“Onlar tarixi abidələri dağıdırlar” - MÜSAHİBƏ
Elbay Qasımzadə: "Hansı abidələr ki, vaxtilə erməniləşdirilib, onları ilkin vəziyyətə gətirmək lazımdır"
Dövlətin, cəmiyyətin kimliyi, xarakteri onun bəşəriyyətə təqdim etdiyi mədəni svilizasiyaların tarixi mahiyyəti ilə birbaşa bağlıdır. Təbii olaraq hər bir dövr üçün qurulan yeni şəhər və kəndlərin memarlıq üslubu, ona verilən nəfəs daim diqqət, xüsusi yanaşma tələb edir.
Memarlıq abidələri dövlətin tarixi, milli, maddi-mənəvi dəyərlərinin sütunları kimi millətin dünya svilizasiyalarında Möhürü ilə Arxiv yaradan xüsusi mədəni elementdir desək, yanılmarıq. Və bu gün uzun illər işğal faktı ilə üz-üzə qalan Azərbaycanın işğaldan sonra hansı memarlıq nümunələri ilə yeni mərhələyə qədəm qoymasının müzakirə olunması təsadüfi ola bilməz. Çünki düşmən və dünyanın ikilistandartları tətikdə...
Azərbaycan şəhər memarlığı bu istiqamətdə özünün missiyasını necə icra edəcək?
Versus.Az xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, tanınmış memar Elbay Qasımzadə müsahibəsində bu və ya digər məsələlərlə bağlı maraqlı nüanslara diqqət çəkib.
“Mərkəzi rayonla bağlı məsələ niyə öz həllini tapmır”
- Elbay müəllim, Bakıda Mərkəzi Tarixi Rayonun yaradılması ilə bağlı fikirlər var. Bu barədə siz özünüz təkliflə çıxış etmisiz. Hətta Prezidentin mədəniyyət işçiləri ilə görüşündə də bu təklif səsləndirilib. Necə hesab edirsiz, Bakıda Mərkəzi Rayonun yaradılması hansı zərurətdən meydana gəlib?
- Bəli, hələ iki il əvvəl cənab Prezident İlham Əliyev Heydər Əliyev Mərkəzində sənət adamları ilə görüş keçirən zaman mən orda belə bir təkliflə çıxış etmişəm. Burda məqsəd nədir. Məlumdur ki, Bakı şəhərinin tarixi hissəsi 4 əsas - Səbail, Yasamal, Nəsimi, Nərimanov rayon əraziləri arasında bölüşdürülüb. Etiraf edək ki, bu rayonlara rəhbərlik edən şəxslər yüksək bilik və mədəniyyət səviyyələrinə malikdirlər. Amma hər birinin əraziyə yanaşmaları müxtəlifdir. Məsələn, Nizami küçəsi, keçmiş “Tarqovı”nın sağ tərəfi Nəsimi rayonu, sol tərəfi Səbail rayonudur. Nəsimi rayonu sağ tərəfdə özü bildiyi kimi fəaliyyət göstərir, sol tərəfdə də Səbail rayonu öz bildiyi kimi abadlıq işləri aparır. Belə olmaz, bir şəhərdə, bir küçədə bütün işlər məhz bir mərkəzdən idarə olunmalıdır. Baxın görün bu pərakəndəlik üzündən son 15 il ərzində şəhərin tarixi mərkəzində nə qədər yüksək mərtəbəli binalar tikilib. Hansı ki, heç yeri deyil. Çünki onlar tarixi mühiti dağıdırlar. Mədəniyyət işçiləri ilə keçirilən məlum görüşdə verdiyim bu təklif cənab Prezident tərəfindən müsbət qarşılandı. Prezident yekun çıxışında məsələyə çox diqqətlə yanaşdı, bu barədə fikirlərini bölüşdü, tapşırıqlar verdi. Buna baxmayaraq məsələ indiyə kimi özünün həllini tapmır. Mən mətbuatda gedən məlumatlardan görürəm ki, bəzi bisavadlar sual verirlər ki, əgər bu Mərkəzi Rayonda olan abidələr qorunacaqsa, bunun sərhədlərindən kənarda olanlar qorunmayacaq... Əlbəttə ki, bu, sağlam məntiqə sığmayan, savadsız yanaşmadır. Tarixi abidələr ümumiyyətlə dövlət tərəfindən mühafizə olunmalıdır. Bakının “Tarixi Mərkəzi” deyəndə, burda söhbət tək binalardan, ordakı ayrı-ayrı naxışlardan getmir. Bakının Tarixi Mərkəzi Rayonu şəhərsalma abidəsidir və böyük bir ərazini əhatə edir. Və bunu mütləq ayırmaq lazımdır. Burda xüsusi reqlamentlər, tələblər tətbiq olunmalıdır. Mən onun tərəfdarı deyiləm ki, bu Qoruq olsun. Çünki Qoruqda yaşamaq çox çətindir. Bu ərazidə 1 milyona yaxın əhali yaşayır və 780 hektar sahəni əhatə edir.
