Köhnə ildə yadda qalanlar və YENİ İLDƏN GÖZLƏNTİLƏR

16:57 30-12-2021 | icon 1473 | Cəmiyyət
Köhnə ildə yadda qalanlar və YENİ İLDƏN GÖZLƏNTİLƏR

 

"Gələn il dövlətin mübarizəsi qiymətlərin artım tempinin aşağı salınması ilə bağlı  olmalıdır"

 

Yeni İlə saylı saatlar qalıb. Köhnə ilin son ayının son saatlarını yaşamaqdayıq. Köhnə ilin yekunu həm də yaşadığımız il, fəaliyyətimiz, görülən işlərin kəmiyyət və keyfiyyətinə verilən qiymət, dəyərləndirilməsi ilə bağlı özlüyümüzdə apardığımz bir hesabatdır.

 

Köhnə il nə ilə yadda qaldı və təzə ilə hansı yeniliklər, problemlərlə gedirik?

 

Ölkənin ictimi-siyasi kəsimi bu istiqamətdə maraqlı fikirlər söylədi:

 

 

 

 

"Ən sevimli il oldu"

 

Fəzail İbrahimli, Milli Məclisin sədr müavini:

 

"Fürsətdən istifadə edib bütün xalqımızı, millətimizi Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm.

 

Köhnə il Azərbaycanın tarixi taleyində ən sevimli il olub. Düşmən üzərində qələbədən sonra başlanan bir ildir. Bu ili üzüağ yaşamışıq. Düşüncələrimizdə, ruhumuzda bir rahatlıq olub. Kişilərin qadınların qarşısında, valideynlərin övladlarının qarşısında üzü ağ olub. Bu cəhətdən bu ili tariximizin hər hansı ili ilə müqayisə etmək olmaz.

 

Biz yeni ilə yenə də böyük ruhla gedirik, Qarabağımızın abadlığı düşüncəsi ilə gedirik, Şuşa sevgisi və yeni qələbələrə doğru gedirik. Azərbaycanın sərhədlərinin müəyyən edilməsi və bizim kürəyimizə sancılmış qılıncı çıxarıb, sülh sazişi əldə edib, bu nisgilləri gələcək nəsillərə saxlamamaq üçün həll etmək ümidi ilə gedirik".

 

 

 

 

 

 

"Milləti silkələyəcək bir mədəni inqilaba ehtiyac var"

 

Razi Nurullayev, deputat, MCP sədri:

 

"Həm öz, həm də Milli Cəbhə Partiyası adından hər birinizi Dünya Azərbaycanlıları Həmrəylik günü, həm də bu gecə qədəm qoyacağımız 2022-ci il münasibətilə təbrik edir, əmin-amanlıq və gözəlliklər arzulayıram.
 
 
 
Biz hamımız arzu edirik ki, ay Allah qoy bu il həyatımızda gözəl, məşəqqətsiz il olsun. Onun üçün də hər birinizə gözəl, dərddən-qəmdən uzaq bir il arzulayıram. Xalqımız çox zülmlər, əziyyətlər çəkib və hamımız ümid edirik və inanırıq ki, İnşallah bundan sonra daha yaxşı olacaq, insanların sosial dolanışığı artacaq.
 
 
Mən və təmsil etdiyim MCP buna inanır və çalışır. Xeyli taleyüklü məsələlər arxada qalıb, işğalda olan ərazilər qaytarılıb, Qarabağda quruculuq işləri gedir. İnşallah bu ilin ortalarından yüz minlərlə yüksək məbləğli yeni iş yerləri yaradılacaq və hər bir kəs də öz istəyi ilə gedib Qarabağı da görə biləcək.
 
Artıq xeyli ərazi minalardan təmizlənib və bu imkan verir ki, Qarabağa vətəndaş səfərləri təşkil olunsun. Bildiyim budur ki, yanvarın ortalarından Qarabağa səfər edə bilərsiniz. Gözünüz aydın!
 
 
Biz bu gün siyasi mübarizə aparırıq və məqsədimiz xalqa fərqli siyasi, sosial-iqtisadi və mədəni platforma təqdim etməkdir. Ölkədə demokratiyanın inkişafı, fikir müxtəlifliyinin çoxluğu inkişafa aparan meyardır və bunu daha üst səviyyədə təmin etmək vacibdir.
 
 
Bizim həm də mədəni inqilaba ehtiyacımız var. Bu mədəni inqilab isə hər bir kiçik kənddə belə, kiçik yaşlarından gözəl təhsil verə bilən, kiçik yaşlarından dünyagörüşü formalaşdıran uşaq baxçalarının olmasıdır. Təhsilin daha üst səviyyəyə qalxması hər bir vətəndaşın savadlılıq səviyyəsinin artmasıdır. Dünyanı xilas edən, xariqələr yaradan və insanlara yaxşı həyat bəxş edən təhsildir. Bu məsələdə isə doğru yol ilə getsək də, tempimiz çox zəifdir və onilliklər lazımdır ki, orta Avropa səviyyəsinə çataq.
 
Mədəni inqilab ona görə lazımdır ki, biz vətəndaşlarımızı xalqa sevgi, torpağa bağlılıq, əsl vətənpərvərlik və ümumən ölkəmizə təmənnasız sevgi üzərində tərbiyə edə bilək.
 
Bu gün ölkəmizdə rüşvətxor da var, oğru da, hətta satqın da, cahil də, ölkəmizi uçuruma sürükləyən də, xalqımızı başqa millətlərin quluna çevirmək istəyən də, dini cahilliyə sürükləyən də, hətta Talibana bənzər idarə sistemi qurmaq istəyənlər də var. Bu gün ölkəmizdə xeyli yetim haqqı yeyən, acından ölənin başının altını axtaran da var, siyasi dəllallıq, siyasi səbatsızlıq, ancaq öz cibini, özünü düşünənlər və qeyri-səmimi böyük danışanlar da var, özünə böyük lider deyənlər də var, vəzifəsini özünə cah-cəlal yaratmaq, qeyri-qanuni yollarla varlanmaq yolunu tutanlar da var. Bunların sayı isə çox əfsus ki, çoxdur və məni narahat edən də budur. Onun üçün də milləti silkələyəcək bir mədəni inqilaba ehtiyac var.
 
 
Mədəni inqilab həm də onun üçün lazımdır ki, bu millətin içindən yetişən və mənəviyyatını itirənləri, ağzını söyüşlə açıb, söyüşlə yumanları, insanların şəxsi həyatına başını soxanların məcazi mənada başını kəsib ataq. Bu cür insanların vətən sevgisi yoxdur, onlar təmanna, nə və kim üçünsə sevirlər.
 
 
Əsas olan xalqı, torpağı, vətəni təmənnasız və ilkin şərtsiz sevməkdir. Biz kim üçünsə, nə üçünsə xalqı, vətəni, torpağı sevmirik. Bizlər öz vicdanımız və vətəndaşlıq borcu qarşısında məsuliyyət daşıyır və onun prinsipləri ilə addım atırıq.
 
 
Hər birinizə möhkəm cansağlığı, işlərinizdə nailiyyətlər, şəxsi həyatınızda xöşbəxtlik, əmin-amanlıq, ailə səadəti, nəvə sevinci arzulayıram.
 
 
Həmrəylik gününüz və 2022 Yeni İliniz mübarək!"
 
 

 

 

 

 

 

 

"2021-ci ildə bu durğunluğu daha çox hiss etdik"

 

Aydınxan Əbilov, kulturoloq:

 

"Artıq ilin axırıdır. Pandemiya və post-müharibə dövrü dünyanın bütün ölkələrində olduğu kimi, Azərbaycanda da müəyyən sıxıntılar yaşatdı. İqtisadi geriləmə, işsizlik, qiymətlərin fantastk şəkildə qalxması, insanların psixoz vəziyyətdə yaşamaları, real münasibətlərin olmaması, toy və yas məclislərinin qadağan edilməsi, xəstəlik, itkilər, görkəmli adamların aramızdan getməsi bu ilin ən böyük problemlərindən idi. Əsas problem təhsil və mədəniyyətdə gündəlik həyatda olan durğunluqdur. Biz 2020-ci ilə nisbətən 2021-ci ildə bu durğunluğu daha çox hiss etdik. İnsanlar bir-birinin evinə getməyə, real münasibətlər qurmağa qorxurlar.

 

Ötən il cinayət və boşanmalarn çoxalması ilə yadda qaldı. Uşaqlara qarşı seksual zorakılığın həddən artıq çoxalmasını və bunun da öz yaxınları tərəfindən edilməsinin şahidi oluruq.

 

2021-ci ildə aparılan dövlət islahatlarının bir çox tərəfləri bizim üçün maraqlı idi və inanıram ki, bu, ölkənin gələcəyi üçün vacibdir.

 

Təhsildə olan geriləmələr 2021-ci ildə bizi qayğılandırdı. Təhsil, mədəniyyət, səhiyyə əsas fiziki, mənəvi cəhətdən vətəndaşların sağlamlaşdırılması üçün kapital yatırdığı yer olmalıdır.

 

İnanıram ki, 2022-ci ildə daha böyük fəaliyyətlərlə dövlətimizi, xalqımızı sevindirəcəyik".

 

 

 

 

 

"Yeni ildə köhnə ildə bünövrəsi qoyulan layihələr daha da inkişaf edəcək"

 

Fuad Əliyev, ALDP sədri:

 

"2021-ci il ölkənin ictimai-siyasi, hərbi həyatında mühüm hadisələrlə yadda qaldı. Heç şübhəsiz ki, köhnə il Azərbaycanın qarşısında yeni illərə yeni yollar açdı. 30 ilə yaxın işğalda qaldığımız illər, yaşadığımız utanc hissi bu köhnə ildə əldə etdiyimiz qələbə ilə qürur hissi ilə əvəzləndi.

 

2020-ci il sentyabrın 27-də erməni işğalçılarına qarşı keçirdiyimiz əks hücum və 44 günlük müharibədə əldə olunan zəfərin dalğası hələ uzun zaman özünün təsirini və əhəmiyyətini göstərəcək. Bizim vətəndaş köhnə ildə nə qədər sosial-iqtisadi, qiymət artımı, işsizliklə bağlı problemlərlə üzləşsə də, qələbədən sonra aldığı mənəvi güc bu kimi maddi çətinlikləri aşa bildi.

 

Köhnə ili torpaqlarımız uğrunda canını verən Şəhidlərin ruhu, qazilərin ağrıları ilə yaşasaq da, bütün hallarda sevinc dolu il oldu. Eləcə də siyasi partiyalarla, hökumət arasında bir dialoq mühiti yarandı. Siyasi partiyalar artıq öz təkliflərini, fikirlərini asanlıqla hökumətə çatdıra bilirlər.

 

İşğaldan azad olunmuş ərazilərimizdə böyük layihələr işlənir. Geridə qoyduğumuz ildə Füzulidə açılan beynəlxalq hava limanının əhəmiyyəti xüsusilə vurğulanmalıdır. Hələ çəkilən "Zəfər yolu"nu xüsusilə deməliyəm. Köhnə il müsbət hadisələrlə zəngindir.

 

Şübhəsiz ki, yeni ildə köhnə ildə bünövrəsi qoyulan layihələr daha da inkişaf edəcək. Gözləntimiz Zənhəzur dəhlizinin açılması, Ermənistanın sülh sazişinə gəlməsi, sərhədlərimizin tam müəyyənləşib suverenliyimizin bərpasıdır.

 

Təbii ki, ölkə daxilində sosial-iqtisadi islahatlara ciddi ehtiyac var. Proporsional seçkiyə keçid, parlamentdə olmayan, lakin seçkilərdə aktiv iştirak edən siyasi partiyalara dövlətdən maliyyənin ayrılması, qeyri-neft sektorunun inkişafına dəstək baxımından kiçik sahibkarlar üçün imkanların yaradılması, gömrük rüsumlarının azaldılması və sair məsələlər həllini tapmalıdır.

 

Hər halda, yeni ilə böyük ümidlərlə gedirik. Zəfər yolu çəkilib. Bizə o yolda düzgün, ədalətlə, haqqı tapdalamadan, millətin haqqını yemədən, dovlətin inkişafı naminə irəliləmək qalır.


Bu yeni ildə hər kəsə mənəvi, maddi sağlam həyat arzu edirəm".

 

 

 

 

 

 

"Ciddi problemlər qalır, ümid edirəm..."

 

Arzuxan Əlizadə, AMİP sədri:

 

"2021-ci il üç dövlət başçısının Moskva görüşü ilə başladı. İl ərzində daha iki görüş və bir sıra təmaslar oldu.  2020-ci ildə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etsək də, müəyyən bir hissədə hələ də problemlər qalmaqdadır. Bizim razılığımız və icazəmiz olmadan bir sıra xarici ölkə vətəndaşları Azərbaycan ərazisinə daxil olub, sərbəst surətdə çıxa bilirlər. Biz buna qarşı yalnız bəyanat verməklə münasibət bildiririk. Bu da arzuolunan hal deyildir. Bu ərazilərdə xeyli  itki verdik, minaya düşən, erməni separatçıları tərəfindən öldürülən hərbçilərimiz oldu ki, bu da ciddi məsələlərdir. Növbəti ildə bu problemlərin həlli ilə bağlı ciddi addımlar atılmalıdır.

 

Qiymətlərin bahalaşmasını müşahidə etdik. Hər sahədə qiymət artımı ilə üzləşdik. Bu da onsuz da sosial vəziyyəti ağır olan vətəndaşın durumunu daha da pisləşdirdi.

 

Rusiyanın, Fransanın, Qərb dövlətlərinin Azərbaycana növbəti dəfə basqılarının şahidi olduq və buna qarşı dövlət, siyasi partiyalar olaraq müqavimət göstərdik. Növbəti ildə Azərbaycan öz ərazilərində antiterror əməliyyatları keçirəcək və qanunlarımız bütün ərazilərimizdə bərpa olunacaq. Eyni zamanda, vətəndaşlarımızın öz tarixi torpaqlarımıza geri qayıdıb məskunlaşmasını gözləyirik.

 

Ciddi problemlər qalır. Ümid edirəm, növbəti ildə bu proseslər öz həllini tapacaq. Növbəti ildə sosial-iqtisadi vəziyyətin yaxşılaşması istiqamətində addımlar atılacaq. İnanıram, qalib xalq layiq olduğu şəkildə öz həyatını quracaq".

 

 

 

 

 

"Gələn il inflyasiya bu cür davam edəcəksə..."

 

Natiq Cəfərli, Real Partiyasının sədr müavini:

 

"2021-ci il bütün dünyada və Azərbaycanda da pandemiyanın kölgəsi altında keçdi. Dünya iqtisadiyyatında inflyasiya ilə bağlı ciddi problemlər yaşandı. Bunun istər-istəməz Azərbaycanda da təsirlərini gördük.

 

İlin əvvəlində, təqribən may ayına qədər makroiqtisadi göstəricilərdə ümumi daxili məhsul çox aşağı səviyyədə idi. Neftin qiymətinin artması, Azərbaycanda pandemiya ilə bağlı yumşalmalara geniş açılımlar oldu, ondan sonra ümumdaxili məhsulda nəzərəçarpacaq dərəcədə artım müşahidə etdik. Bu ili ümumi daxili məhsulu 5,3 faz artımla tamamlayacağıq. Tədiyyə balansında da müsbət saldo yarandı. İlin sonunda, təqribən, 4 milyardlıq saldonun olması gözlənilir. Dünyada olduğu kimi, bizdə də inflyasiya ən ciddi problemə çevrildi. İnflyasiyanın ikirəqəmli həddə olması çox ciddi bir problemdir. İnsanların real gəliri bu il ərzində cəmi 2 faiz artıb. Ərzaq inflyasiyasının isə 14-15 faiz olması insanların real gəlirlərinin azalmasına səbəb oldu ki, bu da ciddi problemdir.

 

Gələn il üçün təqaüdlərin, maaşların, minimum əməkhaqlarının artımı gözlənir. Bu da inflyasiyanın artımı ilə bağlı əhaliyə dəstək olacaq. Gələn il inflyasiya bu cür davam edəcəksə, bu artımları yeyib-bitirdiyini görə bilərik ki, bu da ciddi problemdir. Gələn il dövlətin mübarizəsi qiymətlərin artım tempinin aşağı salınması ilə bağlı  olmalıdır.

 

 

 

 

 

"Dövlət olaraq ildən-ilə daha çox güclənməyimizi arzu edirəm"

 

Sevinc Alızadə, “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri:

 

"Yeni il xalqımız, millətimiz, dövlətimiz üçün düşərli olsun. 2021-ci il müharibədən sonra torpağın, arzularımızın bərpası ili oldu. Köhnə il Qarabağın işıqla təmin olunması, “Zəfər yolu”nun çəkilməsi, Qarabağa səfərlərin təşkili ilə yadda qaldı.

 

Mənim üçün ən yaddaqalan günlərdən biri 2021-ci il mayın 12-də Şuşaya olan səfərim, Xarıbülbül festivalında iştirakım idi. Eyni zamanda, Milli Qəhrəman Raquf Orucovun işğaldan azad olunmuş ana yurduna səfərim, orada Şəhidin anasının məzarının tapılması və ziyarət edilməsi yadımdan çıxmaz. Bunlar mənim arzusunda olduğum günlərdir. 

 

Bu il eyni zamanda Vətən Müharibəsi qazilərinə və şəhid ailələrinə diqqət və qayğı göstərməyə çalışdıq.  “Yaşat” Fondunun İctimai Şurasının üzvü, eyni zamanda, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq bir sıra layihələr həyata keçirdik, zəfərimizin ildönümünü qeyd etdik.

 

Bu köhnə il qazilərimizin həm fiziki, həm mənəvi cəhətdən sağlığına qovuşması üçün bir bərpa, gələcəyimizə ümid, körpü  ili oldu.

 

Arzum budur gələn il Bayrağımız Xankəndidə, Xocalıda, Zəngəzurda dalğalansın. Hər bir kəs öz obasına gedə bilsin.

 

Yeni ildən Ağalı kəndi ilk sakinlərini qarşılayacaq. Bu bizim üçün böyük sevincdir. Ümid edirəm, gələn il ev ala bilməyən Qazi, Şəhid ailələrinin problemləri həll olunacaq. Onların yaxşı şəraitlə təmin olunması bizm üçün başucalığıdır. Təşkilat olarq ən ümdə məsələlərdən biri də Şəhid övladlarının təhsilidir.

 

Ən böyük vəzifəmiz Şəhidin unudulmaması, təbliğidir.

 

Mən dövlət olaraq ildən-ilə daha çox güclənməyimizi arzu edirəm. Yeni il Qarabağın dirçəliş günüdür. Bu gün xalqımızın, dövlətin çiynində böyük yük var. Əminəm ki, dövlət və xalq olaraq bu mərhələni dəf edəcəyik. Və daha gözəl, abad Qarabağda Şəhidlərimizin ruhunu şad edəcəyik”.

 

 

 

 

 

“Biz yeni ilə bu problemlə qədəm qoyuruq”

 

Yasəmən Qaraqoyunlu, AMEA-nın elmi işçisi:

 

"Köhnə il Azərbaycan xalqının tarixində erməni işğalçılarını məğlub etməklə, Azərbaycan xalqının düşmən üzərində qələbə çalması ilə yadda qaldı.

 

Lakin hələ də Qarabağın bütün ərazisində suverenliyimizi bərpa edə bilməmişik. Torpaqlarımızın 1200.kv.km.-ni azad etmişik. 3200 kv.km hələ də rus-erməni birləşmələrinin işğalı altındadır. Biz yeni ilə bu problemlə qədəm qoyuruq...

 

Siyasi camiə köhnə ildən qalmış bu problemlə yeni ilə qədəm qoyur və bu problemin həll edilməsi yönümündə saysız ideyalar təklif edir. Fikrimcə, yeni ildə elə siyasət yürütməliyik ki, Rusiya Qarabağı tərk etsin. Erməni hərbi birləşmələri Qarabağdan çıxarılsın. Ermənistan Rusiya və Qərbin nəzarətindən çıxsın, Türkiyə və Azərbaycana inteqrasiya olunsun. Beləliklə, Qafqazda etnik hərbi münaqişə bitər və qalıcı sülh və inkişafın təməli qoyular.

 

Azərbaycan köhnə ildə Ermənistan vətəndaşı olan Azərbaycanlıların problemini və statusunu gündəmə gətirə bilmədi və yeni ilə bu problemlə daxil olur”.

 

 

 

 

 

"Zəngəzur yolundan ta Vətənim Göyçəyə, İrəvana qədər getmək"

 

Hafiz Hacıyev, MMP sədri:

 

"Əvvəlcə istərdim ki, yola saldığımız 2020-2021-ci illərdə hərbi meydanda qazandığımız uğurlar, yaşadığımız qələbə sevinclərinə görə başda Ali Baş Komandan olmaqla hər bir Azərbaycan vətəndaşını, dünya azərbaycanlılarını təbrik edim.

 

Azərbaycan xalqı üçün bu illərin əhəmiyyəti böyükdür. Məncə bu əhəmiyyətinə görə də heç vaxt köhnələn deyil. Biz hər gələn yeni ili məhz bu ildə qoyduğumuz qələbə, zəfər bünövrəsinin üzərində inkişaf etdirəcəyik. Ona görə də müzəffər ordumuz, Ali Baş Komandan, xalqın vəhdətini nə yolla olursa olsun, qorumalıyıq.

 

31 dekabr həm də bizim həmrəylik günümüzdür. Mənfur ermənilər, onların ABŞ, Fransa kimi havadarları, lobbiləri bu gün az qala Azərbaycanı haqsız çıxarmaq istəyirlər. ABŞ Azərbaycanı hərbi cinayətdə ittiham edən sənəd qəbul edib. Görünən budur ki, Azərbaycanın mübarizəsi bitməyib. Biz prezidentlə
bir olmalı, xarici düşmənlərə qarşı öz gücümüzü göstərməliyik. Eləcə də dünya azərbaycanlıları Azərbaycana qsrşı çıxan hər bir kəsə, hər bir sənədə qarşı özünün yekdil sözünü deməlidir. Bu gün dünya Azərbaycanın həmrəylik gücünü hiss etməlidir.

 

Həmişə təəssüf və hiddətlə qarşıladığım məsələ məmurların özbaşınalığı, rüşvətxor nazirlərin xalqı deyil, öz eyş-işrətini düşünməsi faktları olub. Məmurlar əhalini narazı salmaqla daxildə bir çaxnaşma yaratmaq istəyirlər. Ailələri erməni, rus qarışığından olan nazir, məmur bu millət üçün heç nə edə bilməz. O nə şəhid ailəsinə hörmət edəcək, nə də qazinin dərdini anlayacaq. Ona görə də hesab edirəm ki, köhnə ildə qazandığımız uğuru saxlamaq və ali məqsədlərimizə çatmaq üçün yüksək vəzifələrə kökü bəlli olan milli kadrlar gətirilməlidir. Əhalinin sosial vəziyyətinin yaxşılaşması üçün işlər görülməlidir. Yararsız İcra hakimiyyətləri ləğv olunmalıdır. Çünki onlar əhaliyə dəstək, kömək olmur.

 

Biz MMP olaraq yenə də prezidentin, xalqın yanındayıq.

 

Yeni ildə ən böyük gözləntim Xankəndinin Azərbaycanın inzibati ərazisi kimi ölkə qanunları ilə fəaliyyət göstərməsidir. Eyni zamanda, Zəngəzur yolundan ta Vətənim Göyçəyə, İrəvana qədər getmək, doğma torpaqlarımızda yaşamaqdır".

 

 

 

 

 

 

 “2022-ci il sülh ili olsun”

 

Abutalıb Səmədov, ANAP-ın sədri:

 

"Ötən il Ermənistanla olan qarşıdurmada ciddi uğurlar əldə edə bildik. Delimitasiya, demorkasiya prosesini ləngidən Ermənistan anladı ki, bu inadın heç bir gələcəyi yoxdur və prosesi başlamaq lazımdır. İkincisi, Zəngəzur dəhlizi ilə bağlı irəliləyişlər oldu. Paşinyan dərk elədi ki, Avropa kommunikasiyaların açılmasını və regionun iqtisadi əməkdaşlıq regionuna çevrilmsini dəstəkləyib və Ermənistanın revanş istəklərinə heç kim cavab verməyəcək. Ona görə də Brüsseldən qayıdan kimi bu istiqmətdə real addımlar atmağa başladı. Çox günan ki, 2-3 il müddətinə dəmir yolunu işə salmaq mümkün olacaq. Və hesab edirəm ki, bunu da ötən ilin uğurlarından saya bilərik.

 

2021-ci il yanvarın 11-də və noyabrın 26-da imzalanan sənədlər Azərbaycanın mövqelərini daha da möhkəmləndirdi və proses Azərbaycanın istəklərinə uyğun olaraq tərtib olundu. Bunu da Azərbaycanın uğuru saymaq olar. Ən əsas uğur odur ki, Ermənistan rəhbərliyi açıq şəkildə etiraf elədi ki, Qarabağın müstəqilliyi fikrindən nə qədər tez imtina eləsələr bir o qədər yaxşıdır. Paşinyan “Qarabağın müstəqilliyi mümkün deyil” bəyanatını verməsə də, özündən əvvəlki hakimiyyəti təqsirləndirməklə mesaj verdi ki, əvvəl də bu barədə söhbət getməyib, bu gün də gedə bilməz.

 

Hesab edirəm ki, bu ilin uğurlarından biri odur ki, Ermənistanla Qarabağdakı erməni klanı arasında ciddi uçurumlar yarandı. Ermənistan bununla onlara “biz sizin yanınızda deyilik” bəyanatını verdi. Ermənilərin mövqeyi dəfələrlə zəiflədi və bu bizim məqsədimizə çatmağımıza imkan verəcək. Qarabağ Azərbaycanın inzibati ərazisi kimi bundan sonra fəaliyyət göstərməlidir.

 

Biz siyasi partiyalar olaraq maariflndirmə işinin aparılmasında yaxından iştirak elədik. Bizim partiyanın apardığı iş xüsusilə uğurlu oldu. Həqiqəti dedik, reallıqları xalqa çatdırmağa çalışıdıq.

 

Yeni ildə delimitasiya-demorkasiya prosesinin, Zəngəzur dəhlizinin açılmasının sürətlənməsini, sülh danışıqlarının başladılmasını gözləyirik. Biz bu prosesin ATƏT-in Minsk Qrupu ilə deyil, Rusiya vəTürkiyənin vasitəçiliyi ilə aparılmasını istəyirik. Köhnə ildə Qarabağdakı sülhməramlıların fəaliyyəti bizi narahat elədi. Bu, Azərbaycan xalqının Rusiyaya münasibətini yaxşılaşdıran məsələ deyil.

 

Düşünürəm ki, qarşıdakı ildə sülhməramlılarla bağlı bizi narahat edən məqamlara diqqət çəkiləcək. Rusiya bizi narahat edən bəyanatlar verdi. Rusiya rəsmisinin “Rusiya 12 yerə parçalandı” kimi bəyanatları xoşagəlməzdir. SSRİ-nin bərpasına yönələn fikirlərin söylənməsi bizi narahat edir və Azərbaycan nəyin bahasına olursa olsun,  mövqeyindən imtina etmyəcək.

 

Gələn il gözlənilın bu kimi proseslərə ümidlə baxırıq. Ümid edirik ki, 2022-ci ildə daha ciddi addımlar atılacaq, itirilmiş vaxtın əvəzlənməsi üçün işlər daha sürətlə aparılacaq. İlk növbədə sülh sazişi ilə bağlı ilkin addımları gözləyirik. İstərdik ki, 2022-ci il sülh ili olsun".

 

 

 

 

 

 

 

“Parlament seçkilərinin keçirilməsi də gözləntilərimiz sırasındadır”

 

Rəşad Bayramov, AMİP Məclis Şurasının sədri:

 

"Yola saldığımız 2021-ci il 44 günlük Vətən savaşından sonra düşmən üzərində əldə edilmiş qələbənin diplomatik müstəvidə möhkəmləndirilməsi istiqamətində aparılan fəaliyyətlə yadda qaldı.

 

11 yanvar tarixində Rusiya paytaxtında prezident Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 4 saat davam edən görüş və Moskva bəyannaməsinin imzalanması, 26 noyabr tarixində keçirilmiş Soçi görüşü, 15 dekabrda Avropa İttifaqının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə baş tutan Brüssel danışıqları və imzalanan bəyanatlar 2020-ci ilin 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatının yerinə yetirilməsi istiqamətində Azərbaycanın mövqelərini daha möhkəmləndirdi.

 

2021-ci il həmçinin 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında "Şuşa bəyannaməsi"nin və eləcə də 27 iyulda Azərbaycan, Türkiyə və Pakistan arasında "Bakı Bəyannaməsi"nin imzalanması ilə də yadda qaldı. Bu bəyannamələr Azərbaycanın Türkiyə, eləcə də Pakistanla olan strateji müttəfiqlik münasibətlərini daha da inkişaf etdirdi və beynəlxalq müstəvidə Azərbaycanın mövqelərinin güclənməsi istiqamətində atılmış çox mühüm addım oldu.

 

2021-ci il həm də İran-Azərbaycan münasibətlərində gərginliklə yadda qaldı. Nəticədə Gorus-Qafan yolunda İran sürücülərinin Gömrüyə cəlb edilməsi ilə iranlı sürücülərin Azərbaycanın razılığı olmadan Qarabağa girməsinin və eləcə də Ermənistana yük daşımasının qarşısını aldı.

 

İlin mühüm yadda qalan hadisələri içərisində digər vacib məqam da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dövlət başçılarının sammiti oldu. Adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması və sammitdə qəbul edilən digər qərarlar qlobal rəqabətdə alternativ siyasi güc formalaşdırılması yolunda atılmış çox mühüm addım oldu.

 

Təəssüf ki, yola saldığımız il həm də elektrik enerjisi və qazın qiymətlərində, eləcə də dövlət rüsumlarında artımla da yadda qalacaq. Heç bir səbəb olmadan və heç cürə əsaslandırıla bilinməyən qiymət artımları nəticə etibarilə istər qida, istər geyim, istər dərman, istərsə də tikitni materiallarının qiymətində artıma səbəb oldu ki, bu da öz növbəsində yaşayış imkanları onsuz da ağır olan əhalimizin sosial vəziyyətinin daha da ağırlaşmasına gətirib çıxardı.

 

Qarşıdan gələn 2022-ci ildə hansı sürprizlərlə üzləşəcəyimizi proqnozlaşdırmaq çətin olsa da, dəqiq olan odur ki, köhnə ildən qalan bir çox həll olunmamış problemlər var və gələn il onların həlli istiqamətində konkret addımların atılması zəruridir. Buraya Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demokrasiyası, nəqliyyat-komunikasiya əlaqələrinin bərpası, erməni hərbi birləşmələrinin ərazilərimizdən tamamilə çıxarılması və ən nəhayət insanımızın öz dədə-baba yurdlarına qayıtması ilə işlərin sürətləndirilməsi daxildir.

 

Siyasi partiya olaraq gələn ildən gözləntilərimiz həm də Konstitusiya dəyişiklikləri ilə bağlıdır. Hesab edirik ki, Azərbaycan hakimiyyəti nəhayət ki, bu istiqamətdə addımlar atmalı, proporsional seçki sisteminin bərpası, Milli Məclis üzvlərinin sayının artırılması və vacib digər məsələlərin həlli üçün Konstitusiya dəyişikliyi ilə bağlı referendumun keçirilməsi haqqında qərar verməlidir. Seçki məcəlləsinə dəyişikliklər və yeni Parlament seçkilərinin keçirilməsi də gözləntilərimiz sırasındadır. Növbəti ildə fəaliyyətimizin əsasını da məhz sadaladığım istiqamətdə işlərin həyata keçirilməsi üçün fəaliyyət təşkil edəcək.

 

Heç şübhəsiz ki, siyasi camiyə olaraq fəaliyyətimizin əsasını həm də müxtəlif sahələr, xüsusilə də məhkəmə-hüquq sahəsində real islahatların aparılması ilə bağlı hökumətə təzyiq göstərməkdən ibarət olacaq. Söhbət real islahatlardan gedir və biz hesab edirik ki, müstəqil Məhkəmə hakimiyyəti formalaşmadan ölkədə hər hansı bir ciddi dəyişikliklərə nail olmaq mümkün deyil”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi