Pirlərə verilən pullar hara və necə xərclənir? -ARAŞDIRMA
İnsanlar İslamı səmimi qəbul etmədiklərinə görə pirlərə gedir
Dini inanclı insanların “Allah yolunda” deyib, getdiyi Pirlərdə verdikləri ianələr, qutulara atdıqları nəzirlərin hara xərclənməsi ilə bağlı müzakirələr bu gün də aktualdır. Biz də bu cəmiyyətin fərdləri olaraq bir çox hallarda iştirakçısı olduğumuz həmin ziyarətgahlarda nələrin baş verdiyini müşahidə etmişik. Böyük maraqla ziyarətinə getdiyimiz müqəddəs ocaqlarda baş alıb gedən “bazar”ı təəccüb və səssizliklə qarşılamağa məcbur oluruq... Düşünürük ki, insan inanır və istədiyi ianəni verirsə, ona müdaxilə edə bilmərik...
Dəfələrlə dinşünas ekspertlər öz çıxışlarında bəyan ediblər ki, din və islama uymayan çoxlu törəmə qaydalar, adətlər yaranıb ki, bir çox “mollalar” onun üzərindən “fəaliyyətlərini” məharətlə “icra edirlər”. Dini təhlil edən aydınlarımız deyirlər ki, İslam dinində nəzir yığmaq, nəzir vermək kimi anlayış yoxdur. Amma insanların inanclarına hörmətlə yanaşılır və sadəcə xalqın çoxillik ənənəsinə görə Allah yolunda verilən nəzir ianələrə görə heç bir tədbir də görülmür. Çox din adamları Qurana istinad edərək, pirlərə verilən nəzirlərin birmənalı şəkildə dinimizə zidd olduğunu deyirlər. Hesab olunur ki, pirlərə verilən nəzirlərin 90 faizi indiyə kimi əməli-saleh yerlərə xərclənməyib. Pirlərdən biznes kimi istifadə edən şəxslər yığılan pulları öz mənafeləri üçün işlədirlər.
Cəmiyyətdə zaman-zaman nəzir -ianələrin sonrakı taleyi ilə bağlı müxtəlif müzakirələr gedir. Bir çoxları isə hesab edir ki, adı nə olursa olsun, nəzir-sədəqənin hara xərcləndiyi məlumdursa, onun verilməsində heç bir problem olmamalıdır. Lakin əgər sənə aydın olsa ki, nəzirlərin öz məqsədinə çatmır, onda verdiyin o pul haramdır...
O zaman bu sahədə nəzarət mexanizmi niyə yoxdur? Necə edilsin ki, Pirlərə, ziyarətgahlara yığılan vəsait xeyirli işlər üçün xərclənsin... Yaxud, nəzir verə bilən insana Allah yolunda savab qazanmağının əsl yolları necə təbliğ olunmalı, maarifləndirilməlidir?..
Necə edək ki, insanlar ruhən nicat axtararkən dua etmək üçün daşlara, taxtalara deyil, Allaha pənah aparsınlar....
Versus.az xəbər verir ki, bu suallar ətrafında kişik araşdırma aparan “Həftə İçi” ayrı-ayrı din adamlarına, deputat və siyasətçilərə, eləcə də inanclı insanlara üz tutaraq problemin kökünü tapmağa, həlli yollarına işıq salmağa çalışıb.
“O, “hacı”lara, “kərbəla”yilərə, axundlara soruşun, görün hansı pulla belə yaxşı dolanırlar?
Dinşünas Elşad Miri bildirib ki, İslam dinində Pir anlayışı yoxdur. Eləcə də hansısa qəbir üstünə gedib, ora nəzir qoymaq da düzgün deyil.
E.Miri deyir ki, nəhayət cəmiyyət bunu birdəfəlik bilməlidir:
“Qəbirləri ziyarət etmək olar. Bu bizə o biri dünyanı, ğələcəyimizi xatırladır və bizə deyir ki, yaxşı əməllər görün... Amma bu gün dini biznes halına gətirən, o “din biznesmenlərinin” olduqları məkanlara gedib ora pul atmaq yanlışdır. Gedib ziyarətgah dediyimiz yerlərdə hansısa daşa, zəncirə pul atmaqdansa onu öz ətrafımızdakı imkansızlara, kasıblara versək, onlara əl tutsaq daha savab olar. İnsanların “orda Allah görür, o biri tərəfdə görmür” düşüncəsi Allaha şərik qoşmaqdır, böyük günahdır. Buna görə də ən gözəli özümüz o pulları yığıb ətrafımızda tanıdığımız imkansız insanlara, bir çox tələbələrin təhsil haqqının ödənilməsinə sərf etsək, daha çox Allaha yaxın olarıq. Yoxsa hara xərcləndiyini bilmədən pulu o yerlərə atmaq doğru deyil. Əksinə, birbaşa gedib ehtiyacı olan insanlarla görüşüb onlara yardım etmək, münasibətlərin də gözəl şəkildə qurulmasına səbəb olar, insanlar arasında körpü yaranar. Əks təqdirdə imkanlı gedib öz qəsrində yaşayacaq, kasıb da öz komasında qalacaq. Heç kimin bir-birindən xəbəri olmayacaq”.
E.Miri hesab edir ki, uzun illər insanlar arasında formalaşan bu ənənədən birdən- birə imtina edilməsi də asan deyil:
“Biz klassiklərimizin, məsələn Nəriman Nərimanovun “Pir” heykayəsində, Cəlil Məmmədquluzadənin və yaxud digər ədiblərin əsərlərində bu kimi neqativ hallara qarşı necə mübarizə aparıldığını görürük. Biz çox vaxt onları oxuyub gülürük. Amma o gülüş vəziyyətinə özümüzü də salırıq”.
Dinşünas əsas problemin bundan qaynaqlandığını deyib. Ona görə də hesab edir ki, insanları maarifləndirmək lazımdır. Onun fikrincə, bu cür məsələlərin tez-tez gündəmə gətirilməsi insanların oyanmasına, ayılmaslna səbəb olacaq. Əks halda biz “Ölülər”in müasir seriyasını çəkən xalq olacağıq.
E.Miri bu istiqamətdə aparılan maarifləndirmə işinin hədən artıq aşağı səviyyədə olduğunu deyib:
“Çünki faktiki bu sahədə olan insanlar gedib orda özlərinə biznes qurublar. Ordan çox əla gəlir də götürürlər. Bunlar din dövlədən ayrı olduğuna görə vergidən də uzaqdırlar Bu işlə təbii ki, Dini Komitə məşğul olmalıdır. O da təkcə kitablara rəy verməklə, imam təyin eləməklə məsələləri gündəmdə saxlayır. Pirlərə gedən pul məsələlərinə "qarışmır". Digər tərəfdən digər ilahiyyatçılar da buna inandıqlarına və özləri də heç bir yerdə işləmədiklərinə görə, bundan onlara da müəyyən qırıntılar çatdığına görə ağızlarına su alıb oturublar. Faktiki olaraq mənim kitabımı qadağan edən qurum elə Dini Qurumlarla İş üzrə Komitədir. Ölkədə senzura olmadığı halda kitab qadağan edən bir qurumdan nəsə gözləməyə dəyərmi?!. Digər tərəfdən, ümid edirəm ki, kitab qadağan edən o Komitədə də, həmin sistemdə də təfəkkür dəyişəcək”.
E.Miri hesab edir ki, pirlərə yığılan pullar hara gedir, nəyə xərclənir hamısı Komityə məlumdur:
“Hər birinin ayrı-ayrı bölmələri, ayrı-ayrı faizləri var. Elələri var ki, onlara konkret olaraq Qafqaz Müsəlmanları İdarəsi nəzarət edir və onların nümayəndləri gedib blomları açır, pulu götürürlər və kənardakı müəyyən insanlara, vəsait ödəyirlər. Amma elə yerlər də var ki, məsələn, Mir Möhsüm ağa kimi yerlərdə bölüşdürülür. Bu, yerinə görə dəyişir. Məsələn, “5 Barmaq” deyilən yerdə tamam başadır, Bibi Heybət QMİ-dədir. Orda pulları mollalaramı verirlər, özlərinəmi görtürürlər, bunu Komitə daha yaxşı bilir. Bir zəng edin Qafqaz Müsəlmanları İdarəsnin qazilərinə, imam, axundlarına və soruşun ki, Sən hardan maliyyələşirsən. Məsələn, sürdüyün bahalı maşını hansı pula almısan. Dini Komitə sizə 300 -500 manat təbliğ fondu vasitəsi ilə yardım edirsə, bununla necə dolanırsız. Görün cavab nə olacaq. Cavab verəcəklərmi? Burda bir çox şeylər bilinəcək. Hacılara, kərbalayilərə, axundlara soruşun görün onların maliyyə məsələləri şəffafdırmı?!"
“Pirlərdə və başqa yerlərdə "nəzir mexanizmi" yığışdırılmalıdır”
Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, müsəlmanın ibadət yeri Məsciddir. Biz ziyarətgahları da ibadət katiqoriyasına daxil eləmişik ki, bu da yanlışdır. Amma nə edək ki, bu yanlış tarix boyu davam edib. Düşünmək və bu yanlışdan uzaqlaşmaq lazımdır.
F.Mustafa hesab edir ki, uzun illərdən qalan dini adət olduğuna görə bu mövzuya çox toxunulmur. Onun fikrincə, indi də onlayn qaydada nəzir və başqa ianələrin verilməsi nəzərdə tutulur. Amma bu bütövlükdə müəmmalı, bütövlükdə açıq qalan məsələdir:
“Yəni pirləri ziyarətlər hansısa qanunla tənzimlənmir, adətlə həyata keçirilir və bunun da hansısa bir hesabatı yoxdur. Bunlar hamısı keçmişlə bağlı dinə aid olmayan bir rituallardır. Və bu da əsasən cəhalətin yayıldığı ölkələrdə ola bilər. Ona görə də pirlərdə və başqa yerlərdə "nəzir mexanizmi" yığışdırılmalıdır”.
F.Mustafa hesab edir ki, insanları belə ainlərdən uzaqlaşdırmaq üçün maarifləndirmə olmalıdır. Dövlət cahil insanların sayını azaldacaq imkanlara sahib deyil. Lakin savadlı insanların sayını artırmaqla cahillər azala bilər:
“Pirlərin ziyarəti bütün cəmiyyətə yayıldığına görə bu çox təhlükəli məsələdir. Ona görə də insanların təhsil almasını təmin eləmək lazımdır.”
Nəzərə alnsa ki, həmin ibadət yerlərinə elə təhsilli, vəzifəli, diplomlu adamlar da çox gedir, o zaman məsələnin qadağa ilə yoluna qoyulması məsələsi gündəmə gəlir ki, F.Mustafa bunu da mümkünsüz sayıb:
“Şəhərlərdə, kəndlərdə belə pirlər var. Bunlar tarixi abidə kimi Mədəniyyət Nazirliyinin tabeliyinə verilə bilər. Belə olan halda ora inanc yeri kimi baxılması doğru olmayacaq. Ona görə də bu ziyarət kimi tanınan yerlər Mədəniyyət Nazirliyinin tabeliyinə verilməlidir”.
O ki, qaldı Qanunverici orqanda bu məsələnin necə tənzimlənməsinə, F.Mustafa bildirib ki, bu mümükün olsa da, deputatın dediyi sözünü eşidən yoxdur:
“Dəfələrlə bu istiqamətdə təkliflər vermişik, heç kəs eşitmir. Bizdə adətdir ki, hər şey faciəyə çevriləndə təkliflər eşidilir, nəzərə alınır. Yəqin cəhalət ölkəyə yayılıb ciddi ziyanlar vurandan sonra bu barədə düşünərlər”.
F.Mustafa deyib ki, “Pirlərə verilən pulların xərclənməsinə necə nəzarət mexanizmi qurulmalıdır” sualına cavabları var:
“Biz bunun formasını bilirik. Bunu söyləmək problem deyil. Amma mənası yoxdur axı. Söylənilənləri nə cəmiyyət diqqətə alır, nə də dövlət”.
Ona görə də F.Mustafa məsələyə “kefli İsgəndərin ritorikası ilə yanaşdı:
“...qoyun necə yaşayıblarsa, elə də yaşasınlar. Bunun daha böyük ziyanını, zərərini görəndən sonra bu barədə düşünəcəklər”.
“...Bu adamın şəxsi puludur, şəxsi ianəsidir, bunu verirsə öz işidir”
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, Azərbaycan vətəndaşlarının Pirlərə, ziyarətgahlara getməsi onun şəxsi işidir:
“Burda mövhumatçılıq olsa da, yenə də bu adamın şəxsi puludur, şəxsi ianəsidir, bunu verirsə öz işidir. Adama deyərlər, mən sənin şəxsi işinə qarışırammı, deyirəmmi, sən niyə ateistsən, Allaha inanmırsan.”
Mirəlioğlu Pirlərə, Məscidlərə getməklə bağlı ta klassiklərimizdən tutmuş, bugünkü günə qədər müxtəlif fikirlər deyildiyini, yazılar yazıldığını önə çəkib. Eyni zamanda bildirib ki, nə qədər quruluşlar dəyişsə də Pirlər, ziyarətgahlar da öz yerində qalıb. Bu, hər yerdə, bütün dinlərdə var:
“Hətta dünyanı idarə eliyən, o iddiada olan dünya güclərinin rəhbərləri də daim öz andiçmə mərasimlərində dini ayinləri icra ediblər. Dini inancları da yerindədir. Bunu müzakirəyə çıxaranlar unudurlar ki, buna nəzarət etmək müxanizmi yoxdur, mümkün deyil, bunu etmək olmaz. Və unutmasınlar ki, dünyanın aparıcı dövlətlərindən olan Səudiyyə Ərəbistanı hər il edilən o ziyarətlərin hesabına milyrdlarala qazanır. Azərbaycanda din dövlətdən ayrıdır. Bu məsələlər Dini Qurumlarla iş üzrə Komitənin görə biləcəyi iş deyil, buna da ehtiyac yoxdur”.
M.Mirəlioğlu bu prosesdə gizli qalan məsələyə aydınlıq gətirib:
“Hamı belə hesab edir ki, nəzir qutuları Qafqaz Müsəlmanları Ruhani İdarəsinə daxildir. Amma bu qətiyyən belə deyil. Bu nəzir qutuları Pirlərdə, qəbirlərdə, harda qoyulubsa həmin yerdə xərclənir. Bir də adamları ora məcbur aparmırlar ki, özləri gedirlər. Amma biz düzgün təbliğat apara bilmiriksə, insanları maarifləndirmiriksə, bu da başqa məsələdir. Kimsə başqasının puluna niyə nəzarət etməlidir. Bu gülməli, həm də ayıbdır. Ola bilsin ki, Konstitusiya dəyişsin. “Pirlərə gedilməməlidir” deyilirsə, lap yaxşı "marşrutu" bağlasınlar. Gedilməmlidirsə, dövlət tərəfindən qorunsun. Bununla məşğul olanlar özlərini heç nə bilməmiş kimi aparmasınlar. Rəhmətlik Heydər Əliyev bir dəfə çıxışlarının birində dedi ki, mən Mirmöhsüm Ağanımn ziyarətinə gedirdim. Yaxşı indi istəyirlərsə qadağa qoysunlar, heç kəs də getməsin. Amma bilsinlər ki, Azərbaycanda vicdan azadlığı deyilən bir qanun da var ki, Konstitusiyada təsbit olunub”.
“...qoy Allahşükür bundan faydalansın, bütün günahlar da onun üstündə qalsın”
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, insanların pirlərə, ayrı-ayrı ziyarətgahlara gedib ora “nəzir” qoymaları günahdır. Onun sözlərinə görə, pirlərə qoyulan pulun kimin cibinə getməsi də heç kəsə maraqlı deyil:
“Qurani Kərimdə Allah təala buyurur ki, haram yollarla qazanılan pullarla məscid tikmək, xüms, zəkat vermək qadağandır. Bir halda ki, kimsə gedib pirə “nəzir” verir, o nəzirdən heç bir müsəlman faydalanmamalıdır. Yaxşısı budur ki, qoy Allahşükür bundan "faydalansın", bütün günahlarda onun üstündə qalsın”-deyə S.Cəlaloğlu narazılığını bildirib".
S.Cəlaloğlu hesab edir ki, insanlar İslamı səmimi qəbul etmədiklərinə görə pirlərə gedirlər:
“Allaha inanmırlar, inansaydılar pirlərə, gedib daşlardan, ağacdan imdad ummazdılar. Azərbaycan xalqına bu günə qədər islamın nə olması düzgün çatdırılmayıb. 100 il bundan qabaq Əhməd Bəy Ağayevin yazdığı bir əsəri var. Orda islam dininin düşdüyü vəziyyəti önə çəkib. Deyir: nə vaxt ki, siz din alimlərinin dalınca getdiniz, siz Quranı tərk elədiz”. Həmin vəziyyət bu gün Azərbaycanda var”.
S.Cəlaloğlu çıxış yollarını qeyd edərkən bildirib ki, sadəcə burda Rusiyanın yaratdığı Qafqaz Müsəlmanları Ruhanı idarəsi ləğv olunmalıdır. Onun fikrincə, bu məsələyə başqaları yox, Allah özü nəzarət edir:
“İnsanlar islamı qəbul edib Allah qarşısında məsuliyyətli olub Allahın nəzarətində olduğunu hiss eləməlidirlər. Bunun başqa yolu yoxdur. Lakin İslam dini Qafqaz Müsəlmanları Ruhani İdarəsi kimi idarələr tərəfindən idarə olunursa, bundan yaxşı bir şey gözləmək olmaz”.
“Həmişə din dəllalları olub və məqsədləri də insanları soymaqdır”
“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov bir inanclı müsəlman olaraq ilk növbədə pirlərin, ziyarətgahların yaranma səbəblərinə toxunub.
Onun sözlərinə görə, bizim islam dünyasının konstitusiyası Qurani Kərimdir:
“Amma görünən budur ki, həmişə din dəllaları olub və məqsədləri də insanların inanclarından istifadə edib onları soymaqdır. Mənim düşüncəmə görə ziyarətgahların yaranma səbəbləri budur. Din dəllalları müxtəlif adlar altında özlərinə pirlər, ziyarətgahlar yaradıblar. Tutaq ki, Azərbaycanda hansısa peyğəmbərin qəbri var, oranı kimlərsə ziyarətgah ediblər. Məsələn, Gəncədə İmam Rza piri yaradıblar”.
V.Məmmədov hesab edir ki, əslində Pirlərin ziyarət olunması din dəllallarının ciblərinin doldurulmasına xidmət edir. Bir inanclı adam kimi, V.Məmmədov oxuduğu Quranda ziyarətgahlarla bağlı bir dənə də olsun ayənin olmadığını deyib:
“Quranda yalnız "qəbirlərinizi ziyarət edin" deyir. Bir də "Allahın evini -Məkkəni ziyarət edin” deyir. Bunu ilahiyyatçıların fikirlərində, yazdıqları kitablarında görə bilərik. Lakin insanların avamlığından istifadə edib, dini inanclarından istifadə eləmək, Pirləri ziyarət etmək günahdır, Allahın iradəsinin əleyhinə getməkdir. Pirlərə gedənlər də günah qazanırlar. Ziyarətgaha gedənlər ora pul, bahalı qızıl, brilliant əşyalar qoyurlar. Bundan da ancaq dəllal din xadimləri varlanır. Din xadimlərinə baxsaz altındakı maşının qiyməti100 -200 min, yaşadıqları villaların qiyməti milyonlarladır. Bunun özü deməyə əsas verir ki, pirlər din dəllallarının cibini doldurmaq üçün düşünülmüş ən gözəl plandır. Bu uzun müddətə hesablanıb. Allahdan başqa kimdənsə mədət ummaq günahdır”.
Yaranmış vəziyyətin heç də ümidverici olmadığını deyən media adamı hesab edir ki, bu durumdan çıxmaq üçün insanlara yardım olunmalıdır. Onun fikrincə, bu məsələdə güc ilahiyyatçıların üzərinə düşür:
“Çox təəssüf olsun ki, onların özü də bu tamaşada müəyyən rol almış aktorlardır. Ağacı, daşı öpüb ondan şəfa diləmək axmaqlıqdır. Ağılı başında olan insan bu addımı atmır. Səbəb Quranı oxumamaqdır. İnsanlar quranı oxusalar gözləri açılar. Bunu istəmirlər və insanlarla təbliğatı başqa istiqamətdə aparırlar. Vətəndaşları inandırırlar ki, "Quranı oxusaz düzgün anlamaz, yanlış yola gedərsiz, ona görə oxumayın bizim dediklərimizə baxın". Təəssüf ki, bizim insan da Quranı özü oxumaqdansa, gedib onu hansısa dəllaldan eşitməyə üstünlük verir və onların tələsinə düşür”.
Qeyd: Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılova ünvanladığımız suallar cavabsız qaldı. Sədr müavini, sorğumuzu cavablamadı. Bununla da Elşad Mirinin dedikləri təsdiqini tapmış olddu. /"həftə içi"/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"