- Dediniz ki, Mərkəzi Tarixi Rayonun sərhədlərini müəyyən etmisiz. Bakıda mərkəzi rayonun yaradılması üçün hansı plan-proqram işlənməli, özünü necə xarakterizə eləməlidir. Mərkəzi Rayonun sərhədləri hardan başlayır, harda bitir?
– Mərkəzi Rayonun sərhədlərini elə o müşavirədən 2 gün sonra cənab Prezidentin tapşırığı ilə müəyyənləşdirib bütün müvafiq təşkilatlara göndərmişəm. Mərkəzi Tarixi Rayonun cənub hissəsi şübhəsiz ki, dəniz kənarıdır. Şimal hissəsi Bakıxanov küçəsi, Qərb hissəsi Parlament prospekti, Şərq hissəsi Kövkəb Səfərəliyeva küçəsidir. Bilirəm ki, hətta cənab Prezidentin tapşırığı ilə rayonun statusu da hazırlanıb. O statusu da görmüşəm və ona müəyyən təkliflər, əlavələr də eləmişəm. Amma maraqlıdır ki, bu günə qədər məsələ öz həllini tapmır. Maraqlıdır ki, niyə tapmir? O görüşdən sonra cənab Prezident iki dəfə müxtəlif məmurlara tapşırıq verib. Hətta mətbuat da bizə istinad edərək, Memarlar İttifaqı sədrinin verdiyi bu təklifin, Prezident tərəfindən verilən tapşırıqların niyə həllini tapmadığı barədə məsələni gündəmə gətirib. Hələ ki, bu suallara cavab verə bilmirlər. Əlbəttə ki, bu problemin önündə insan faktoru dayanır. Belə olmasaydı, çoxdan həllini tapmışdı. Mərkəzi Rayon xüsusi bir ərazi vahidi olmalıdır. Özünün ayrıca idarəçiliyi olmalıdır. Özünün adı olacaq, ya Mərkəzi Rayon olacaq, ya başqa ad seçiləcək bilmirəm. Burda mənim əsas məqsədim onu qoruyub saxlamaqdır. Və orda aparılan tikinti, abadlıq, başqa növ fəaliyyətlər hansısa reqlamentlərlə tənzimlənməlidir. Məsələn, Yeni Yasamalda olan yanaşma ilə Mərkəzi Rayona olan yanaşma eyni ola bilməz.
- Mərkəzi Rayon ərazisi qurularkən orada yaşayan əhalinin öz şəhərinə yanaşma xüsusiyyətləri nəzərə alınacaq, necə qorunacaq?
- Qeyd etməliyəm ki, abidələrimizin korlanmasında ilk növbədə sakinlər özləri günahkardır. Heç bir abidəni nə nazir, nə icra başçısı gəlib sındırmır. Bunu orda yaşayan adamlar edir. Biri pəncərəni sındırır qapı edir, biri qapını sındırır pəncərə qoyur və yaxud biri ara divarları sındırır. Pis vəziyyətə düşəndən sonra kimsə gəlib deyəndə ki, bu bərbad gündədir sökmək lazımdır, haray salırlar ki, sındırmaq olmaz, abidədir. Bəs bundan belə istifadə eliyəndə heç kim abidə olduğunu görmürdü? O mühafizəkarlıq hissiyyatı hər bir vətəndaşda olmalıdır və bunu hər kəsdə tərbiyə etmək lazımdır. Lap uşaqlıq yaşından, uşaq bağçasından. Uşağa başa salmaq lazımdır ki, millətin tarixi irsi müqəddəsdir. Bu olmasa, heç vaxt istədiyimiz nəticəni əldə etməyəcəyik. Vətəndaş öz məsuliyyətini dərk etməldiir. Bəzən bir abidə dağılanda deyirlər ki, Mədəniyyət Nazirliyi hara baxır. Necə yəni, nazirlik hər binanın qarşısına mühafizə qoymalıdır? Bəs o binada yaşayan insanlar özləri mühafizəçi olmamalıdırlar? O öz tarixinin, mədəniyyətinin, mədəni irsinin qoruğunda durmamalıdır? Söhbət ondan gedir. Ona görə də biz hələlik bu işləri inzibatçılıqla həyata keçirməyi təklif edirik. Bəli, Mərkəzi Rayon yaranarsa, ona həm dövlət tərəfindən diqqət bir qədər çox olar, həm məsuliyyət çox olar. Burda hər bir faəliyyət növü hansısa ciddi bir reqlamentə tabe olmalıdır. Bu istiqamətdə marifləndirmə mütləqdir. Mərkəzi rayon mütləq Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olmalıdır. Ümumiyyətlə, şəhərin ərazisi nə status daşıyırsa daşısın, Bakı ərazisidir və Bakının idarəetməsi Bakı Şəhər İcra Hakimiyyətindədir.
- Elbay müəllim, şəhərlərdə, meydanlarda heykəllərin, ayrı-ayrı abidələrin qoyulması nə dərəcədə o şəhərin memarlıq üslubuna uyğunlaşdırılmalıdır. Bu, həm də o şəhərə və onun sakinlərinə nə vəd edir? Heykəllər lazımdırmı?
- Əlbəttə lazımdır. Heykəl hər bir əsrin, hər bir tarixi dövrün bir nişanəsidir. Məsələn, bu gün Parisdə Paris Komunasının ən qəddar rəhbərlərindən olan Robespyerin heykəli dayanıb. Bununla xalqa göstərilir ki, dövlətin tarixində belə bir dövr də olub və həmin tarixdə bu kimi şəxslər nə edib. Bu, gələcək nəsillərə bir işarədir ki, onu təkrarlamaq olmaz. Eyni zamanda orda böyük yazıçıların, digər sənət adamlarının heykəlləri var. Eləcə də başqa şəhərlərdə, Avropada, dünyanın bütün şəhərlərində heykəllər var. Heykəllər gərəklidir, birinci növbədə ona görə ki, bu, xalqın tarixi mədəniyyətidir. İkinci ona görə ki, incəsənət nümunəsidir. O, heykəltəraşların, memarların, yaradıcılıq əsəridir və nəyə görə də xalq bunu görməsin, bilməsin? Məncə mənfi-müsbətləri ilə tarixi heç vaxt pozmaq olmaz, tarix mütləq qalmalıdır. O tarixə qiymət vermək isə insanların öz hüququdur.
“Biz bu abidələrin hamısını ərazilərdən yığışdırmalıyıq”
- Torpaqlarımız 30 ilə yaxın müddət ərzində erməni təcavüzünə məruz qaldı. O yerlərdə çox dəyərli abidələrimiz məhv edildi, əvəzində müvəqqəti sülhməramlıların iştirakı ilə orda erməni faşistlərinə heykəllər qoyulur, abidələr tikilir. Bu saxta abidələrin aqibəti necə olmalıdır?
- YUNESKO-nun belə bir qanunu var ki, zəbt olunmuş ərazilərdə nə dini məbədlər, nə də abidələr qoyula bilməz. Çünki o torpaqlar zəbt olunub. Ermənilər bu 30 müddətində zəbt olunmuş ərazilərdə heykəllər də qoydular, 19 dənə daxma tikib adını kilsə qoydular, əslində heç kilsəyə də oxşamır. Biz bunların hamısını ərazilərdən yığışdırmalıyıq. Çünki o yerlər erməni torpaqları deyil, onların tarixi, mədəniyyəti deyil. Bu Azərbaycan torpaqlarıdır. Niyə mənim torpağımda hansısa faşistin heykəli durmalıdır. Biri var öz torpağında, öz vətənində heykəllər qoyasan, biri də var zəbt etdiyin yerdə... Ermənilər o heykəlləri getsin Yerevanda qoysun. Nəyə görə Qarabağda qoymalıdır.
