Şuşada Xosrov bəy Sultanovun heykəli ucaldılsın

14:31 16-01-2022 | icon 457 | Cəmiyyət
Şuşada Xosrov bəy Sultanovun heykəli ucaldılsın

Qarabağ general-qubernatorluğunun yaradılmasından 103 il ötür

 

 

 

 

RAMİL CƏBRAYIL

 

Şuşada bərpa-təmir edilməli binalardan biri də Cahangir xan Nuribəyovun evidir… Həmin evdə Qarabağ general-qubernatorluğunun inzibati binası olub…

 
 
Azərbaycan Xalq Cümhuriyyətinin ilk müdafiə naziri Xosrov bəy Sultanovun rəhbərliyi ilə Qarabağ general-qubernatorluğunun yaradılmasından 103 il ötür. Daşnak-bolşevik ünsürlərinin Çar Rusiya imperiyasının çökməsi və I Cahan savaşının bitməsindən sonrakı geo-siyasi baxımdan mürəkkəb və ziddiyyətli dövrdən yararlanaraq, Azərbaycanın Zəngəzur və Qarabağ torpaqlarının xeyli hissəsini işğal etməyə çalışdığı bir zamanda mərkəzi Şuşa olmaqla yaranmış bu qurumun qısa, lakin şərəfli tarixində bu gün – 44 günlük müzəffər savaşımızdan sonra Qarabağ və Zəngəzurda hələ görüləcək xeyli işləri qalan Azərbaycan xalqı və dövləti üçün də ibrətamiz məqamlar çox olub.
 
 
 
 
Bu günlərdə  Qarabağ general-qubernatorluğunun Şuşada hansı  binada yerləşməsi haqda yeni məlumatlar əldə etmiş tanınmış araşdırmaçı jurnalist, Karabakhmedia.az saytının baş redaktoru Ramil Cəbrayıl Moderator.az-a bu mövzuda maraqlı bir yazı təqdim edib.
 
 
“Düşmən işğalından azad edilmiş Şuşada Qarabağ general- qubernatoru Xosrov Paşa Sultanovun adının əbədiləşdirilməsi, heykəlinin ucaldılması olduqca vacibdir.  Hesab edirəm ki, bunun çox böyük tarixi əhəmiyyəti var. Paşamızın heykəlinin ucaldılması ermənilərə gözdağı olar…
 
 
Bildiyimiz kimi, Prezident İlham Əliyev 2022-ci ili "Şuşa ili" elan etdi. Əsası Pənahəli xan tərəfindən qoyulan Şuşanın 270 illik yubileyi böyük təntənə ilə qeyd ediləcək. 44 günlük Vətən müharibəsindən sonra,  2022-ci il “Şuşa ili” elan edilməsi tarixi zərurətdən irəli gəlir. 
 
 
Mədəniyyət paytaxtı elan edilmiş Şuşada şəhərin  tarixi simasının bərpası yönündə çox böyük layihələr gerçəkləşdirilir. Şəhərin Baş planının hazırlanması,  tarixi, dini və memarlıq abidələrinin bərpası ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir.
 
 
 
 
Yenidən qurulan Şuşa şəhərinin bir çox tarixi binaları yenidən bərpa və təmir edilir. Bərpa-təmir edilməli  binalardan biri də XIX əsrin memarlıq abidəsi olan Cahangir xan Nuribəyovun evidir… 
 
 
Vətənpərvər bir şəxsiyyət olan Cahangir xan Nuribəyovun evi Qarabağ general- qubernatorluğu yaradılandan sonra qubernatorluğun inzibati binası olub.
 
 
Cahangir xan  "Difai" təşkilatının və onun qolu "Qarabağ məclisi"nin üzvü idi. 
 
 
Cahangir xan Hacı Böyük bəy oğlu 1861-ci ildə Şuşa şəhərində anadan olub. Ata tərəfdən Qatırçı Murad bəyin, ana tərəfdən Bəhmən mirzə Qovanlı- Qacarın nəslindəndir. Şuşa real məktəbini bitirib. Mülkədar idi. Eyni zamanda general- qubernator Xosrov bəy Sultanovla qohum olduqları haqqında məlumatlar var.
 
 
Qeyd edim ki, Şuşa şəhəri işğal olunana qədər bu binada Şuşa rayon Polis Şöbəsi yerləşirdi. 
 
 

Qarabağın qalıb GENERALI…

 
 
Onu bir daha xatırlatmaq gərəkdir ki,  Xosrov bəy Sultanov 28 may 1918- cı ildə İstiqlal bəyannaməsinə imza atmış 26 nəfərdən biridir. Azərbaycanın ilk hərbi nazir olaraq adı tarixə düşüb. Qarabağ general-qubernatoru  olaraq ermənilər üzərində qazandığı qələbə tariximizin qızıl hərflərlə yazılan səhifəsidir. Onun hərbi-siyasi uğurlarının nəticəsində daşnakların başçıları Qarabağdan sürgün edildi. 
 
 
Üzeyir bəy Hacıbəyli Xosrov bəy Sultanov haqqında “Azərbaycan” qəzetinin 1919-cu il 24 iyun tarixli sayında yazırdı:
 
“Həqiqətən, o, Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına tamamilə aşina olan bu zat sağlam bir vücuda malik olan kimi sağlam və salamat politika yerindən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələmək istəyirlər. Əgər Qarabağ müsəlmanları arasında böyük və layiqli bir nüfuza malik olan və erməni cəmaəti tərəfindən dəxi möhtərəm sayılan bu zat Qarabağın hökuməti başında olması idi, burası - Azərbaycanın cənnəti hesab olunan bu yer çoxdan bəri cəhənnəmə dönüb qətli-qital olmuşdu”.
 
 
Xosrov bəy adı və qəhrəmanlıqları dillərdə əzbər, Zəngəzurda erməni quldur dəstələrinə qarşı mərdliklə vuruşmuş Sultan bəy Sultanovun qardaşıdır. Bu qardaşlar ümumi işin xeyrinə hətta illərlə qan düşməni olduqları bəylərin ayağına gedərək, onları bütün gücləri birləşdirməyə, birgə mübarizəyə səsləyiblər. Sultanovlar var-dövlətlərini Türkiyə və İrandan silah-sursat almağa sərf eləmiş, Zəngəzur qazısı Bəhlul Behcət tərəfindən yazılmış Cihad Bəyannaməsi ilə xalqı düşmənə qarşı cihada qaldırmışdılar. Ümumiyyətlə, onların Azərbaycan Xalq Cümhuriyyətinin qorunması yolunda müstəsna xidmətləri olubdur.
 
 
 
 

Qarabağ general-qubernatorluğunun yaradılması…

 
 
Qarabağın dağlıq hissəsində yaşayan ermənilər iyulun 22-də onun "müstəqilliyini" elan etməyə cəhd göstərdilər. Azərbaycan xalqının qatı düşməni Andronik qiyamçı ermənilərə kömək məqsədilə silahsız azərbaycanlıların kütləvi surətdə qıra-qıra Zəngəzurdan Şuşa qəzasına keçdi. Gəncədə yerləşən Cümhuriyyət hökuməti Bakını ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin hərbi qüvvələrinə qarşı mübarizə apardığından, erməni separatçılarının törətdiyi problemi danışıqlar yolu ilə nizama salmağa çalışırdı. Bu məqsədlə Şuşaya nümayəndə heyəti göndərilmişdi. Avqustun 15-də  Andronikin törətdiyi soyqırımlar ilə əlaqədar Ermənistan hökumətinə etiraz notası verilmişdi. Erməni hökuməti iki gün sonra verdiyi cavabında Andronikin guya xüsusi erməni korpusuna "tabe olmadığını" bildirərək bu yalanla məsuliyyətdən yaxa qurtarmağa çalışmışdı. Həmin dövrdə Ermənistan hökuməti Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiq edirdi. Bunu avqustda Şuşaya nümayəndə heyəti göndərmək üçün Ermənistanın Tiflisdəki diplomatik nümayəndəliyinin oradakı (Tiflisdəki) rəsmi Azərbaycan orqanlarına müraciəti də sübut edir. Azərbaycan Xalq Cümhuriyyəti ilə müqavilə əsasında (1918, iyun) dəvət edilmiş türk hərbi hissələri oktyabrda Şuşa şəhərinə, demək olar ki, müqavimətsiz daxil olmuş, ermənilər Azərbaycan Hökumətinin hakimiyyətini qəbul etdiklərin bildirmişdilər. Andronik isə dekabrda guya "ingilislərin Qarabağı onun ixtiyarına verməsi haqqında" şayiə yaymağa başlamışdı. Azərbaycan Hökumətinin sədri Fətəli xan Xoyski dekabrın 20-də parlamentdəki çıxışında buna qarşı etirazını bildirmişdi. Eyni zamanda dekabrın 22-də Bakıdakı ingilis qoşunlarının komandanı Tomson da bu şayiəni təkzib etdi. Buna baxmayaraq erməni separatçıları və Gorusda möhkəmlənmiş Andronik azərbaycanlılara qarşı soyqırımını davam etdirirdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Daxili İşlər Nazirliyi 1919-ci il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Hökumət bu təklifi qəbul etdi və yanvarın 13-də həmin qəzalarda müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi haqqında qərar çıxardı. Bu vəzifəyə yanvarın 29-da Xosrov bəy Sultanov təyin olundu. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağa açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab notasında Qarabağm tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Qarabağ general qu-bernatorluğunun yaradılmasına Ermənistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhdi kimi qiymətləndirdi.
 
 
Ermənistan bununla sakitləşməyərək, təzyiqi artırmağa çalışırdı. O, fevralda Britaniyanın Tiflisdəki silahlı qüvvələrinin komandanı Uorkerə müraciət etdi. Müraciətdə Xosrov paşa bəy Sultanovun Qarabağa general-qubernator təyin edilməsinə etiraz olunur, onun səlahiyyətləri etibarsız elan edilirdi. Lakin bu müraciət cavabsız qaldı. Belə olduqda Ermənistan xarici işlər naziri general Tomsona müraciət etdi. Qarabağda yaşayan erməni milli şurası və Ermənistanın Azərbaycandakı diplomatik nümayəndəsi Bekzadyan da müxtəlif vasitələrlə ingilis komandanlığına təsir göstərməyə çalışırdı. 1919-cu il martın axırlarında Tomsonun İrəvana səfəri zamanı Ermənistan hökuməti ona təzyiqi gücləndirməyə cəhd etmiş, lakin bu cəhd də nəticəsiz qalmışdı. General Tomsonun nümayəndəsi polkovnik Şatelvort Bakıdan Şuşaya gedərək ermənilərin Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinə tabe olmasını tələb etmişdi. Cümhuriyyət Hökuməti isə Ermənistanın əsassız iddialarına baxmayaraq, general-qubernatorluğun fəaliyyətə başlaması üçün tədbirlərini davam etdirirdi.
 
 
Aprelin 4-də general-qubernatorun orada yerləşən hərbi hissələrə münasibətdə səlahiyyət çərçivəsini müəyyən edən qanun qəbul olundu. Baş nazir Nəsib bəy Yusifbəyli aprelin 14-də Parlamentdə Hökumət bəyannaməsinin müzakirəsi zamanı demişdi: "Qarabağ xüsusunda mübahisə yoxdur". Tomson mayın 5-də Fətəli xan Xoyski ilə keçirilən görüşündə belə şəxslərin sürgün edilməsi haqqında sərəncam verdiyini bildirmişdi. Bütün bunlara baxmayaraq, separatçılar Qarabağda vəziyyəti kəskinləşdirməkdə davam edirdilər. 
 
 
Bu cür mürəkkəb şəraitdə Qarabağ general-qubernatorluğunun səmərəli fəaliyyəti regionda əmin-amanlığın qorunub-saxlanmasında mühüm rol oynayırdı. General-qubernator X.Sultanov separatçılara qarşı qətiyyətlə mübarizə aparırdı. İyunun 5-də erməni milli şurasının qatı irticaçı üzvləri ingilis komandanlığı nümayəndəsinin müşayiəti ilə Şuşadan Tiflisə sürgün edildi. İyunun 6-da isə Azərbaycan batalyonu Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Burada keçirilən mitinqdə ermənilər Cümhuriyyət Hökumətini tanıdıqlarını bildirdilər. X.Sultanov konkret tədbirlərlə yanaşı, Qarabağ probleminin əsaslı şəkildə həlli proqramının hazırlanmasına da xüsusi önəm verirdi. Onun bu barədəki baxışları Hökumətə təqdim etdiyi məlumat məruzəsində və Bakıda müttəfiq qoşunlarının komandanı Qatelvorqla iyunun 25-də keçirilən görüşündə şərh olunmuşdu.
 
 
Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək müzakirələr aparmağa başlamışdılar. Baş nazir N.Yusifbəyli, Gəncə qubernatoru Xudadat bəy Rəfibəyli və hərbi nazir Səməd bəy Mehmandarovun Şuşaya səfəri və orada görülən tədbirlər də general-qubernatorluğun nüfuzunu artırmışdı. Bütün bunların nəticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Lakin Ermənistan Respublikasının azərbaycanlılara qarşı genişlənən soyqırım siyasəti Qarabağda da vəziyyətin sabitləşməsinə mənfi təsir göstərirdi. Bununla belə, Cümhuriyyət hökuməti Qarabağı diqqət mərkəzində saxlayır, diyarın həyatının müxtəlif sahələrinə dair tədbirlərini davam etdirirdi. Sentyabrın 27-də Şuşada müəllimlər qurultayı keçirilməsi üçün vəsait ayrılması haqqında qərar qəbul edilmiş, ayın 29-da isə general-qubernatorun sərəncamı ilə yardım kimi Qarabağın erməni müəllimlərinə paylanmaq üçün bir milyon manat pul ayrılmışdı.
 
 
 
 
Ermənistan hökumətinin siyasəti isə orada yaşayan azərbaycanlıların öz dədə-baba torpağından didərgin düşərək qaçqına çevrilməsinə səbəb olmuşdu. Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında da minlərlə qaçqın yerləşmişdi. Bu, general-qubernatorluğun işini daha da mürəkkəbləşdirirdi. Oktyabrın 29-da hökumət general-qubernatorluğa dair daha iki qərar qəbul etmişdi. Onlardan biri general-qubernatorluqda fəaliyyət göstərən qulluqçuların maaşının artırılmasına, digəri isə general-qubernatorluğun ehtiyacı və qəzet nəşri üçün mətbəə almaqdan ötrü vəsait ayrılmasına aid idi.
 
 
1919-cu il noyabrın əvvəllərində ermənilərin Zəngəzurda törətdikləri qətl-qarətlərə qarşı mübarizə məqsədilə general-qubernatorluğa kiçik qoşun hissələri göndərilmişdi. Bununla da Zəngəzurda azərbaycanlıların müdafiəsi sahəsində müəyyən işlər görüldü. Lakin Ermənistan hökuməti separatçılara kömək göstərir, pozuculuq işlərini artırmaqda davam edirdi. Nəticədə müttəfiq dövlətlərin Cənubi Qafqazda Ali komissarının müavini C.Reyin iştirakı ilə noyabrın 23-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyli və Ermənistanın baş naziri Xatisov arasında saziş imzalandı. Ermənistan hökuməti bu sazişin şərtlərini pozaraq dekabrın 8-də Zəngəzura qoşun yeritdi. Ermənistan hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fıkir verirdi.
 
 
1919-cu ilin axırlarında Ermənistan hökuməti Dağlıq Qarabağın "azad" edilməsi üçün 19 milyon manat pul ayırmışdı. Bütün bunların nəticəsində 1920-ci ilin martında erməni separatçıları daha da azğınlaşdı. Martın 22-23-də Ermənistanın bilavasitə iştirakı və Moskvanın sifarişi ilə Dağlıq Qarabağda Azərbaycana qarşı xəyanətkar çıxışlar baş verdi. Azərbaycan Hökumətinin hərbi və diplomatik tədbirləri nəticəsində martın sonu-apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı. Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını həyata keçirməyə hazırlaşan Sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuçuluq-təxribatçılıq işləri də mühüm rol oynadı.  Təəssüf ki, Aprel işğalı (1920) və Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi