“QKÇP”-nin “qırğı”sı

11:30 24-01-2022 | icon 906 | Tarix
“QKÇP”-nin “qırğı”sı

Sərt tədbirlər tərəfdarı olan Baklanov Qorbaçovu açıq ittiham edib

 

O, “QKÇP”-nin iflasa uğramasında Dmitri Yazovu günahlandırıb, müdafiə nazirini qətiyyətsizlikdə ittiham edib. Oleq Baklanov uğursuzluğun ikinci səbəbini isə Boris Yeltsini həbs etməməkdə görüb…

 

Oleq Baklanov “QKÇP”-nin ən fəal və ən sərt üzvlərindən biri kimi tanınıb. Mixail Qorbaçovun siyasi kursuna qəti etirazını və iradlarını bildirən Baklanov sonrakı müsahibələrində 1991-ci ilin avqust hadisələri ilə bağlı qeyd edib ki, daha sərt addımlar atılsaydı, Qorbaçovu hakimiyyətdən təcrid etmək mümkün olardı:

 

“Biz nəyə getdiyimizi yaxşı anlayırdıq və bu işdə haqlı idik. “QKÇP” qarşısına qoyduğu məqsədi tam həyata keçirmək imkanında idi. Amma bunu bacarmadıq. Nəyə görə? Çünki əvvəlcədən planlaşdırdığımız tədbirləri yumşaltdıq. Müdafiə Nazirliyinin rəhbərliyi qorxaqlıq nümayiş etdirdi. Xüsusi xidmət orqanları öz işlərinin öhdəsindən gələ bilmədilər. Ən əsası isə onlar əvvəlcədən planlaşdırıldığı kimi, Ali Sovetin binasındakı kommunikasiya xətlərini kəsmədilər. Bütün bunların ucbatından biz qarşımıza qoyduğumuz məqsədə çata bilmədik..”

 

detail_8807970f681419c63858221f6ac6e031.jpg (57 KB)

 

Oleq Baklanov 1932-ci ildə Xarkov şəhərində anadan olub. Orta təsilini başa vurduqdan sonra peşə məktəbində rabitəçi peşəsinə yiyələnib. Daha sonra təhsilini Moskvada qiyabi yolla energetika institutunda davam etdirib. İlk əmək fəaliyyətinə Xarkovda, cihazqayırma zavodunda montajçı kimi başlayan Baklanov 1972-ci ildə həmin zavoda direktor təyin edilib. O, bu illər ərzində eyni zamanda elmi yaradıcılıqla da məşğul olub, dissertasiya müdafiə edərək texnika elmləri namizədi elmi dərəcəsini alıb.

 

SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin zavod direktoru kimi Baklanovun fəaliyyətini həmişə yüksək dəyərləndirib. Dəfələrlə onu Moskvaya işə dəvət etsə də, Baklanov bir müddət bu təkliflərdən imtina edib. Nəhayət, 1976-cı ilin noyabr ayında Baklanov Kremlə dəvət olunub. Yalnız Leonid Brejnevin kabinetində Baklanova məlum olub ki, o, SSRİ Maşınqayırma Nazirliyində nazir müavini vəzifəsinə təyin edilib. Baklanov bu vəzifədə sovet kosmos sənayesinə rəhbərlik edib.

 

530-oleg-baklanov-900x425.jpg (85 KB)

 

1981-ci ildə Baklanovun vəzifəsi bir pillə də yüksələrək 1-ci müavin, 1983-cü ildə isə nazir vəzifəsinə təyinat alıb. O, eyni zamanda SSRİ Müdafiə Şurası sədrinin 1-ci müavini vəzifəsini də daşıyıb.

 

Baklanov 1984-1989-cu illərdə SSRİ Ali Sovetinin deputatı, 1986-1991-ci illərdə Mərkəzi Komitənin üzvü olub.

 

Baklanovun Mixail Qorbaçovla münasibətləri çox da isti olmayıb. Hətta Qorbaçov onu Moskvadan uzaqlaşdıraraq yenidən Xarkova göndərmək istəyib. Amma hər şey əksinə alınıb. Mərkəzi Komitənin 1988-ci il fevral plenumunda Mərkəzi Komitənin müdafiə sənayesi üzrə katibi vəzifəsinə kimin seçiləcəyi müzakirə olunanda Baklanov səs çoxluğu ilə bu vəzifəyə seçilib.

 

2878c6101b0b08f211-94145667_0.jpg (93 KB)

 

“QKÇP”-nin iflasından sonra Baklanov hadisələrdən əvvəl müalicə aldığı Moskva ətrafındakı “Barvixa” sanatoriyasına qayıdıb. Avqustun 23-də onu həmin sanatoriyada həbs ediblər.

 

Bütün vəzifələrindən azad olunan Baklanov “Motrosskaya tişina” həbsxanasında saxlanılıb. Ona qarşı qaldırılan ittihmlara o, bir cümlə ilə cavab verib: “Mən dövlətimizin müdafiəsinə qalxmışam və bunu cinayət əməli kimi qəbul etmirəm...”

 

“QKÇP”-nin digər üzvləri kimi Baklanov da 1994-cü ilin fevral ayında amnistiya aktı ilə azadlığa buraxılıb.

 

bkl.jpg (54 KB)

 

Baklanov xidmətlərinə görə zaman-zaman SSRİ-nin ən ali mükafatları ilə təltif olunub – Sosialist Əməyi Qəhrəmanı, “Lenin” ordeni, “Oktyabr inqilabı” ordeni, “Qırmızı Əmək Bayrağı” ordeni, Lenin mükafatı və çoxsaylı medallarla. Həbsi dövründə onun təltiflərinin geri alınması məsələsi qalxanda Baklanov hakimiyyətdə sonuncu günlərini yaşayan Qorbaçova qısa bir məktub ünvanlayıb:

 

“Mən bu mükafatlarla təltif olunanda siz Kremlin dəhlizlərində özünüzə himayədarlar axtarırdınız. Bu mükafatlar mənim gərgin əməyimə verilən qiymətdir. Onları məndən heç kim ala bilməz, o cümlədən ölkəni məhvə aparan siz də... ”

 

p0002801.jpg (93 KB)

 

Ömrünün son illərində xatirələrini qələmə alan Oleq Baklanov 28 iyul 2021-ci ildə, 89 yaşında vəfat edib. Heç bir ciddi xəstəliyi olmayan Baklanovun ölüm səbəbi açıqlanmayıb.


Baklanov Moskvada Federal Hərbi Momerial qəbirstanlığında dəfn olunub. /Musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...