- Ermənilər Moskvada oturub bəyanatlar verdilər ki, guya Azərbaycan Qarabağda ermənilərə aid abidələri dağıdıb. YUNESKO və bəzi təşkilatlar da erməniləri dəstəkləyən ikili çıxışlar elədilər. Bu gün də YUNESKO-nun regiona səfəri gündəmdə. Fevralın 4-də onlayn konfransda bu məsəlyə yenidən toxunuldu. YUNESKO-nun gözlənilən bu səfərindən gözləntiniz nədir. Hansı mövqe sərgilənəcək?
- Çox təəssüf ki, yenə də ikilistandartlar olacaq. YUNESKO-nun yeri Parisdir. Parisdə ermənilərin təsiri çox yüksəkdir. Bildiyimə görə Parisdə kifayət qədər azərbaycanlı da yaşayır. Amma çox təəssüflər olsun ki, fəaliyyətsizdirlər. Öz tərəflərindən heç bir aksiya təşkil eləmirlər. Hərdən bizim səfirliyin qarşısında ermənilər piket keçirəndə azərbaycanlılar çıxıb onları qovur. Amma bu çox xırda bir məsələdir. Əsas odur ki, o cəmiyyətlərdə təbliğat aparılmalı, Qarabağın Azərbaycanın ərazisi olması bütün yollarla göstərilməlidir, tanıdılmalıdır. Təkcə Fransada əksəriyət elə bilir ki, Qarabağ ermənilərə aiddir. Çünki ermənilər bu sahədə çox yalanlar uydururlar. Onların prezidentləri də o fikirdədir. Son dövrlər ya başa düşülməlidir ki, soyuqdur, qışdır, Azərbaycan qazı olmasa soyuqdan ölərlər.
YUNESKO-nun gəlib burda əsl mənada haqq-ədalətlə hansısa qərar qəbul etməsinə inanmıram. Ona görə də uzun zaman gəlmək istəmirdilər. İndi-indi deyəsən yığışıb gəlmək istəyirlər. Amma özləri ilə kimləri gətirəcəklər...
- Elbay müəllim, Bakıda son qoyulan abidə Zeynalabdin Tağıyevin heykəli oldu. Digər məhşurlardan kimlərin heykəllərinin hazırlanmasını məqsədəyğun sayardınız. Ümumən, heykəllər üçün yerlərin seçilməsində hansı faktorlar əsas götürülməlidir?
- Bizim çox böyük mədəniyyət xadimlərimiz var. Bir çox bəstəkarların, şairlərin heykəlləri var. Çox məhşur rəssmlarımızın olmasına baxmayaraq, onların heykəlləri çox azdır. Memarlarımızdan tək Zivər bəy Əhmədbəyovun heykəli var. Mən müşavirədə bu barədə də təklif verdim ki, dahi memarlar Sadıq Dadaşovla, Mikayıl Hüseynovun da heykəlləri qoyulsun. Prezident də bunu təqdir etdi. Amma bu məsələ də bu günə qədər həllini tapmır. İlk növbədə gərək mədəniyyət xadimlərinin abidələri qoyulsun. Onlar ölkənin, millətin tarixidir. Qoyulan heykəllərə yerlərin seçilməsini isə mütəxəssislər, şəhər memarlığı ilə məşğul olan qurumlar eləməlidir. Bunun üçün də təkliflər verilməli və bu da dövlət başçısı tərəfindən təsdiqlənməlidir. Abidənin qoyuluşu illər çəkir. Yaxşı olardı ki, əvvəl mühit tapılardı sonra heykəlin layihəsi hazırlanardı. Çünki o ətraf mühitin ruhuna uyğunlaşmalıdır.
Qeyd edim ki, bizim çox qədim və dünyada məşhur olan memarlıq məktəblərimiz var: Təbriz, Naxçıvan, Qarabağ, Şirvan... Və bu məktəblərin nümayəndələri orta əsrlərdən başlayaraq, Uzaq Şərqdən Kardovaya - İspaniyaya qədər abidələr qurublar. Onlar mövcuddur. Hamı bilir ki, bunlar Təbriz məktəbinin abidələridir. Əmir Teymur bütün Səmərqəndi burdan əsir alıb apardığı Təbriz memarlarına tikdirib. Şah Cahan Tac-Mahalı tikdirəndə Təbrizdən ustalar gətirib ora. Çünki Şah-Cahan özü türk olub. Yəni Azərbaycan memarlığı kifayət qədər zəngindir və dünyada öz izlərini qoyub. Zəngin memarlıq ənənəsi bu gün də davam edir.
“O, qonşu tərəfə göstərməlidir ki, Azərbaycanın qüdrəti nədir”
- Elbay müəllim, bəllidir ki, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə başlanıb. Necə hesab edirsiz, işğaldan azad olunmuş ərazilərdə müasir memarlıq sənəti hansı prinsip üzərində qurulmalıdır? Bizim o torpaqlarda düşmənin gözünü qorxudan, ona işğalçı olduğunu xatırladan hansı abidələr qurulmalıdır?
- Mən sizə bir məsələni xatırladım: hələ 80-ci illərin əvvəlləri idi və hələ ulu öndər Moskvaya çağırılmamışdı, Azərbaycanda fəaliyyət göstərirdi. Bir gün mənə onun adından tapşırıq verildi. O zaman gənc mermar kimi Layihə İnstitunda işləyirdim. Mənə tapşırıldı ki, get Sədərək tərəfdə Ermənistanla sərhəddə bir yer seç. Heydər Əliyev tapşırıq vermişdi ki, orda müasir memarlıq üslübünda, müasir tələblərə uyğun qəsəbə tikilməlidir. O qəsəbə qonşu tərəfə göstərməlidir ki, Azərbaycanın qüdrəti nədir. Hələ sovet dövründə, 80-ci illərin əvvəli, təsəvvür edin... Və o qəsəbə tikildi. O qəsəbə bu gün də durur. Düzdür, müharibə zamanı dağıntlara məruz qaldı, amma bərpa olunub, yenə də orda insanlar yaşayırlar.
Bu yaxınlarda Cocuq-Mərcanlı qəsəbəsi tikildi. O da müasir formadadır. Orda aparılan işlər iki istiqamətdə gedir. Bir tərəfdən abidələrimiz tam elmi əsaslarla bərpa olunmalı, bərpa işləri getməlidir. Hansı abidələrin çox hissəsi uçubsa, onları konservasiya eləməliyik, elə abidələr də var ki, onları olduğu kimi saxlamalıyıq. Necə ki, Kolizey, Parfinon Konservasiya olunaraq o cür də saxlanılır. Biz o abidələri bərpa eləsək, elə görünəcək ki, yeni inşa olunub. Onları təzədən inşa eləmək yox, konservasiya eləmək lazımdır. Hansı abidələr ki, vaxtilə erməniləşdirilib, onları ilkin vəziyyətə gətirmək lazımdır.
O ki qaldı yeni şəhərlərin, qəsəbələrin tikilməsi, məncə bunlar tam müasir üslubda olmalı, müasir tələblərə cavab verməlidir. Amma Azərbaycanın memarlıq irsinin prinsipləri və hansısa proqressiv elementləri istifadə edilərək bilinməlidir ki, bura Azərbaycandır. Bakıya gələn insanlar gedib o abidələri görəndə bilsinlər ki, azərbaycanlılar həqiqətən də qüdrətli xalqdır. Görsünlər ki, viran qoyulmuş torpaqlarda nələr yaradıblar. İşğaldan azad olunmuş rayonlarda qurulan heykəllər Azərbaycanın qüdrətini göstərməlidir. /"həftə içi"/
Tahirə Qafarlı
Versus.Az
Xəbər lenti
"Qərbin demokratiyası heç bir ölkə üçün maraqlı deyil"
"Hər kəs öyrəndi ki, regionda hər hansı məsələnin həlli Azərbaycansız mümkün deyil"