Versus.az xəbər verir ki, bu fikirləri Ağdam Şəhər İcra Aparatının keçmiş rəhbəri, Ağdam sakini Zülfü Qasımov bildirib:
“Mən 22 il Ağdam Şəhər Sovetinin sədri olmuşam. Zəng vurub adımı soruşurlar və deyirlər ki, siz ailənin başçısısınız? Deyirəm, bəli. Sonra soruşur ki, “Siz həmin ailənin üzvüsünüz, o ailədənsiniz? Deyirəm, o ailənin başçısıyamsa, hansı ailədən olmalıyam ki? Sonra soruşur ki, “Siz ali təhsillisiniz?”. Bu məni tanımırsa, görün o birilərə nələr deyir, soruşur? Yəni belə suallar mənasız görünür. Oturublar orada, hər yerə də zəng vururlar ki, “Qayıdacaqsınız Ağdama?”. Əlbəttə, qayıdacağam. Belə sorğular baş aldatmaqdır. Bu cür sorğu keçirmək, ancaq camaatı narahat etməyə yönəlib”.
Z.Qasımov deyir ki, sorğu ilə bağlı Ağdam İcra Nümayəndəliyinə zəng vurub narazılığını bildirib. Xahiş edib ki, sorğunun götürülməsində iştirak edənlər, heç olmasa, əhali ilə danışmağı bacarsınlar.
“Digər məsələ qaldırırlar ki, bütün qəsəbələrdəki evləri boşaltmalısan. Tutaq ki, qəsəbədə bir adama bir otaq veriblər, bu adam da sonra bu evi böyüdüb edib böyük bir villa. Yaxşı, bu evi kimə verib getməlidir? Belə fikirlər insanların başını qatıb, narahat etməkdən başqa bir şey deyil. Məsələn, köçkünlərə qəsəbələr tikiləndən sonra köçkünlük statusu ləğv olunmadı. Ona görə ləğv olunmadı ki, çörəkpulu kəsilməsin. O vaxt Əli Həsənov da dönə-dönə deyirdi ki, ailənin bir üzvü qalar, qalanları gedər. Bu gün 300 minə qədər köçkün əhali evlə təmin olunubsa, o evləri boşaldıb kimə verəcəklər, yaxud onların hamısı Ağdamda, yaxud başqa yerlərdə necə yerləşə bilər”.(hafta.az)
Ləman
Versus.az