İrandan Azərbaycana növbəti “suiti” iddiası
Cəmaləddin Quliyev: “...Ən böyük "töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması verir...”
“Suitilərin ölümünə səbəb olaraq göstərilən dənizin çirklənməsinə ən böyük "töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması verir...”
İran nəşrləri indi də Xəzər suitilərinin ölüm səbəbini Azərbaycanın sentyabr ayında keçirdiyi hərbi dəniz təlimləri ilə əlaqələndirirlər. İlk dəfə ötən ilin noyabrında səsləndirilmiş ittihamlar yanvarın əvvəllərindən yenidən təkrarlanır. İddia olunur ki, İran sahillərində 14 suitinin ölüsü aşkarlanıb və İran alimləri də dərhal bu ölümün Azərbaycanın Xəzərdə keçirdiyi təlimlərlə bağlı olması "diaqnozu" qoyublar.
Bu barədə Versus.az -a şərh verən sosial-siyasi ekspert Cəmaləddin Quliyev əslində problemin kökündə Rusiyanın dayandığını, burda İranın Azərbaycanı günahkar çıxarmaq cəhdlərinin olduğunu önə çəkib.
C.Quliyev xatırladıb ki, hələ ötən il sentyabrın 12-də Azərbaycan və Türkiyə donanmaları hərbçilərinin iştirakı ilə başa çatan sualtı hücum və müdafiə qruplarının təlimləri rəsmi Tehranda ciddi narahatlıq yaratmış, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə iddia etmişdi ki, Xəzər dənizinin hüquqi statusu haqqında müqaviləyə əsasən, beş sahilyanı ölkə istisna olmaqla, heç bir xarici dövlətin burada ordusu olmamalıdır. Bəyan edilmişdi ki, Türkiyənin Xəzər dənizində hərbi mövcudluğu qanunsuzdur və məsələ ilə bağlı Xarici İşlər Nazirliyi vasitəsi ilə araşdırma aparırlar.
Onun sözlərinə görə, Azərbaycan tərəfi, daha çox ekspertlər səviyyəsində bu iddiaya cavab vermişdi. İzah olunmuşdu ki, birincisi, Xəzərdə təlimlərin keçirilməsi heç bir sazişi, o cümlədən Xəzərlə bağlı Konvensiyanın müddəalarını pozmur. İkincisi, Konvensiyada “ərazi suları” anlayışı birmənalı olaraq sahilyanı dövlətin suverenliyinin əhatə etdiyi dəniz zolağı kimi tövsif olunub. Yəni Azərbaycan istədiyi ölkə ilə öz suveren ərazisində təlim keçə bilər. Üçüncüsü də təlimdə Türkiyə xüsusi təyinatlıları iştirak etsə də, Türkiyə Hərbi Dəniz Qüvvələrinin heç bir döyüş gəmisi olmayıb.
Ekspert bildirib ki, o zaman İran mediası xeyli səs-küy qaldırsa da, bir müddət sonra ara sakitləşmişdi. Onun qənaətinə görə, ilkin ittihamların absurdluğu anlaşılandan sonra arada yaranmış fasilə zamanı ittiham üçün yeni bəhanə düşünülüb tapılıb. O zaman niyə suiti məsələsinə belə ciddi yanaşılır? C.Quliyev qeyd edib ki, suiti ölümləri doğrudan da var:
“2006-cı ildə qəbul edilmiş “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”na əsasən isə "... müvafiq ekoloji və iqtisadi faktorlarla müəyyən olunan dəniz canlılarının növlərini, onların maksimum davamlı olmasını təmin edəcək səviyyədə populyasiyasını saxlamaq və təmin etmək, həddindən artıq istismar nəticəsində dəniz bioloji növlərinin yox olma təhlükəsinə məruz qalmayacaqları şəraitin təmin edilməsi; fövqəladə ekoloji hallar üçün cavab tədbirləri planlarının hazırlanması kimi tədbirlər nəzərdə tutulur".
Bəs suitilərlə bağlı nə baş verir? Azərbaycan mətbuatının 80-ci illərin sonları, 90-cı illərin birinci yarısına aid saralmış podşivkalarını qaldırın və baxın. Qəzetlərin əksəriyyətində bu barədə həyəcan təbili çalınan onlarla yazılar dərc edilib. BBC azəri xidməti silsilə reportajlar edib, ekspert rəyləri verilib. Xəzərin biologiyasını öyrənmək və qorumaq üçün Azərbaycan neftinə sərmayə yatıran xarici şirkətlərin qrant layihələri də icra olunub.
Yəni problem bugünlük deyil, ən əsası, sırf Azərbaycanla bağlı da deyil. Suitilərin ölümünə səbıb olaraq göstərilən dənizin çirklənməsinə ən böyük "töhfəni" Rusiya, Rusiyanın mülki və hərbi donanması, sahil boyu yerləşdirilmiş, ekoloji normalara əməl etməyən sənaye müəssisələri verir. Heç İran da öz "töhfəsini" əsirgəmir. Elə İran saytlarına kiçik arama vermək bəs edir ki, bu haqda kifayət qədər materiallarla tanış olasan.
Elə isə növbəti absurdun mənası nədir? Görünür, bu dəfə Xəzər konvensiyasında qoyulan ekoloji tələblərdən ölkəmizə qarşı istifadə edilmək üçün ortaya yeni , daha "əsaslı" iddialar atmaq lazım gəlib”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"