“İcbari tibbi sığortanın həyata keçirilməsini arzu etdiyimiz keyfiyyətdə təmin edə bilməmişik”
Musa Quliyev: “Səhiyyədə uzun illər çalışmış kadrların bəziləri artıq yeni düşüncə tərzinə malik deyildilər”
Ölkədə Səhiyyə sisteminin insanların sağlamlığının qorunmasındakı rolu və əhəmiyyəti ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Cəmiyyətdə bir çox hallarda vətəndaşın öz xəstəxanalarına, xidmət keyfiyyətinə inamsız yanaşması müşahidə olunur ki, belə hallar pandemiya dövründə daha qabarıq ortaya çıxdı. İnsanlarımızın öz sağlıqlarını yerli həkimlərinə deyil, xarici ölkələrə etibar etməsi faktı əslində bir SOS-dur və bu sahədə ciddi kadr islahatına, savadlı həkim potensilalına ehtiyac duyulduğu gündəmə gəlir.
Niyə Azərbaycan insanı öz xəstəxanalarının xidmətindən narazıdır və bu, Səhiyyə Sistemində hansı islahatların aparılmasını tələb edir?
Versus.Az xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müsahibəsində bu və ya digər nüanslara diqqət çəkib.
- Musa müəllim, bu gün Azərbaycan səhiyyəsinin mövcud durumu necədir? Səhiyyəmiz müasir standartlara cavab verirmi, mövcud həkim-kadr potensialını necə dəyərləndirmək olar?
- Hər bir ölkənin sosial siyasətində səhiyyə siyasəti vətəndaşlara tibbi xidmət göstərilməsində mühüm yer tutur. Bu, Azərbaycanın da daxili siyasətində prioritet istiqamətdir. Heç şübhəsiz ki, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərə əlçatanlığın təmin olunması, tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi, dərman təhlükəsizliyi və sair kimi məsələlər həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzindədir.
Hazırda Azərbaycan səhiyyəsi islahatlar dövrünü yaşayır. Və bu islahatlar da koronavirus pandemiyası ilə eyni vaxta düşdüyündən həm səhiyyənin yükü artıb, həm də islahatların gedişi bir qədər ləngiyib. Bu, bir obyektiv reallıqdır. Onu da qeyd edim ki, Səhiyyə islahatları Azərbaycanda 15 ilə yaxındır ki, başlayıb və mərhələ-mərhələ davam edir. İlkin mərhələdə səhiyyənin maddi-texniki bazasının yaxşılaşdırılması, kadr təminatının, kadr hazırlığının həyata keçirilməsi, səhiyyənin idarəedilmə sisteminin müasir tələblərə cavab verilməsi və sair məsələlər ön planda oldu. Cənab prezidentin səhiyyə ilə bağlı qəbul etdiyi 20-dən çox proqram, "İctimai tibbi sığorta haqqında" qanunun qəbul olunması, səhiyyə sisteminin dünya səhiyyə sisteminə inteqrasiya olunması, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi klinik protokolların Azərbaycan tərəfindən qəbul olunması və protokollar əsasında müayinə və müalicələrin aparılması çox ciddi islahatlardır. Və məhz cənab prezidentin tapşırığı, birbaşa nəzarəti və rəhbərliyi ilə ölkədə 700-dən çox səhiyyə müəssisəsi əsaslı təmir olundu, yaxud yeniləri tikildi və səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində, o cümlədən də müasir tibb texnologiyasının alınıb ölkəmizə gətirilməsində inqilabi dəyişikliklər baş verdi ki, bu bir faktdır.
Tibb kadrlarının hazırlanması istiqamətində də böyük işlər görülüb. Xüsusilə cənab prezidentin 2008-2015-ci illər üzrə xaricdə təhsil proqramından yararlanan yüzlərlə gəncimiz xarici ölkələrdə, o cümlədən Almaniya və qardaş Türkiyədə yüksək tibb təhsili alaraq, uzmanlı tibb doktorları səviyyəsində mütəxəssis olaraq ölkəmizə qayıdıblar. Tam məsuliyyətlə demək olar ki, Azərbaycan səhiyyəsinin idarə olunmasında və yüksək ixtisaslı tibbi xidmətlərin həm təşkilində, həm də həyata keçirilməsində bu kadrların əvəzsiz rolu var. Eyni zamanda, Azərbaycan Tibb Universiteti də yenidən öz işini təşkil edə bildi. Artıq Azərbaycanda rezdentura təhsilinin yüksək səviyyədə həyata keçirilməsi üçün də lazımi işlər görülməkdədir. Tibb Universiteti ilə yanaşı Naxçıvan Universitetinin Tibb Fakültəsi və Moskva İvan Seçenov adına Birinci Tibb İnstitunun Bakı filialı da kadr hazırlığı işində öz töhfələrini verməkdədir.
- İcbari Tibbi sığorta və onun real şəkildə işləməsi, vətəndaşın sağlıqla bağlı problemlərini həll etməsi üçün hansı imkanları yarada bilər və bu sistem nə dərəcədə işləkdir?
- Bütün dünyada səhiyyədə ən ağır və çətin islahatlar bir sistemdən başqa sistemə keçməkdir. Uzun illər Azərbaycan səhiyyəsi "Semaşko" modeli deyilən sovet səhiyyə sisteminin bir tərkib hissəsi kimi fəaliyyət göstərib. Və bu sistemdə də yuxarıdan, yəni büdcədən, bir mərkəzdən maliyyələşdirmə mexanizmi həyata keçirilirdi. Bu da müəyyən hallarda özünü göstərmirdi. Amma insaf naminə demək lazımdır ki, bu sistemin də, xüsusən profilaktik səhiyyə sahəsində öz üstünlükləri vardı. Amma bütün dünya hal-hazırda səhiyyənin idarə edilməsinin, səhiyyə və tibb xidmətləri göstərilməsinin ən optimal üsulu olan icbari tibbi sığortaya əsaslanan səhiyyə modelinə üstünlük verir. Azərbaycan da artıq bu modelə keçib. Düzdür, burda bizim kifayət qədər ləngiləmələrimiz də oldu. Amma bu da əsasən obyektiv səbəblərdən və qeyd etdiyim kimi, həm tibb kadrların lazımi səviyyədə olmaması, həm də tibb müəssisələrinin adekvat cavab verə bilməməsi ilə bağlı obyektiv səbəblərdən ibarət idi. İndi artıq iki ildən çoxdur ki, icbari tibbi sığortanın ölkənin bütün ərazisində həyata keçirilməsinin şahidi və iştirakçılarıyıq. Çox təəssüflər olsun ki, icbari tibbi sığortanın həyata keçirildiyi dövrdə dünyada baş verən bu koronavirus pandemiyası ilə üst-üstə düşdüyünə görə lazımi, arzu etdiyimiz keyfiyyətdə və miqyasda icbari tibbi sığortanın həyata keçirilməsini təmin edə bilməmişik.
Eyni zamanda, icbari tibbi sığirta agentliyinin yaranması, icbari tibbi sığorta agentliyinin nəzdində tibbi xidmətlərin göstərilməsi üçün TƏBİB-in yaranması, səhiyyə icbari tibbi sığorta agentliyi ilə TƏBİB arasında funksiya bölgüsünün aparılması, müəyyən yeni kadrların idarəetmə sisteminə gəlməsi müəyyən qədər uzlaşmanın olmaması və diskomfort yaradan halların da şahidi oluruq. Amma bütünlükdə bunlar hamısı keçilən bir yoldur, keçiləcək bir mərhələdir. Mən Azərbaycan səhiyyəsinin yaxın gələcəkdə buraxılan nöqsanların aradan qaldırılması şərti ilə, bu xidmətlərin daha yüksək səviyyədə təşkil olunacağına inanıram.
- Məlumdur ki, Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə yeni rəhbər təyin elədi, bütün müavinlər işdən çıxarıldı. Bu dəyişiklik nə ilə bağlı idi, yenilərindən gözləntilər nədir?
- Artıq səhiyyənin idarə olunmasında yüksək səviyyəli kadrların idarəetmə işinə gətirilməsi və dünya təcrübəsini, xüsusən müasir idarəetmə təcrübəsini bilən kadrlardan səhiyyə sisteminin rəhbərliyinin təşkil olunması bizim bu cür optimist düşünməyimizə əsas yaradır. Teymur Musayev gənc səhiyyə təşkilatçılarındandır, xarici təcrübəni yaxşı bilir, xarici ölkələrdə həm təcrübə keçmiş, həm təhsil almış və Azərbaycanda özəl sektorda, həm də səhiyyə idarəçiliyində iştirak etmiş bir şəxsdir. Hesab edirəm ki, Teymur müəllimin baxışları, səhiyyəmizin inkişafı üçün hazırlayacağı proqram və layihələr uğurlu olacaq. Eyni zamanda, səhiyyədə uzun illər çalışmış və müəyyən qədər də öz töhfələrini və xidmətini vermiş kadrların bəziləri artıq yeni düşüncə tərzinə malik deyildilər və yeni çağırışlara da uyğunlaşmaq onlar üçün çətin idi. Görünür məhz buna görə Teymur müəllim yeni komandanın qurulması və özünün tanıdığı, güvəndiyi şəxslərin rəhbərliyə gətirilməsi üçün təşəbbüs göstərdi. Bu təşəbbüslər nəticəsində səhiyyə nazirinin köhnə müavinləri vəzifədən azad olundu və yeni müavinlər də səhiyyə sisteminə kənardan gəlmiş insanlar deyil. Nadir Zeynalov bundan öncə bir müddət Səhiyyə Nazirliyi sistemində çalışmış, o cümlədən Səhiyyə Nazirliyinin Aparat rəhbəri olmuş, Tibb Universitetində kafedra müdiri və dərs demiş bir alim kimi öz xidmətlərini göstərir.
İlqar müəllimi də mən uğurlu bir səhiyyə təşkilatçısı və cərrah kimi tanıyıram. Digər müavin də iqtisadçı kimi düşünürəm ki səhiyyəmizin iqtisadi modelinin qurulmasında öz köməyini göstərəcək.
- Belə çağırışlar var ki, Səhiyyə Nazirliyi ilə TƏBİB-in işi birləşdirilsin. Yəni bütün məsələlər sırf bir əldən idarə olunsun. Bundan əhali arasında narazılıqların aradan qaldırılması üçün nə yenilikləri gözləyirsiz, gözləntilər nədən ibarətdir?
- TƏBİB-in İcbari Tibbi Sığirta Agentliyinin və Səhiyyə Nazirliyinin əlaqələrinin daha funksional və daha səmərəli olmasına, heç şübhəsiz ki, bu sahədə də addımlar atılacaqdır. Gələcəkdə TƏBİB-in Səhiyyə Nazirliyində və İcbari Tibbi Sığorta Agentliyində qalması məsələsinə gəldikdə, mən bu barədə əvvəllər də öz fikrimi söyləmişəm. İslahatlar dövründə TƏBİB-in İcbari Tibbi Sığorta Agentliyinin tərkibində yaranması tamamilə məntiqli idi. Yəni köhnə səhiyyə modelinin içərisində yeni bir model qurmaq mümkün deyildi. Amma islahatlar başa çatdıqdan, xüsusən koronavirus pandemiyası bitdikdən sonra, müəyyən vaxtdan sonra TƏBİB-in heç şübhəsiz ki, ya ayrıca bir funksional qurum olaraq, yaxud da Səhiyyə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərməsi daha məntiqlidir. Çünki İcbari Tibbi Sığorta Agentliyi sifariş verən bir qurumdur. Tibbi xidmətlərin həyata keçirilməsini maliyyələşdirən bir qurumdur. Adətən sifariş verən qurumla icraedici qurum bir əldə birləşəndə burda keyfiyyət arzuedilən səviyyədə olmur. Bu, gələcəyin işidir. Amma bu gün Səhiyyə qarşısında duran böyük perspektivlər, eyni zamanda böyük çağırışlar var.
- Ümumən Səhiyyəmizdə dediyiniz o çağırışların uğurlu nəticələnə bilməsi üçün hansı zərurət var və hansı addımlar atılmalıdır?
- İnanıram ki, bu çağırışların uğurla nəticələnməsi üçün biz dünya təcrübəsindən, xüsusilə qardaş Türkiyənin təcrübəsindən istifadə etməliyik. Mən Milli Məclisdə çıxışlarımın birində bu təklifi irəli sürmüşdüm. Təəssüf edirəm ki, bizim bəzi deputat həmkarlarımız bu fikrə qarşı çıxdılar. Amma mən yenə də o fikirdəyəm ki, biz istər dərman sənayemizi, istər tibb sənayemizi və tibbi xidmətlərimizin göstərilməsini Türkiyənin tibb və dərman sənayesi ilə yavaş-yavaş inteqrasiya etməliyik, birləşdirməliyik. Bu bir millətin iki dövləti əldə etdiyi uğurları da paylaşmalı, bölüşməkidir. Biz bu sahədə Türkiyənin əldə etdiyi təcrübələrdən xeyli faydalana bilərik. /“həftə içi”/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"