"Bu, dindarların insanları istismar etdiyi siyasətdir” - MÜSAHİBƏ
Tural İrfan: “Azərbaycanın adət-ənənələrinə, dinimizə ən böyük ziyanı həmin idarə vurub”
Cəmiyyətin zaman-zaman dini tələblərə nə dərəcədə düzgün riayət etməsi, dini inanclardan irəli gələrək insanların Allah yolunda verdiyi ianələr, qutulara atılan nəzirlərin hara xərclənməsi ilə bağlı müzakirələr bu gün də aktualdır. Çünki din və islamın qaydalarına uymayan çoxlu törəmə qaydalar, adətlər yaranıb ki, bir çox mollalar onun üzərindən “fəaliyyətlərini” məharətlə “icra edirlər”.
Uzun zaman nəzir qutuları, nəzirlərin sonrakı “taleyi” və bu yöndə meydana çıxan neqativ nüanslara qarşı mübarizə aparıldığının şahidi olduq. Amma dini etiqad üzərindən yaranan problemlər aradan qalxdımı və dinlə bağlı siyasətin qanunla nizamlanması tələbi özünü nə dərəcədə gündəmə gətirdi? Artıq xəbər verildiyi kimi, Dini qurumlarla iş, eləcə də ianə edilmiş pul vəsaitlərinin hər hansı bir formada təşkili və həyata keçirilməsini dövlət müəyyən edəcək. Yəni, bunu müvafiq icra hakimiyyəti orqanı kimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimləyəcək. “Dini etiqad azadlığı haqqında” qanunda edilən dəyişikliklərə əsasən problemlərin həlli yönündə müəyyən addımlar atılacaq. Lakin yüz illər din vasitəsilə xalqın həyatına təsir edən, dini mövhumatçılığı az qala ənənə formasına salan törəmə qaydalar qanunla necə həll oluna bilər?
Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən ilahiyyatçı yazar Tural İrfan mühüm məqamlara diqqət çəkib.
- Tural bəy, “Dini etiqad azadlığı haqqında” qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklikliyə əsasən, dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edə bilərlər. Bu cür onlayın “nəzir” toplama sistemi ilə dini sahədə olan hansı problemləri həll edə olunacaq?
- Əvvəla qeyd edim ki, islam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur. Sadəcə xalqın çoxillik ənənəsinə görə Allah yolunda müəyyən sədəqələr, ianəələr, nəzirlər verilir. Dini qanunda bu, ianə olaraq göstərilir. Digər tərəfdən biri var Məscidlərə verilən nəzir, biri də var pirlərə verilən nəzirlər. Mən pirlərə verilən nəzirlərin birmənalı şəkildə əleyhinəyəm, dinimizə ziddir. Həm də pirlərə verilən nəzirlərin 90 faizi indiyə kimi əməli-saleh yerlərə xərclənməyib. Pirlərdən biznes kimi istifadə edən şəxslər yığılan pulları həmin regiona baxan Qafqaz Müsəlmanları Ruhani İdarəsinin hansısa kuratoru, ya da yerli bələdiyyə məmurları, icra hakimiyyətinin hansısa şöbələri ilə birgə özləri üçün xərcləyiblər. Biz bir dəfə şahidi olmadıq ki, Mirmöhsüm Ağanın ziyarətgahında yığılan pullarla hansısa bir şəhid ailəsinin, qazinin, yaxud hansısa yetim-yesiri ziyarət edib, yardım eləsinlər. Amma məscidlərə verilən ianələr, nəzirlər kömək xarakteri daşıya bilir.Tutaq ki, kimsə Məscidin yanından keçəndə qəlbindən keçir ki, aparıb ora 5 manat pul qoysun. Məscidə verilən həmin pulların çoxu əsasən onların kommunal xərclərinə gedir. Yaxşı, elə məscidlər də var ki, orda ianələr toplanmır. Rayonlarımızda 1000-lə məscidlərimiz var ki, komunal xərcləri, təmiri, bərpası ilə bağlı bunlara dövlətin yerli bələdiyyələri, icra hakimiyyətləri tərəfindən vəsait ayrılmır. Bunlar o nəzirin, ianənin ümidinə qalıblar. Məsələn, Ağdaşda Hacı Osaman Məscidi var, borca görə işğını kəsmişdilər...
Bu baxımdan, bu qərarın qəbul olunmasını alqışlayıram. Çünki hər bir halda başqa sahələrdə olduğu kimi din sahəsində də islahatlar aparılmalı idi. Və, “Dini etiqad azadlığı haqqında” qanunu din sahəsində aparılan islahatların birinci mərhələsi hesab etmək olar. Çünki bu qanunun bir tərəfi də axund və imamkarın təyinatının Dini Qurumlar üzrə Komitəyə verillməsidir.
- Bu dəyişikliklə Qafqaz Müsəlmanları Ruhani İdarəsi dini qurumlarla bağlı siyasətdən nə dərəcədə və necə uzaq saxlanır?
- Bizim ölkəmizdə Dini Qurumlar üzrə Komitə ilə Qafqaz Müsəlmanları Ruhani İdarəsinin işi “TƏBİB”-lə Səhiyyə Nazirliyinin fəaliyyətinə bənzəyir. Bu idarələri yaratmışdılar ki, guya bir-birinə dəstək olsunlar. Amma bunlar bir-biri ilə soyuq müharibə aparırlar. Daha doğrusu, Qafqaz Müsəlmanları Ruhani İdarəsi din sahəsini məhv edib, prosesə maniə yaradıb. Bu idarə Rusiya və İranın təsirində olan bir qurumdur. Bu idarə 30 illik nüfuzu olan bir nəfərin ümidinə qalıb ki, o da Şeyxül İslamdır. Bu idarənin sonrakı aqibəti necə olacaq, bilmirəm. Amma mən sübut edərəm ki, Azərbaycanın adət-ənənələrinə, dinimizə ən böyük ziyanı həmin idarə vurub. Çünki dini xürafata çevirib, qəbiristanlıq moillalarını meydana gətirib. Bizim qədim dini alimlərimiz olub- bərdəlilər, iravanilər, bərdicilər. Bu gün dini dükanlarda bir dənə də Azərbaycan filosoflarının, ilahiyyatçılarının kitabı yoxdur. Hamısı İranın, fars rejiminin, hətta orda inqilab eliyib dövlət quran siyasi rəhbərlərin kitablarıdır ki, Ruhani İdarəsinin maliyyəsi, təbliği ilə Azərbaycana gətirib kitabxanalara paylayıblar. Bu məsələlərin tənzimlənməsi üçün dini komitəyə daha çox səlahiyyət verilməli idi. Dediyimiz nəzir, məscidlərin düzgün idarə olunması məsələsi də QMRİ-də idi və onlar da bu işlərə maddiyyat üzərində baxırdılar. Ümid edirəm ki, QMRİ-nin bütün səlahiyyətləri Komitəyə verilsə din bir mərkəzdən idarə olunar və ordakı savadlı insanlar dövlətin icra strukturları ilə əlaqəli şəkildə işləməklə problemləri aradan qaldırarlar.
Din məsələsi həssas məslədir. Qanunla QHT-nin hansısa rayona axund, dini lider təyin eləməsi absurd məsələdir. Qafqaz Müsəlmanları Ruhani İdarəsi İndiyə kimi 1 qəpik də olsun vergi ödəmiyib. Onların rayon məscidlərində 100-lə, 1000-lə işçiləri var. Mən özüm də o idarədə işləmişəm. Onlar Azərbaycanın dövlət qanunlarının əksinə, İran qanunları ilə işləyiblər. Hansı ki, İranda ruhanilərə böyük imtiyazlar verilir. Orda ruhanilər vergidən azaddır, mollalar nə istəyir edə bilərlər. Vaxt var idi QMRİ-nin nəzdində İslam Universiteti fəaliyyət göstərirdi. Mən də orda müəllim işləmişəm. Orada bir dənə müəllim dövlətə vergi verməyib. Maraqlı burasıdır ki, dövlət qurumları buna göz yumub.
- Qanuna təklif olunan bu dəyişiklik sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına hansı töhfəni verəcək?
- Bəzi vaxtlar hətta Qafqaz Müsəlmanları Ruhani İdarəsi “bizim səlahiyyətlər yoxdur” deyib onlara daha böyük səlahiyyətlər verilməsini istəyirdilər. Deyirdilər ki, qeyri – hökumət təşkilatı olduqlarına görə bəzi məsələlərdə güc göstərə bilmirlər və sair.
Gəlin görək bu Ruhani İdarəsi hansısa Məscidə imam, axund təyin edəndə daha çox nəyə diqqət çəkirdilər. Tutaq ki, mən istəyirəm ki, məni Xırdalan şəhərinə imam təyin eləsinlər. Bu zaman Ruhani İdarəsində şeyx deyir ki, sən get həmin məsciddə camaatının etimadını qazan, onlar səni istəsinlər və yerli icra hakimiyyəti rəy yazsa, qazi qazılıq versə sonra səni ora göndərim. Sən də gəlib görürsən ki, Xırdalanda məsciddə namaz qılanların hamısı İranın müştehidlərinə təqlid eliyən mollalardır. Səni görürlər, deyirlər ki, sən Azərbaycan hökumətinə tabe olan adamsan, dövləti dəstəkləyən adamsan səni imam isətmirik, bizə İranda- Qumda oxumuş adam lazımdır. Qafqaz Müsəlmanarı İdarəsi öz iş strukturunu bu cür qurub. Amma səlahiyyətləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə versələr inanıram ki, yaranan əyər-əksikliyi aradan qaldıracaqlar. Şükür allaha ki, Komitədə olanlar Milli dövlətçilik ideyasına sadiq olan adamlardır. Ruhani idarəsində elə adamlar görmüşəm ki, müqayisə eləyəndə Komitədə olanları peyğəmbər hesab edirsən. Düşünürəm ki, məscidlərə imamların təyin olunmasını bu Komitə təyin edəcəyi təqdirdə problemlər aradan qalxacaq, vəziyyət tənzimlənəcək.
- Cəmiyyətdə zaman-zaman nəzir qutularına atılan ianələrin taleyi ilə bağlı müxtəlif müzakirələr gedib. Son vaxtlar isə məscidlərə verilən ianələr Yaşat fonduna verilən ianələrlə müqayisə olunur. Sizcə inanclı insanların öz ruh dünyalarına uyğun olaraq məscidlərə, pirlərə verdikləri nəzirin-ianənin ruhu ilə Yaşat fonduna verilən ianələrin ruhu nə dərəcədə yaxındır. Bu müqayisə düzdürmü?
- Adı nə olursa olsun, - nəzir, sədəqə, ianə - əgər onun hara xərcləndiyi məlumdursa, onun verilməsində heç bir problem olmamalıdır. Əgər sənə aydın olsa ki, verdiyin o nəzir öz məqsədinə çatmır, sənin o fonda pul ödəməyin özü belə haramdır. Yəni, əgər o fonda yığılan pulun bir məmur tərəfindən mənimsənildiyini bilirəmsə, amma bunu bilə-bilə ora ianə verirəmsə, o günahdır. Həmçinin, məscidlər üçün yığılan nəzir-niyazı da buna aid etmək olar. Nə qədər ki, dövlət dəstəyi yoxdur, o zaman məscidlərə ianələrin verilməsində də bir qüsur görmürəm. Lakin dünya müasirləşir. Bir azdan bütün alqı-satqı əməliyyatları onlayn sistemə keçəcək. Ona görə onlayn ödəmələri də bu mənada normal hesab edirəm. Amma dövlət məscidlərə dəstək verəndən sonra nəzir yığmağın da bir əhəmiyyəti qalmayacaq. Amma mən qətiyyən insanlarımızın pirlərə gedib ora nəzir verilmələrinin əleyhinəyəm. Çünki bu dinimizdə, şəriətimizdə haramdır. Bu ancaq xurafatdır, biznes məqsədi ilə istismarçı təbəqənin yaratdığı bir problemdir.
- 100 illər formalaşan, az qala ənənəyə çevrilən belə ianələrin verilməsinin qarşısını necə almaq olar?
- İnsanların inancları da gərək yaşadıqları ölkənin qanunlarına və milli adət-ənənələrinə uyğun olsun. O şeylər ki, mənfi nəticələr verir, onlar insanların adətindən silinməlidir. O zaman Dini Qurumlar nəyə lazımdır. Bəs bizim dinimizin düzgün təbliği ilə bağlı təşviqatçılarımz, ilahiyyat adamlarımız nəyə lazımdır. Bizim xalqın adət-ənənələrində də çox qüsurlu tərəflər var.
Məsələn, Tovuzda 18 metrlik ortadan ikiyə parçalanmış bir qaya var. Camaat gedir ora nəzir-niyaz tökür, qurbanlar kəsir. Deyir Həzrət Əli gəlib orda hirslənib qılıncla vuranda qaya yarılıb. Bunun nə mahiyyəti var axı? Amma insanlar gedib orda qurban kəsirlər. Bu da xalqın ənənəsidir. Beyləqanda bir pir var- Gərçis Peyğəmbər. O pirin ortasında zəncir var, guya həmin zəncir peyğəmbərin kəməridir. Gedib qadınlar ora kəlayağı atır. Əgər kəlayığı zəncirdə qalsa demək arzusu yerinə yetəcək. Bunlar ənənədirsə, islama ziddirlər. Bu mövhumatçılıq dindarların illərlə insanları istismar etdiyi siyasətdir. Biz Cəlil Məmmədquluzadənin əsərlərində o mollaların hansı oyunlardan çıxdığını görürük.
Yaxud, məscidlərə Allah yolunda verilən pul da ianədir, “Yaşat” fonduna verilən də ianədir. Amma mahiyyət baxımıdan Yaşat -a ötürülən ianələr daha savabdır. Çünki Yaşat fonduna ötürülən pullarla hansısa qaziyə, şəhid ailəsinə yardım edilir. Amma məscidlərə, pirlərə ötürülən pulların sonrakı aqibəti bilinmir. Bəlkə orda oturan mollalar nə vaxtsa dinə-imana gələr və ora ötürülən pulu öz məqsədinə görə istifadə edər. Amma bilirik ki, əgər məscidə 50 manat ötürülürsə, onun 30 manatı mollaların öz cibinə gedir.
- Qanunda hansı dəyişikliyin olmasını təklif edərdiniz?
- Dini islahatları təqdir edirəm. Qafqaz Müsəlmanları Ruhanı İdarəsinin fəaliyyətsizliyi çərçivəsində dinimizdə bir çox qüsurlar yaranıb. Eləcə də din adı ilə yaranan radikal dini qruplar zaman-zaman cəmiyyətdə vəziyyətin gərginləşməsinə təsir göstəriblər. Bütün neqativlərin kökü yol verilən nöqsanlardır. Dini siyasətdə proseslərin tənzimlənməsinə böyük ehtiyac var. Tək bir qanunla yox, böyük bir konsepsiyanın qəbul olunmasına ehtiyac var. Bu sırada ən böyük məsələ Azərbaycanın milli dini modelinin formalaşdırılmasıdır. Məsələn, Türkiyədə osmanlı ənənəsindən gəlmə islam modeli var. İranda, Ərəbistanda da özlərinə uyğun dini modellər mövcuddur. Amma Azərbaycanın özünün islam modeli yoxdur. Azərbaycanda din bir xaşıl qazanı kimi qarışdırılıb. Dinimizdə hər yerdən gələn fərqli nümunələr var. Məsələn, həmişə Orucluq, Məhərrəmlik aylarında insanlarımız çaş-baş qalırlar. Ruhani orucluğun, məhərrəmliyin nə vaxt başlaması haqqında müstəqil bir fətfa verə bilmir. Çünki başqa-başqa tərəflərə işləyirlər. Azərbaycan islam modeli yaranmamış biz dinimiz vasitəsi ilə dövlətimizə müxətlif yanlardan təsirlərin olduğunu görəcəyik. Çünki bunlar bütün məscidlərdə kök salıb beyinləri zəhərləyiblər. Din dövlətdən ayrı olsa da, təhlükəsizliyimiz, gələcək nəslin öz dininə ehtiram və sevgi ilə yanaşması üçün dini qurumlar nəzarətə artırılmalı və islam dini xurafat, mövhumatçılıqdan uzaqda saxlanılmalı, təbliğ, təşviq olunmalı, insanlar islam dininin mahiyyətini anlamalıdır. (Həftə-içi)
T.Qafarlı
Versus.az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"