“Qar” əməliyyatı və Pörl-Harborun qanda boğulması
Yaponiya və ABŞ SSRİ-nin fitnəsinə uyub
“Qar” əməliyyatı. Sovet-alman müharibəsinin başlanması ərəfəsində keçirilən bu əməliyyat sovet kəşfiyyatının şedevri kimi dəyərləndirilib. Əməliyyatın keçirilməsi haqqında yalnız beş nəfər məlumatlı olub – İosif Stalin, Lavrenti Beriya, “NKVD”-nin xarici kəşfiyyat idarəsinin rəisi Pavel Fitin, kəşfiyyatçılar İsak Axmerov və Vitali Pavlov.
Müharibə ərəfəsində SSRİ üçün təkcə Almaniya yox, həm də Yaponiya təhlükəli tərəf sayılıb. Almaniyanın SSRİ-yə hücumundan sonra Yaponiyanın uzaq şərq istiqamətindən sovet sərhədlərini keçəcəyi ehtimalı Moskvanı ciddi narahat edib. Bu baxımdan Kreml Yaponiyanın “zərəsizləşdirilməsi” üçün ciddi düşünməli olub. Olduqca mürəkkəb görünən bu məsələnin həllini sovet kəşfiyyatçıları öz üzərinə götürüb.
“Qar” əməliyyatı Yaponiyanın SSRİ-yə qarşı hərbi təhlükəsini aradan qaldırmaq məqsədini daşıyıb. Əməliyyatın ana xətti Yaponiya ilə diplomatik əlaqələrinin gərgin olduğu Amerika Birləşmiş Ştatlarını bu məsələyə cəlb etməkdən ibarət olub. Əməliyyat planına görə, bu işi elə qurmaq lazım gəlib ki, Amerikanın Yaponiyaya qarşı aqressiyasını artırmaqda SSRİ-nin izi görünməsin.
Maraqlıdır, bəs sovet kəşfiyyatçılarının qarşısına hansı vəzifə qoyulub? ABŞ-Yaponiya münasibətlərini gərginləşdirmək üçün onlar hansı vasitələrə əl atıblar?
İlk növbədə sovet kəşfiyyatçıları ABŞ prezidenti Franklin Ruzveltin şərq məsələləri üzrə müşavirlərinə çıxış yolu axtarıblar. Bu məqsədlə vaxtilə ABŞ-da qeyri-leqal fəaliyyət göstərən İsak Axmerov əməliyyata cəlb olunub. O, ABŞ-da 1930-cu illərdə şərq mütəxəssisi adı altında işləyib və yuxarı dairələrlə kifayət qədər yaxın əlaqələr qura bilib. Axmerovun yaxın münasibət qurduğu adamlardan biri də Harri Uayt olub. Uayt Maliyyə Nazirliyində yüksək vəzifə tutub. Amma bununla yanaşı, o, Ruzvelt adminstrasiyasında beynəlxalq səviyyəli politoloq kimi də tanınıb. Dünyanın ayrı-ayrı bölgələri haqqında prezidentə arayışlar hazırlananda Uayt da bu işə cəlb olunub, xüsusilə Asiya məsələlərində Uayt mütəxəssis kimi qəbul edilib. “Qar” əməliyyatının mərkəzində də elə Uayt dayanıb.
Beləliklə, Axmerov Uayta geniş bir məktub yazıb. O, məktubda qeyd edib ki, hazırda Yaponiyadadır. (Axmerov Amerikada Bill adı ilə ABŞ vətəndaşı kimi qəbul olunub). Daha sonra isə Yaponiyanın ABŞ-a qarşı aqressiv münasibətini təhlil edən Axmerov gecikmədən lazımi tədbirlərin görülməsini zəruri sayıb. Məktubu Uayta çatdırmaq “NKVD”-nin ikinci şəbəsinin rəisi Vitali Pavlova həvalə edilib. O, SSRİ Xarici İşlər Nazirliyinin əməkdaşı kimi ABŞ-a ezam olunub.
Pavlovla Uaytın görüşü Vaşinqtonda restoranların birində baş tutub. Qısa görüşdə Pavlov Axmerovun məktubunu Uayta verib, ABŞ-Yaponiya münasibətləri müzakirə olunub. Uayt bildirib ki, Axmerovun (Billin) təhlil xarakterli məktubu Amerikanın təhlükəsizliyi üçün olduqca dəyərlidir və bu məsələ ilə bağlı prezident məlumatlandırılacaq.
Məktubun niyə məhz Pavlov tərəfindən Uayta çatdırılmasına isə, sovet kəşfiyyatçısı belə izah verib ki, o özü də məhz şərq məsələləri üzrə mütəxəssisdir.
Cəmi bir neçə gündən sonra Uayt Yaponiya münasibətləri ilə bağlı ABŞ-ın maliyyə naziri, eyni zamanda ABŞ prezidentinin müşaviri Henri Marqentauya geniş bir arayış təqdim edib. Marqeuntau da öz növbəsində həmin arayışı Ruzveltlə birlikdə müzakirə edib.
Müzakirələrdən sonra ABŞ rəsmi olaraq Yaponiyaya nota göndərib, Çinə qarşı hərbi təcavüzü dayandırmağı, yapon hərbi bazalarının xəritəsini ixtisara salmağı tövsiyə edib. Yaponiya notanı ultimatum kimi qəbul edərək daha sərt addımlar atıb. Hətta Yaponiya silahlı qüvvələri Havay adaları qrupuna daxil olan Oahu adasında yerləşən ABŞ Sakit okean donanmasının Pörl-Harbor hərbi-dəniz bazasına 7 dekabr 1941-ci il-də gözlənilmədən hücum etməkdən də çəkinməyib. Hücumun məqsədi ABŞ donanmasından gələn potensial təhlükəni aradan qaldırmaq və Yaponiya ordusuna bölgədə Böyük Britaniyaya və Niderlanda qarşı əməliyyatlarda fəaliyyət sərbəstliyi qazandırmaq olub. Hücum nəticəsində ABŞ-ın 12 döyüş gəmisi ciddi şəkildə zədələnib, 188 qırıcı təyyarəsi məhv edilib, 2403 ABŞ əsgəri və 68 mülki vətəndaş ölüb. Bununla da Yaponiya ilə Amerika arasında hərbi konflikt yaranıb ki, Yaponiya Uzaq Şərq istiqamətində SSRİ-yə qarşı hərbi əməliyyatları arxa plana salıb.
Sonralar general-leytenant rütbəsi daşıyan, dövlət təhlükəsizliyi orqanlarında yüksək vəzifələr tutan Pavlov öz memuarlarında “Qar” əməliyyatı haqqında aşağıdakı fikirlərini də bölüşüb:
“Yəqin ki, Ruzvelt iş masasının üstündə olan Yaponiya ilə bağlı arayışın hələ bir il əvvəl Beriyanın masasının üstündə olduğunu heç ağlına belə gətirməyib. Onsuz da gec-tez ABŞ-Yaponiya münasibətlərində bir partlayış baş verəcəkdi. “Qar” əməliyyatı bu işi daha da sürətləndirdi. Sovet-alman müharibəsində bu SSRİ üçün olduqca vacib idi. Çünki SSRİ eyni zamanda Uzaq Şərq istiqamətində də müharibə aparmaq gücündə deyildi...” /Musavat.com/
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...