Rusiyanın “Utro” nəşrində Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı məqalə dərc edilib.
Nəşrdə postsovet məkanının tarixində bir xalqın digər xalqa qarşı göstərdiyi dəhşətli qəddarlıqla bağlı çoxlu faciəli səhifələr olduğu deyilib və Xocalıda baş verənlərin onlardan biri olduğu vurğulanıb.
“Fevralın 26-da Qarabağ müharibəsi zamanı baş vermiş qanlı hadisələrin 30-cu ili tamam olur. 1992-ci ildə Xocalı şəhərinin yüzlərlə sakini, o cümlədən qadınlar və uşaqlar öldürülüb, yaralanıb və itkin düşüb”.
Müəllif SSRİ-nin dağılmasından sonra onun xarabalıqlarında çaşqınlıq və xaos hökm sürdüyünü deyərək, bunun bir sıra regionlarda xalqların qırğınına çevrildiyni bildirib və Ermənistanın Azərbaycana ərazi iddiaları ucbatından 1988-ci ildə Qarabağ müharibəsinin başladığını qeyd edib.
Bundan sonra məqalədə həmin gecə baş verənlər barədə məlumat verilib və bildirilib ki, Xocalıda baş verənlər beynəlxalq təşkilatların (HRW, “Memorial” və s.) hesabatlarında öz əksini tapıb, həmçinin dünya ölkələrinin bir çox parlamentləri tərəfindən tanınıb.
“Həmin faciənin dəhşətlərini Tomas de Vaal (“Qara bağ”) və Yuri Romanov (“Mən müharibəni çəkirəm”) təsvir edib. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, şəhərin süqutundan sonra dörd gün ərzində təkcə qonşu Ağdama 200-ə yaxın meyit gətirilib ki, onlardan 13-ü uşaq, 51-i qadındır. Onların böyük əksəriyyəti güllə yaraları almış, bəziləri küt əşyalarla vurularaq öldürülmüşdür. Bundan əlavə, ölənlərin cəsədlərinin təhqir edilməsi, o cümlədən baş dərisinin soyulması faktları qeydə alınıb, bir qızın yalnız başı qalıb”.
Müəllif hələ də dinc əhalinin qətlinə görə Ermənistanda heç kimin mühakimə olunmadığını qeyd edib:
“Üstəlik, kütləvi qətliam faktı barədə susulur, bəzən isə hətta ölkə rəhbərliyi tərəfindən haqq qazandırılır”.