“Ötən gün nazirliyə gələn Vətən müharibəsi iştirakçıları – Kəbirov Ramil Elçin oğlu, Rüstəmov Elnur Eldar oğlu, İbadov Nizaməddin Hidayət oğlu, Əliyev Elvin Ehtibar oğlu və Qardaşov İsmayıl Elşad oğlunun müraciətləri diqqətlə dinlənilib. Həmin şəxslər nazirliyin qəbul otağında onlara əlillik təyin edilmədiyini bildirərək səs-küy yaradıb, təhqiramiz ifadələrə yol veriblər. Halbuki onlardan birinə (Ramil Kəbirov) bu ilin iyun ayında əlillik təyin edilib. Digərlərinin əlilliyin qiymətləndirilməsi üçün aidiyyəti qurumlardan göndəriş və şəhadətnamə təqdim edilməyib. Yalnız bu sənədlər təqdim edildiyi halda onların əlilliyinin qiymətləndirilməsi aparıla bilər. R.Kəbirova üçüncü dərəcə əlillik, sosial ödənişlərlə yanaşı, birdəfəlik sığorta ödənişi edilib. Qardaşı Kamil Kəbirov özünüməşğulluq proqramına cəlb edilsə də, proqram üzrə təlimlərə qatılmaq istəməyib və proqramdan kənarlaşıb. E.Rüstəmov bu ilin fevral ayında özünüməşğulluq proqramına cəlb edilmək üçün qeydiyyata alınıb və proqram üzrə təlimlərə cəlb edilib. Lakin qiymətləndirmə zamanı onun özünüməşğulluğa hazır olmadığı müəyyən olunub. N.İbadovun məşğulluq üçün müraciəti qeydə alınsa da, sonradan onunla əlaqə saxlamaq mümkün olmayıb. Qardaşı ilə əlaqə saxlanılıb və o da Nizaməddinin özünün məşğulluq orqanına müraciət edəcəyini deyib, lakin ötən dövrdə müraciət edilməyib. İşlə təmin edilməsi ilə əlaqədar müraciət edən E.Əliyev də aktiv məşğulluq tədbirlərinə cəlb olunmaq üçün indiyədək məşğulluq orqanına müraciət etməyib”.
O qeyd edib ki, Vətən müharibəsi iştirakçıları R.Kəbirov, E.Rüstəmov, N.İbadov, E.Əliyev və İ.Qardaşova müvafiq izahatlar verilib.