Azərbaycanda “İkinci arvad” adlı şirkət yaradılıb. Sözügedən MMC 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb.
Adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı ARB TV-nin “Günə Doğru” verilişi süjet hazırlayıb.
Şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır. Onun sözlərinə görə, “İkinci arvad” gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq restoranının adıdır. Bəs niyə başqa ad yox, məhz “ikinci arvad”? Şirkət sahibi bunun bir marketinq siyasəti olduğunu deyir.
“Adı belədir. Həyat yoldaşın yoxdursa, gəlib bu restoranda qarnını doyura bilərsən”, - İmran Şehzad deyib.
Bəs Azərbaycanda şirkət adlarına nəzarət varmı? İstənilən söz, ifadə şirkət adı olaraq seçilə bilərmi? Ekspertlər deyirlər ki, hər bir şəxsin şirkət təsis edərək, ona istədiyi adı vermək hüququ var. Amma müəyyən təşkilatlar, ictimai birliklər, banklar, sığorta şirkətlərinin adında onların fəaliyyətinin xarakterini göstərən bir məzmun olmalıdır.
Hüquqşünas Samir Qasımov qeyd edib ki, adi MMC üçün belə bir tələb yoxdur:
“İstənilən şəxs şirkətinə istədiyi adı qoya bilər və bu artıq onun özünün mülahizəsinə bağlıdır”.
Görünən odur ki, qanunvericilikdə adla bağlı hər-hansı bir qadağa, tələb yoxdur.
Hüquqşünas Şamil Paşayev də mövzu ilə bağlı açıqlama verib:
“Qanunla nizamlanmasa belə, bu kifayət deyil. Çünki hüququn mahiyyəti eyni zamanda hüququn təməl prinsiplərinə, qəbul etdiyimiz Konstitusiyamızın normalarına uyğun olmalıdır. Azərbaycan qanunvericiliyində “ikinci arvad” anlayışı cəmiyyətdə birmənalı qarşılanmayacaq”.
Hər-hansı şirkətə qoyulan ad, həm də həmin MMC-nin kommersiya fəaliyyətinə uyğun olmalıdır.
Daha ətraflı süjetdə: