“Şəhadətilə əbədiyyət qazananlar”
Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Silahlı Qüvvələri və Sərhəd Qoşunları polkovniki, Dövlət Sərhəd Xidmətində Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanının Mühəndis Aviasiya müavini, Mühəndis Aviasiya şöbəsinin rəisi, Birinci Qarabağ və İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş, 2021-ci il 30 noyabr tarixində Xızı rayonu “Qaraheybət” hərbi təlim poliqonunda baş vermiş dəhşətli helikopter qəzası zamanı şəhid olmuş Nəzirov Emil Nəzir oğluna həsr olunan “Şəhadətilə əbədiyyət qazananlar” adlı tədbir keçirildi.
Versus.Az xəbər verir ki, Muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin baş mütəxəssisi Zümrüd İsmayılovanın aparılıq etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirlməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru t.ü.f.d., dosent Fərhad Cabbarov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi istiqamətində muzeydə görülən işlərdən danışıb. F.Cabbarov polkovnik Emil Nəzirov haqqında ətraflı çıxış etdikdən sonra şəhidin şəxsi əşyalarının muzeyə təqdim edilməsinə təşəbbüs göstərən ailəyə öz minnətdarlığını və tarix yazan qəhrəmanlarımızın şəxsi əşyalarının muzeydə əbədi qorunacağını bildirdi. Həmçinin muzeyin Vətən müharibəsi fondunda qorunan materiallardan ibarət nəşrlərin çapının da nəzərdə tutulduğunu qeyd edib.
Sonra muzeyin baş mühafizi, t.ü.f.d., dosent Məhfuzə Zeynalova muzeyin Vətən müharibəsi fonduna daxil olan materiallar haqqında ətraflı çıxış edib.
Daha sonra muzeyin Vətən müharibəsi fondunun müdiri Şəfa Mövsümov şəhid polkovnik E.Nəzirovun həyatı və hərbi fəaliyyəti barədə hazırlanmış slayd nümayişi ilə polkovnik haqqında ətraflı danışıb.
Şəhid E.Nəzirovun qardaşı Abbas Nəzirov və qardaşı oğlu Rövşən Nəzirli çıxış etdikdən sonra şəhidin şəxsi əşyalarını Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verdilər və muzey rəhbərliyinə, həmçinin Şəhid Emil Nəzirovun şəxsi əşyalarının muzeyə təhvil verilməsində vasitəçi olmuş muzeyin Sənədli mənbələr elmi-fond şöbəsinin müdiri Esmira Rəhimovaya öz minnətdarlığını bildiriblər.
Sonda tədbir iştirakçıları muzeydə nümayiş olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgini ziyarət ediblər.
Ayəndə Dadaşova
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"