Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -
Versus.az "Yeni Müsavat"-a istinadla xəbər verir ki, jurnalist Xəqani Səfəroğlu facebook hesabında 13 yanvar 1990-cı ildə Azadlıq meydanındakı mitinqdə milli azadlıq hərəkatının öncül isimlərindən sayılan Nemət Pənahlının çıxışının stenoqramından bir parça paylaşıb. Çıxışda Nemət Pənahlı rəsmən Sovet Ordusunu Bakıda qırğına sövq edir. O deyir ki, Şmidt adına zavodda silah istehsalına başlanıb. Milli fədailərdən ibarət silahlı könüllülər yaradılıb və s.
Amma indiyə qədər 20 Yanvar faciəsi günlərində nə silahların hazırlanması, nə də könüllü dəstələrin yaradılması barədə bir fakt belə yoxdur.
AXC rəhbərliyi bu cür provokasiyaların qarşısını almaqda niyə acizlik edib? Görünən odur ki, AXC-nin ovaxtkı rəhbərliyində fikir ayrılığı olub. Radikallar və liberallar qanadları olub ki, onlar arasında ciddi mübahisə yaranıb. Birincilər deyiblər ki, barrikadalar quraq, müqavimət göstərək, ikincilər isə bunun faydasız olduğunu, xalqı qırğına verəcəyini bildiriblər.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, xalq hərəkatının iştirakçılarından olan Fərəc Quliyev də deyir ki, o açıqlamalar qüsurlu idi.
“Orada da, ondan sonra da, bu gün də Nemət Pənahlı çıxışlarında Əbülfəz Elçibəyə qarşı olub. O, sərbəst davranır, meydanda mən nə deyirəmsə o olmalıdır, oturun, durun kimi hərəkətlər edirdi. Doğrudur, o vaxt Xalq Cəbhəsində fraksiyaçılıq var idi. Bunu mədəni şəkildə deyirəm. Əslində bu, bölünmə idi. Liberal və radikal
qanadlar fəaliyyət göstərirdi. Bu çağırışlar tamamilə yanlış idi”.
F.Quliyev həmin dövrdə kustar silahların hazırlandığını da bildirdi: “Hər yerdə primitiv silahlar hazırlamaq kimi işlər görülürdü. Amma bunlar rus ordusunu çağırıb onlara qarşı vuruşmaq məqsədilə edilmirdi. Həmin vaxt Qarabağda döyüşlər gedirdi. Sərhəd bölgələrində vəziyyət çox gərgin idi. Ən müxtəlif yerlərdə primitiv silahlar hazırlamaq üçün işlər aparılırdı. Əlimizə keçən silahları İrandan Araz çayı vasitəsilə keçirirdik. Bu məsələlərdə çox çətinliklər çəkirdik. Əlbəttə, meydanda və başqa yerlərdə bu cür çağırışlar etmək anormal məsələlər idi. Gərək düşmənin üstünə gəlməyinə əsas verməyəsən. Əlbəttə, bizim möhtəşəm hazırlığımız, gücümüz olsaydı, rus ordusunun qarşısını alardıq, Bakımızdan qovardıq. Amma bu imkanlar yox idisə, sükut günləri elan edib evlərə çəkilməyin tərəfdarı idim. Amma hesab edirəm ki, Nemətin fikirləri ovaxtkı Xalq Cəbhəsi rəhbərliyinin fikirləri deyildi. Onun özü də bu məsələləri etiraf edib. Razılaşıram ki, belə çağırışlar etmək doğru deyildi”.
Meydanın ilk aparıcısı və təşkilatçılarından olan Ənvər Əliyev Nemət Pənahlının məsuliyyətsiz çıxışlarının bu prosesi şiddətləndirdiyini qeyd edib.
“Mən də həmin vaxt o meydanda olmuşam. Orada arxa binalardan ermənilərin təhrik etmələrinin də şahidiyəm. Silah məsələsini mən də eşitmişəm. Onda biz əsasən Prezident Aparatının qabağına yığışmışdıq. Bir söz də deyim. Bu hadisələr olacaqdı. Gözümüzün qabağında baş verənlərdən çıxış edərək bunları əminliklə deyirəm. Amma bunun müəyyən şiddəti var. Əgər məsuliyyətsizlik olmasaydı, hamıya deyilsəydi ki, evdən bayıra çıxmayın, o zaman nə edəcəkdilər? Evlərə girib insanları qırası deyildilər ki. Xüsusi qüvvələr var idi. Bizim həyətdə, 6-cı mikrorayonda ”QAZ-24" maşınla qışqıra-qışqıra iki dəfə fırlanıb çağırış edirdilər ki, küçələrə çıxın, qoşun gəlir, onun qarşısını almaq lazımdır. O vaxt sovet vətəndaşlarının hamısında bu fikir var idi ki, bu qoşunlar adamları öldürməz. Hər kəs eyforiyaya qapılmışdı. Heç kəs gözləmədiyi halda bu qəddarlıqla üzləşdi. Amma Nemətin də məsuliyyətsiz çıxışlarının olduğunu demək lazımdır. Elə meydanın özündə mənimlə mübahisə etdi ki, sən niyə istefa vermirsən. Adam anlamırdı ki, silah vətəndaş müharibəsi deməkdir. Bəlkə də yalandan xal qazanmaq üçün püfüləyirdi ki, silah istehsalına başlanılıb. Bir sözlə, meydanda məsuliyyətsiz hərəkətləri çox idi. Özü bir neçə dəfə etiraf edib, hökumət məni çağırdı, tapşırıq verdi ki, meydanı necə ələ almaq, nümayişlərə necə mane olmaq lazımdır. Onun məsuliyyətsizliyi bu hadisələri, sadəcə, şiddətləndirdi. Əks tərəfə bir sözlə sanki fürsət verirdi. Necə ki, OMON-çulara qarşı belə münasibət sərgiləndi ki, hökuməti yıxmaq istəyirdilər. 20 Yanvarda da həmin şeylər oldu. Bilərəkdən, yaxud bilməyərəkdən Nemət bu hadisələrin şiddətini artırdı, ölənlərin sayının çoxalmasına səbəb oldu".
Versus.az
Sevda
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"