Rəhbərlərin Krım tətili
“Mersedes” istəyən Brejnev, astagəl Suslov, ürəyi bulanan Kosıgin
1969-cu ildə SSRİ Daxili İşlər Nazirliyinin yeni strukturu formalaşdırılanda Dövlət Avtomobil Müfəttişliyi idarəsində yeni 3 xüsusi bölmə yaradılıb. Bu bölmələrin funksiyası yüksək ranqlı dövlət məmurlarının, baş katibin, Mərkəzi Komitə katiblərinin, Siyasi Büro üzvlərinin, nazirlərin məzuniyyət zamanı istirahət məkanlarında olduqları vaxt onların avtomobillərini müşayiət etməkdən ibarət olub.
Bölmələr üç bölgədə, Moskva, Krım, Qafqaz bölgələrində yerləşib. Onların əsas xidmət yerləri “Vnukovo” hava limanı, Krımda və Qafqazda isə məmurların istirahət etdikləri dövlət bağları, sanatoriya və pansionatlar olub. Yəni, bu ərazilərdə məmurların avtomobillə hərəkəti zamanı onları məhz bu bölmələr müşayiət ediblər, o cümlədən qarşılanma və yolasalma zamanı da.
Xüsusi bölmələrin yaradılması onsuz da araları “soyuq” olan Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Komitəsi arasında növbəti problemlər yaradıb. Bu bölmələr DİN-in Dövlət Avtomobil Müfəttişliyi İdarəsinin strurkturunda olduğu halda, onlar xidməti tapşırıqlarını DTK-nın 9-cu idarəsindən (dövlət məmurlarının təhlükəsizliyinə cavabdehlik daşıyan idarə) alıblar. Bu isə zaman-zaman ortaya yeni mübahisələr, narazılıqlar, narahatlıqlar çıxarıb.
Yaradılmış 3 xüsusi bölmədən ən ağır yük Krımdakı xidmət aparan bölməyə düşüb. Kreml məmurlarının əksəri, o cümlədən Leonid Brejnev də Krımda istirahət etməyə daha çox üstünlük veriblər. Sözsüz ki, liderlərin istirahət zamanı kaprizləri də az olmayıb və bu kaprizlərdən onları müşayiət edən xüsusi bölmənin əməkdaşlarına da “pay” düşüb.
Krımda xüsusi bölmənin ilk rəisi polkovnik Azamat Lısyakov olub və o, bu vəzifədə 17 il xidmət edib. Jurnalistlərə verdiyi müsahibələrdə polkovnik bu illərin heç də asan və rahat keçmədiyini söyləyib:
“Yəqin ki, dünyada asan olan bir iş yoxdur. Bütün işlərdə istənilən vaxt problem yarana bilər. Əsas məsələ vaxtında düzgün qərar qəbul etməyi bacarmaqdır. Xidmət yeni yarananda işimiz daha çətin idi. Xidmətin istifadəsinə yalnız adi motosikletlər verilmişdi. Yəni, bəzi hallarda biz sürət həvəskarı olan Brejnevi müşayiət etməkdə çətinlik çəkirdik. Birincilərin sürücüləri bizim sürət təklifimizə heç vaxt əməl etmirdilər. Nəzərə almırdılar ki, məsələn, saatda 120-140 km sürətlə Simferopol aeroportundan Yaltaya istiqamət alan avtomobili müşayiət etmək bizim üçün problemdir. Bu sürücülər yalnız DTK-nın 9-cu idarəsinin əməkdaşları ilə hesablaşırdılar. Amma nə etməli, çalışırdıq ki, işimizin öhdəsindən gələk.
Sonralar bizə də avtomobillər, xüsusi rabitə qurğuları verildi. Biz birinciləri müşayiət etməklə yanaşı, həm də yolları “təmizləyirdik”. Bu məsələ də problemsiz ötüşmürdü. Bir faktı qeyd etmək kifayətdir ki, biz hansı problemlərlə üzləşmişik. Yuri Andropov Krıma istirahətə gələndə Simferopol aeroportunda onu qarşılayan kimi mən yolların boşaldılması komandasını vermişdim. Amma bu komandaya baxmayaraq, yerli milislərdən kimsə güləşçiləri aeroporta aparan maşına yola çıxmağa icazə vermişdi. Bizim əməkdaş onun qarşısını kəsəndə elə bir qəza baş vermişdi ki, meyitlər və əzilmiş maşınlar yolun ortasında qalmışdı. Andropovun həmin ərazidən keçməsinə isə cəmisi 10-15 dəqiqə qalmışdı. Bizim əməkdaşlar dəqiqələr ərzində ərazini təmizləmişdilər və Andropov həmin yerdən keçəndə heç nə hiss etməmişdi...”
Azamat Lısyakov müsahibələrində birincilərin kaprizlərindən də söhbət açıb:
“Kiçiklərin şıltaqlıqları olduğu kimi, böyüklərin də öz şıltaqlıqları olur. Brejenvin növbəti məziniyyətlərinin birində biz onu Simferopolda aeroportda qarşılayırdıq. “Çayka” təyyarənin trapının qarşısına verilmişdi. Baş katib təyyarədən çıxan kimi birinci sualı bu oldu:
- Hardadır mənim "Mersedes”im?
Bu sualı o elə bir incik, həm də bir az qəzəbli və əsəbi şəkildə verdi ki, mən öz içimdə təəccübümü gizlədə bilmədim. Onda anladım ki, nəyə görə Brejnevdən əvvəl Krıma onun 6-7 maşını gəlir. Bəli, baş katib Krımda ən çox iki-üç həftə istirahət edirdi və bu 10-15 gün üçün Moskvadan Krıma 6-7 maşın gətirilirdi. Andrey Suslovun da özünəməxsus kaprizləri var idi. Aeroport yolunda sürət həddi yay-qış mövsümünə görə saatda 100, yaxud 110 kilometr olduğu halda Suslov sürücüyə sürəti 70-dən artıq qaldırmağa qoymurdu. Amma Suslov anlamırdı ki, ona görə bütün yollar bağlanıb, bu işlək yola da heç kim buraxılmır və 70-lə getmək nə qədər vaxt tələb edir. Aleksey Kosıgin hər işin qədərini, vaxtını, ölçüsünü bilirdi. Çox rahat adam idi.
Amma bir dəfə bizim rahatlığımızı elə pozdu ki, bu mənim yaddaşımdan heç vaxt silinməyəcək. İstirahət zamanı Kosıgin hansısa görüşdən qayıdırdı, axşamdan xeyli keçmişdi. Dövlət bağına çatmağımıza təxminən 20 kilometr qalmışdı. Qəfil Kosıginin maşını dayandı. Mən onun avtomobilindən təxminən 30-40 metr irəlidə gedirdim. Tələsik düşüb maşına tərəf getdim. Kosıgini maşından düşürüb yolun kənarındakı ağacların altına aparmışdılar. Ona su verirdilər, qalstukunu boşaltmışdılar. Mən yaxınlaşanda o üzünü mənə tutub soruşdu:
- Sİzdə kefir olmaz?
Mən başımı bulayaraq yox cavabı verdim. Və özlüyümdə baş nazirin bu sualına mat qaldım, bu axşam vaxtı yol müfəttişində kefir haradan ola bilər. Dövlət bağna çatana qədər Kosıginin maşını daha bir neçə dayandı. Nəhayət, biz onu sağ-salamat bağa çatdıra bildik. Baş nazir soyuqlamışdı, buna görə də ürəyi bulanıbmış...”
Lısyakov digər məmurların elə televizorda göründüyü kimi çox quru və rəsmi olduqlarını da bildirib.
Qeyd edək ki, Krımda “əfsanəvi komandir” adı ilə məşhur olan Azamat Lısyakov 2018-ci ildə 92 yaşında vəfat edib. /Musavat.com/
Xəbər lenti
COP29-un tədbir məkanı BMT-nin qurumuna VERİLDİ
Mavi Zonaya yalnız UNFCCC tərəfindən...