“Xocalı soyqırımı türkdilli dövlətlərin parlamentlərində tanınmalıdır"

10:51 25-02-2022 | icon 710 | Cəmiyyət
“Xocalı soyqırımı türkdilli dövlətlərin parlamentlərində tanınmalıdır"

Nasiman Yaqublu: "Xocalı soyqırımının 30-cu ilində qurbanların xatirəsini Xocalıda ansaydıq..."

 

Ermənistan hərbi dəstələrinin-quldurlarının 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalı şəhərində yerləşən 366-cı rus hərbi motaatıcı batalyonun zirehli hərbi texnikası və hərbi heyətinin iştirakı ilə Xocalıda törətdiyi soyqırım hadisəsindən 30 il ötür. Xocalı soyqırımının  canlı faktları hadisənin üzərindən 30 il keçməsinə baxmayaraq meydanda sızlayır… Lakin ikilistandartlardan əl çəkməyən bir sıra dünya dövlətləri, gücləri erməni cinayətlərini görməzdən gəlir, cinayətkarın cəzalandırılması üçün heç bir tədbirlər görmür. Dünyanın hüquqları pozulmuş milyonlarla Azərbaycan insanına qarşı barmaqarası münasibəti bu gün də davam edir... Lakin Azərbaycan öz haqqını bərpa etmək uğrunda mübarizəsini davam edəcək...

 

Bu gün Azərbaycan ictimai-siyasi institutları, elm ocaqlarımız, tarixçilərimiz erməni işğalını və ermənilərin Azərbaycanda törətdikləri qətliamları, işğal faktlarını, dağıntıları, nəhayət Xocalı soyqırımını dünyaya, beynəlxalq aləmə çatdırmaq üçün indi necə işləyir? Azərbaycanın ölkədə və dünyada olan insan, elmi-tarixi resursları dünyanın kor gözünü açmaq üçün yetərli güc ortaya qoya bilirmi?

 

Versus.az tarixçi-alim Nasiman Yaqublunun bu istiqamətdə müsahibəsini təqdim edir:

 

- Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı törətdiyi  ən böyük qətliamlardan biri, soyqırımdır. Ermənilər tarixin müxtəlif dövrlərində Azərbaycanda, azərbaycanlılara qarşı dəhşətli soyqırım və qətliamlar törədiblər. Əsrin əvvəllərində törədilən cinayətlər, 1918-ci ildə 31 mart soyqırımı, sonrakı dövrlərdə bölgələrimizə, insanlarımıza qarşı edilən vəhşiliklər inkar olunmayan faktlardır. Bizim  ən böyük işimiz o olardı ki, biz Xocalı soyqırımının 30-cu ilində Xocalıya gedib soyqırım qurbanlarının xatirəsini o torpaqlarda yad edə bilərdik.  Amma təəssüflər olsun ki, biz bu gün onu edə bilmirik.

 

- Xocalı soyqırımının dünya ictimaiyyətinə ötürülməsi, bu haqda məlumatların verilməsi ilə bağlı işlər necə gedir?

 

- 30 il ərzində Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində  müəyyən işlər görülüb və davam edir. Bununla bağlı dünyanın müxtəlif qitələrində hər il fevral ayında müxtəlif aksiyalar, tədbirlər keçirilir. Belə tədbirlərin, etiraz aksiyalarının keçirilməsi Xocalı ilə bağlı dünya ictimaiyyətinə informasiyalar, məlumatlar verir. Görülən işlər sırasında təbii ki, soyqıtımla bağlı, erməni vandallığı, cinayətləri ilə bağlı kitabların yazılması, müxtəlif sənədli, bədii filmlərin çəkilməsidir ki, məhz bu vasitələr də Azərbaycanın üzləşdiyi bu hadisələri dünya ictimaiyyətinə tanıtmaq imkanına malikdir.  Xocalıya edilən erməni təcavüzündən sonra o qətliamda sağ qalan, bu gün də yaşayan xocalılar, soyqırım şahidləri o dövrün dəhşətlərini müxtəlif mətbuat orqanlarında, televiziya verilişlərində   səsləndirib. Xocalıya ədalət tələb ediblər. Təbiidir ki, müxtəlif tədbirlərdə müxtəlif toplantılarda soyqırımla bağlı çıxışlarımızı hər zaman etməli və bu istiqamətdə dünya ictimaiyyətini durmadan məlumatlandırmalı və dünyanın erməni vandallığını görməsi, özündə hiss etməsi üçün əlimizdən gələni əsirgəməməliyik. Bu təkcə Xocalı soyqırımı ərəfəsində anım günləri və yaxud hansısa tədbirlərin təşkili ilə bitməməlidir. Bu erməni vandallığına qarşı Azərbaycanın daim səfirlərlə, ictimai təşkilatlarla, diasporlarla, lobbiçiliklə görülən işin əsası olmalıdır. Bir məsələni də unutmamalıyıq ki, qarşı tərəf heç də cinayətlərini etiraf edib təslim olmaq fikrində deyil.

Mən hazırda Xocalı soyqırımı ilə bağlı yazı hazırlayıram və rus, digər mənbələrdə gedən məlumatları izləyirəm. görünən odur ki, müxtəlif erməni politoloqların tədqiqatlarında hadisələr olduğu kimi təqdim olunmur və mən deyərdim ki, yalan məlumatlar həqiqəti az qala üstələyir. Biz çalışmalıyıq ki, onların 100 faiz yalan olan məlumatlarını təkzib edək.  Dünya ictimaiyyəti artıq görsün ki, erməni politoloqlarının  Xocalı ilə bağlı yazdıqları yalandır. Mən Xocalı haqqında kitab yazmışam XOCALI QIRĞINI… Bu gün də ermənilər, erməni politoloqları müxtəlif dillərdə bu kitabın əleyhinə müxtəlif kampaniyalar aparırlar. Azərbaycan ictimaiyyəti- tarixçilər, ziyalılar, siyasətçilər öz əsərləri ilə, addımları ilə bunun qarşısını almalıdırlar.  Yəni Xocalı soyqırımı ilə bağlı bizim tədbirlərimiz, etiraz aksiyalarımız bitməməlidir. Bu haqda kitablar yazılmalı, müxtəlif dillərə tərcümə olunaraq dünyaya təqdim olunmalıdır, oxudulmalı, deyilməlidir. Xocalı soyqırım faktı və bu gün işğaldan azad olunmuş torpaqlarımızdakı ekoloji, milli mədəni terror müxtəlif əsərlərlə, filmlərlə əksini tapmalıdır…

 

- Erməni işğalından keçən bu 30 il ərzində Xocalıya dair yazılan tarixi kitabların, aparılan araşdırmaların, yazılan elmi işlərin səviyyəsi düşməni fakt qarşısında qoymaq üçün qanedicidirmi?

 

- Bu istiqamətdə müəyyən işlər görülüb.  Amma yenə də bu istiqamətdə mühüm işlərin görülməsinə ehtiyac var.  Çünki ermənilər öz çirkin simalarını gozlətmək üçün yalançı məlumatlar yayır, yalan üzərində kitablar yazır, dünyanın fikrini aldadırlar. Ermənilər dayanmır. Az qala Qarabağ torpaqlarını öz adlarına çıxan mənfur erməni, təbii ki, Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımı da  yanlış istiqamətə yoziur, Azərbaycanı haqsız çıxartmağa çalışırlar. Bunun üçün erməni diasporu, lobbisi güclü şəkildə işləyir, bu sahəyə böyük pullar yatırırlar. Biz bunların qarşısını almalıyıq. Tarixi araşdırmalarla, yazılarla, filmlərlə, musiqilərlə. Yəni biz məkirli düşmənin ideoloji, hibrit müharibəsi ilə üz-üzəyik. Ona görə də daha çox dünyaya, beynəlxalq müstəviyə çıxan yazılarımızla, elmi işlərimizlə diqqəti çəkməliyik… biz belə yazıları hər gün dünyaya çatdırmalıyıq, təkcə hər anım günlərində yox.

 

- Xocalı soyqırımı Xocalı şahidlərinin dili ilə internet resursları üzərindən canlı olaraq necə yayılır, bu iş aparılırmı?

 

- Düşünürəm ki, bu sual Tarix İnstituna, Araşdırma Mərlkəzlərinə ünvanlansa daha yaxşı olar. Mən isə bir tədqiqatçı kimi yalnız öz gördüyüm işlər haqqında danışa bilərəm.

 

- Ermənilərin Xocalıda törətdiyi soyqırım, insanlığa sığmayan bir cinayət idi. Maraqlıdır, hazırda beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bu cinayət faktını necə qəbul edir?

 

- Bu istiqamətdə də işlər gedir. Xarici ölkələrin parlamentlərində, qanunverici orqanlarında müəyyən işlər aparılır. Amma bəzən dünyaya o həqiqətləri çatdırsaq da, qəbul etmək istəmirlər.   Ona görə də mən bir daha qeyd etmək istəyirəm ki, biz bu istiqamətdə ciddi çalışmalarımızı davam etdirməliyik. Mənim təklifim ondan ibarətdir ki, biz Xocalı soyqırımı faktını ilk növbədə Türkdilli Dövlətlərin parlamentlərinə təqdim etməli və onların tanımasına çalışmalıyıq.   Digər bizə yaxın olan dövlətlərin parlamentlərində məsələnin qaldırılmasına çalışmalıyıq.  Bizim diaspora təşkilatlarımız bu sahədə öz fəaliyyətlərini gücləndirməlidirlər. Bizim həmyerlilərimiz, diasporalarımız yaşadıqları ölkələrdə keçirdikləri tədbirlərə yalnız azərbaycanlıları yox, eyni zamanda o ölkənin fəallarını cəlb etməlidirlər. Düzgün informasiyanın yayılması üçün tədbirlərə ciddi media qurumlarını cəlb etməlidirlər.

Xocalı şahidlərinin, soyqırıma məruz qalan xocalıların ruhunu sakitləşdirən ən böyük məlhəm O torpağa qayıtmasıdır. Çox təəssüflər olsun ki, bu gün hələlik Xocalıya qayıda bilmədik.  Xocalı yenə də qapalı şəhər kimi  qalmaqdadır.  Bizim ən birinci işimiz  Xocalıya daxil olmasını təmin etməkdir. Bunun da real səbəbləri var: hələ ki, onu həll etmək imkanımız yoxdur. Hər halda Xocalılar o qayıdış gününü gözləyir. /Həftə içi/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...