanda yeni formatlı startapları dəstəkləmək, başqa dövlətlərin beyninə, ağlına gəlməyən formatları ortaya qoymaqla qazanmağı bacarmaqdan keçir. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi