40 yaşında marşal rütbəsi alıb

12:17 07-02-2022 | icon 670 | Tarix
40 yaşında marşal rütbəsi alıb

Qolovanov – Stalinin sevdiyi, Brejnevin qısqandığı pilot

 

1938-ci ildə ölkənin aparıcı qəzetləri onu oxuculara “milyonçu təyyarəçi” kimi təqdim ediblər. Söhbət Aleksandr Qolovanovun milyonlara sahib olmağından yox, pilot kimi milyon kilometr uçuş qət etdiyindən gedib. Məhz həmin dövrdə Qolovanov SSRİ-nin mülki aviasiya sistemində ən tanınmış simalardan biri olub. Mülki pilot olmağına baxmayaraq, o, Mərkəzi Komitənin yüksək ranqlı məmurlarına, ali rütbəli hərbçilərə də xidmət göstərib, uzun məsafə qət edən yüksəkçinlilər Qolovanova etibar ediblər.

 

Ümumilikdə Qolovanov işindən, gəlirindən, yaşayışından narazı olmayıb. Ən yüksək pilot dərəcəsinə sahib olduğundan yüksək əmək haqqı, 4000 rubl maaş alıb, ona Moskvanın mərkəzində pilotlar üçün nəzərdə tutulmuş binada növbədənkənar mənzil verilib. Bir sözlə, Qolovanova bundan artıq heç nə lazım olmayıb. Bu məmnuniyyətin içində onun ağlına belə gəlməyib ki, az müddətdən sonra o, ölkənin ən tanınmış simalarından birinə çevriləcək, Stalin kimi qəddar bir rəhbərdən atalıq qayğısı görəcək, böyük imtiyaz və güzəştlərə sahib olacaq. Bu zirvələrə gedən yol isə iki dostun, Qolovanovun və hərbi təyyarəçi Smuşkeviçin yeni il günü sərxoş vəziyyətdə apardıqları fikir mübadiləsindən başlayıb.

 

1_4f130ef7.jpg (96 KB)

 

1941-ci ilin yanvarın 1-də dostlar süfrə arxasında yeni ilin ilk gününü qeyd ediblər. Smuşkeviç SSRİ-də strateji uzunmənzilli hərbi aviasiyanın yaradılmasının zəruriliyindən danışıb. Qolovanov dostunun fikirlərini qəbul etsə də, bu məsələdə özünün heç bir həlledici rol oynaya bilməyəcəyini bildirib. Smuşkeviç təklif edib ki, Qolovanov bu məsələ ilə bağlı Stalinə ətraflı məktub yazsın. Sərxoş başlar uzun-uzadı müzakirələdən sonra qərarlaşıblar, Qolovanov dostuna söz verib ki, Stalinə məktub yazacaq.

 

Pilotun Stalinə yazdığı məktub hərbi-strateji, texniki, II dünya müharibəsinin getdiyi bir dövrdə beynəlxalq müstəvidə siyasi vəziyyətin təhlili ilə bağlı o qədər mükəmməl olub ki, Stalin məktuba biganə qalmayıb. 1941-ci ilin fevral ayında Qolovanov Stalinin qəbuluna dəvət olunub. Siyasi Büro üzvləri və ali rütbəli hərbçilərin də iştirak etdiyi görüş bir neçə saat davam edib. Qolovanov “böyük əhatə”nin arasında olmasına baxmayaraq, təmkin və səbrlə uzunmənzilli bombardmançı təyyarələrin müharibənin başlanacağı təqdirdə nə qədər vacib olduğunu, strateji uzunmənzilli hərbi aviasiyanın yaradılmasının zəruriliyini məntiqli şəkildə izah etməyi bacarıb.

 

1362022487_111.jpg (99 KB)

 

Bu görüşdən sonra mülki pilot Qolovanova podpolkovnik rütbəsi verilərək ordunun silahlı qüvvələrinin şəxsi heyətinə qəbul olunub və 212-ci aviasiya alayına komandir təyin edilib.

 

Sovet-alman müharibəsinin başlandığı ilk günlərdən Qolovanovun komandiri olduğu alayın uzunmənzilli bombardmançı təyyarələri düşmənə ağır zərbələr endirməklə Dövlət Müdafiə Komitəsində və Ali Baş Komandanın qərargahında gündəlik müzakirə mövzusuna çevrilib. 1941-ci ilin dekabr ayında Qolovanov 3-cü uzunmənzilli aviasiya diviziyasının komandiri vəzifəsinə təyinat alıb. Bu diviziya Moskva vilayətində yerləşən Monino hərbi aerodromunda dislokasiya olunaraq düşmənin arxa cəbhəsində müdafiə sənayesi obyektlərinin məhv edilməsi ilə bağlı əməliyyatlar keçirib.

 

6-1_125.jpg (120 KB)

 

24 fevral 1942-ci ildə Qolovanov uzunmənzili avisiyanın komandanı vəzifəsinə təyin olunub. 1944-cü ildə isə o, uzunmənzilli aviasiya dəstələrinin birləşdiyi 18-ci hava ordusuna komandan postuna keçirilib.
Qolovanovun müharibə illərində bütün hərbi əməliyyatları uğurla nəticələnib. O, SSRİ silahlı qüvvələrində yeganə şəxs olub ki, 40 yaşında marşal rütbəsi daşıyıb.

 

Yüksək ranqlı hərbçilərə qarşı həmişə sərt münasibət göstərən Stalin Qolovanova böyük ehtiram və hörmətlə yanaşıb. Yəqin heç kim təsəvvürünə belə gətirə bilməz ki, Stalin onun bağ evinə qonaq gələn marşallardan kiməsə ehtiram əlaməti olaraq üst geyimini geyinib soyunanda onun şinelini, yaxud paltosunu tutsun. Amma Stalin Qolovanovu bu məsələdə həmişə təəccübləndirib. Marşal bunu öz xatirələrində də qeyd edib:

 

“Mən Stalinlə təkcə kabinetdə yox, arada onun bağ evində də görüşürdüm. Gəldiyimi biləndə məni dəhlizdə qarşılayırdı, şinelimi və furajkamaı götürüb asılqandan asırdı. O cümlədən, gedəndə də üst geyimimi özü mənə verirdi. Bu məni olduqca həyəcanlandırırdı. Stalin bunu anlayaraq, bir dəfə mənə dedi ki, sən mənim qonağımsan, qonağı hörmətlə qarşılayıb, hörmətlə də yola salmaq lazımdır. Mən həmişə öz üzərimdə Stalinin atalıq qayğısını hiss etmişəm...”

 

1362022746_007A.jpg (92 KB)

 

1943-cü ildə Qolovanovun qız övladı dünyaya gələndə o, qərargahdan icazə almadan bir neçə saatlıq komanda məntəqəsini tərk edərək doğum evinə gedib. Onun övladının olmasından Stalinin də xəbəri olub. Qolovanov doğum evində olanda köməkçisi hərbi rabitə vasitəsi ilə ona məlumat verib ki, təcili birincinin yanına çağrılır. Qolovanov elə düşünüb ki, xidməti yerini icazəsiz tərk etdiyinə görə lazımi tənbeh alacaq. Həyəcanla Stalinin kabinetinə daxil olan Qolovanov məruzə etmək istəyəndə baş komandan onun sözünü yarımçıq kəsib:

 

- Yox, Aleksandr Yevgenyeviç, bu dəfə nə uzun, nə yaxın mənzilli təyyarələrdən danışmayacağıq. De, görüm, şəxsi həyatında nə yenilik var?

Stalinin yenilikdən xəbəri olsa da sualı qəsdən verib:

- Yoldaş Stalin, övladım olub.

- Qız, yoxsa oğlan?

- Qız.

- Eybi yoxdur, bu da yaxşıdır, sovet vətəndaşlarının sayı artmalıdır. Adını nə qoymusunuz?

- Veronika?

- Niyə məhz Veronika?

- Veronika yunan dilindən tərcümədə qələbə gətirən deməkdir.

- Çox yaxşı, demək, bizi qarşıda qələbə gözləyir. Biz səni ata olmağın münasibətilə yeni mənzildə təbrik edəcəyik.

 

1048659_600.jpg (35 KB)

 

Həmin həyəcanlı görüşdə Stalin Qolovanova yüksək ranqlı partiya və hökumət rəhbərlərinin yaşadığı məşhur “sahildəki ev”dən 5 otaqlı mənzil hədiyyə edib.

 

Saysız-hesabsız uçuşlar, müharibə gərginliyi, sutkalarla yuxusuz qalmaq Qolovanovun səhhətində ciddi fəsadlar yaradıb. Müharibədən sonra marşal SSRİ silahlı qüvvələrinin uzunmənzilli hərbi aviasiyasının komandanı vəzifəsində xidmət edib. Stalinin vəfatından sonra səhhətindəki ciddi pronlemlərlə bağlı o, bu vəzifədən istefaya göndərilib. Ömrünün son illərində memurlarını yazmaqla məşğul olan marşalın bir neçə kitabı işıq üzü görüb. Amma sonuncu kitabının nəşrinə icazə verilməyib.

 

Qolovanov 1975-ci ildə 71 yaşında vəfat edib. Ömrünün son dəqiqələrində o, üç dəfə “necə də dəhşətli həyatdır” ifadəsini təkrar edib. Böyük şöhrət və nüfuz sahibi olmuş marşalın bu sözləri nəyə görə dediyini qızı sonralar belə izah edib:

 

golovanov_ae.jpg (212 KB)

 

“Atamın müharibə illəri, Stalinlə münasibətləri haqqında kitabı çapa tam hazır idi. Həmin kitabın çapına icazə vermirdilər. Atam bununla bağlı Leonid Brejnevə və Aleksey Kosıginə məktub yazmışdı. Həmin məktubun bir nüsxəsini mən saxlayıram. Brejnev bu kitabın çıxmasını istəmirdi. Səbəbini dəqiq bilməsəm də, təxmin edirdim ki, çapa niyə icazə verilmir. Çünki həmin kitabda Brejnevin adı bir dəfə də olsun hallanmırdı. Bu atama dəhşətli dərəcədə mənfi təsir edirdi, o, sadəcə bu qadağadan əzab çəkirdi...”

 

Qeyd edək ki, Aleksandr Qolovanov Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib. /Musavat.com/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi