Şagird-müəllim-valideyn qarşıdurmasını yaradan SƏBƏBLƏR

13:00 04-02-2022 | icon 949 | Cəmiyyət
Şagird-müəllim-valideyn qarşıdurmasını yaradan SƏBƏBLƏR

"Müəllimi belə aşağılamaq, töhmətləmək heç kimə haqq verilməyib"

 

Son vaxtlar orta məktəblərdə şagirdlərin döyülməsi, müəllimlərin melanxolik laqeyd davranışları, direktorların rüşvət almaları, direktora şagirdi vurduğuna görə verilən töhmət və şagirdlərin sinif otaqlarında müəllimi saymadan etdikləri tərbiyəsizlik, sadaladıqlarımızı göstərən videogörüntülərin sosial şəbəkələrdə paylaşılması ölkə gündəmini silkələyib. Bir çoxları hesab edir ki, şagirdi vuran, tənbeh edən müəllimə və direktora töhmət verilirsə, nəticəsi də elə sinif otaqlarında ayaqlarını partanın üstünə qaldırıb, müəllimin "başına çıxan" şagirdin özbaşınalığı ilə bitməli idi.

 

Təhsil sistemində yaranmış nizamsızlıq nə ilə bağlıdır? Müəllimlər niyə hər fürsətdə istər dövlət qurumları, bəzən valideynlər və sosial ictimaiyyət tərəfindən aşağılanmaya məruz qalır? Niyə Azərbaycan təhsilində müəllim-şagird, müəllim-təhsil müəssisəsi, müəllim-valideyin arasında qarşıdurma yaranıb? Günahkar şagirdlər, müəllimlər, yoxsa valideynlər, yaxud bütövlükdə cəmiyyətdir? Vəziyyətin bu dərəcədə gərginləşməsi kimin, yaxud hansı oyunçuların xeyrinə ola bilər? Hərcmərclik, təhsildə xaosun yaranmasını tirajlayan sosial şəbəkələrdəki videolardan hansı nəticələr çıxarılmalıdır?

 

 

 

"Birbaşa təhsil naziri həmin müəllimdən üzr istəməlidir"

 

Deputat FAZİL MUSTAFA sosial şəbəkədə yayılan videodan sonra bildirib ki, Bakıda 165 saylı məktəbdə şagirdlərin sinif otağında tədris prosesinə uyğun olmayan davranışına görə araşdırılma aparılaraq dərsin təşkilində yol verdiyi nöqsanlara görə fənn müəlliminə töhmət verilməsi qorxaqlıq, çarəsizlikdir. Və müəllimi aşağılamaq, töhmətləmək heç kimə haqq verilməyib:

 

“Sosial şəbəkədə yüz şeylər paylaşıla bilər. Şagird tərbiyəli davranmırsa, müəllim islah-əmək müəssisəsinin rəhbəri deyil ki? Ayağını qaldırıb partanın üzərinə qoyub video çəkdirən şagirdi müəllim bilmirsiniz niyə görməyib? Normal dərs keçmək əvəzinə müəllim gündəlik səhifələrlə dolu formal sənədləri doldurmalı olur. İcmal, gündəlik, formativ jurnal və başqa tələb olunan mənasız yazılar müəllimi dərsə diqqət yetirməkdən məhrum edib. Nə dərsə hazırlaşmağa vaxtı olur, nə də sinifdə hansısa uşağa qəlbə dəyən söz deməyə. Dərhal tökülüb gəlirlər ki, uşağın ustünə çığırmısan. Hələ serifikasiyaya hazırlaşmağı demirəm. Ümumiyyətlə, 45-50 yaşdan yuxarı bütün müəllimlərə aid sertifikat tələbini ləğv etmək lazım. Onların 15-20 illik təcrübəsi şagirdə bilik verməyə kifayət edər. Bu qədər gərginliyin altında qalan müəllimə şagirdlərin tərbiyəsiz hərəkətinə görə hələ bir töhmət də verirlər. Mən bu müəllimi tanımıram. Ancaq məhz bu məsələyə görə onun hüquqlarını qorumağa hazıram. Düşünürəm ki, vurulan mənəvi zərbəyə görə birbaşa təhsil naziri şəxsən həmin müəllimdən üzr istəməlidir və töhmət dərhal ləğv olunmalıdır”.

 

F.Mustafa müəllimi belə məsələlərə görə günahkar çıxarmanın tam əleyhinə olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycanın dəyərli müəllimlərini qorumaq, onlara mənəvi dəstək vermək lazımdır:

 

“Şagirdləri bu şəkildə müəllimlərin üzərinə qaldırmaq olmaz. Əlbəttə, pis niyyətli, qaba xarakterli, savadsız müəllimlər də ola bilər, bu konkret faktlar və konkret davranışlar üzrə dəyərləndirilməlidir. Ancaq həmin videogörüntüdəki şagirdlərin hərəkətinə görə müəllimin cəzalandırılması tamamilə yanlışdır”.

 

 

 

 

"Məktəblər valideynlərin izləmək imkanına malik olan kameralarla təchiz olunmalıdır"

 

Təhsil eksperti KAMRAN ƏSƏDOV özünün sosial şəbəkə hesabında məsələyə pedaqoq Anton Semyonoviç Makarenko "Uşaq tərbiyəsi haqqında mühazirələr" əsərində yazdığı fikirlərlə aydınlıq gətirib:

 

“Makarenko yazır ki, uşaqları tərbiyə etmək həyatımızın mühüm sahəsidir. Bizim uşaqlar ölkəmizin və dünyanın gələcək vətəndaşlarıdır. Bizim uşaqlar gələcək atalar və analardır - onlar özləri də öz uşaqlarını tərbiyə edəcəklər. Bizim uşaqlarımız böyüyüb gözəl vətəndaş, yaxşı ata və ana olmalıdırlar. Lakin iş bununla qurtarmır: bizim uşaqlarımız - bizim qocalığımızdır. Düzgün tərbiyə bizim xoşbəxt qocalığımızdır, pis tərbiyə bizim gələcək dərdimizdir, bizim gələcək gözyaşlarımızdır, bizim başqa adamlar qarşısında, bütün ölkə qarsısında təqsirimizdir".

 

K.Əsədov bildirib ki, bəziləri bir neçə gün olar ki, məktəblərdə şagirdlərin iştirakı ilə müxtəlif videoların sosial şəbəkələrdə paylaşılmasını təhsil nazirliyinə qarşı qara piar kimi qələmə verir:

 

“Amma əminliklə deyə bilərəm ki, bu paylaşımlar məqsədli deyil və burada hansısa qara piardan söhbət belə gedə bilməz. Bunlar baş vermiş hadisələrdir. Qara piar öncədən proqnozlaşdırmalıdır və müvafiq ssenari üzrə həyata keçirilir. Əslində bu videolar tədrisin təşkilindəki problemləri göstərir və əslində islahatların hansı istiqamətdə aparılmalı olduğunu göstərir. Bu videolar həm də valideynlərə göstərilir ki, baxın, övladınız məktəbdə nə edir. Mən onların evdə belə davranış nümayiş etdirirdiyini bilmirəm, amma məktəbdə nümayiş etdirilən doğru deyil. Misal üçün, baxın, bir videoda şagird məktəbin 2-ci mərtəbəsinin pəncərəsindən həyati təhlükəli yolla düşür. İndi bu şagird ani ehtiyatsızlıqdan zərərçəkmiş olsa idi, bədbəxt hadisə baş versə idi hamı məktəbin günahkar olacağını deyəcəkdi. Bəli, məktəb günahkardır. Nəzarəti həyata keçirməkdə çətinlik çəkir. Bəs şagird?..”

 

Təhsil eksperti bu kimi halların aradan qaldırılması istiqamətində görüləcək işlərlə bağlı bir sıra təkliflər də irəli sürüb:

 

“Birincisi, bütün məktəblər valideynlərin izləmək imkanına malik olan kameralarla təchiz olunmalıdır; Təhsil qanunvericiliyinə şagirdlərin intizam tənbehinə cəlb olunması əlavə edilməlidir; Məktəblər mütəmadi olaraq monitorinq olunmalıdır. Amma daha formal xarakter daşıyan QHT və şəxslərlə yox; Həqiqətən də müəllimlərin nüfuzunu qaldırmaq üçün, onlara səlahiyyətlər verməliyik; Bu il də daxil olmaqla, orta məktəblərə işə qəbulda kişi müəllim az olan məktəblərə yalnız kişi müəllimlərin işə qəbulunu həyata keçirməliyik”.

 

 

 

 

"Fənni sevdirən, nifrət etdirən həm də müəllimin pedaqoqluğudur"

 

Dinşünas ELŞAD MİRİ hesab edir ki, orta və ali məktəbə hər cür xarakterə, psixologiyaya malik olan insan gələ bilər. Lakin müəllim onlarla işləməyi bacarmalı və aidiyyatı strukturlar bu işdə onu dəstəkləməlidir.

 

E.Miri məsələyə müəllimin dərsə yanaşması və metodoloji problemlər kontekstində yanaşıb:

 

“Universitetdə bir tələbəm var idi. Lakin dərsə gəlmirdi. Bir dəfə koridorda görəndə soruşdum ki, Orxan niyə gəlmirsən dərsə? Bəlkə heç kimə deyə bilmədiyin sıxıntın var? Bəlkə həll olunacaq məsələdir? Orxan dedi ki, müəllim, atam sağ olsun. Nə ptoblemim olacaq? Dərsə girməməyimin səbəbi maraqlı olmadığı üçün dərsdə yatıram, hər dəfə də müəllimlər sinifdən çıxarırlar. Ona görə, fikirləşirəm ki, yaxşısı dərsə girməməkdir. Dedim, mənim fənnimə girib yata bilərsən. Heç vaxt dərsdən çıxarmayacam səni. Bir az nigarançılıqla sinifə girdi. Sinifdəki arxa partada oturub başını əlinin üstünə qoyub yatmağa çalışırdı. Dərs əsnasında başını qaldırıb bir-iki söz demək istəsə də, yuxusu qaçmaması üçün söz vermədim. Lakin Orxan dözə bilmədi və mövzu ilə əlaqəli fikirlərini dedi. Bu Orxanın sonuncu yatmaq istəyi oldu. Semestrin axırına kimi dərsə gəldi və fəal iştirak etdi. Hətta dekan bunun səbəbini soruşanda Orxandan soruşmasını xahiş etmişdim. Tələbənin dekana verdiyi cavab mənim üçün təkəbbürlük kimi hesab ediləcəyi üçün burada qeyd etmək istəmirəm”.

 

Bu mənada E.Miri hesab edir ki, fənni sevdirən və ya nifrət etdirən həm də müəllimin metodu, davranışı və pedaqoqluğudur…

 

 

 

 

"Müəllim nüfuzu qaldırılmalıdır cəmiyyətdə"

 

Valideyin ÜLVİYYƏ ABIŞOVA bir övlad böyütdüyünü deyərək, övlad, valideyn və məktəbin bu prosesdə hansı məsuliyyəti daşıdığını önə çəkib:

 

 “Mən də övlad böyüdürəm. Nə bağçada, nə də məktəbdə nəinki kiminsə ona vurması, kobudluq, təhqir etməyinə göz yummazdım və yummaram. Amma qızıma hörmət tələb etdiyim kimi, qızımdan da eyni hörməti müəllimlərinə tələb edirəm. Yoxsa ki, istər qızım, istər bir başqasının övladı özünü cəmiyyətdə vəhşi kimi aparacaq, elementar etik qaydaları bilməyəcək, tərbiyəziliyi ilə ətrafını narahat edəcək və valideyin də deyəcək "uşağıma güldən ağır söz deməyin". Elə uşaqlar da, valideynləri də polis idarəsinə şikayət edilməli, tərbiyəsiz, heç cür davranışını düzəltməyən uşaqlar polisdə nəzarətə götürülməlidi. Bircə dəfə valideynlər övladlarıyla bərabər polis şöbəsinə çağırılıb cərimələnsələr və xəbərdarlıq alsalar, bir çoxları bundan dərs çıxardar. Təəssüf ki, müəllimlər bir çox cəhətdən bugün cəmiyyətin ən çox təqibə məruz qaldığı təbəqəyə çevrilib. Necə deyərlər, qurunun oduna yaş da yanır. Lakin yenə də müəllim nüfuzu qaldırılmalıdı cəmiyyətdə. Uşaqlarımız günün böyük hissəsini onların təsiri altında olur. Və onlar da belə aciz duruma göz qabağında düşdükcə, nə təhsildən, nə tərbiyədən, nə də gözəl ənənəmiz olan böyük-kiçik münasibətlərindən nəsibimizi almarıq. Ənənə deyərkən, hər kəs hücuma keçib ənənələrə qarşı çıxmasın. Hər şeyin ifratı zərərdi. Elə ənənənəsizliyin də...”

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi