Görüşdə Əlisa Nicatın kitablarının təqdimatı olub
Milli Cəbhə Partiyasının (MCP) təşəbbüsü və təşkilatçılığı ilə "Azərkitab” Kitab Təbliğatı Mərkəzində filosof, tarixçi və ədəbiyyatçı yazar Əlisa Nicatla görüş keçirilib.
Versus.Az xəbər verir ki, tədbirdə partiya sədri ilə yanaşı, Rəyasət Heyətinin üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
MCP sədrinin müavini, ilahiyyatçı Tural İrfanın moderatorluğu ilə baş tutan tədbirdə Əlisa Nicatın yaradıcılığı, əsərləri, Azərbaycan ədəbiyyatı və elminə verdiyi töhfədən bəhs edilib.
Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev 86 yaşlı filosofun Azərbaycan fəlsəfə elminin inkişafı üçün etdiklərindən danışıb. Eyni zamanda, millət vəkili filosof, tarixçi və ədəbiyyatçı yazarın hazırkı sosial durumu, qarşılaşdığı çətinliklərə də toxunub:
“Azərbaycan elminin, ziyalılığının önə çəkilməsi üçün etdiklərini barmaqla sayılacaq adamlar edib. Amma bu gün Əlisa Nicat bütün xidmətlərinə, xeyli sayda kitablarının çap olunmasına, dünya miqyasında Azərbaycanı tanıda biləcək ziyalı olmasına baxmayaraq ehtiyac içində yaşayır. Bizi bu tədbiri keçirməyə məcbur edən də budur. Əlisa Nicat Prezident təqaüdü almır, ayda 250 manata özünü və ailəsini yaşamağa məhkum edib. Bu masştabda olan ziyalı Avropada, ABŞ-da, ən azı Rusiyada doğulsaydı bu gün o, ədəbiyyat sahəsində ən varlı adamlardan biri idi, ən gözəl mənzildə yaşayırdı.
Amma səbəbini bilmədiyi məsələlərə görə, Prezident təqaüdü alması, əməyinin qiymətləndirilməsi əngəllənib. Belə çıxır ki, o da yaltaqlanmalı, dizini yerə qoymalı, şəxsiyyəti olmayan insanlara şəxsiyyət deməli idi. Yazısı, əsəri bir qəpiyə dəyməyənlərə yazıçı deməli idi. Bunu o deməyib və deməyəcək. İnsanı bu şəkildə yaşamağa vadar etmək Azərbaycanda ziyalılığı, elmi, təhsili, fəlsəfəni və bütün elmləri heç saymaq deməkdir. Əlisa Nicatı görən insan yazıçı olmaq istəməyəcək, qələmini qıracaq, yazdıqlarını cıracaq”.
Son illər tədbirlərə qatılmayan Əməkdar jurnalist Tahir Talıblı görüş təşkilatçılarına təşəkkür edərək Əlisa Nicatı yüksək dəyərləndirdiyini vurğulayıb. Jurnalist Əlisa Nicatla xatirələrindən və yazıçının böyüklüyündən danışıb:
“Əlisa Nicat 7 dağın o tayını görən düşüncədədir. Belə bir insan hansı xalqın içində olsa, onun sağlığında heykəli qoyular. Biz sufi düşüncəsindən, Quran fəlsəfəsindən uzaqlaşdıq. Pullumuz da, pulsuzmuz da bədbəxtdir. Biz o düşüncəyə qayıtmalıyıq. Belə bir deyim var: bu dünyada aldığın izafi dəyər üçün o dünyada yüz qatını ödəyəcəksən”.
Bundan başqa “Azərkitab” Kitab Təbliğatı Mərkəzinin rəhbəri Sabir Həsənov da bu cür insanları tanıtmağın vacibliyindən danışıb:
“Kitab sahəsində təsadüfi adam deyiləm. 1980-ci illərdən Əlisa bəyin kitabının satışı ilə məşğul olurdum, kitab satılırdı, yenidən istəyirdilər. Yaxşı ənənələri qoruyub saxlaya bilmədik. 2017-ci ildə “Azərkitab” Kitab Təbliğatı Mərkəzini açanda insanları titrətdim, ayıltdım ki, kitab da var. Bütün televiziya kanallarında görünən bütün kitab rəflərini mən qoydurmuşam. Kitabı təbliğ etmək lazımdır. Söz verirəm ki, Əlisa bəyin kitabının satışını təşkil edib, məktəblərdə yayılmasına da kömək edəcəm”.
MCP sədrinin birinci müavini Rafiq Daşdəmirli də böyük ziyalının layiq olduğu yerdə olmamasından narahat olduğunu ifadə edib:
“Həmişə vətən qeyrətli oğulların, ziyalıların çiynində inkişaf edir. 35-40 il bundan öncə də, o günlə bu günü nəzərdən keçirsək heç bir təzadlı inkişaf yoxdur. Əlisa Nicat yazılarında sosializmi, kommunizmi tərif etməyib, həmişə tənqid edib. Hər zaman həyatı tənqidi filosof yanaşması ilə yazır. Əlisa Nicat əsərlərində deyir ki, insana bənzər insanlar peyda olub. Bu o deməkdir ki, o, yaltaqlığa yox deməyi bacarıb, yaltaq olmadığı üçün də bu gün 250 manatla kifayətlənib”.
Birinci müavin partiya üzvlərinə təklif edib ki, kitabların yaşaması, qorunması, oxucularına çatması məqsədilə müəyyən yerlərdə Əlisa Nicatın kitablarının satışı ilə məşğul olsunlar.
Filosof Əlisa Nicat görüş təşkilatçılarına təşəkkürünü bildirib:
“Günlərlə fəlsəfədən, insanlardan danışa bilərəm. Xalqlar sürüdür, bu, xalqların günahı deyil, təbiəti belədir. Hər xalqın bir faiz düşünə bilən insanı var. Mən neçə il öncə dərk elədim ki, mənim xalqım Azərbaycan xalqı deyil, mənim xalqım min nəfərdir, kitablarımı alıb, oxuyanladır. Məni Azərbaycan xalqında bir şey təəccübləndirir, heyrətləndirir. Azərbaycan xalqı heç nəyə təəccüb eləmir, heyranlıq hissi, təəccüb hissi itib. Heç birimizin tükü də tərpənmir. Bizi ancaq harada, kimlə yeyib içəcəyimiz, əylənəcəyimiz maraqlandırır. Səhər də eyni şeyləri təkrar edirik. Azərbaycan xalqının böyük istedadı var, amma xarakter yoxdur”.
Tədbirin iştirakçılarından Səyadulla Kərimli və Milli Cəbhə Partiyasının Qadınlar Şuarsının sədri Almaz Məmmədova da çıxış ediblər. Almaz Məmmədova Əlisa Nicatın “Qocalığın sahilində” adlı şeirini səsləndirib.
Görüşün sonunda oxucular yazıçıdan imzalı kitablar əldə edib, müəlliflə xatirə fotoları çəkdiriblər.
LƏMAN
Versus.Az