“Xocalı dərdini azaltdıq, Ermənistanın beli qırılıb” - MÜSAHİBƏ

15:00 26-02-2022 | icon 581 | Cəmiyyət
“Xocalı dərdini azaltdıq, Ermənistanın beli qırılıb” - MÜSAHİBƏ

Musa Qasımlı: "Xocalı soyqırımından alınacaq başlıca ibrət dərsi ondan ibarətdir ki..."

 

Ermənistan hərbi quldurlarının 1992-ci il fevralın 25-dən 26-a keçən gecə, xaincəsinə, vəhşicəsinə Azərbaycanın Xocalı şəhərinə soxularaq törətdiyi soyqırım hadisəsindən 30 il ötür. 28 il sonra, 2020-ci il sentyabrın 27 –də Azərbaycan Ordusu əks-hücuma keçərək 44 gün ərzində torpaqları erməni işğalından azad etdi. Müqəddəs Vətən Müharibəmiz bütövlükdə düşmənə qarşı qəzəb, nifrət hissi ilə alovlanan, ürəyi sızlayan xocalıların, Azərbaycanın ruhuna su səpdi...

 

Düşmən revanşist siyasətindən əl çəkmir. 30 il əvvəl xocalıların qanı ilə boyanan o torpaq hələ də azadlığının xoşbəxtliyini yaşaya bilmir. Çünki erməni separatçılarının tör-töküntüləri hələ də o torpaqlarda qalır. Dünya bizim torpaq, insan faciəmizə ikilistandartlı yanaşmasından əl çəkmir. Lakin böyük dövlətlər, beynəlxalq təşkilatlar “üstünə toz” düşürmədikləri Ermənistan faşizmini Xocalıda törətdikləri soyqırıma görə lənətləməli, buna ədalətli qiymət verməyə borcludur. Azərbaycan elm və mədəniyyəti, tarixi, diplomatiyası, vətəndaş cəmiyyəti Xocalı soyqırımını dünyaya qəbul etdirmək üçün nə edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə “Həftə içi”–nə müsahibə verən Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı məsələyə tarixin izi ilə diqqət çəkib.

 

- Xocalı dünya arxeologiya elminə qədim yaşayış məskənlərindən biri, Xocalı-Gədəbəy mədəniyyətinin nümunəsi kimi daxil olub. Ağdam – Şuşa, Əsgəran – Xankəndi yolunun üstündə yerləşən Xocalı şəhəri  əlverişli hərbi-strateji əhəmiyyət daşıyırdı. Xocalının işğal edilməsi yollara nəzarət etməyə və işğalları genişləndirməyə imkan verirdi. Şəhərdə Azərbaycanın Dağlıq Qarabağ regionunda yeganə hava limanı var idi.

 

1991-ci ilin oktyabrından  Xocalı Ermənistan silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı. Şəhərə gedən bütün avtomobil yolları bağlanmışdı. Əlaqə yalnız helikopterlə saxlanılırdı. 1992-ci ilin yanvar ayından etibarən şəhər ilə helikopter əlaqəsi də kəsildi və ağır vəziyyət yarandı. Bu zaman Azərbaycanda dərin böhran hökm sürürdü, dövlət hakimiyyəti zəif idi.

 

Təcavüzkar Ermənistan silahlı birləşmələri və Xankəndidə yerləşən 366-cı keçmiş sovet hərbi alayı 7 min nəfər əhalisi olan Xocalı şəhərində mühasirədə olan mülki azərbaycanlı əhaliyə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə hücum etdi. Şəhər əhalisinə qarşı soyqırım həyata keçirildi. 613 nəfər öldürüldü, 1275 nəfər əsir götürüldü, 487 nəfər şikəst edildi. Öldürülənlərin 63 nəfəri azyaşlı uşaq, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi. Bu, azərbaycanlılara qarşı əsl soyqırım aktı idi. Xocalıda insanlar yalnız milli və dini mənsubiyyətinə - azərbaycanlı olduqlarına görə məhv edilmişdilər. Öldürülənlər xüsusi amansızlıqla qətlə yetirilmişdilər.     

    

Xocalı soyqırımını törətməklə Ermənistan azərbaycanlıları qorxutmaq, işğalçılıq siyasətini həyata keçirməkdən ötrü ən qəddar üsullara əl atmağa hazır olduğunu göstərdi. Bu vəhşiliyi Ermənistanın müdafiə naziri və sonralar prezidenti olan Serj Sarkisyan Böyük Britaniya jurnalisti Tomas de Vaala verdiyi müsahibəsində aşağıdakı kimi etiraf edirdi:

 

“Xocalıya qədər azərbaycanlılar belə düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər. Biz bunu (stereotipi) qırdıq”.

 

Erməni terrorçuları M.Melkonyan və S.Melkonyan isə yazırdılar ki, Xocalı sakinləri altı mil qət edərək demək olar təhlükəsiz yerə çatmışdılar, lakin əsgərlər onlara çatdılar. Sonra çəkmələrinə bərkidilmiş bıçaqları qab¬larından çıxarıb adamları doğramağa başladılar.

 

Xocalının məhv edilməsi ilə hava limanı Azərbaycanın nəzarətindən çıxdı. İşğalçı Ermənistandan silah və silahlı dəstələrin gətirilməsi daha da intensivləşdi. Ermənistanı belə cəsarətləndirən Rusiya rəhbərliyində və ordusundakı müəyyən qrupların hərbi, siyasi və mənəvi yardımları idi.

 

Xocalı soyqırımı Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin tərkib hissəsi, bəşəriyyətə və sivilizasiyaya qarşı törətdiyi ağır cinayətdir. Bu soyqırımı haqqında ABŞ, Türkiyə və digər ölkələrin mətbuat orqanlarında dərc edilən çoxlu məqalələrdə azərbaycanlıların kütləvi surətdə məhv edilməsi təsvir olunmuş, fotoşəkillər verilmişdi.

 

Musa müəllim, 30 keçsə də, erməni vandallarının törətdiyi o dəhşətli cinayətin  qurbanlarının yarası sağalmayıb. Necə hesab edirsiz, geridə qalan illər Xocalının dərdini azalda bildimi?

 

- Xocalıda işğalçı Ermənistan və Xankəndidə yerləşən keçmiş sovet ordusuna aid 366-cı alay mülki azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməklə bəşəriyyət və sivilizasiya əleyhinə dövlət və ayrı-ayrı rəhbər şəxslər səviyyəsində cinayət edib. Öldürülənlər günahsız, əliyalın insanlar-uşaqlar, qadınlar, qocalar olub. Bütün şəhər, tarix və mədəniyyət abidələri, sosial obyektlər məhv edilib. Xocalıda törədilənlər əsrin faciəsi və insanlığın üzqarasıdır.

Hesab edirəm ki, Xocalı dərdini azalda bilmişik. Ərazilərimizin böyük bir hissəsi düşmən işğalından qəhrəmanlıqla xilas edilib. Torpağımızın hər qarışı bizim üçün müqəddəsdir. Amma bizim üçün təkcə ərazi deyil, eyni zamanda milli-mənəvi məna kəsb edən, ruhumuzun şəhəri, mədəniyyət beşiklərimizdən biri olan Şuşanın azad edilməsi tarixi hadisədir. İşğalçı ölkə məğlub edilib. Erməni ünsürü yaranışından bəri ən ağır zərbəni alıb. Ermənistanın beli qırılıb.

 

Necə hesab edirsiz, 30 il ərzində ortaya qoyulan tarixi araşdırmalar, Xocalı soyqırımının dünyaya tanıdılması, bu istiqamətdə yazılan elmi işlərin səviyyəsi nə dərəcədə qanedicidir?

 

- Xocalıda törədilən soyqırımına dair müxtəlif dillərdə həm tarixi, həm sənədli, həm də bədii kitablar, məqalələr yazılıb.  Kitabçalar nəşr edilib. Bu işdə Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu müstəsna rol oynayıb və oynayır. “Xocalıya ədalət” kampaniyası çərçivəsində  görülən işlər böyük əhəmiyyət daşıyır. Xocalı haqqında sənədli film çəkilib, İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin dərs kitablarına Xocalıda törədilən vəhşiliklərə dair məlumatlar daxil edilib.  Xocalı soyqırımı bir neçə ölkə tərəfindən tanınıb. Bütün bunlarla yanaşı Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə, gedişinə, ağır nəticələrinə, işğal zamanı törədilən kütləvi qırğınlara, soyqırımlarına, tarix, mədəniyyət abidələrinin yerlə-yeksan edilməsinə və buna dair dərin araşdırma işləri aparılır. Hətta bəzi xarici ölkə alimləri ilə də əməkdaşlıq edilir.

 

Xocalı şahidlərinin ifadələri əsasında, müasir informasiya resurslarından istifadə edərək  faktların toplanaraq dünyaya çıxarılması, müxtəlif institutlarda təbliği  necə aparılır?

 

- Xocalı hadisəsinin şahidlərinin foto, audio və video görüntülərinin toplanması və saxlanılması təkcə bu gün deyil, gələcək üçün də müstəsna əhəmiyyət daşıyır. Bunlar tarixi tədqiqatlar üçün vacib mənbələrdir. Həmin materiallardan zaman-zaman istifadə edilir. Qafqazşünaslıq İnstitutunun əməkdaşları beynəlxalq forumlarda, konfranslarda məruzələr ediblər, xarici ölkələrdə məqalələr çap etdiriblər. Keçirdiyimiz forumlarda və konfranslarda soyqırımlarına dair ayrıca bölmələr olub. İnstitutda  7 ölkə alimlərinin iştirakı ilə bir neçə dildə “Soyqırımı həqiqətləri” kitabı hazırlanıb və nəşr edilib.

 

- Xocalı soyqırımı - insanlığa sığmayan bu erməni  cinayəti beynəlxalq aləmdə siyasi təşkilatlar, dövlətlər tərəfindən artıq necə qəbul olunur?

 

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi “hücum diplomatiyası” xətti uğurlu nəticəsini verib. Ermənistanda terror və soyqırımının dövlət siyasəti olmasına dair gerçəkliklər dünyaya yayılıb. Səfirliklərimiz, konsulluqlarımız, nümayəndəliklərimiz çox işlər görüblər. Əlbəttə, bununla kifayətlənmək olmaz. Mediamız, xüsusən qeyr-hökumət təşkilatlarımız, diasporumuz fəal olmalıdır.

 

-Xocalı soyqırımı ilə bağlı cinayətkarların beynəlxalq məhkəmələrə çıxarılması üçün hansı işlər görülür və hansı maneələrlə üz-üzəyik? 

 

Xocalı soyqırımını beynəlxalq məhkəmələrə çıxarmaq ölkə daxilində və xaricdə bəlli hüquqi prosedurların icra edilməsindən keçir. Bildiyimə görə, bu istiqamətdə iş aparılır. Xocalı qatilləri Robert Köçəryan və Serj Sarkisyanın beynəlxaq axtarışa  verilməsi görülən işlərdən biridir və təsirli olacaqdır. Çoxlu maneələrin olduğu da aydındır. Erməni diasporu və lobbisi bir an belə fəaliyyətini dayandırmır.

 

44 günlük müharibə Xocalıda, ümumən işğalla bağlı yaşadığımız acılara bir az da olsa məlhəm qoydu. Amma məlumdur ki, hələ də Qarabağda erməni revanşizmi davam edir və hələ də biz Xocalıya gedə bilmirik. Bu istiqamətdə yaranan problemlərin həlli və xocalıların öz torpaqlarına qayıdışı üçün hansı addımlar atılır və perspektivi necə dəyərləndirirsiz?

 

44 günlük müharibədə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan qələbə ilə xəyallarımız gerçəkləşdi. Açıq söyləmək lazımdır ki, 30 ilə yaxın bir müddətdə insanlarımızın çoxunda işğal altında qalan torpaqlarımızın azad edilməsi məsələsində bədbinlik, inamsızlıq yaranmışdı. Qazanılan qələbə bunu aradan qaldırdı. Qələbəyə biz ilk növbədə güclü ordu, güclü dövlət, qüdrətli dövlət rəhbəri, xalq və hakimiyyət arasında sıx birlik, əlverişli beynəlxalq şərait, uğurlu xarici siyasət sayəsində nail olduq. Deməli, bu iş davam etdirilməlidir. Mən Xankəndi, Xocalı və digər yerlərdə də dövlət bayrağımızın ucaldılacağına inanıram. Ötən illərin tarixi təcrübəsi göstərir ki, millətimizin tərəqqisinin və qarşıya qoyduğu məqsədlərə nail olmasının təməlində təbii sabitlik, güclü dövlət və qüdrətli dövlət xadimi dayanır.

Hesab edirəm ki, bu gün Xocalıda törədilən soyqırımdan alınacaq bir sıra ibrət dərsləri vardır. O zaman Azərbaycanda sabitlik, güclü dövlət, ordu və qüdrətli dövlət rəhbəri, xalq ilə hakimiyyət, hakimiyyətin qanadları arasında birlik olsaydı Xocalı soyqırımı olmaya bilərdi. Deməli, Xocalı soyqırımından alınacaq başlıca ibrət dərsi ondan ibarətdir ki, ölkəmizdə sabitlik, güclü dövlət, qüdrətli ordu, hakimiyyət ilə xalq, hakimiyyətin qanadları arasında sıx birlik daim mövcud olmalıdır. Ötən illərin təcrübəsi göstərir ki, millətimizin qarşıya qoyduğu məqsədlərinə çatmasının təməlində bilavasitə həmin amillər dayanır. Necə ki, 44 günlük müharibədə qazanılan qələbə bunu sübut etdi. /həftə içi/ 

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Diş şaqqıltısı və güclü əzələ spazmaları...

Azad Şabanovun yeni işi