Azərbaycan qadınının qızıl tarixini yaradanlardan biri
HƏNİFƏ MƏLİKOVA - 165
QƏNİRƏ PAŞAYEVA
/MM-nin Mədəniyyət Komitəsinin sədri/
Hənifə Məlikova (1856-1929) Azərbaycanın ilk maarifçi qadınlarından biri və ilk qadın xeyriyyə cəmiyyətinin yaradıcısı kimi milli mədəniyyət tariximizdə adı ehtiramla yad edilən ziyalıdır. Azərbaycanda 1908-ci ildə yaradılan ilk qadın xeyriyyə cəmiyyətinin xətti ilə gördüyü işlər, qadınlarımızın maariflənməsi, hüquqlarının müdafiəsi, onlara maddi və mənəvi qayğı göstərilməsi, cəmiyyətdə layiqli yer qazanmaları üçün Hənifə xanımın xidmətləri danılmazdır. O, həmçinin XX yüzilin ictimai qurumları içərisində məşhur olan “Nicat” cəmiyyətinin yaradıcılarından biri kimi xalqımıza mədəni-maarif xidmət göstərmişdir.
Hənifə xanım Həsən bəy Zərdabinin – Rusiya çarından ana dilimizdə qəzet çapı üçün icazə almağı bacaran, Azərbaycan mədəniyyətini ilk mətbu orqanı ilə taclandıran, millətimizin maairiflənməsi yolunda böyük fədakarlıqlar göstərən, “Əkinçi” qəzeti ilə mədəniyyət və ədəbiyyatımızın yolunda mayak olan görkəmli bir ictimai xadimin həyat yoldaşıdır. “Pul yox, yazıçı yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq da oxuyan olmayacaq. Dövlət tərəfindən izn almaq da ki, bir böyük bəladır” deyən Həsən bəy Zərdabinin bütün bu çətinliklərin öhdəsindən gəlməsində Hənifə xanımın böyük mənəvi dəstəyi olmuşdu. 1875-1877-ci illərdə Həsən bəylə birlikdə “Əkinçi” qəzetinin nəşrinə bütün gücü ilə əmək sərf etmiş, maddi-mənəvi sıxıntılara, ictimai təzyiqlərə qarşı ömür-gün yoldaşı ilə birgə mübarizə aparmışdı. Bu ziyalı ailə 1880-cı ildən başlayaraq öz mənzillərində pulsuz məktəb açmış, dövrün cəhalət mühitinə, təqib və təzyiqlərə baxmayaraq, heç bir təmənna ummadan insanlara elm, savad öyrətmişdilər.
Gözəl, nəcib, sədaqətli və dəyanətli Hənifə xanım millətimizin və ailəsinin yolunda böyük fədakarlıqlar göstərib. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də əqidə, məslək, düşüncə, mübarizə yoldaşı olub. Hənifə xanım 16 il əri ilə birlikdə Zərdab kəndində polis nəzarəti altında yaşadığı illərdə belə öz əqidəsindən, milli-mədəni inkişafımız uğrunda inadla mübarizə aparmaq fikrindən dönməyib. Tələbələrin təhsil xərclərini ödəmək üçün həyat yoldaşının yaratdığı ilk xeyriyyə cəmiyyətinin fəaliyyəti uğurlu alınmasa da, Həsən bəyin çətinliklə 1600 manata qədər pul toplayıb bu vəsaitin faizi ilə ildə 1-2 nəfərin təhsil haqqını ödəməsi Hənifə xanımı fədakar ziyalılar sayəsində millətinin gələcək rifahına inandırmışdı. Həsən bəy öz mənzilində pansionat açıb hər il on nəfər azərbaycanlı uşağa təhsil verərək gimnaziyaya daxil olmaq üçün hazırlaşdırdığı vaxtlarda Hənifə xanım ona ən böyük dayaq olmuşdu. Bu uşaqların qayğısına qalan Hənifə xanım təlim-tərbiyə işlərində ərinin ən yaxın köməkçisi idi. Bütün bunlar millətin inkişafı üçün böyük vətənpərvərlikdən irəli gəlirdi. Hənifə Məlikovanın adı Bakıda ilk qız məktəbinin yaradıcısı kimi də tarixə düşmüşdür. O, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri, 1909-1919-cu illərdə Bakı şəhər Dövlət birinci rus-tatar, yəni rus-Azərbaycan qız məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycan qadınının inkişafında önəmli rol oynamışdır. Bir pedaqoq, maarifçi ziyalı kimi böyük hörmət və nüfuz qazanmış Hənifə xanım dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən olmuşdur. Hənifə Məlikova (Hənifə Abayeva) 1856-cı il mayın 5-də Quzey Qafqazda, Nalçik şəhərində anadan olub. Tiflisdə Müqəddəs Nina Qız məktəbində 10 il təhsil alıb.
Qeyd etmək lazımdır ki, o zaman müsəlman qızların xristian ölkəsində təhsil alması çox nadir bir hadisə idi. Lakin Hənifə xanımın atası, yüksək təhsilli hərbçi Aslanbəy Abayev iki qızının da erkən yaşlardan təhsilinə ciddi önəm vermiş, böyük qızı, 10 yaşlı Paşahanla birlikdə 8 yaşlı Hənifə xanımı Müqəddəs Nina qız məktəbinə yazdırmışdır. Lakin xəstə anasına qulluq etdiyi üçün Paşahan təhsil dalınca Tiflisə gedə bilmədiyindən onun yerinə Fuza Şakmanova adlı bir qız Hənifə xanımla birgə təhsil almağa göndərilmişdi. Bu iki qız Müqəddəs Nina Qız məktəbinin ilk türk, müsəlman məzunları olmuşdu. Hənifə xanım xatirələrində yazır ki, 1872-ci ildə Tiflisdə Müqəddəs Nina Qız məktəbini bitirən qızların siyahısı “Qafqaz” qəzetində dərc olunduqdan sonra Hənifə xanım Abayevanın adını burada görən Həsən bəy Zərdabi ziyalı bir qadınla ailə qurmaq istəyi ilə dərhal Tiflisə yola düşür. Hənifə xanımla tanışlıqdan sonra həmfikir olduğunu başa düşən Həsən bəy, onunla birgə həyat yoluna çıxmağa qərar verir. Evlənmək qərarı verən gənclər valideynləri uzaqda olduğu üçün evlilik xeyir-duasını da Müqəddəs Nina məktəbinin himayədarı, knyagina Olqa Fedorovnadan alır.
Bəli, çətinliklərlə dolu birgə ömür yolunda Hənifə xanım Həsən bəy Zərdabinin ən yaxın dostu, məsləkdaşı olur, bütün həyat məsələlərində, eləcə də ictimai vəzifələrin həllində həmfikir və mübarizə yoldaşı kimi birlikdə qərar verirlər. 1872-ci ildə qurulan ailə bağları fikir, əqidə dostluğu, çətin günün həmdəmliyi ilə daha da mönkəmlənir. Pəri, Qəribsoltan adlı iki qızı və Midhət, Səffət adlı iki oğlu olan ailə bütün Azərbaycan övladlarını öz doğması bilir, onların təhsilinə, təlim-tərbiyəsinə himayədarlıq edirdi. XIX yüzilin əvvəllərində Bakıda yaradılan onlarca xeyriyyə cəmiyyəti, maarif-mədəniyyət ocaqları məhz belə ziyalıların milli tərəqqi uğrunda mübarizəsinin nəticəsi kimi meydana çıxmışdı.
Hənifə Məlikovanın böyük səyi və zəhməti ilə yaradılan “Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyəti” də bunun bariz örnəyi kimi diqqəti cəlb edirdi. Bu kimi xidmətləri Hənifə xanımın adını, onun maarifçilik fəaliyyətini Zaqafqaziyanın demokratik dairələrində geniş şəkildə məşhurlaşdırmış, adını rəsmi hökümət idarələrində tanıtmışdı. Onun həyatı bir-birindən çətin sınaqlar, hətta bəzən təqiblər, təzyiqlərlə keçmişdir; lakin bir an belə öz missiyasını unutmamış, xalqı cəhalətdən xilas etmək, təhsilli insanların sayını artırmaq yolunda inadlı mübarizəsindən çəkinməmişdir. Hənifə xanım bu haqda yazırdı: “Həyatımın məqsədi – bacardığım qədər avam kütlənin, xüsusən də qadınların hüquqları və istismara qarşı mübarizədə türk qadınlarının mədəni səviyyəsini qaldırmaq olmuş və olacaqdır”.
Hənifə xanım Məlikova 1920-1926-cı illərdə Azərbaycan Xalq Maarif Komissarlığında məsul vəzifədə işlədiyi vaxtlarda da bu məqsədi həyata keçirmək üçün bütün qüvvəsi ilə çalışır, daha çox türk-müsəlman qadını təhsilə cəlb etmək istəyirdi. Həyat yoldaşı və məsləkdaşı Həsən bəy Zərdabi haqqında yazdığı memuarda isə bu yolun nə qədər məşəqqətli olduğunu, çar Rusiyasının təbəəsi olan müsəlman xalqların inkişafına hər cür maneələr yaradıldığı bir vaxtda maarifçilik uğrunda mübarizənin çətinliyini görürük. Hənifə xanım ömrünün sonunadək bu çətinlikləri dəf etmək yolunda Həsən bəylə yanaşı addımlayıb. Vətəninə, millətinə həsr etdiyi mənalı ömrü 1929-cu ildə başa çatan Hənifə Məlikova Bakı şəhər qəbristanlığında dəfn edilib. Lakin ömür yolunda qoşa addımlayan bu iki böyük insanı vəfatından sonra zaman yenə birləşdirib, Hənifə xanımın cənazəsi həyat yoldaşı Həsən bəy Zərdabinin məzarının yanına, Fəxri Xiyabana köçürülüb. Bu dəyanətli ziyalı qadının adı milli mədəniyyət tariximizin unudulmaz bir səhifəsində yer alır.
XX yüzil ziyalılarından, milli təhsilimizin inkişafından söz düşəndə Hənifə xanımın adı böyük ehtiramla yad edilir. Azərbaycana işıqlı sabah, maarifçilik ziyası bəxş etmək missiyası daşıyan, mükəmməl ömür-gün yoldaşı, gözəl ana Hənifə Məlikovanın həyat yolu gənc qızlarımız üçün örnəkdir. Professor Abbas Zamanov universitetdə tələbələrinə iki xanımın milli maarif və mədəniyyətimizin inkişafında unudulmaz xidmətlərindən bəhs edərdi. Onlardan biri Həsən bəy Zərdabinin xanımı Hənifə Abayeva, digəri Cəlil Məmmədquluzadənin ömür-gün yoldaşı Həmidə xanım Cavanşir idi. Bu ziyalı qadınlardan birinin “Əkinçi” qəzetinin formalaşmasında, digərinin “Molla Nəsrəddin” jurnalının davamlı nəşrində əvəzsiz xidmətləri olmuşdu. Bir daha ehtiramla o mövzuya qayıdaq ki, Həsən bəyin ailəsi 1880-ci ildə evdə yaratdıqları 10 şagirdlik pansionda vətən övladlarına təhsil verib. Maddi sıxıntılara, imkansızlıqlara baxmayaraq kimsəsiz uşaqlara sahib çıxan Məlikovlar ailəsi bu “xalq məktəbi”ndə heç bir təmənna ummadan uşaqlara elm, savad öyrədiblər. Məlikovlar ailəsi həmin uşaqları həm də övladlığa götürmüşdü. Həmin uşaqlar arasında görkəmli bəstəkar Rauf Hacıyevin anası Nanə xanım da vardı. Sonralar Nanə xanımın kimsəsizlik taleyini yaşayan oğlu, yetim qalan Rauf Hacıyevi Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım övladlığa götürmüşdü. Burada maraqlı bir faktı da xatırlamaq yerinə düşür ki, 3 yaşınadək gözləri görməyən Rauf Hacıyevi Qəribsoltan xanım övladlığa götürdükdən sonra uşağın gözləri açılmışdır... Məlikovlar ailəsi sözün dərin mənasında gözlərə işıq bəxş edən ailə idi…
Əlbəttə, maarifi, elmi heç də hamının birmənalı qarşılamadığı, cəhalətdə olan əhalinin böyük bir qisminin təhsil tərəfdarı olmadığı bir dövrdə bir tərəfdən xalqın, digər tərəfdən siyasi dairələrin təqib və təzyiqlərinə tab gətirmək asan iş deyildi. Lakin bircə təsəlli vardı, uğrunda mübarizə apardıqları iş, millətin xoşbəxt sabahına aparan yol bu çətinliklərə dözməyə dəyərdi!..
Hənifə xanımla Həsən bəy Zərdabinin iki oğlu, iki qızı olmuşdu. Mənbələrdə göstərilir ki, övladlarının dördünə də yüksək təlim-tərbiyə verən ailənin uşaqları Almaniyada, Rusiyada ali təhsil almış, Azərbaycanın ən layiqli ziyalıları kimi yetişmiş, vətənə xidmət etmişlər. Böyük qızı Pəri xanım ailəsi ilə birlikdə Vətəndən uzaqlarda mühacir ömrü yaşamaq məcburiyyətində qalmışdır. Pəri xanım mühacirətdə olduğu Fransada 1947-ci ildə dünyasını dəyişmiş, Paris yaxınlığında Sen-Klu məzarlığında, vəfalı dostu və həyat yoldaşı Əlimərdan bəy Topçubaşovun yanında dəfn edilmişdir. Hənifə xanımın digər qızı Qəribsoltan ailə həyatı qurmamış, ömrünü maarifə, elmə həsr etmiş, Azərbaycanın Əməkdar müəllimi kimi ata-anasının yolunu şərəflə davam etdirmişdir. Böyük oğlu Midhət bəy Məlikov Lənkəranda öz hesabına Xanbulançay üzərində su elektrik stansiyası qurmaq istəyində olmuş, elə buradaca iş başında ikən qolları qandallı Bakıya gətirilib, tam haqsız yerə güllələnmişdir. Kiçik oğlu Səffət bəy ixtisasca memar olmuş, Azərbaycan Xalq Cümhuriyyətinin İstanbuldakı konsulluğunun əməkdaşı kimi Türkiyədə siyasi fəaliyyət göstərmiş və ömrünün sonunadək qardaş ölkədə yaşamışdır. Hənifə xanım Bakıda tək-tək görünən çadrasız müsəlman qadınlarından biri idi. Bakıya özü ilə maarifçilik işığı gətirən bu qadının cəsarəti, mənəvi gücü çoxlarını hərəkətə gətirmiş, təhsil alan qadınlarımızın sayını artırmışdı. Zadəgan ailəsində böyüyən, ömründə heç bir çətinliklə qarşılaşmayan Hənifə xanım başladığı maarifçilik yolunda böyük əzab-əziyyətlə qarşılaşmışdı. Birdən-birə ağır təzyiqlər mühitinə düşən ziyalı qadına, eləcə də, həyat yoldaşı Həsən bəyə qarşı qəddar hücumlar günbəgün artsa da, onu zərrə qədər sarsıda bilmirdi. Sanki bu fədakarlığa özünü öncədən hazırlamış kimi qətiyyətli bir duruşu vardı. Bədxahlarının isə hücumu əsla ara vermirdi. Çünki yaxşı bilirdilər ki, Hənifə xanımın öz evindəki kiçik pansionunda tərbiyə etdiyi, təhsil verdiyi, yetişdirib ərsəyə çatdırmaq istədiyi uşaqların hər biri gələcəyin, özü də lap yaxın gələcəyin maarif işığını yandıracaqlar!.. Həsən bəyin kiçik qızı Qəribsoltan xanım Məlikova xatirələrində yazırdı: “...Evimizdə 10 uşaq qalırdı. Anam onları məktəbə hazırlayırdı… Uşaqlar onun ümid və iftixarı idi”…
Gənc azərbaycanlı ziyalıların yetişməsindən imperiya hakimiyyətinin, çar rejiminin narahat olduğu bir dövrdə hər hansı bir maarifpərvər cəhdin dərhal qarşısı alınırdı. Elə buna görə də dövlət orqanları Həsən bəyin xeyriyyə cəmiyyəti yaratmaq, eləcə də “Əkinçi” qəzetinin nəşri haqqında icazəsini illərcə gecikdirmişdi. Hənifə xanım öz evində uşaqlara dərs deməklə yanaşı, kənd-kənd, ev-ev gəzib qadınlara dərzilik, yazıb-oxumaq öyrədir, rus dilindən nağıllar tərcümə edib danışır, mənzil-mənzil dolaşıb uşaqları peyvənd edir, qadın məsləhətxanaları təşkil edirdi. Onun vaxtında tibbi müdaxiləsi Zərdab camaatından 132 nəfəri ömürlük kor olmaqdan xilas etmişdi. Həsən bəyin ən böyük arzularından biri Bakıda Müsəlman Qız məktəbinin açılması olmuşdur. Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə qız məktəbinin binası tikilib başa çatanda buna ən çox sevinən ziyalılardan biri Həsən bəy idi. Lakin bu məktəbdə müdir və müəllim kadrlarının təyin olunması böyük bir çətinlik kimi ortaya çıxmışdı. Savadlı müsəlman qadın demək olar ki, yoxdu. Eyni zamanda, bu məktəbə şagirdlərin cəlb edilməsi də müşkül məsələ idi. Heç bir ailə qızını məktəbə göndərməyə cəsarət etmirdi. Hətta buna cəsarət edən tək-tək adamları da qaragüruh bildiyi kimi cəzalandırırdı. İçərişəhərdə Axund Abuturab ağa iki qızını bu məktəbə yazdırdığına görə onu namaz qıldığı yerdə öldürmüşdülər. Belə bir cəhalət mühitində Hənifə xanım kimi ziyalıların işə başlaması xüsusi cəsarət tələb edirdi. Hənifə xanım ürəklə qız məktəbində müdir işləməyə razı olmuş və fəaliyyəti dövründə burada təhsil alan qızların mənəvi anasına çevrilmişdi. Onun sayəsində Bakı Müsəlman Qız məktəbi savadlı, istedadlı qadınların yetişdiyi bir maarif ocağı olmuşdu.
Beləliklə, nəinki Azərbaycanda, eləcə də bütün İslam aləmində ilk dünyəvi Qız məktəbinin açılması Həsən bəy Zərdabinin təşəbbüsü və Hacı Zeynalabdin Tağıyevin sərmayəsi ilə baş tutmuşdusa, onun inkişafı, layiqli qadın ziyalılar yetirməsi Hənifə xanımın zəhməti hesabına gerçəkləşmişdi... 1908-ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı”nın yaradılması da qadının cəmiyyətdə rolunu artırmaq məqsədi daşıyırdı. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi bu təşkilat az bir zamanda böyüyüb “Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyəti”nə çevrilmişdi. Hənifə xanım bir neçə il ilk Müsəlman Qız məktəbinin və rus-türk (Azərbaycan) qız məktəbinin müdiri vəzifəsində çalışaraq Azərbaycana mədəniyyət tariximizdə önəmli yer tutan ziyalı qadınlar qazandırmışdı.
Beləliklə, Hənifə xanım Məlikova ömrünü Vətəninin, xalqının ömrünə calayan, ümummilli maraqları şəxsi taleyindən öndə görən fədakar bir ziyalı ömrü yaşadı. Bu ömrün hər bir səhifəsi isə Azərbaycan qadınının adını tarixə qızıl hərflərlə yazdıra bildi…
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"